İstiqlalçı deputat 93-cü il qiyamından danışdı

  • 13 iyun 2019, 01:33

Baş nazirin sabiq birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədovun "AzPolitika.info”-ya qısa müsahibəsini təqdim edirik:

- Vahid müəllim, sabiq baş nazir Pənah Hüseynin 1993-cü ilin 26 mayında keçirilən Dövlət Müdafiə Komitəsinin toplantısının protokolunu yayması ciddi rezonansa səbəb olub. Protokoldan belə görünür ki, Siz də həmin iclasda iştirak etmisiniz. Bu sənədin yayılmasını necə qarşıladınız?

– Əslində sizə deyim ki, Dövlət Müdafiə Komitəsinin toplantısı həmin dövrlərdə az qala hər gün keçirilirdi. İndi məxfi iclas deyəndə mən bir şey anlamıram. Adətən Dövlət Müdafiə Komitəsinin toplantısında ölkədəki ictimai-siyasi vəziyyət, ordu ilə bağlı məsələlər müzakirə edilirdi. Bu da normal hal idi.

- Siz, hər dəfə bu toplantılarda iştirak edirdiniz?

– Mən o zaman baş nazirin birinci müavini idim. Eyni zamanda ölkədə müharibə gedirdi və mən həm də hərbi sənaye kompleksi və ordu təminatı məsələlərinə nəzarət edirdim. Çox çətin bir sahə idi. Əlavə edim ki, dövrlə bağlı hər şeyi incəliyinə qədər xatırlamasam da, bəzi hadisələri xatırlayıram.

- Nələri xatırlayırsınız, belə iclasların bir xeyri olurdumu?

– Əlbəttə olurdu. Həmin iclaslarda ölkənin müxtəlif sahələri ilə bağlı detalları müzakirələr aparılır, geniş informasiya verilir, suallar və cavablar olurdu. Belə iclasların təsiri olurdu. Həmçinin orduda, cəbhədə vəziyyət diqqətdə saxlanılırdı. Bir sözlə, ciddi müzakirələr aparılır və sonda vacib qərarlar qəbul olunurdu. Məsələn, biz adətən müəyyən hərbi texnikanın ehtiyat hissələrini Tiflisdən gətirirdik. Çünki elə böyük imkanlarımız yox idi. Ruslar da bizə nəsə verməkdə maraqlı deyildi. Sonralar öz zavodlarımızı təşkil etdik, hərbi texnikanı özümüz təmir etməyə başladıq.

- Ancaq iclasın protokolundan görünür ki, həmin dövrdə hərbi texnikamızım az qala yarıdan çoxu yararsız vəziyyətdə olub…

– Yararsız vəziyyətdə olub demək, məncə doğru deyil. Əvvəla, söhbət vuruşan texnikadan gedir. Belə texnika təmir edilir. İkincisi, ruslar ölkəmizi tərk edəndə Azərbaycanda qalmalı olan hərbi texnikaya müəyyən qədər ziyan vurmuşdular və bu səbəbdən də təmirə ehtiyac yaranırdı. Üstəlik də Azərbaycan iqtisadiyyatında və sənayesində ciddi təcrübə yox idi, bu strukturun yenidən qurulması üçün işlər aparılırdı. Ümumiyyətlə, dövlət faktiki olaraq təzə qurulurdu. Odur ki, problemlər çox idi və işlərdə görülürdü.
Qiyamla bağlı məsələlərin müzakirə edilməsinə gəldikdə, deyim ki, Dövlət Müdafiə Komitəsinin toplantısı zamanı müəyyən məsələlər qaldırılırdı, bu diqqətə alınırdı, suallar doğuran zaman sual-cavab olurdu və sonda da müvafiq qərarlar qəbul olunurdu. Ancaq sizi Gəncə qiyamı, Sürət Hüseynov məsələsi maraqlandırırsa, bu işlərlə məşğul olan şəxslər cavab verməlidir. Çünki mən bu sahə ilə əlaqəli işləmirdim. Mənim konkret sahəm vardı və çalışırdım ki, mənə aid olan işlər axsamasın.

- Sizin iştirak etdiyiniz toplantıda doğrudanmı Prezident Əbülfəz Elçibəy Surət Hüseynov haqqında "ya həbs, ya da məhv olunsun” tapşırığını verib?

– Ümumiyyətlə Azərbaycanın müstəqilliyini və ölkədəki sabitliyi qoruyub saxlamaq istəyirdiksə belə adamların və proseslərin qarşısı alınmalı idi. Ancaq bu necə deyilib, hansı formada ifadə olunub, mən bunu qəti və konkret deyə bilmərəm. Belə halların qarşısının alınması haqda müəyyən qərarlar verilirdi. Konkret olaraq "ya həbs, ya da məhv edilməlidir” tapşırığı mənim yadıma gəlmir. Mən özüm həmişə belə məsələlərdə dialoqun tərəfdarı olmuşam. Demişəm ki, masa arxasında əyləşərək bu problemləri çözməliyik. Belə məsələlərdə daha ciddi və radikal addımların atılması üçün də təkliflər verilirdi.

- Siz AXC hakimiyyəti dövründə baş nazirin birinci müavini işləmisiniz və demək olar ki, AXC kadrlarının əksəriyyətindən təcrübəli olmusunuz. Sizcə, Gəncədə baş verən qiyamın qarşısını almaq olardımı?

– Qiyam deyəndə… Bu hadisənin arxasında müəyyən dövlətlər vardı. Yəni heç nə təsadüfən baş verməmişdi. Azərbaycanda hakimiyyəti devirmək istəyən xarici qüvvələr vardı və onlar bu prosesdə fəal iştirak edirdilər. Ona görə də, bu çox ciddi məsələ idi. Ola bilsin ki, indi sizlərə adi gəlir, amma çox ciddi məsələydi. Azərbaycan müstəqilliyini yenicə əldə etmişdi, dövlət təzə qurulurdu, işlər aparılırdı. Dövlətin maddi ehtiyatlar, maliyyə və digər problemləri var idi. Bütün bunların hamısını birdən-birə həll etmək isə çox çətin idi. Bu vəziyyətdən də müəyyən dövlətlər istifadə edir, Azərbaycana qarşı təxribatlar törədirdilər. Əsas məsələ odur ki, Əbülfəz Elçibəy heç vaxt qardaş qırğınına getməyin tərəfdarı olmayıb.

- Ancaq sonradan Heydər Əliyev gəlib qiyam edəni və etmək niyyətində olanların hamısının qarşısını aldı və cəzalandırdı…

– Heydər Əliyev kifayət qədər təcrübəli siyasətçi idi. Məhz buna görə dediyiniz və demədiyiniz bir çox məsələlərin qarşısı alındı. Ancaq Heydər Əliyev də müəyyən qədər əziyyətlər çəkdi, hətta böyük risklərə getməli oldu. Ümumiyyətlə, dövləti saxlamaq istəyən hər birinci şəxs belə risklərə getməyi bacarmalıdır. Bu mənada Heydər Əliyev əvəzedilməz idi.

Oxşar xəbərlər