“Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - Əli Məsimli

  • 24 mart 2019, 13:58

Millət vəkili Əli Məsimli: "Vəsaitləri təmir-tikintiyə deyil, insan kapitalına və innovasiyalara yönəltməliyik”

Prezident İlham Əliyev xalqa Novruz bayramı ilə bağlı müraciətində siyasi, iqtisadi, məhkəmə hüquq, təhsil və səhiyyə sahəsində islahatların hazırlandığını bəyan edib. Ölkə həyatının bütün sahələrini əhatə edəcəyi gözlənilən islahatlarla bağlı Musavat.com-un suallarını millət vəkili, Milli Məclisin İqtsadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli cavablandırıb.

-Əli bəy, prezident müraciətində bütün əsas istiqamətlər üzrə islahatların hazırlandığını qeyd edib. Sizcə, islahatlar nə qədər zəruridir?

-Azərbaycanın iqtisadi inkişafın yeni mərhələsinə keçməsi ilə əlaqədar 2016-cı il 6 dekabr tarixli xüsusi prezident fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyatının perspektivləri üzrə Strateji Yol Xəritəsində 11 sektor üzrə nəzərdə tutulan tədbirlər həyata keçirilir. Strateji Yol Xəritəsi 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı 3 dövrü əhatə edir. 
Həmin 11 sektoral yanaşma üzrə fiskal və monetar siyasətin uzlaşdırılması, insan kapitalının inkişafı və əmək bazarının regional, qlobal və milli iqtisadi inkişaf tələbatına uyğunlaşdırılması, biznes mühitinin yaxşılaşdırılması, dövlət əmlakının idarəedilməsinin təkmilləşdirilməsi kimi əsas prioritet istiqamətlər müəyyənləşdirilib. Strateji Yol Xəritəsinin qəbulundan sonra müxtəlif sahə və istiqamətlər üzrə konkret tədbirlər planı hazırlanır və həyata keçirilir.
Azərbaycanın potensial imkanları belə bir fikir söyləməyə əsas verir ki, başlanan islahatlara davamlı xarakter verilsə, imitasiya və manupulyasiyalara yer olmasa, bəzi məmurların və qanundan yuxarıda duranların bu islahatlardan yeni monopoliyalar yaratmaq və sair üsullarla sui-istifadə etmək səylərinin, fürsətcillərin bu islahatlardan məkrli məqsədlərlə yararlanmağa cəhd göstərmələrinin qarşısı alınsa, islahatlar dərinləşər, davamlı xarakter alar və bu əsasda iqtisadiyyatın davamlı inkişafinı, rəqabət qabiliyyətliliyini və əhalinin rifahının artırılmasını təmin edə bilərik. Bundan ötrü görülməsi vacib olan işlərin miqyasları görülən işlərdən xeyli böyük olduğundan, qarşıda hələ xeyli iş var.

-Görülməsi vacib olan işlər görülənlərdən çoxdur deyirsiniz. Hansı görülməli işlərin ilk növbədə həyata keçirilməsini təklif edirsiniz?

