Elmlər Akademiyasının qadın akademikləri KİMLƏRDİR?

  • 21 apr 2015, 16:34
Azərbaycan elmində son zamanlar qadınların rolu artmaqdadır. Hazırda doktorantların 35,1 faizini, bütün elmi işçilərinin isə 55,3 faizini qadınlar təşkil edir. Son 5 ildə elmlər doktoru dərəcəsi olan qadınların sayı 31,7 faiz, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 14 faiz artıb.



Təbii ki, əvvəllər də Azərbaycanda elmində böyük nüfuz sahibi olan və hətta akademik adına layiq görülən qadınlar olub. Validə Tutayuq (biologiya), Zərifə Əliyeva (tibb), İzzət Orucova (geologiya), Həbibə Qasımova (tibb) və başqalarını misal göstərmək olar.

Modern.az saytı bu yazıda Azərbaycan Milli Elmlər Akademiyasının hazırda fəaliyyət göstərən xanım akademiklərini təqdim edir:

Rəfiqə Əliyeva - kimya elmləri doktoru. Akademik Rəfiqə Əliyeva 2014-cü ildə AMEA-nın həqiqi üzvi seçilib. Həm namizədlik, həm də doktorluq dissertasiyasını analitik kimya sahəsində müdafiə edən xanım akademik kimyanın bu istiqamətinin peşəkar mütəxəssisidir. Bakı Dövlət Universitetində "Analitik kimya” kafedrasının professorudur. Çap olunan elmi əsərlərinin ümumi sayı 450-dir. 20 patentin müəllifidir. Əməkdar elm xadimi olan Rəfiqə Əliyeva "Şöhrət” ordeni və Yusif Məmmədəliyev mükafatlarına da layiq görülüb.

Siddiqə Məmmədova - 90 yaşlı akademik Azərbaycan elminin ən qocaman elm xadimlərindən biridir. Hazırda AMEA-nın tabeliyindəki Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun (Gəncə şəhəri - red.) direktorudur. Xanım akademik sovet dövründə iki dəfə (1971 və 1978-ci illərdə) "Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülüb. Müstəqillik dövründə isə "Şöhrət”, "Şərəf” ordenləri və Türkiyənin "Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif olunub. Biologiya elmləri doktoru olan S.Məmmədova Azərbaycanda bitkiçiliyin inkişafı və çoxaldılması istiqamətində də xeyli işlər görüb. O, sovet dövründə bir müddət Ali Sovetin deputatı olub.

Adilə Namazova - 89 yaşlı xanım Namazova həm elm, həm də tibb sahəsində Azərbaycanı uzun müddət SSRİ miqyasında layiqli təmsil edib.1983-cü ildən akademik adını daşıyan A. Namazova sovet dövründə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Elmlər Akademiyasının isə həqiqi üzvü olub. 1982-ci ildə Dövlət Mükafatına layiq görülüb. Müstəqillik dönəmində isə A.Namazova "Şöhrət, "Şərəf” ordenləri, "M.Topçubaşov medalı” ilə təltif edilib. 50 elmlər namizədi, 10 elmlər doktoru yetişdirib. Əsas tədqiqat sahəsi pediatriya olan A.Namazova hazırda Azərbaycan Tibb Universitetində Uşaq xəstəlikləri kafedrasının müdiridir.

Nailə Vəlixanlı – AMEA-nın tərkibindəki Milli Azərbaycan Tarix Muzeyinin direktoru olan Nailə Vəlixanlı humanitar sahədə hələ ki yeganə xanım akademikdir. O 2011-ci ildə AMEA-nın müxbir, 2007-ci ildə isə həqiqi üzvü seçilib. Çapdan çıxan elmi əsərlərinin ümumi sayı 280-dir.

İradə Hüseynova - AMEA tarixinin ən gənc həqiqi üzvlərindən olan alimdir. 2007-ci ildə biokimya və bioinformatika üzrə akademiyanın müxbir üzvü seçilib. 2014-cü ildə isə biokimya ixtisası üzrə həqiqi üzv seçilib. 120 elmi əsəri xarici jurnallarda çap edilib.

Elmin NURİ