“İmkanlı qadınlardan hər gün intim təkliflər alıram” - İbrahim Çingiz

  • 28 iyun 2019, 18:34
"Yeni Sabah" Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru İbrahim Çingizin Oxu.Az-a  verdiyi müsahibəsini təqdim edir:

- Teatrınıza "akademik” statusu veriləndən sonra hansı dəyişikliklər olub? 

- Bu status üzərimizə böyük bir məsuliyyət hissi qoyur. Təəssüf ki, rusdilli tamaşaçılar, eləcə də, teatra gələnlərin sayı azalıb. Nəinki rusdilli tamaşaçı, rus dilini bilən insanların sayı azalıb.

- Teatra marağı azalmasının tək səbəbi budur?

- Fikrimcə, Rus Dram Teatrının problemi elə budur. Teatrlara gələn tamaşaçıların sayı ona görə azalıb ki, incəsənətin bu növü gənclər arasında yetərincə təbliğ olunmur. Əgər efirdə teatr təbliğ olunmursa, teatra getmək kimə maraqlı olar?!

- "Könül yarası”, yoxsa "Vicdan Haqqı”?

- "Vicdan haqqı”. Çünki keyfiyyət var. Burada söhbət komandadan və onların işindən getmir.
 
- "Vicdan haqqı” serialında hamilə bir qıza sahib çıxıb, onunla evlənirsiz. Real həyatda da bu cür addım atardız?

- Həyatda nəyin necə olacağını bilmirsən. Həyat bir filmdir, onu Allah yazır. Bəlkə, həmin məqamda başqa cür hərəkət edər insan. Bəlkə, serialda canlandırdığım Vüsal kimi addım atardım. 

- Cəmiyyətimiz bu kimi məsələlərə həssas yanaşır, hətta qəbul etmir. Necə düşünürsüz, sizin serialda atdığın cəsarətli addım tamaşaçılar tərəfindən qəbul olundu?

- Hesab edirəm ki, qəbul olundu. Seriala çəkildiyim ərəfələrdə bir çoxları məni real həyatda görəndə söyləyirdilər ki, eyni hadisə ilə rastlaşıblar. Serialda yer alan həmin səhnə efirə getdikdən sonra insanların fikirləri dəyişdi. Biz pis şeyi təbliğ etmədik. Yəni adi həyatda rast gəlinən bir hadisədir.

Tanıdığım insanlar arasında da bu cür taleyi yaşayanlar var. Burada heç bir problem görmürəm. Oynadığım tamaşa, canlandırdığım obraz cəmiyyətlə bir problem yaşayır, mübarizə aparır. "Təhminə”də Zaurun, "Könül yarası”nda Camalın, "Vicdan haqqı”nda Vüsalın da problemi cəmiyyət idi. Camal da, Vüsal da cəmiyyətə qarşı çıxırlar və bu yolda heç nə itirmirlər. Əksinə, qazanırlar. 

- Tamaşaçı sizi müsbət obrazla tanıyır. Xarici görünüşünüzü diqqətlə nəzərdən keçirəndə isə "pis oğlan” obrazına uyğunluğunuzu sezmək olur. Hansı mənfi obrazı canlandırmaq istərdiniz?

- Cəmiyyət canlandırdığım müsbət rollardan sonra məni hər hansı film və serialda mənfi obrazda görsə, deyəcək ki, İbrahimdə alınmadı, oynaya bilmədi (gülür). Üstünə sanki möhür yapışdırırlar. Aktyorun mənəvi dünyasından tamaşaçının xəbəri olmur. Yəni necə bir insan olduğumu tamaşaçı bilmir. Sadəcə, o, yaxşı Vüsalı görür. O ki qaldı canlandırmaq istədiyim mənfi rola, bu yaxınlarda "Yaraşıqlı, pis, əclaf” ekran əsərini izlədim. Orada Zak Efrenin canlandırdığı manyak obrazı çox xoşuma gəldi. O obrazı canlandırmaq istərdim.

