"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO

  • 18 yan 2019, 12:59

 

 

 

 

 

 

 

 

 

"Ümid" partiyasının sədri İqbal Ağazadə  Yenicag.az-ın suallarını cavablandırıb.

Demokrat.Az həmin müsahibəni təqdim edir.

– İqbal bəy, 2018-ci ilə qısa nəzər yetirək…

– 2018-ci il Azərbaycan üçün çox önəmli tarix idi. Cümhuriyyətin 100 illiyi idi. 2018-ci il əvvəldən sonuna kimi təntənəli bayram şəraitində keçməli idi. Şərqin ilk demokratik Cümhuriyyətinin qurulması və 100 ildən sonra həmin ölkənin vətəndaşlarının təntənə ilə bayram etməsi həm də bir haqları idi. Təəssüf ki, bunun üzərindən bizim arzuladığımız səviyyədə, bayram təntənələri qura bilmədik, çox ötəri keçildi. Düzdür, rəsmi səviyyədə də qeyd olundu. Qeyri-rəsmi səviyyədə siyasi partiyalar və ictimayət arasında, sosial şəbəkələrdə profillər üzərindən Cümhuriyyətin 100 illiyinə qiymət verildi. Ancaq geniş mənada Cümhuriyyətin 100 illiyi qeyd edilmədi.

2018-ci il həm də növbədənkənar prezident seçkiləri üçün əlamətdar idi. Çünki tarix olaraq da bir ölkənin həyatında prezident sekiləri keçirilirsə, əslində bu ölkənin gələcəyini müəyyən edir. Bu baxımdan 2018-ci ildə əhəmiyyətli hadisə hesab oluna biləcək prezident seçkiləri müxalifət tərəfindən demək olar ki, əksərən boykot edildi və yaxud seçkidə iştirak edilmədi. 2018-ci ildə ondan bir il öncə – 2017-ci ildə keçirilən referendumun nəticələrinə uyğun olaraq Azərbaycan 7 illiyə özünün prezidentini seçdi.

Ermənistan-Azərbaycan münaqişəsi kimi uzunömürlü və regionu, o cümlədən Azərbaycanı təhdiddə saxlayan, ciddi şəkildə narahat edən, bütün vətəndaşlarının sosial, iqtisadi, siyasi, psixoloji, hərbi sferalarda həyatına bilavasitə müdaxilə edən Dağlıq Qarabağ probleminin həllində heç bir irəlləyiş olmadı. Faktiki olaraq danışıqlar köhnə mərhələsindən çıxmadı. Region dövlətləri içərisində həm Ermənistanda, həm Gürcüstanda demokratik və ya demokratikliyə yaxın seçkilərin keçirilməsi Azərbaycanın vəziyyətini bir qədər də çətinləşdirdi.

2018-ci ili sosial iqtisadi cəhətdən də uğurlu hesab etmək olmaz. Çünki ümumi daxili məhsulun artımı təxminən 1.7-1.8% oldu ki, bu da postsovet ölkələri içərisində, o cümlədən Cənubi Qafqaz ölkələri içərisində ən aşağı göstəricilərdən biridir. Təbii ki, ümumi daxili məhsulun aşağı olması və ya aşağı faizlə göstərilməsi inkişafın tam göstəricisi deyil. Ola bilər ki, sıçrayış dönəmlərində fərqli ümumdaxili məhsul göstəriciləri olsun. Bəzən üçüncü, dördüncü dərəcədə inkişaf etməkdə olan, yaxud inkişaf etməmiş ölkələrdə ümumdaxili məhsulun miqdarı həddən artıq yuxarı olsa da, gerçəkdə həyat şəraiti olduqca aşağı olur. Amma Azərbaycanda ən azı stabil və Azərbaycan hökumətinin də daimi israr etdiyi ümumi daxili məhsul məsələsi vardı ki, bu məsələ bu il də Azərbaycanın ziyanına oldu. Neft sektorundakı gözlənilməz dəyişikliklər də iqtisadiyyatı təhdid altında saxladı. Bu təhdidlərin ən böyüyü bu idi ki, stabil, davamlı, ardıcıl bir iqtisadi sistem müəyyən olunmadı. Nəticə olaraq bütün bunların hamısı göstərir ki, ölkənin yol xəritəsi, ölkənin iqtisadi-siyasi xəritəsi uzunmüddətli, strateji deyil, cari məsələlərə hesablanıb.