- Görülməsi vacib olan işlərin miqyaslarını təsəvvür etməkdən ötrü, təkcə onu xatırlatmaq kifayətdir ki, Strateji Yol Xəritələri üzrə 164 prioritet və 683 tədbir icra edilməlidir. Bununla belə, həyata keçiriln islahatların səmərəlilyinin artırmaqdan ötrü "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə nəzərdə tutulmayan və ya yetərincə nəzərdə tutulmayan problemlərin də həlli sürətləndirlməlidir. Hər şeydən əvvəl çox ciddi bir fundamental suala aydın cavab verilməlidir ki, Azərbaycan atdığı islahat xarakterli addımlarla neft amilinin aparıcı roluna əsaslanan iqtisadi inkişaf modelindən hansı modelə keçmək istəyir? Fikrimizcə, bu islahatların əsas hədəfi insan inkişafının prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinə keçidin təmin edilməsi olmalıdır. Bununla yanaşı, islahatlar prosesində yarana biləcək mənfi yüklü "yan effektlərin” neytrallaşdırılması, aradan qaldırılmsı işinə də hazır olmaq lazımdır. Azərbaycanın öz unikal potensialına layiq sosial-iqtisadi, institutsional və sair xarakterli islahatlardan maksimum nəticəyə nail olmaqdan ötrü, hər şeydən əvvəl, neft bumu dövründən qalma və az qala aksioma çevrilmiş məqamlara da yenidən baxmaq lazımdır ki, statistikanın reallıqdan uzaq məqamlarına yox, real vəziyyətə uyğun istinad nöqtəsini dəqiq seçib, yenidən sürətli artım və sosial-iqtisadi tərəqqi mərhələsinə tarixən daha qısa vaxt kəsiyində keçmək mümkün olsun.
Real vəziyyət tələb edir ki, bundan ötrü, bir-biri ilə daxili məntiqi əlaqədə olan 3 problemin optimal həlli önə çıxmalıdır: Birincisi, idarəetmənin təşkilatı strukturu, kadr islahatları ilə müşayiət olunmaqla əsaslı surətdə dəyişdirilməli, çevik və səmərəli idarəetmə sisteminə keçilməli;
İkincisi, iqtisadi artımın sürətləndirilməsinə və keyfiyyətinin yüksəldilməsinə mane olan amillər;
Üçüncüsü, əhalinin güzəranının yaxşılaşmasına mane olan və daha çox narazılıq yaradan amillər aradan qaldırılmalıdır ki, insanlar öz imkan və qabiliyyətlərini gerçəkləşdirməkdən ötrü əlverişli təşəbbüskarlıq, sahibkarlıq, yaradıcılıq mühiti əldə etmiş olsunlar.Yəni islahatlar yolu ilə ölkədə gerçəkdən elə bir şərait yaratmaq lazımdır ki, insanlar korrupsiyaya, inhisarçılığa, məmur özbaşınalıqlarına məruz qalmadan, qanunla qadağan olunmayan bütün sahələrdə sərbəst fəaliyyət göstərə bilsinlər.
-Bu gün əksər müşahidəçilər Azərbaycanda dövlətin iqtisadiyyatda rolunun getdikcə artmasını mənfi proses kimi dəyərləndirirlər. Dövlətin iqtisadiyyatda rolu necə olmalıdır?
- Dövlət bazar münasibətlərinin tələblərinə uyğun gələn istiqamətlərdə istqamətləndirici, stimullaşdırıcı, yenidən bölgü və sair üsullarla qanunla qadağan olunmayan təşəbbüslərə dəstək verməlidir. Dövlət konkret situasiyada insanlara kömək edə bilmirsə, məmur özbaşınalıqlarını yığışdırmalıdır ki, onların acgöz və harınlamış hissəsi əhalinin haqlarını tapdalamaqda davam edə, insanların öz ailələrini dolandırmaq üçün səy göstərdikləri sərbəst fəaliyyətinə mane ola bilməsin.