- İncəsənətin bir çox qolları ilə məşğul olursuz. Aktyorluqla yanaşı, rep də maraq dairənizdədir. Repçiləri cəmiyyətdə narkoman kimi tanıyırlar. Narkotik qəbul edirsiz?

- Tək bizim cəmiyyətdə deyil, hər yerdə repçilərə narkoman gözü ilə baxırlar. Əgər bədəndə döymə varsa, ağıllara avara obrazı gəlir. Yəqin ki, cəmiyyətdə elə bu səbəbdən belə fikirlər yaranır. Özüm heç vaxt narkotik qəbul etməmişəm. Sağlam həyat tərzi sürürəm. 

- Oxuduğunuz bir çox mahnılarda mövzu sevgidir. Sevgidən əliniz yanıb, yoxsa bala batıb?

- Həm yanıb, həm də bala batıb. 

- Bədənindəki döymələrin mənası nədir?

- Döymələr həyatımın mənasıdır. Həyatımdakı önəmli hadisələri bədənimə döydürmüşəm.

- Bəlkə, əllərinizdəki döymələrin mənalarını açıqlayasız?

- "Beşiktaş”ın döyməsini açıqlaya bilərəm. Artıq 10 ildən çoxdur ki, bu futbol komandasının azarkeşiyəm. Elə bu səbəbdən onu döydürmüşəm qoluma. Digər qolumda gördüyünüz döymə isə bir üzü gülən, bir üzü ağlayan teatral maskalardır. 

- Həyatda saxta və ikiüzlü insanlarla tez-tez rastlaşırsız?

- Bizim sahənin 99.9 faizi saxtadır. 

- Deyirlər ki, aktyor hər bir obrazı canlandırmalıdır. Seks səhnələrinə çəkilərsiz? 

- Seks səhnələri deyəndə nəyi nəzərdə tutursunuz? Seks səhnələri bizdə heç vaxt çəkilməyəcək. Çünki həmin səhnələr bizim cəmiyyətdə heç vaxt qəbul olunmayacaq. Nə qəbul olunacaq, nə də nümayiş etdiriləcək.

Sözsüz ki, oxşar şeylər ola bilər. Məsələn, kimsə yatağa girdi və s. Amma bunun davamı yoxdur, olmayacaq. Başqa ölkələrdə çəkilərəm. Burada söhbət pornoqrafiyadan getmir. Əgər hər hansı bir filmdə belə səhnələrdə oynamaq təklif olunsa, gedib çəkilərəm. 

- Uzun müddət Ukraynada yaşamısız. Bizim cəmiyyətdə isə Ukrayna deyəndə ağıla gələn ilk şey gözəl qızlar olur. Sizcə, niyə bizim bəylər Ukraynaya məhz qızlarla tanış olmaq üçün üz tuturlar? 

- İstirahət və gəzmək üçün 10-15 günlük Ukraynaya gedirəm. Orada insanlar çox rahat və sərbəstdirlər. Biz burada pul qazanmaq barədə düşünürük. Amma onlar deyirlər ki, adam kimi yaşa, belə şeylər barədə düşünmə. Bir dəfə bu həyatı yaşayırsan, doya-doya yaşa.

Fərqimiz budur. Orada bizim oğlanların tanışlığına gəlincə, bu, həyatın qanunudur. Oradakı qızların rəngi başqadır, ekzotika var. Maraqlı gəlirlər. Bir sözlə, onu deyə bilərəm ki, ekzotika axtarışında olan Ukraynaya gedir. Təbii ki, mən də ukraynalı qızlarla tanış olmuşam.

- Ukraynalı qızlarla sevgi münasibəti yaşamısız?

- Yox, belə bir şey olmayıb.

- İmkanlı qadınlardan sizə intim xarakterli təklif gəlir? 

- Hər gün seks təklifləri alıram.

