ABŞ həyəcan təbili çalır: İŞİD “dirilir”...

  • 10 avq 2019, 09:30

Ekspert: "Pentaqonun həyəcan təbili çalmasını təsadüfi saymıram”

ABŞ Müdafiə Nazirliyi-Pentaqon İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının Suriyada "yenidən dirçəlməsi” barədə xəbərdarlıq edib. BBC xəbər verir ki, Pentaqonun Başmüfəttişi tərəfindən ABŞ Konqresi üçün hazırlanan məruzədə Amerika əsgərlərinin Suriyadan çıxması prosesinin başlaması ilə terror təşkilatının ölkədə yenidən fəaliyyətə keçdiyi bildirilir.

Məruzədə İŞİD-in Suriyadakı paytaxtı hesab olunan Raqqanı itirməsinə baxmayaraq, bu ölkədə və İraqda yerli hakimiyyətin zəifliyindən istifadə etməyə başladığı bildirilib. Həmçinin təşkilatın İraqda təxribatlar törətmək üçün bazasını da gücləndirdiyi qeyd olunub.

ABŞ artıq terrorçuların toplanma mərkəzlərini öyrənməyin və müttəfiqlərinə bu barədə məlumat verməyin də çətinləşdiyini açıqlayıb.

Ekspertlərin bu məruzə ilə bağlı mövqeləri birmənalı deyil. Məlumata inananlar da, İŞİD-in "dirilməsi”nin inandırıcı olmadığını dilə gətirənlər də var. Amerikanın o bölgədən hərbi qüvvələrini çıxarmamaq üçün belə bir xəbərdarlıq məruzəsi hazırladığını düşünənlər də az deyil.

Politoloq Əhəd Məmmədli Pentaqonun belə qənaətə gəlməsini Suriya və İraqda mövqelərini itirməkdən qorxması ilə əlaqələndirir: "Türkiyənin İraq və Suriyada güclənməsi Pentaqonu çox narahat edir. Ona görə əvvəl ”Əl-Qaidə" ilə bağlı məlumat verdilər, guya sən demə, bu təşkilat dirçəlir və Amerika bundan çox narahatdır. Buna bənzər məlumatı indi də İŞİD-lə bağlı verirlər. Bütün bunlar ona görə verilir ki, görünür, Amerika bölgədə zəifləmiş mövqelərini tezliklə qaytarmaq fikrindədir. Türkiyənin Suriyada gözlənilən növbəti antiterror əməliyyatı bunları çox narahat edir. Türkiyənin Suriya daxilinə irəliləməsinin qarşısını almaq istiqamətində ABŞ, İsrail "Əl-Qaidə”ni, İŞİD-i, Hizbullahı belə dirçəldər. Hazırda məsələ qardaş Türkiyənin qarşısını almaqdır, qalanı təfərrüatdır. Nə "Əl-Qaidə”nin, nə də İŞİD-in dirçəlməsinin rüşeymlərini görmürəm. Bu iki təşkilat da məhvə doğru getmək üzrə idi. Sadəcə, sahibləri onları dirçəltmək istəyirlər. "Əl-Qaidə”, İŞİD kimi təşkilatlar qara işlər görmək üçün qurulublar. Və bu qara işləri təmizləmək də guya Amerikanın məsuliyyət borcudur. İlk öncə dava ideoloji davadır və bu davada dünya demokratiyası İŞİD kimi maşalardan məharətlə istifadə edir".

