Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”

  • 15 noy 2019, 09:38

Qüdrət Həsənquliyev: "Biz çəkməçidən 5 manat alırıq, bir toydan 10 min manat qazanan müğənnidən 30 manat…”

"Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər çox mütərəqidir. Təkcə prezidentin deyil, xalqımızın da Mikayıl Cabbarovdan gözləntiləri çoxdur. Azərbaycanda islahatlar uğursuzluğa düçar olsa və xalqın buna inamı itsə ölkədə xoşagəlməz proseslər başlaya bilər. Düşünürəm ki, dəyişiklikləri edərkən son dərəcə ehtiyatlı olmalıyıq”. Bu sözləri Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı çıxış edən deputat Qüdrət Həsənquliyev səsləndirib.

Deputat xatırladıb ki, komitə iclasında Azərbaycan iqtisadiyyatında himayəçiliyə son qoymalıyıq: "Təəssüflər olsun ki, bu günki dəyişikliklərdə biz bunun əlamətini açıq görürük. 2-ci maddədə edilən dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmalar və güzəştlər müddətli olmalı və fərdi xarakter daşımamalıdır. Çöx gözəl, amma biz 106 və 164-cü maddələrdə müşahidə edirik ki, sənaye parklarında olan regidentlər əvvəl 7 il vergidən azd edilmişdi, indisə bu müddət qaldırılır. Bu da 2-ci maddənin ruhuna ziddir. Yəni burada azadolmalar fərdi xarakter daşıyır. Bu əslində həmin parkların himayə olunmasıdır. Oradakı sahibkarlarla digər sahibkarları müqayisə edəndə görərik ki, onları nə qədər qeyri bərabər vəziyyətdə qoyuruq. Mən özüm dəfələrlə qeyd etmişəm ki, rayonlarda disbalans Bakı ilə çox fərqlidir. Həmkarlarımla Göyçaya nar bayramına gedirdik. Rayonun girəcəyində dayanan əksər avtomobillər SSRİ istehsalı olan "jiqulilər” idi. Həmkarlarımda razılaşdı ki, rayonlarda iqtisadi durum, sahibkarlıq pis vəziyyətdədir. Ona görə rayonlara vergi güzəştləri nəzərdə tutulmalıdır, nəinki iri sənaye parkalarına”.

Deputat əlavə edib ki, 106 və 164-cü maddədə də eyni hal müşahidə edilir: "Qeyd olunur ki, heyvan və quş əti vergidən azaddır. Bəs digər quş əti istehsal edənlər neyləsin? Bazarda biri digəri ilə müqayisədə malını 1 manat ucuz satsa o birinin malı əllərində qalacaq. Belə olan halda hansı rəqabətlik oldu?
164.1.48-də formula yarışları ilə əlaqədar bağlanan mal, iş və xidmətin təqdim edilməsi yanvarın 1-dən 6 il müddətinə vergidən azad edilir. Bu da fərdi güzəştdir və 2-ci maddənin ruhuna ziddir. Mən hesab edirəm ki, bu himayəçilikdir və onların qəbul edilməsinə səs verməməliyik.
77-ci maddədə qeyd edilir ki, yeni nəzarət kassa aparatları qoyularsa onlar vergi öhdəlikləri ilə əvəzləşdirilir. Hesab edirəm ki, vətəndaşların vergi inamını artırmaq üçün ilk növbədə "tolkuçkalardan” başlamaq lazımdır. Hamı bilir ki, talkuçkaları kim himayə edir, orada 100 milyonlarla vəsait vergidən yayındırılır, sahibkarlardan əlavə pul yığılır. Hansıki prezident dəfələrlə məsələ qaldırıb ki, sahibkarların yalnız vergi verməlidirlər. İnsanlar görsə ki, belə yerlərdə vergi nizam-intizamı yaradıldı, kiçik və orta sahibkarlar problemsiz vergi öhdəliklərini həyata keçirəcəklər.

Dəfələrlə burada məsələ qaldırmışam, Mikayıl müəllim sizə hökumətin üzvü kimi müraciət edirəm. Bakının mərkəzi doludur köşklərlə. Özü də əhalinin ən çox istifadə etdiyi yerlərdə. Gözəl köşklərdir. Amma köşklərdə reklam qanuna zidd olaraq şüşələrin arxasında siqaretlər düzülür. Bu xarici turistlər qarşısında ölkəmizin geridə qalmışlığının nümunəsidir. Dünyanın heç bir yerində siqaret bu formada, şəhərin mərkəzində reklam olunmur. Siqaretin satışı ilə kim məşğuldur, bu köşklər kimə məxsusdur məsələsini siz aradan qaldırsanız camaat görəcək ki, qanunlar hamı üçün eynidir. Yoxsa insanlar bunu görməyincə və inanmayınca bu səylər heç bir nəticə verməyəcək”.

Qüdrət Həsənquliyev toy vergiləri haqqında danışıb:"Diqqətinizə cəlb etmək istədiyim digər məqam toylarda sadələşdirilmiş vergilərlə bağlıdır. Məsələn, video və fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir. Burada müğənnilərin adı çəkilmir, qeyd edilir ki, aparıcılıqla məşğul olan şəxslər. Mən bilmirəm bu araşdırmanı kim aparıb. Amma elə müğənnilər var ki, 10, 14 min manata toylara gedir. Bu halda 30 manat sadələşdirilmiş vergi necə ola bilər. Ən primitiv video çəkiliş 2 min manatdır. Yaxud fotoqraf hər toya görə 500 manat alır. Biz çəkməçidən 5 manat alırıq, bir toydan 10 min manat qazanan müğənnidən 30 manat. Bu nə dərəcədə ədalətlidir. Hesab edirəm ki, ikinci oxunuşa qədər bu məsələyə baxa bilərik. Ümumiyyətlə hesab edirəm ki, digər dəyişikliklər çox mütərəqqidir. Dediyim məsələlər nəzərə alınsa, mən bu layihəyə səs verəcəyəm”.

Oxşar xəbərlər