Medianın aktual problemi - İnformasiya izolyasiyası

  • 28 fev 2019, 14:15

Hazırda Azərbaycan mətbuatının ciddi problemlərindən biri də dövlət qurumlarından informasiya əldə etməkdir. 

Jurnalistin dövlət qurumundan cavab alması müşkülə dönüb. Bu durum illərdir davam edir. Bəzi rəsmi qurumların, o cümlədən nazirliklərin mətbuat xidmətlərinin jurnalistlərin üzünə bağlı olmasının araşdırılması vacib olan bir sıra mövzuların ictimaiyyətə çatdırılmasının qarşısını alır. Bəzən isə hansısa ittiham, şikayətlə bağlı dövlət qurumunun mövqeyini dərc etmək, məsələni dəqiqləşdirmək mümkün olmur. İttiham mətbuat orqanlarında səsləndirildikdən sonra müvafiq qurum jurnalisti axtarmağa başlayır. Bu zaman isə mətbuat orqanı qərəzli mövqe tutmaqda günahlandırılır. 

Ancaq  jurnalistlərin üzünə açıq olan, verilən sualları nəzakətlə cavablandıran, ehtiyac olduqda media nümayəndəsini həmin nazirlik və digər qurumların müvafiq şöbələrinə istiqamətləndirən mətbuat xidmətləri də az deyil. Sevindirici haldır ki, bu cür qurumların sayı artır. Məsələn, əgər əvvəllər Kənd Təsərrüfatı, Xarici İşlər nazirliklərinin mətbuat xidmətindən məlumat almaq mümkünsüz işə çevrilmişdirsə, indi bu qurumla mətbuat arasında baryerin aradan qalxdığını demək olar. Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə əksinə jurnalistlərlə münasibətində nümunəvi davranış ortaya qoyur. Mətbuat nümayəndələrinə açıq olan, daha dəqiq ifadə etsək, əslində vəzifəsini uğurla icra edən mətbuat katibləri arasında İradə İbrahimovanın (ETSN), Fazil Talıblının (ƏƏSMN),  Anar Cəbrayıllının ("Azərsu” QSC),  Anar Nəcəflinin (AAYDA), Mais Ağayevin (BNA) adlarını çəkmək olar. 

Ancaq elə  qurumlar da var ki, onlardan məlumat almaq lazım gəldikdə, jurnalistlər bu mövzuların "fatihəsini bəri başdan verməli olur”.  Belə qurumlar arasında ilk sırada Qida Təhlükəsizliyi Agentliyinin adını çəkmək olar. Bu qurumun mətbuat xidmətinin rəhbəri Mənsur Piriyevin telefon zənginə cavab verməsi "fövqəladə hadisə” hesab olunur. Çoxsaylı təhsil problemləri ilə bağlı açıqlama almaq da jurnalistlərin sevmədiyi işlərdən birinə çevirilib. Çünki Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun da səsini eşitmək müşkül məsələdir.  Nəzərə alsaq ki, jurnalistlər əsasən iş vaxtlarında zəng edir, həmin şəxslərin gün ərzində məşğul olduğu üçün telefonu açmamasını zənn etmək mümkün deyil.  Bu sırada  Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı  Orxan Mansurzadənin adını çəkmək olar.  Rəsmi qurumların mətbuat xidmətləri bir sıra  hallarda isə jurnalistlər arasında ayrı-seçkilik edir, hansısa mətbuat orqanının suallarını cavablandırır, digərlərinə isə cavab vermir. Orxan Mansurzadəni də bu sıraya aid etmək olar. Bəzi qurumlar var ki, onların mətbuat xidmətlərinin fəaliyyətdə olması yalnız yaydıqları press-relizlərdən məlum olur. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Nazirlər Kabinetinin adlarını bu sırada qeyd etmək lazımdır.  

Dini İşlərlə İş üzrə Dövlət Komitəsinə isə gündəmdə olmayan  məsələlərlə bağlı müraciət etmək olar. Belə ki, nəzərə almalısınız ki, bu quruma ünvanlanan müraciətiniz 1 ay, ay yarıma arxayıncasına cavablandırılacaq.

BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dövlət qurumlarından məlumat almağın çətinliyi bütövlükdə mətbuatın problemidir:  

"Hətta nüfuzlu, tanınmış media qurumları da var ki, onlar üçün də məlumat almaq ciddi problemə çevrilib. "İnformasiya almaq” haqqında qanunda bütün məlumat daşıyıcılarının mediaya açıq olması ilə bağlı xüsusi maddə var. Amma təəssüf ki, idarə və təşkilatlar, müəssisə rəhbərləri qanunun bu maddəsini ciddi şəkildə pozur,  şifahi ünvanlanan sualları, eləcə də yazılı müraciətləri cavablandırmır. Bu da mahiyyət etibarı ilə jurnalistlərin işini ləngidir. Onlar yazılar üçün vacib olan informasiyaları vaxtında ala bilmir, bu da yazıların keyfiyyətinə öz təsirini göstərir. Əlbəttə ki, bunlar yolverilməzdir”.

Bütün idarə və təşkilatlarda mətbuat xidmətlərinin olduğunu xatırladan  media məsələləri üzrə ekspert bu xidmətlərin həmin qurumlar üçün qalxan funksiyasını oynadığından təəssüfləndiyini dedi: 

"Mətbuat xidmətləri jurnalistləri məlumatlandırmaq əvəzinə həmin qurumları qoruyan qalxana çevrilib. Rəhbərliklər mətbuat xidmətini qabağa verərək, onların arxasında gizlənir”. /Cebhe.info/

Oxşar xəbərlər