2018-ci ildə ən pis vəziyyətlərdən biri də münasibətlər sistemində oldu. İstər iqtidar-müxalifət münasibətlər sistemi, istərsə də cəmiyyətin münasibətlər sistemi gərginliyə, gəriləməyə doğru getdi. Artıq ictimai-siyasi münasibətlər sistemi şəxsi münasibətlər sistemindəki bərbad vəziyyətin daha da altına yuvarlandı. Sosial şəbəkələrdə, o cümlədən internet televiziya kanallarında və yaxud da profil canlı yayımlarında insanlar düşərgələrindən asılı olmayaraq, bir-birilərinə qarşı ən sərt, mən hətta deyərdim ki, etik qaydaları pozan və etik normalardan çox-çox uzaq olan ifadələr işlətdi ki, bu da münasibətlər sistemini zədələdi. Münasibətlər sistemi zədələnməsi ölkənin gələcəyi, cəmiyyətin gələcəyi haqqında bədbin olmağa əsas verən əlamətlərdən biri idi. Təəssüflər olsun ki, biz 2018-i bu cür başa vurduq.

– 2018-in sonlarından başlayaraq artıq, əsasən də müxalif düşərgədə bir canlanma oldu. Və 2019-un əvvəlindən etibarən artıq sizin də daxil olduğunuz "Azərbaycan Xalq Hərəkatı” deyə bir hərəkatın yaranması ilə bağlı, belə deyək, müzakirələr keçirilir və yəqin ki, yaxınlarda elan olunacaq. Bu, nəylə əlaqədar oldu? Bu, "xalqın sifarişi” idi, yoxsa? Ümumi nələrdən qaynaqlandı bu proses?

– Ölkədə baş verən prosesləri istər neqativlər, istər pozitivlər, ölkədə baş verən seçkilər və seçkilərə müxalif camiənin, seçicilərin münasibəti, regionda baş verən hadisələr və onlara sərgilədiyimiz münasibətlər 2019-un gərgin keçəcəyinə bir işarə verir. Və faktik olaraq bayaq da qeyd etdiyim kimi Ermənistanda və Gürcüstanda demokratik seçkilərin keçirilməsi, Azərbaycan ictimaiyyətində, Azərbaycan cəmiyyətində o cümlədən siyasi partiyaları ciddi şəkildə düşündürür. Həm də dünyanın yanaşmalarındakı fərqlər bu dönəmdə – 2019-cu ildə artıq bir qədər fərqli istiqamətdə yönlənə bilir. Beynəlxalq təşkilatların Azərbaycana münasibəti, buradakı insan haqlarının vəziyyətilə bağlı bəyanat və mövqeləri, korrupsiya və rüşvətxorluğa qarşı ardıcıl mübarizələr və s. o cümlədən, hakimiyyət içərisində baş verən hadisələr dinamikanın artmasına səbəb olur. Bilirsiniz, həm hakimiyyət bəlli bir komandadan imtina etdi, yeni komanda sisteminə keçdi və imtina etdiyi komanda üzvlərinin də böyük əksəriyyəti cəmiyyət tərəfindən, sosial şəbəkə tərəfindən, o cümlədən hakimiyyətin özünün mənsub olduğu media qurumları tərəfindən tənqidə, o cümlədən korrupsiya və rüşvət ittihamıyla üzbəüz qaldılar. Hələ elə bir məmur olmadı ki, vəzifəsindən çıxandan sonra onun haqda korrupsiya ittihamıyla bağlı, yaxud da çoxsaylı əmlakla bağlı hansısa mövqelər ifadə olunmasın. Bütün bunlar təbii ki, cəmiyyətin dinamikasına ciddi şəkildə təsir edir və cəmiyyət bu barədə siyasi institutlar vasitəsilə ən azı təşkilatlanmağa və yaxud da yeni müstəviyə çıxarılmağa cəhd edir. Böyük əksəriyyət bununla bağlıdır, burada əlahiddə bir şey yoxdur. Tutaq ki, beynəlxalq qurumların, yaxud beynəlxalq təşkilatların, xarici dövlətlərin hər hansı bir sifarişi əsasında, həmçinin, hakimiyyətin də yanaşmalarındakı bəzi sərtliklər zaman-zaman müxalifəti toparlanmağa və yaxud da birgə mübarizəyə məcbur edən addımlar atmağa sövq edir, təhrik edir. Bütün bunlar müxalifətin birləşməsinə və yaxud da birlik müzakirələrinə gətirib çıxartdı. Deməzdim ki, bu gün Azərbaycan müxalifəti birləşib, yaxud Azərbaycanda xalq hərəkatı modeli yaranıb. Müzakirələr gedir, proses gedir. Nə dərəcədə nail olmaq mümkündür, necə olacaq? Bütün bunlar gələcəyin işidir. Amma bildiyim və mübarizə apardığım qəti bir həqiqət var – heç bir şeyi pisə doğru dəyişmək olmaz, heç bir şeyi pisə doğru yönləndirmək olmaz. Nə ediləcəksə, Azərbaycanın gələcəyi üçün, yaxşıya doğru edilməlidir. Hakimiyyətdəkindən xoşum gəlmir, müxalifətdəkindən xoşum gəlmir, elə xoşum gəlmədiyi üçün də yerini dəyişim. Pis olacaq, yaxşı olacaq – bunlar artıq doğru yanaşmalar deyil. Biz çalışmalıyıq ki, bundan sonrakı mərhələlərin hər birində Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti, toplum öz mənafelərini maksimum dərəcədə götürə bilsin. Cəmiyyətin xeyirləri bu hərəkatlarda, dəyişimlərdə öz əksini tapa bilsin. Yox, bunlar öz əksini tapa bilməyəcəksə, sadəcə dağıtmaq naminə nəyisə dəyişməyin tərəfdarı deyiləm. Hesab edirəm ki, müxalifətdə olan dostların da böyük əksəriyyəti bu düşüncədə, bu fikirdədi və bu fikirdən yola çıxılıb. Nəyə nail olacağı hələ gələcəyin işidir, hələ heç nə elan etmək olmaz ki, filan hadisə baş verib, filan hərəkat yaranıb və s. Bütün bunlar zamanın işidir.