- İndiki şəraitdə dediklərinizə nail olunması üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?
- İlk növbədə Azərbaycan iqtisadiyyatında və cəmiyyət həyatının bütün sahələrində hüququn aliliyinə və iqtisadi azadlıqlara yönəlik əsaslı islahatların həyat keçirilməsi işinin sistemliliyi və davamlılığı təmin edilməlidir. Bazar mexanizminin səmərəli fəaliyyət göstərməsinin institutsional əsaslarının inkişaf etdirilməsi, insan və mülkiyyət hüququnun konstitusion əsaslarla müdafiəsinin tam təmin edilməsi istiqamətində fundamental islahatlar həyata keçirilməlidir. Vətəndaşların və biznesin qanunlarla müəyyən olunmuş qaydada işləyəndə daha çox nəticə əldə edə biləcəyinə inamını artırmaq, Azərbaycann imicinə ciddi müsbət münasibətlər və dvidentlər gətirmək və əhalinin narazılıqlarını azaltmaqdan ötrü məhkəmə-hüquq sahəsində başlanılan islahatların daha da genişləndirilməsini, elektron məhkəmə sahəsində atılan addımların sürətləndirilməsini, eləcə də müstəqil məhkəmə institutunun formalaşdırılması və möhkəmləndirilməsini zəruri hesab edir, qanunun aliliyinin təmin edilməsi ilə mülkiyyət hüquqlarının qorunmasınn etibarlılığının artırılmasının sosial–iqtisadi tərəqqimizə böyük təkan verəcəyini bildiririk. 
İkincisi, institutsional islahatların dərinləşdirilməsi və atılan addımların daha çox iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsinin elmiliyinin, innovativlilinin və kreativliyinin artırılmasına yönəldilməsi vacibdir. Qlobal təhlükə, risk və çağırışlara operativ cavab verə bilən optimal ölçülü çevik, şəffаf, оbyеktiv infоrmаsiyа sistеminə əsаslаnаn və аyrı-аyrı strukturlаrı bir tаm hаlındа sinхrоnlаşdırılmаğı bаcаrаn yеni idаrəеtmə mоdеlinə kеçilməsi işi sürətəndirilməlidir. Bununla yanaşı, dövlətin iqtisadiyyatdakı rolunun, eləcə də idarəetmə sisteminin təşkilati strukturu, kadr tərkibi və koordinasiyasının optimallaşdırılması; korrupsiya, inhisarçılıq, məmur özbaşınalıqlarının və bunlardan doğan talançılığın ardan qaldırılması istiqamətində başlanan işlərin genişləndirilməsi, dərinləşdirilməsi və sürətləndirilməsinə ciddi ehtiyac var. Koklü islahatlar yolu ilə dövlət-hakimiyyət sisteminin fəaliyyətinin səmərliliyi artırılmalı, şəffaflıq və güclü nəzarət sistemi formalaşdırlmalıdr ki, bir tərəfdən sürətlə yeniləşməyə gedən sistemdə total korrupsiya, monopoliya və sair bu kimi bəlaların əsas daşıyıcılarına yer olsmasın, digər tərəfdən isə bir sıra dövlət qurumlarına yeni təyin edilmiş texnokratlar daha təkmil idarəçiliyin zəmanətçiləri kimi fəaliyyət göstərə bilsinlər.