- Gələn təklifləri necə dəyərləndirirsiniz? Nə cavab yazırsınız?

- Təkliflər "Instagram”ın mesaj bölməsinə gəlir. 

- Ən çox nə yazırlar?

- İlk növbədə "Salam” yazırlar. Sonra açıq şəkildə mənə seks təklif edirlər. Orada ya qəbul edirsən, ya da bloka atırsan. Mən öz sənətimi satıram, özümü yox.

- Sosial şəbəkədə məşhurlar tez-tez təhqirlərə məruz qalırlar. Sizi söyəndə hansı addım atırsız? 

- Bir dəfə "Instagram”a hansısa bir izləyici tərəfindən hədələr və söyüşlərlə dolu mesaj gəldi. Bu, "Vicdan haqqı” serialına gəlişimdən sonra oldu. Seriala gələndə hava limanından çıxan avara obrazında idim, bədəndə döymə, ağzımda saqqız... 

- Kimliyi bəlli idi?

- Bəlli deyildi. Yazdım ki, mən Rus Dram Teatrındayam və sənin yarım saat vaxtın var. İstəyirəm ki, gələsən bura və yazdıqlarını həyata keçirəsən. Adam profilini sildi və "Instagram”dan itdi. Mənə tənqid və ya söyüş yazdıqlarını deyə bilmərəm. Çünki efirlərə çox nadir hallarda çıxıram. Müğənnilər kimi verilişlərə getmirəm, yalnız seriallara çəkilirəm.

Söyülən adamlar kimlərdir? Efirdə danışığını bilməyən, hansısa söz deyib, "quşlayanlar”dır. Bu şeylərdən sonra onlara sosial şəbəkələrdə söyüşlər və tənqidlər yazılır. Düzdür, başdanxarab insanlar da var, hansı ki həyatı alınmayıb. Onlar da "fake” profillər altında sosial şəbəkədə oturanlardır. Öz şəkillərini qoymurlar, insanları söyürlər, dedikləri sözlərin arxasında durmurlar. Belələrinə cavab verməyə ehtiyac yoxdur. 

- Rejissor Kənan M.M. gənclərlə bağlı verdiyi müsahibə qalmaqala səbəb olmuşdu. O, "İndiki gənclərin 50 faizini yandırmaq lazımdır ki, gələcək nəslə fəsadlar yaratmasın. Özünü makiyaj edən oğlanları, kazbekə şey basanları, özəl həyatını telefona çəkib paylaşanları, medalyonun o biri hissəsini göstərmək istəyənləri” deməsi ilə gündəmi alt-üst etmişdi. Sizcə, siz hansı 50 faizə daxilsiz?

- Kənanın bu müsahibəsini "Instagram” səhifəmdə paylaşmışdım. Onun fikirlərini dəstəklədim. Bizim bəzi gənclərdə zövq deyilən şey yoxdur. Uçurumun dibindədirlər. İnterneti açıb, reytinqdə olan musiqilərə, layihələrə baxıb, başa düşürsən ki, mən bunun beş dəqiqəsini belə izləyə bilmərəm. Gənclərin dinlədiyi mahnılara mən 10 saniyə belə qulaq asa bilmirəm. 

- Atanızdan (Xalq artisti Çingiz Əhmədov - red.) daha yaxşı aktyor olmaq kimi iddianız var?

- Kimdənsə yaxşı aktyor olmaq iddiam yoxdur. Sadəcə olaraq, öz işimi görürəm. Kimdənsə yaxşı olmaq barədə fikirləşmirəm. Yaşıdlarımın yarısından çoxu özünü ulduz hesab edir. Artıq küçədə bir nəfər yaxınlaşıb salam verəndə başları qalxır göyə, özlərini ulduz sayırlar. Mən belə deyiləm. Başımı salmışam aşağı, işimi görürəm. Nəyəsə iddia etmirəm.