– Bəy, toplantıların birində siz AXC sədri Əli Kərimliyə, Arif Hacılıya, İlqar Məmmədova və Qubad İbadoğluna müraciət etdiniz ki, bizə qoşula bilərlər, qapımız açıqdır. Ancaq heç bir reaksiya yoxdur.

-Əslində "bizə qoşulun” demədim. Ümumi birlik bilirsiniz necədir? Demokratiya, demokratikləşmə iştirakçılıqdı. Nə qədər çox insan bu prosesdə iştirak edəcəksə, cəmiyyət o qədər çox qazana biləcək. Cəmiyyətin o qədər çox uğuru olacaq. Demokratiya fərdlərin, ayrı-ayrı qrupların, ayrı-ayrı siyasi təşkilatların bütövlükdə üzərinə götürdüyü məsuliyyət və yaxud da bütövləşdirməli olduğu proses deyil. Cəmiyyətdə nə qədər çox qruplar, nə qədər çox insan , nə qədər fərqli baxışlar – hamısı bir yerdə demokratikləşmə üçün mübarizə apara bilərlərsə, o demokratikləşmə uğrunda mübarizənin effekti o qədər tez və səmərəli olar. Və bu baxımdan, bu nöqteyi-nəzərdən mən də demokratiyada daha çox iştirak etməli olan insanı, o cümlədən də qrupların rəhbərlərini bu prosesə dəvət etdim. Eşidəcəklər bir məsələ, eşitməyəcəklər bir məsələ. Amma hər kəs qəbul etməlidir ki, az adamla demokratiya gətirmək olmur. Az adamla hakimiyyət gətirmək olar. Amma hakimiyyətin özü demokratik olacaqmı? Demokratik dəyişikliklərə gedəcəkmi? Bunlar mümkün olan şeylər deyil. Nə qədər çox, nə qədər müxtəlif baxışlar, düşüncələr, ideolojilər, yanaşmalar ortada olacaqsa, nə qədər bu adamlar bir-biri ilə dil tapa biləcəksə, uzlaşa biləcəksə, demokratik cəmiyyət də o qədər tez və asan qurulacaq. Onun da cəmiyyətə faydası o qədər çox olacaq. Bu baxımdan bu gün də fikrimdə qalıram ki, demokratikləşmək istəyən hər bir kəs bu gün öz fəaliyyətini, düşüncə və fikirlərini, stratejilərini uzlaşdırmağa borcludur. Hakimiyyətdə olsun demokratiya yene uzlaşdırmağa borcludur, istər müxalifətdə olsun demokratiya yene uzlaşdırmağa borcludur, ayrı-ayrı fərdlər də həmçinin. Çünki yenə deyirəm tək adamın görə biləcəyi işlər demokratikləşmə deyil, tək adamlar, tək qruplar hakimiyyət uğrunda mübarizə apara bilərlər, hətta hakimiyyətə gələ bilərlər. Amma nəticədə cəmiyyətin istədikləri reallaşmaya bilər. Buna görə də müraciətim yerində idi. Bu gün də o müraciətimin üstündə qalıram, bu gün də o düşüncəmin, o baxışımın üzərində qalıram. İnsanlar bəzən şəxsi münasibətlərini, siyasi təşkilatlararası münasibətlərini ümumi prinsiplərlə qarışdırırlar və ümumi prinsiplərə zərbə vururlar. Mənim sizlə, bir başqası ilə, siyasi təşkilatla münasibətim siyasi prinsiplərə və cəmiyyətin maraqlarına zərbə vurmamalıdır. Əgər bizim hər hansı bir münasibətimizdə cəmiyyətə ziyan vuran hansısa nədənlər varsa, o nədənləri aradan qaldırmaq, o nədənləri sıradan çıxartmaq və yaxud da onlara ən azından müvəqqəti son qoymaq hər bir siyasətçinin, hər bir siyasi təşkilatın gücü və liderin keyfiyyəti baxımından çox önəmlidir. Ona görə də hesab edirəm ki, bu mərhələdə də hər kəs azı bunu düşünməyə borcludur.