Məmur özbaşınalıqlarının qarşısı alınmalıdır

- Biznes azadlığının təmin olunması istiqamətində islahatlar haradan başlanmalı, nələri əhatə etməlidir sizcə?
- Biznesdə məmur-nomenklatur sahibkarlığının, məmur himayədarlığının aradan qaldırılmasına ehtiyac var. Dövlətin, cəmiyyətin, biznesin və qabaqcıl texnologiyanın səmərəli kombinasiyasına nail olunması və bu əsasda ölkədə yenidən sürətli və rəqabətədavamlı tarazlı inkişfı təmin edilməlidir. İslahatlar inhisarçılığın forma dəyişikliyi ilə müşayiət olunaraq monopoliyanın daha da gücləndirilməsinə yox, inhisarçılığın aradan qaldırılmasına, azad rəqabətin, azad sahibkarlığın inkiafına yönəldilməlidir. 
Bundan ötrü, hər şeydən əvvəl, inkişafımızı ləngidən məmur sahibkarlığı və onun törəməsi olan inhisarçılıq, korrupsiya, məmur özbaşınalıqları, kölgə iqtisadiyyatının aradan qaldırılmasına yönəlik sistemli tədbirlərin həyat keçirilməsini zəruri hesab edirik. 
Korrupsiyaya və digər bu kimi neqativlərə qarşı mübarizənin ən effektli üsulu kimi iqtisadiyyatın rəqəmsallaşdırılmasının genişləndirilməsi və bu əsasda məmurla vətəndaş arasında məsafə yaradılmasını zəruri hesab edirik. 
İqtisadiyyatın real sektorunun keyfiyyətli təhsil, elm və səriştə, bilik iqtisadiyyatı ilə sıx əlaqəsi təmin edilməlidir. İqtisadi siyasətdə strateji xətt kimi əsas gücün yeni texnika və texnologiyaya əsaslanan fundamental struktur və iqtisadiyyatın şaxələndirilməsi üzrə islahatların həyata keçirilməsinə verilməsi və keyfiyyətcə yeni inkişaf mərhələsinə keçıdin sürətləndirilməsi zəruridir.
MDB-də ÜDM-in(yeni yaradılan dəyərin) 40 faizindən çoxu, o cümlədən onun əsas enerjidaşıyıcılı ölkələri olan Qazaxıstanda ÜDM-in 30 faizindən çoxu, Rusiyada 45 faizindən çoxu, Azərbaycanda isə 20 faizindən azı əməyin ödənilməsinə gedir. Müasir mərhələdə alternativi olmayan insan kapitalının üstün inkişafına dayanan innovasiyalı inkişaf modeli reallaşdırılmalı, yeni yaradılan dəyərin bölgüsündə ədalət təmin edilməlidir.
- Daha bir problemli istiqamət kimi, dövlət xərcləmələri, xüsusilə də dövlət satınalmaları göstərilir. Bu istiqamətlərdə şəffaflığa və səmərəliliyə nail olmaq yollarını necə görürsünüz?
- Yeni çağırışlara uyğun olaraq dövlət vəsaitlərinin xərclənməsinin fəlsəfəsi obyektiv tələbata çevrilən istiqamətlərdə əsaslı surətdə təkmilləşdirilməlidir. Büdcənin iqtisadiyyatın real sektoru və sosial sektorla əlaqələri gücləndirilməlidir. 2019-cu ildə dövlət büdcəsində əksər hissəsi təmir-tikintiyə sərf olunacaq əsaslı vəsait qoyuluşu xərcləri təhsil xərclərindən 3 dəfə, səhiyyə xərclərindən 6 dəfə dəfə, sosial müdafə və sosial təminat xərclərindən 2,8 dəfə, elm xərclərindən 50 dəfə çoxdur. Dövlət maliyyəsinin əsas məqsədlərindən biri innovasiyalara əsaslanan iqtisadi artımım stimullaşdırılması və bu əsasda sosial proseslərin dolğun şəkildə tənzimlənməsinin maliyyə təminatının gücləndirilməsidir. Əhalinin gəlirlərində əmək haqqının payı Rusiyada 66 faiz, Qazaxıstanda 68 faiz, Azərbaycanda cəmi 33 faiz təşkil edir. Büdcənin sırf sosial xərcləri Rusiyada 36 faiz, Qazaxıstanda 44 faiz, Belarusda-46 faiz, Özbəkistanda 54 faiz, Azərbaycanda isə müxtəlif prizmalardan yanaşma üzrə 26-32 faizdır. Bu baxımdan büdcə vəsaitlərinin xeyli hissəsinin gəlirli olmayan sahələrə, səmərəsiz və az səmərəli layihələrə və eyni infrastruktura dəfələrlə pul xərclənməsi praktikasına son qoyulmalıdır.
Büdcə xərcləmələrində etibarlı bir məsuliyyət, nəzarət, şəffaflıq, monitorinq və hesabatlılıq mexanizmi tətbiq olunmalıdır. Dövlət maliyyəsinin xərclənməsi prinsipləri öptimallaşdırılmalı, büdcənin neftdən asılılığının azaldılmalıdır. Büdcənin gəlirlərinin formalaşdırılmasında Dövlət Neft Fondundan transfertlərin azaldılması, iqtisadi fəaliyyətin nəticələrinin səmərəliliyinin artırılması, kölgə iqtisadiyyatının vergiyə cəlb olunması mümkün olan hissəsinin vergiyə cəlb edilməsi, vergi bazasının genişləndirilməsi, verginin fiskal funksiyası ilə yanaşı, prioritet sahələr üzrə istiqamətləndirici, təşviqləndirici, yenidən bölüşdürücü funksiyalarının optimal kombinasiyasına nail olmaq hesabına büdcəyə daha çox vəsaitin cəlb edilməsinin təmin edilməsi zəruridir. 
Büdcə xərcləmələrində təmir-tikintiyə daha çox vəsait ayırmaq praktikasından gələcəyə, insan kapitalına sərmayə qoyulması praktikasına keçilməlidir. Köklü islahatlar aparmaq şərtilə elmin, təhsilin, səhiyyənin, mədəniyyətin maliyyə təminatının gücləndirilməsi və həmin vəsaitlərin nəticəliliyinin artırılması istiqamətində təsirli tədbirlər görülməlidir.
Eyni zamanda bank sisteminin əsaslı islahatları həyata keçirilməli, faiz dərəcələri optimalşdırılmalı, əlçatanlığı təmin edilməli, bankların real sektorla əlaqəsinin səmərəliliyi artırılmalıdır. Bank sistemi sağlamlaşdırılmalı, yenidən qurulmalı, münasib xarici bankları da cəlb etməklə bu sahədə rəqabət yaranmalı və 26-28 faizlik soyğunçu faiz dərəcələri ilə işləyən bank sistemindən birrəqəmli faiz dərəcələri ilə fəaliyyət göstərən sivil bank sisteminə keçid sürətləndirilməlidir.