Teatrda, oynadığım tamaşada, çəkildiyim serialda paxılların sayı-hesabı yoxdur. Aktyorlar bir-birinə dəstək olmurlar. Eqosu yüksək olan insanlar bir araya gələndə istər-istəməz qarşıdurma yaranır. Hamı lider olmaq istəyir.

Aktyordursa, bu adam təkdir. Teatr komandası idman növü deyil. Aktyor istəyir ki, kimlərdənsə üstün olsun. Mənim kimdənsə yaxşı olmaq niyyətim yoxdur. Kimdən yaxşı və ya pis olduğumu tamaşaçı seçəcək. Yaxşı olmaq istəsəm də, izləyici kimin kim olduğunu seçir.

- Atanız "Vicdan haqqı” serialını izlədikdən sonra aktyorluq qabilliyyətinizi necə dəyərləndirdi?

- Açığını deyim ki, atam məndən rolumun öhdəsindən bu dərəcə uğurlu gələcəyimi gözləmirdi. Çünki o, məni yalnız teatrda görürdü. "Bu əməlli-başlı oynayır ki” kimi ifadələr səsləndirdi (gülür). Mənim yerimə çox sevinirdi. Ata və anaları incəsənətdə olan insanlar üçün bu sahəyə gəlmək asan deyil.
Onlara valideynlərinin hesabına gəlmiş kimi damğa qoyulur. Amma məndə belə olmadığı üçün vicdanım rahatdır. İndiyə kimi nə əldə etmişəmsə, öz hesabıma olub. Atam aktyor olmağımı istəməyib. Amma həyatdır, belə gətirdi, mən aktyor oldum. Çox istəyirəm ki, film və seriallarda çəkilim və ölkəmizi xaricdə təmsil edim. 

- Rep, yoxsa teatr?

- Rep. Girirsən studiyaya, qulaqcıqları taxırsan, işləyirsən. Heç kim sənə mane olmur. Teatrda işləyirsən, eşidirsən ki, öz aralarında danışırlar ki, buna bax, bu rolu oynaya bilmədi. 

- Şou əhli arasında elə sənətçilər var ki, oğluna şou-biznesdən qız almayacağına dair fikirlər səsləndirərək, evlənənlərə etiraz edir. Siz şou-biznesdən bir qızla evlənərsiz?

- Bu fikirlər mənə çatmır. Normal qəbul etmirəm. Azərbaycanda müğənni dediyimiz insan artıq fərqlilik statusu daşıyır. Müğənniliyi seçən insan başa düşür ki, bu sənətə gəlibsə, deməli, onu tənqid də, təhqir də edəcəklər. Bax, elə bir insan necə deyə bilər ki, mən övladımı incəsənət adamı ilə evləndirmərəm?! Şəxsən mən evlənərəm.

- Rus Dram Teatrında "Təhminə və Zaur” tamaşası nümayiş olundu. Bu tamaşada Zaur obrazını canlandırdız. Real həyatda Təhminə ilə ailə həyatı qurardız?

- Niyə də yox?! O adam ki evlənməyəcəyini deyir, inandırım sizi, o, Təhminə kimi qızla evlənər. Kim desə ki, əmin deyil, ola bilsin, evlənməyəcək. Mən hələ bilmirəm. Həyatda hər şey ola bilər. İnsan sevəndə gözləri bağlanır. Tamaşada Zauru oynayanda sonuna yaxın nələr yaşayıramsa, onu bir tək Allah bilir. Tam olaraq bilirəm ki, bu, mənim həyatımdır.

Tamaşanın da sonunda məni saxlamaq olmur. Gözlərim yaşla dolur, dayana bilmirəm. Real həyatda bu cür tale yaşayan milyonlarla insan var. Bəzi qaqaşlar var, deyirlər ki, o qız belədir, onunla evlənmərəm. Adətən, bu cür danışan tiplərin sonu heç də yaxşı olmur. 
Oxşar xəbərlər