– Bəy, son dönəmlər Azərbaycan gündəmini zəbt edən bir məsələ vardı. Bloqer Mehman Hüseynovun həbsxanada aclıq aksiyasına başlaması. Bu da birmənalı qarşılanmadı. İlk iki-üç gün ərzində insanlar tamam fərqli cür düşünməyə başladı. Ancaq ardıcıl olaraq həbsxanadan başqa-başqa məlumatlar gəlməyə başladı. Öncə bildirdilər ki, aclıq aksiyası keçirtmir, sonra bildirdilər ki, aclıq aksiyasını dayandırıb . Sonra fotoları yayılmağa başladı. Və bəziləri də iddia edirdi ki, belə deyək də, Azərbaycan müxalifətini, yaxud kimlərisə mübarizəyə daha çox səsləyir. Amma hazırda bir neçə nəfər də çöldə aksiyaya qoşuldu. Məsələn, Tofiq Yaqublu və digərləri də aclıq aksiyasına qoşuldular. Siz özünüz də illər öncə aclıq aksiyası keçirtmisiniz, bununla bağlı sizin ümumi bir fikriniz necədir? Sonra suallar verəcəm.

-Düşünürlər ki, aclıq aksiyasının sonunda kimlərsə öləcək və proses fərqli bir istiqamətə gedəcək. Bu, yanlış yanaşmalardı. Niyə məsələ belə böyüdü? Əslində, məsələnin böyüməsinin fərqli səbəbləri var. Fərqli səbəblərdən biri odur ki, uzun müddətdir bu tipli məsələlərdə hakimiyyət manevrlərdən istifadə edir. Bundan əvvəl də Məmməd İbrahimə qarşı qaldırılmışdı,Əli İnsanova qarşı qaldırılmışdı. Bu hələ siyasi cəhətdən aktiv olan insanlardı. Bilmədiyimiz, tanımadığımız, hüquqları pozulan nə qədər bu qisimdə adamlar ola bilər və yaxud da var. Mehman Hüseynov da bunlardan biri idi. Hakimiyyət ritorikanı kəskinləşdirir, hakimiyyət ritorikanı sərtləşdirir. Təəssüf ki, bunun Azərbaycan dövlətinə, dövlətçiliyinə, münasibətlər sisteminə nə qədər ziyan vurduğunun fərqində olmur bəzən. Söyüşü artıq ideologiyalaşdırıblar. Kim iqtidar tərəfindən daha çox söyürsə və yaxud da müxalifətə qarşı ritorikası daha sərtdirsə, o adamlar iqtidara ən sadiq adamlardı. Yeri gəlmişkən qeyd edim ki, hətta iqtidarın bəzi nümayəndələri digərlərinə də müraciət edir ki, niyə susmusunuz, niyə danışmırsınız, niyə mövqeyinizi ifadə etmirsiniz? Bəziləri bu söyüşü ideologiyalaşdırıb. Çox təəssüf ki, müxalifət qismində də bunu müxalifətçilik pasportu kimi ideologiyalaşdırıblar. Kim söymürsə, kim o ritorika ilə danışmırsa, o müxalifət deyil, o hakimiyyətə qarşı müxalif mövqe ifadə edən deyil və s. Hətta adlarını da çəkirlər. Kiminsə adlarını çəkə bilməyənlər daha çox müxalifət olur və s. Bununla nə müxalifətçilik olmur, nə də qəhrəmanlıq göstərilmir. Əslində, hakimiyyətin ideologiyalaşdırdığı o ritorikaya müxalifət cərgədələrindən ən böyük zərbəni o prosesə qoşulanlar vurdu. Necə? Çox sadə üsulla. Xalq uzun