"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli

  • 07 noy 2019, 09:19

"O yerdə ki, qeyri peşəkarlıq, tamaşaçı marağını nəzərə almamaq, televiziyanı sadəcə bir qutu yerinə qoyub efirə nə gəldi vermək varsa, mən çalışıram öz tənqidi mülahizələrimdə bunların hamısını bildirim. Nəticə çıxarırlar ya yox, bu başqa söhbətin mövzusudur”. 

Demokratik.Az xəbər verir ki, bu fikirləri İTV-də yayımlanan "3D” verilişinin növbəti qonağı Qulu Məhərrəmli səsləndirib.

Qulu Məhərrəmli ona qarşı olan tənqidləri necə qarşıladığı barədə fikir bildirib: "Normal, qərəzsiz tənqid olanda ondan nəticə çıxartmağa çalışıram. Amma bizdə hazırda tənqid təhqir mərhələsinə keçib. Görəndə ki, kimsə qərəzli danışır, təhqir edir, onda bir ümümi cavab verirəm. Düşünürəm ki, hər kəs öz payını götürə bilir”.

Dadaşlinskinin "Deyirlər ki, AzTv-də çalışanda iqtidarı dəstəkləyən Qulu müəllim ordan çıxan kimi tənqidi fikirlər səsləndirməyə başladı” sözlərinə belə cavab verib: "Mənim tənqidi fikirlərim AzTv-də olanda da, olub. Yaxşı ki, o müsahibələr, o qəzetlər durur. Mən televiziya məsələlərini tənqid etmişəm. Bəzilərinin nəzərdə tutduğu kimi siyasi məsələlərlə mənim işim yoxdur. Orda işləyəndə də, başqa televiziya kanalına keçəndə də, televiziya problemləri ilə bağlı, dilçiliklə bağlı fikirlərimi hər zaman demişəm”. 

Qulu Məhərrəmli "sizin üçün ən peşəkar və uğurlu jurnalist kimdir” sualına maraqlı cavab verib: "Bizdə peşəkar jurnalistlər çoxdur. Amma burda insan bir az duruxur. Çünki heç kim öz dəsti-xəttini axıra kimi apara bilmir. 90-cı illərin ortalarında Azərbaycanda kifayət qədər uğurlu jurnalistlər var idi. Hər şey insanların yaşadığı cəmiyyət və mühitlə bağlıdır. Məncə azadlıq məhdudlaşdıqca müstəqil düşüncə də itir. Azərbaycanda hazırda media qurumlarının uğursuzluğunun səbəbi mövcud şəraitlə bağlıdır. Məsələn, sizin televiziya əvvəl bir cür fəaliyyətdə idi, indi hiss olunur ki, dirçəlmə var. Çünki azadlıq olduqca insanlar normal mühiti görürlər. İTV-nin missiyası fərqlidir. Komersiya televiziyasından fərqi var. Çoxları hesab edir ki, tənqid edən kimi müxalif düşüncəli olursan. Amma elə deyil. İnsanlar kameranın arxasında bir cür danışır, efirə çıxan kimi başqa fikir bildirirlər. Mən bunu riyakarlıq, ikiüzlülük hesab edirəm Belə olmaz. Deyilməli sözləri demək lazımdır. Hər halda onun faydası olur. Prezident seçkisi ərəfəsində debatlarda deyilən tənqidi fikirlərlə bəyəm dünya dağılır?”

Reytinq məsələsinə də toxunan təcrübəli jurnalist bunun böyük məsələ olduğunu deyib: "Bizdə özəl televiziyaların maliyyə mənbəyi məlum deyil. Biri bir təşkilatdan, o birisi başqasından pul alır. Reytinqə yönələn verilişlərin çoxalması bizim teleməkanın faciəsidir. Bizdə sosioloji sorğular keçirilmir. Hazırda tamaşaçı auditoriyası kifayət qədər radikallaşıb. Azərbaycanda aparılan yanlış informasiya siyasəti nəticəsində özəl kanallar və tənqidi qəzetlərin bağlanılması buna səbəb oldu. İndi ağıllı söz eşitməyə meyil yoxdur. Kosmetika ilə baş aldatmaq mümkün deyil. Bir dəfə televiziyada dil məsələləri ilə bağlı iclas keçirilirdi. Aparıcısı vəzifəli məmur idi. Baxdım ki, ön sırada oturan televiziya sədrlərindən 6 -7 nəfərdən 5-nin Azərbaycan dilində danışığı yox idi. Yəni bunlar dilimizi bilmirlər. Onlar necə bu məsələyə nəzarət edəcəklər. Onlarla hansı dil siyasətini yerinə yetirmək olar? Ona görə də, bu yalançılıqdan, sünilikdən əl çəkmək lazımdır”.

Qulu Məhərrəmli məhkəməyə verilməsindən də danışıb: "AzTv barəsində tənqidi fikrim olmuşdu. Buna görə məni hətta məhkəməyə verib həbs etdirmək istəyirdilər. 100 min manat təzminat da tələb edirdilər. Xoşbəxtlikdən sonda məhkəmə mənim xeyrimə qərar çıxardı. Əlbəttə mənim üçün bu, böyük puldur. Alışanov üçün isə 100 min "semiçka puludur”. 

Dadaşlinski qonağından bir neçə gün öncə Araz Əlizadənin Məmməd Əmin Rəsulzadəyə heykəl qoyulanda niyə tək ona heykəl qoyursuz deyib çıxış etməsini deməsinə münasibət bildirməsini xahiş edib. 

"Əslində mən Araz Əlizadəni bu məsələlərdə normal düşüncədən kənar hesab edirəm. Ola bilməz ki, biz Konstitusiyada yazaq ki, biz Xalq Cumhuriyyətinin varisiyik və eyni zamanda ona qarşı bu qədər gözdənsalma kompaniyası aparaq. Hər kəs tarixi olduğu kimi deməlidir. Tarixi şəxsiyyətləri o cür mühakimə etmək yanlışdır”. 

Qulu Məhərrəmli deputatlarla bağlı bu fikri səsləndirib: "Son vaxtlar deputatların yaşa görə istefa söhbəti çıxandan sonra məlum olur ki, hamısı idmanla məşğul olur. Mən idmanla məşğul olmuram. Deputat olmaq fikrim yoxdur (gülür)”.

Oxşar xəbərlər