Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"

  • 04 dek 2019, 15:35
Bir neçə gündür saytlarda Milli məclisin deputatlarının çox yaşlı olması ilə bağlı yazılar dərc olunur.
Qeyd edilən yazıda parlamentin deputatlarının 42-nin yaşının 65-dən yuxarı olduğu, bir sırasının isə yaşının 80-dən çox olduğu bildirilib. Qeyd edilən yazı bir neçə gündür sosial şəbəkələrdə də güniş müzakirə olunur. Sosial şəbəkə istifadəçiləri yaşlı deputatları tənqid edərək onların işləyəcək yaşda olmadıqlarını bildiriblər.
Bizim Yol əhali arasında müzakirələrə səbəb olan bu yazı ilə bağlı yaşlı deputatlarla danışıb. Onların bəziləri yaşlı olduqlarını qeyd etsələr də, bəziləri maraqlı açıqlama verərərk hələ cavan, gümrah olduqlarını bildiriblər.
82 yaşlı deputat Ağacan Abıyev: "Bu barədə əslində bizdən yox, başqa deputatlardan soruşmaq lazımdır. Çünki, mən özüm barədə necə danışım. İndi yaşdı da özünü göstərir. Qocalıq hiss olunur. Qocalıq da bir gözəllikdir. Cavan adamlardan da işləməyənləri var. Ola bilər məzuniyyətdə olsunlar, xaricdə olsunlar, amma hamı işləməlidir."
78 yaşlı deputat, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə: "Yaşlı sözünü sizdən eşidirəm. Deputatların yaşlı olmaması ilə bağlı qanun yoxdur. Biz başa düşürük ki, gənclər biz tutduğumuz yeri tutmalıdırlar. Onlar parlamentdə də, dövlət orqanlarında da vəzifə tutmalıdırlar. Onlar gərək çəkili olsunlar, bizdən öyrənsilər. Söhbət yaşdan getmir. Elə adam var, 50 yaşı olsa da ayaq üstə ölür. Mən fiziki cəhətdən özümü yaxşı hiss edirən. İdman edirəm, üzürəm elə adam var əli qələm tutmur."
81 yaşlı deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov: "Mən iclaslara gəlirəm. Bütün dəvət olunan tədbirlərə qatılıram. Yaşlanmışıq, amma bütün deputatlar da cavan ola bilməz ki... Əsas sağlamlıqıdır. Sağlam olduqda işləmək olur. Cavanlar da daim işləməlidir, fəaliyyət göstərməlidir."
72 yaşlı deputat Fəzail Ağamalı: "Mən özümü çox yaxşı hiss edirəm. Danışığımda, düşüncəmdə, fikrimdə hər hansı bir problem yoxdur. Milli Məclis kifayət qədər ciddi yerdir. Burda qanunlar qəbul olunur, cəmiyyət də qanunlarla idarə olunur. Burda nüfuzlu şəxslər, savadlı şəxslər, ciddi adamlar təmsil olunmalıdı. Bu dəqiqə elə gənc var ki, adını çəkmək istəmirəm, 3 ildir burda oturub, onun adını-soyadını bilmirəm. Burada təmsil olunanlar ağzlarına su alıb oturmamalıdır. Bununla yanaşı Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu. Burda bütün yaş kataqoriyalarI təmsil olunmalıdı. İstər cavan olsun, istər qoca üzərinə düşən məsuliyyəti yerinə yetirə bilmirsə, bəhrə verə bilmirsə, o təbii olaraq bu proseslərdən kənarda qalmalıdı."

69 yaşlı deputat Rasim Musabəyov: "Mən bu barədə danışa bilməyəcəm. Hazırda iclasdayam. Mən daha çox siyasətlə bağlı, siyasi müzakirələrlə bağlı danışıram."

Demokratik.Az

Oxşar xəbərlər