illərdi prosesdən kənarda saxlanılıb. İki qrup qalıb: hakimiyyət və müxalifət qrupu. Hakimiyyət də bunu çox zaman demokratiya, xalqın haqları, sosial vəziyyətin düzəlməsi uğrunda mübarizə yox, iqtidar-müxalifət davası kimi, hakimiyyət uğrunda mübarizə kimi qiymətləndirir və vurğunu daha çox nəyin üzərinə edir? "Əşşi, siz hakimiyyətdə idiniz də, idarə edə bilmədiniz. Gəldik, gördük sonra da bizi dəvət etdiniz, biz gəldik. Mübarizəni əsasən bu ritorikanın üstünə vurmaqla öz opponentlərini də sıradan çıxartmış olur. Amma hakimiyyət son dövrlərdə başqa bir ideologiyalaşdırılmış variant tapıb. Söyüş ritorikası güclənir. Hakimiyyət təbii ki, təkcə söyüşlə və yaxud da sərt ritorika ilə, sərt davranışla yox, həmçinin həbs, inzibati cəza, məhkəmə, cərimə və s. kimi vasitələrlə daha genişçeşitli cəza vasitələrilə müxalifətin üzərinə gələ bilir. Müxalifətin isə heç nəyi yoxdur, bircə danışmaq qabiliyyəti var, ritorikası var, ritorika imkanları var. O ritorikanı da bunların fonunda müxalifət məcbur olur ki, daha sərt qoysun. Bütün bunların fonunda nə çıxır ortaya? İki tərbiyəsiz qrup. Müxalifət isə bunun fonunda daha da tərbiyəsiz görünür. Müxalifət etik normaları daha çox pozan qrup kimi görünür.Bu da hakimiyyətin işinə yarayır və nəticədə seçici, düşünən adamlar, rəy adamları və s. bu prosesdən və həm də müxalifətin arxasından çəkilməyə məcbur olurdular ki, bu adamlar bunlardan bir az yaxşı görünür.

-Bəy, elə mitinq məsələsinə gələcəkdim. Demək, Qarabağ komitəsi üç dəfə "Qarabağa azadlıq” adlı mitinq üçün müraciət etdi Bakı Şəhər İcra Hakimiyyətinə, hər birinə də yox cavabı gəldi. Maraqlıdır, Müsavat partiyası "Mehman Hüseynova və siyasi məhbuslara azadlıq” adlı mitinq üçün müraciət elədi, ona da yox cavabı gəldi. Ancaq Milli Şuranın eyni şüarlı mitinqinə Bakı Şəhər İcra Hakimiyyəti "hə” cavabı verdi. Bu özü də birmənalı qarşılanmadı. Məsələn, bir çoxları düşünürlər ki, Müsavatla AXCP bir-birini didməyə bir bəhanə axtarırlar, indi başlayacaqlar ki, hakimiyyət sizə işləyir, siz hakimiyyətə işləyirsiz-filan. Bu məsələləri gətirəcəkdilər gündəmə. Nəyə görə Qarabağ mitinqinə yox, Milli Şuranın mitinqinə icazə verildi?

– Görürsünüz, Qarabağ Komitəsinə mitinq keçirtməyə icazə vermədilər, dedilər ki, bu, təzə sistemdi. Təzə sistemin içərisində bizim də itirdiklərimiz ola bilər. Bu qrup da, digər qrup da mitinq edir. Qoy köhnə qruplar olsun ortada. Belə olan təqdirdə həm də o köhnə olan qrupların əlinə oynamaq, bir az da "kar-blanş” vermək hesab edirəm ki, düşündürücü məsələdir.