Müəllimlərin əmək haqqı artırılmalıdır

-Təhsil sistemində ciddi islahatlara ehtiyac olduğu fikrini irəli sürənlər çoxdur. Siz bu sahədə islahatları necə görürsünüz?

- Azərbaycanda təhsilin inkişafına dair yeni Dövlət Strategiyası hazırlanmalı, islahatları dərinləşdirmək şərtilə təhsilin maliyyələşdirilməsi xərclərinin dinamikası artırılmalıdır. İslahatları dərinləşdirmək şərtilə müəllimlərin illik əmək haqları səriştəyə görə differensiallaşdırılmaqla mərhələlərlə adambaşına ÜDM-in 1,8-2 mislinə çatdırılmalıdır. Elmə yönəldilən vəsait ÜDM-in 0,17 faizi, büdcənin isə 0,5 faizi olmaqla iqtisadi təhlükəsizliyin kritik həddindən 12 dəfə aşağıdır. Elmə münasibət əsaslı surətdə dəyşdirilməli, islahatları dərinləşdirməklə elmin maliyyələşdirilməsi "sıfırlar trayektoriyasından” çıxarılmalıdır.
İslahatlar yolu ilə elmin iqtisadiyyatla inteqrasiyasına nail ola bilsək, həmin sahəyə yönəldilən hər manat digər sahələrdəkindən daha çox, bir sıra hallarda isə hətta "birə-on" nisbətində gəlir gətirəcək.
Bundan əlavə, hesab edirik ki, icbarı tibbi sığrtanın mükəmməl tətbiqinin təmin edilməsi və onun yarada biləcəyi mənfi yan effektləri də aradan qaldırmaqla səhiyyə sisteminin köklü surətdə yenidən qurulmasının təmin edilməsi həm əhalinin sağlamlığının qorunması, həm də sosail –iqtisadi tərəqqimizə təkan vermə baxımından mühüm əhəmiyyət kəsb edir.
Bir sıra ölkələrin təcrübəsi göstərir ki, həqiqi və etibarlı iqtisadi və sosial yüksəlişə və tərəqqiyə neftin, qazın, qızılın, gümüşın və digər təbii sərvətlərin zənginliyi ilə deyil, təhsildə, elmdə, innovasiyalarda və elmi texnologiyalarda üstünlük əldə etmək yolu ilə nail olmaq mümkündür. Ona görə də ölkənin təhsil sistemində islahatların dərinləşdirilməsi insan kapitalının inkişafının sürətləndirilməsi, iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanmasının təmin edilməsinə yönəldilməlidir. Azərbaycanda neft amilinin aparıcı roluna əsaslanan iqtisadi inkişaf modelindən insan inkişafının prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinə keçilməsi üçün nəzərdə tutulan həmin tədbirlərin sistemli şəkildə həyata keçirilməsi ilə 2020-ci ildən iqtisadiyyatımızın rəsmi hökumət proqnozlarındakından 2 dəfə sürətli - 6-7 faiz və ondan yüksək artım trayektoriyasına çıxarıla, maliyyə sisteminin səmərəli fəaliyyətini və bu əsasda orta perspektivdə əhalinin bütün təbəqələrinin layiqli həyat səviyyəsi təmin edilə bilər.

Musavat.com

Oxşar xəbərlər