Qoy, Azərbaycanda bilsinlər ki... - Nisanovdan ismarış

  • 14 mart 2019, 08:52

Azərbaycanlı iş adamı Qod Nisanovun Oxu.az-a müsahibəsini təqdim edirik:

- Son zamanlar bəzi Rusiya və Azərbaycan KİV-də, "Moskva” və "Sadovod” ticarət obyektlərində keçirilən reydlərin bazarın sahibinə bir təzyiq aləti olduğu yazılır. Guya reydlərdən əvvəl sizə Moskvada iri layihələri maliyyələşdirməyi təklif ediblər və siz imtina etmisiniz.

- Reydlər martın 11-də səhər saatlarında başlayıb, səbəbi mən deyiləm, Beloreçensk küçəsində travmatik silahlardan istifadə olunduğu, iki qafqazlı qrup arasında baş vermiş davadır. Üç azərbaycanlı saxlanılıb, onlara qarşı cinayət işi açılıb.

Həmin üç şəxs bizim ticarət meydançalarının icarədarları idilər. Bununla əlaqədar miqrasiya xidməti və hüquq-mühafizə orqanları "Moskva”, "Sadovod” "Food city” ticarət mərkəzlərində yoxlamalar keçirib. Bu normaldır.

Miqrasiya xidməti axtarış aparanda, biz də öz növbəmizdə hüquq-mühafizə orqanlarına qanun-qaydaya riayət olunması məsələsində əlimizdən gələn yardımı göstəririk. Axtarışlar artıq üçüncü gündür ki davam edir, səhərlər aparılır. Obyektlərdə iş qrafiki bərpa olunub, fəaliyyətdə heç bir pozuntu yoxdur.

- Bu şayiələr haradan qaynaqlanır və sizcə, bunda kimin və ya kimlərin marağı var?

- Siz mənim Moskvada açdırdığım unikal obyektlər barədə yazmırsınız? Martın 7-də biz şəhər meri Sergey Sobyaninlə birlikdə paytaxtın mərkəzi inzibati dairəsində, keçmiş Miussk tramvay deposunun yerində "Depo” qastronomik bazarını açmışıq; orada həm fermer bazarları, həm də kafe və restoranlar var.

Bu memarlıq abidəsi tərəfimizdən bərpa olunub və yeni Avropanın ən iri qastronom bazarında yeni həyatda təcəlli tapıb. Bu, böyük hadisədir.

Mənim haqqımda yazılan bütün mənfi fikirli məqalələr sifariş xarakterlidir. Bəs görəsən, niyə heç kim mənim Moskvanın mərkəzində 18 hektar sahəsi olan Olimpiya stadionunu almağımdan yazmır?

Yanvar ayından etibarən onu bağlatmışam. Orada yenidənqurma işləri aparılır. Ən yaxşı sinqapurlu memarlar cəlb olunub, bu, Avropanın ən yaxşı layihəsi olacaq. Bundan başqa, "Zaryadye” parkında mehmanxana, 147 min kvadrat metr sahəsi olan Avropa avtovağzalı inşa olunur.

- Sizin ailənizi ölkə xaricinə göndərdiyinizi yazırlar.

- Mənim ailəm hazırda Moskvadadır, heç yerə getməyə hazırlaşmırıq. 1 150 000 kvadrat metr sahənin yenidən qurulması üzərində çalışıram, həmçinin, "Sadovod” bazarının yenidən qurulması (323 000 kvadrat metr).

Bundan başqa, mən hər zaman Azərbaycandan olan həmvətənlərimə yardım etmişəm və indi də edirəm. Bizim şirkətlər hazırda yeni layihələr üzərində çalışır. Rusiyanın 18 bölgəsində "Food city” kimi iri aqroklasterlərin inşası nəzərdə tutulur. Kazanda layihə, demək olar ki, hazırdır. Moskva vilayətinin Ximki rayonunda aqroklasterin inşasına başlayıblar.

Mənim obyektlərimdə minlərlə azərbaycanlı çalışır. Onlar ailələrini saxlayırlar, Azərbaycana pullar göndərirlər. Qoy, Azərbaycanda bilsinlər ki, öz həmyerlilərinin problemlərini həll etməyə kömək edən oğullar var.

Bizdə hətta miqrantlara yardım xidməti də var. Bizim hüquqşünaslar azərbaycanlılara yaşayış icazəsi almaqda, sənədlərin rəsmləşdirilməsində hər cür kömək göstərirlər. Biz həmyerlilərimizin məişət problemlərini həll edirik. Mənim üçün bu xırda bir məsələ ola bilər, ancaq onlar üçün böyük bir işdir.

- KİV intensiv şəkildə sizin hüquq-mühafizə orqanları ilə bağlı problemləriniz olduğu barədə şayiələr yayır.

- Bizdə hər hansı problemlər ortaya çıxsa, inanın, onu həll edəcəyik. Mənim az-çox imkanım var, başıma çarə tapacağam. Bəs mənim obyektlərimdə çalışan minlərlə həmyerlimin aqibəti necə olacaq? Azərbaycanlıların bundan nə xeyri olacaq? Ona görə, yaxşı olar ki, mənə qara yaxmaq əvəzinə, mənim timsalımda Rusiyada yaşayan azərbaycanlılara göstərilən böyük dəstəkdən yazsınlar.

- Bəs tərəfinizdən maliyyələşdirilən Azərbaycan layihləri barədə nə deyə bilərsiniz?

- Azərbaycandakı layihələrə gəlincə, Quba rayonuna gedib, bir vaxtlar atam Semyon Nisanovun çalışdığı konserv zavodunun fəaliyyətini bərpa etdim. Ora ən müasir avadanlıq gətirtdim, yeni iş yerləri yaradıldı. Hazırda həmin müəssisədə 200-dən çox insan çalışır. Ora pul qoymuşam ki, insanlar işləsin, ailələrini dolandıra bilsin. Hazırda əlavə layihələr üzərində işləyirik.

Azərbaycan və Rusiyanın dostluq münasibətlərini qoruyub-saxlaması üçün əlimdən gələni edirəm. Yalamada (Xaçmaz rayonunda) Rusiya ilə sərhəddə hazırda "hab” qurulur. Burada başlıca məqsəd azərbaycanlı fermerlərə dəstək olmaqdır.

Orada kənd təsərrüfatı məhsulları qablaşdırılacaq, tez xarab olan məhsulların çox aşağı temperaturlarda dondurulması həyata keçiriləcək. Həmçinin, gömrük baxışı və möhürlənmə həyata keçirilir. Biz bunu Azərbaycan rəhbərliyinin ideyasını dəstəkləmək məqsədilə edirik.

Mən hər zaman yaxşı işlər görməyə, insanlara yardım etməyə çalışmışam və öz prinsiplərimə sadiq qalmışam. Ancaq bəzi insanların bunu gözü götürmür. Çünki onların əllərindən bir iş gəlmir. Son yeddi il ərzində mən Rusiyanın yaşa görə ən zəngin insanıyam. Rusiya mənə dəyər verir, Moskva rəhbərliyi mənə hər cür dəstək olur.

Oxşar xəbərlər