Açıq deyim, kimin xoşuna gəlsə də, gəlməsə də, əleyhimə nələr yazsalar da, nələr desələr də, mən birmənalı şəkildə bəyan edirəm, Mehman Hüseynovun və o cümlədən siyasi məhbusların azadlığı istiqamətində cəmiyyətdə başlayan, ictimai fikirdə aktivlik yaradan bu oyanışı 19 yanvar mitinqi tamamilə ən aşağı səviyyəsinə endirəcək və əvvəlki vəziyyətə qaytaracaq.

-Yəni, müxalifət belə deyək də, bu mitinqi keçitməklə hakimiyyətin əlinə oynayır sanki?

-Mən deməzdim. Mən xoşgörülü yanaşıram, deməzdim ki, adamlar onun əlinə oynayır. Sadəcə, təəssüf ki, belə düşünürlər. Amma düşünmək də elə bir iş görməyin yarısıdı, çünki ən azı onun nəticəsində mən sizi əmin edirəm ki, Mehman Hüseynov və siyasi dustaqlarla bağlı olan məsələ aclıqdan əvvəlki səvviyəyə enəcək. Bu qədər sadədir. Sonda deyir, mitinq istəyirdiniz, onu da elədik, sonra? Və cəmiyyətin də böyük kəsimi orda iştirak etməyə hazır deyil. Əvvəla, bayaq dediyim kimi, 5 metr, yoxsa 7 metr oyunu oynayırlar. Kim tez elan eledi-filan. Bu, yaxşı nəticə deyil. Nədən hey çalışırsınız ki, bu qrup mənafeyi olsun? Səhv etmirəmsə, Günay İbrahimli Mehmanla bağlı mövqe ifadə eləmişdi. Günay İbrahimli bizim sıralarımızda deyil ki, hələ yeri düşəndə hakimiyyətin tədbirlərində gedir oxuyur. Amma adam buna mövqe bildirib, buna etiraz edib. Sən nədən etiraz edən insanların hamısının birləşməsinə yox, daha çox qruplara xidmət etməsinə, daha çox qruplar çərçivəsində fəaliyyət göstərməsinə, dağılmasına çalışırsan?

Ola bilməzdimi ki, kim mitinq keçirtmək istəyirdi, onlar da keçirsin? Bu gün biz mitinq keçirmək istəmirik, bunu doğru hesab etmirəm. Əgər sən hesab edirsənsə, bu taktika düzgündür, bütün partiyaların hamısına müraciət ünvanlayaydın ki, mitinqi müzkirə edək və siyasi məhbusların azad olunması üçün daha çox adam toplayaq. Bunu etməyib də, tez-tələsik "Baxın, mitinqi baxın bu qurum keçirir” deməyin dividenti məhz o qrupa veriləcək. "Mən yenə də müxalifətin birincisiyəm”. Eyvallah. Müxalifətin birincisi üçün çalışanlar heç vaxt iqtidar olmayacaq.

– Bəy, son günlər iddialar var idi ki, hakimiyyət daxilində struktur dəyişiklikləri davam edəcək, bəzi nazirlər vəzifədən göndəriləcək, hətta parlament də buraxılacaq. Bununla bağlı dəqiq tarix deyənlər də var. Aprel ayı. Bir neçə gün əvvəl prezident 7 qurumu ləğv etdi. Arif Alışanov AzTV sədrliyindən azad edildi. Ekspertlərin bəziləri iddia edirlər ki, bu dəyişiklik islahatlardan daha çox məcburi addımlardlr. Dövlət büdcəsi və neftin qiyməti də ortadadır. Siz necə baxırsız bu məsələlərə?

– Məcburi gedişlər və dövlət büdcəsinə qənaət fikirləri ilə razı deyiləm. Üst-üstə ləğv olunan qurumların dövlət büdcəsindəki payı təxminən 7 milon manatdır. Aşağı-yuxarı 5 milyon dollar eləmir. Deməli, bu, büdcə məsələləri ilə bağlı deyil.

