Qabil Hüseynli pilotumuzdan danışdı: "Sağ tapılmaq..."

  • 09 avq 2019, 19:28

Bu axtarışlar nəticəsində pilot Rəşad Atakişiyevin sağ tapılacağına ümidliyik.

Bu sözləri Axar.az-a açıqlamasında R.Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib. O, pilotun ailəsinin də axtarışlar olan bölgəyə baş çəkdiyini söyləyib:

"Biz özümüz də Müdafiə Nazirliyinin axtarışları zamanı əraziyə gedirik. Bizə xəritədə hər şeyi izah edirlər, aparılan işlərin məğzi barədə məlumat verirlər. Sağ tapılma ehtimalı var, biz ümidliyik. İndi ümidimiz daha çoxdur. Ən yaxın müddətdə hər şey tamamilə aydınlaşa bilər. Bildiyim qədərilə artıq parametrlər müəyyən edilib, dənizin dibində şəkil çəkilib. O şəkillərdə təyyarənin konfiqurasiyası görünür. Bu istiqamətdə iş aparılır. Sadəcə dalğalar axtarışlara mane olur”.

Q.Hüseynli pilotun övladlarının hadisədən xəbərsiz olduqlarını söyləyib:

"Böyük oğlu Turqutun 7 yaşı var. Məncə, hər şeyi başa düşsə də, üzə vurmur, amma çox əsəbidir. Biz uşaqlara demişik ki, atanız Türkiyədədir. O da biz olmayanda anasına deyir ki, atama görüntülü zəng et, danışaq.

Oyunla başını qatsa da, tez-tez atasını soruşur, çox kədərlidir, fikirlidir. Evdə o kritik ab-havanın yaranmasına imkan verməməyə çalışırıq. Hesab edirəm ki, o, gec-tez hər şeyi biləcək”.

Q.Hüseynli bildirib ki, pilotun kiçik oğlu atasını yuxusunda gördüyünü deyib:

"Balaca Qabilin hələ 3 yaşı var. Amma bu yaxınlarda dedi ki, atamı yuxuda görmüşəm. Deyir gördüm ki, atam Türkiyədə idi, ordan gəldi sonra suya düşdü. O hələ çox kiçikdir, nə olub-bitdiyinin fərqində deyil”.

Qeyd edək ki, bir neçə gün əvvəl təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib. MN aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentlərinin hissə-hissə sudan çıxarıldığını açıqlayıb.

Oxşar xəbərlər