Politoloq onu da qeyd etdi ki, ABŞ Suriyadan çıxmamaq üçün hər bir varianta əl atacaq: "ABŞ ehtiyac yaransa, ”Əl-Qaidə"ni, İŞİD-i, Qırmızı Briqadaları da yenidən dirçəldəcək. Tarix boyu bu cür terror təşkilatları həmişə böyük dövlətlərin məqsədlərinə çatmaq üçün əlində maşa olublar. Məsələn, PKK terror təşkilatı Türkiyəyə qarşı əvvəl SSRİ-nin, indi də ABŞ, İsrail, Almaniyanın əlində maşadır. Hər bir tanınan terror qruplaşmasının daxilinə müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının üzvləri yerləşdirilir. Elə vəziyyət yaranır ki, terror qruplaşmalarının daxilində müxtəlif dövlətlərin nüfuz davası gedir. Terror qruplaşmaları da balaca ölkə kimidirlər. Terror təşkilatlarında da üçüncü dünya ölkələrində olduğu kimi daha böyük dövlətlərin nüfuz davası gedir. Misal kimi PKK-nı göstərə bilərik. Bu terror təşkilatında Rusiya, ABŞ, İsrail, Almaniya, Britaniya, İran, Fransa, hətta İtaliyanın agentura şəbəkəsi var. Həmçinin Türkiyənin xüsusi xidmət orqanlarının iştirakı da PKK-ya sızdırılıb. Bütün bunlar real dünyamızda baş verən təbii proseslərdir. Hər mövqe uğrunda böyük güclər, dövlətlərin gizli və açıq savaşı gedir. Nəinki İraq, Amerika harada istəsə, İŞİD orada terror aktları həyata keçirə bilər. Bütün bunlar Amerika, İsrailin istəyinə bağlıdır. Yuxarıda qeyd etdiyim kimi, İŞİD etibarlı əllərdə yalnız maşadır. Səddam Hüseyn devriləndən sonra İraq güclü dövlət mahiyyətini itirib oyuncaq ölkəyə çevrilib. Bütün bunlar Amerikanın sayəsində baş verdi. İndi Vaşinqtonun durub İraq yerli hakimiyyətinin zəifliyindən danışması ironiyadan başqa bir şey deyil. Zatən yerli hakimiyyət güclü olsaydı, nəinki İŞİD, ABŞ-ın İraqda heç bir işi olmayacaqdı. Görünür, ABŞ Yaxın Şərqdə zəifləmiş, itirilmiş mövqelərini yenidən gücləndirmək, qaytarmaq üçün dövriyyəyə girmək istəyir. Pentaqonun əvvəl artıq unudulmaqda olan "Əl-Qaidə”, sonra bitməkdə olan İŞİD-in adını çəkib guya həyəcan təbili çalmasını təsadüfi saymıram. Bütün bunlar onu deməyə əsas verir ki, Suriya və İraqda şiddət daha da qızışa bilər. Bu da bəhanə kimi Amerikanın həmin ölkələrdə siyasi-iqtisadi-hərbi mövcudluğunu daha da gücləndirə bilər. İraqda deyə bilmərəm, Suriyada Amerikanın daha da güclənib üstünlüyü ələ almasını artıq mümkünsüz hesab edirəm. Türkiyə-İran-Rusiya üçlüyü Amerikaya Suriyada revanş almağa çətin ki, imkan versin. Amerika Suriyada revanşı Türkiyə və ya İranı özünə tərəf çəkməklə ala bilər. Daha doğrusu, Türkiyəni özünə tərəf çəkməklə Suriyada ABŞ irəliləyə bilər. Buna görə də ABŞ gərək PKK-nı Suriya və İraqda qurban versin. ABŞ bir əlində iki qarpız tutmaqla hərəkət etmək istəyir. Daha qəbul etmək istəmir ki, o vaxtkı gücündə deyil. İraqda ən güclü İranla Amerikadır. İraq İranla ABŞ-ın savaş, haqq-hesab çürütmək meydanına çevrilə bilər. Zatən İraqda mütəmadi olaraq İrana qarşı üsyanlar qalxır. Bu yaxınlarda Cənubi İraqın paytaxtı Bəsrə şəhərində İran konsulluğunun yandırılmasını xatırlaya bilərik. İraqı işğal edən Amerika, bu ölkəyə sahiblənən isə İran oldu. İraqda Amerika tərəfindən İŞİD, İran tərəfindən isə Haşdi-Şabi kimi terror təşkilatlarının lokal səviyyədə müharibəsinin şahidi olsaq təəccüblənmərəm".

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Pentaqonun məruzəsini inandırıcı saymır: "ABŞ-a bölgədə qalmaq lazımdır. Amma ABŞ-dan İŞİD və Suriya ilə bağlı səslənən bəyanatlar ciddi deyil. Birincisi, ona görə ki, İŞİD özlərinin layihəsi idi. Rolunu oynadı və ABŞ bölgədədir. İkincisi, bölgədə İran və Rusiyanın ”qızıl üstündə" - neft qurşağının üstündə yatdığı, dünyanın ən vacib geostrateji məkanında olduğu bir vaxtda ABŞ hara gedə bilər ki? İŞİD-lə bağlı ilk mərhələ başa çatdı, bölgələr təsir altına düşdü, amma hesablaşmalar bitmədi. Çünki Suriyada hakimiyyətdə Əsəd qaldı, Rusiya, İran gücləndi, PKK dövlət qura bilmədi və s. Bu baxımdan İŞİD-in ikinci zühuruna ehtiyac varsa, qısa müddətdə onu da görəcəyik. Düşünürəm ki, ABŞ bölgədə qalacaq, özü də İŞİD-i gücləndirərək. Çünki İŞİD bəhanədir, Suriyada dünyanın bölünməsini bitirə bilmədilər".

Cavanşir ABBASLI,

Oxşar xəbərlər