– İstənilən naziri silkələsək 5 milyon dollar düşər…

– 5 milyon düşməz, 5 mlyon yerdə olar. Struktur dəyişikliyi məcburi addım və büdcəyə qənaət məsələsi deyil. Sistem dəyişkikliyində kadr önəmli rol oynayır. Əgər növbədənkənar prezident seçkilərindən sonra oliqarxiyanın nümayəndələri olan nazirlər öz vəzifələrindən uzaqlaşdırıldılarsa, yeni kadrlar təyin edildisə, təbii ki, onlara yaxın olan adamların da bu və ya digər vəzifələrdə təmsilçiliyi var idi. O cümlədən parlamenti də bu cür formalaşdırma ənənələri haqqında kifayət qədər informasiyamız var. Ləğv edilən strukturlar arasında köhnə kadrlarla yaxınlığı olanlar da var, uzun illər heç cür özünü göstərə bilməyənlər də. Ona görə də, bu dəyişiklikləri hakimiyyətin özünü daha monolit etmək, hakimiyəti prezidentin özünün nəzarətində, oliqarxiyadan asılı yox, məhz özünə bağlı olan kadrlardan təşkil etməsi və strukturların da qismən təkmilləşdirilməsi kimi görürəm. Ancaq qüsurlar açıq görünür. Məsələn Müdafiə Sənayesi Nazirliyi ləğv olundu, yerində "Azərsilah” Açıq Səhimdar Cəmiyyəti yaradıldı.

– "Azərisilah” və Açıq Səhmdar Cəmiyyət?

– Bu barədə danışmazdan əvvəl ada fikir vermək lazıdmır. Dövlətin yaratdığı bir qurumda "silah” sözünün olmasını gələcəkdə militarizmdən tutmuş hər cür iddialarla bağlaya biləcəklər. Hesab edirəm ki, ad uğurlu variant deyil. İkincisi isə dövlətin yaratdığı hər hansısa struktur ən azı Qapalı Səhidar Cəmiyyəti olmalı idi. Açıq Səhimdar Cəmiyyəti olmamalı idi ki, onun payçıları xarici dövlətlər və xarici dövlətə, yaxud düşmənə bağlı adamlar olmasın. Bu tipli məsələlərdə sənədləri hazırlayan hüquqşünaslar buna diqqət etməli idilər. Yeni yaranan qurumun nə adı, nə də Açıq Səhimdar Cəmiyyət olması heç uğurlu deyil.

– Kadr və struktur islahatlarının davamı gələcəkmi?

– Bu, çətin proqnoz edilən məsələdir. Sistem dəyişməsə, o adamlar idarəetmə sisteminin və fəlsəfəsinin yenilik olaraq nədən ibarət olduğunu mahiyət etibarı ilə ortay qoymasalar, heç nə dəyişməyəcək. Bayaq qeyd etdiyim kimi AzTV daha çox tərifləyəcək. Çünki onun başqa yolu yoxdur.

 

– Yeri gəlmişkən AzTV-nin əsas xəbərlər buraxılışında prezidentin Arif Alışanovla bağlı sərəncamını səsləndirmədilər…

– Onu da eşitdim. Bununla bağlı qeydim var idi. Gəlin, məsələyə ayrı aspektdən yanaşaq. Sistem yeni deyil. Adamın televiziya haqqında yeni formatı, düşüncəsi, təfəkkürü, idarəetmə forması tətbiq etmək imkanı yoxdur. Çünki sistem dəyişməyib. Adama nə qalır? Tərifləmək. Sosial verlişlərin sayını artıra bilməyəcək, münasibətlər sistemi dəyişməyəcək. Kadr dəyişkiliyi hələ hər şey demək deyil. Uzaq başı 6 aydan sonra o kadrlar köhnə kadrlardan daha eybəcər görünəcək, əgər sistem dəyişməsə. Hakimiyyət birinci növbədə sistemi dəyişməyi bacarmalıdır.

– Gələk yenə müxalifətin birliyi məsələsinə. Ümidlisiniz?

– Hər zaman ümidliyəm. Ümidimiz olmasa siyasətdə fəaliyyət göstərməzdik. Ancaq ümidlə reallıq arasında bəzən zaman etibarı ilə fərq olur. Zaman etibarı ilə ümidimlə görəcəyim işlər arsında biraz fərq var. Ancaq çalışırıq. Hesb edirəm ki, bu proses cəmiyyətin, xalqın, Azərbaycanın maraqlarının istədiyi səviyyəyə gəlib çatacaq. Bunun alternativi yoxdur. Bundan heç kim sığortalan bilməyib, heç kim qaça bilməyib. Bunun geci tezi var. Regionda baş verən hadisələr bizi bəzən daha sürətli addımlar atmağa vadar edir.

– Təşəkkür edirəm.

– Sağ olun.


Oxşar xəbərlər