Hacıbala Abutalıbov: “Bakıda 140 binada bu materialdan üzlük var”

  • 21 may 2015, 07:00

"Azərbaycan prezident İlham Əliyev Bakıda binalara vurulan üzlüklərin keyfiyyətinin yoxlanılması üçün 2 gün vaxt verib və bu müddətdə ekspertiza aparılacaq”.

Demokratik.Az APA-nın məlumatına əsasən bildirir ki, bunu dünən yanğın baş vermiş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına baş çəkən Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov deyib. H. Abutalıbov bildirib ki, Bakı şəhərinin bütün rayonlarında cəmi 140 binada bu materialdan üzlük var. Həmin binalar Bakının Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Sabunçu, Suraxanı, Yasamal, Səbail rayonlarında yerləşir.

BŞİH başçısı əlavə edib ki, bu binaların üzlüklərindən nümunə götürüləcək və laboratoriyada ekspertiza olunacaq. Yekun sənəd sonda ona təqdim olunacaq: "Daha sonra bu barədə ictimaiyyətə konkret məlumat veriləcək. Bundan sonra bilinəcək ki, yanğın hansı səbəbdən baş verib. Ekspertizanın nəticəsinə uyğun olaraq, həmin binalardan üzlüklərin sökülüb-sökülməyəcəyinə qərar veriləcək”.

 

Demokratik.Az