Mərhum Heydər Əliyev: Hakimiyyət də, müxalifət də müasir demokratiya tələblərinə uyğun olmalıdır"

  • 27 noy 2018, 13:46
Azərbaycan Respublikasının eks prezidenti, dahi fenomen mərhum Heydər Əliyevin siyasi irsi sağlığında olduğu kimi, bugün də bəzi çətin sualların cavabını layiqincə verir. 

Mərhum prezident 1998-ci ildə Mir Şahinə verdiyi müsahibədə maraqlı məqama toxunub. İqtidar-müxalifət münasibətlərindən danışan H.Əliyev dialoq tərəfdarı olduğunu bildirib. Heydər Əliyevin əksqütblü siyasi kəsimlərinin demokratiyaya uyğunlaşmalarını, çatmalarını mədəni prinsiplər əsasında mümkün sayıb.

Heydər Əliyevin "Və ilaxır..." verilişində Mir Şahinə verdiyi müsahibədən qısa və faydalı bir hissəni xatırlayaq:

Mirşahin sual verir: - Bu gün dinc, yanaşı yaşamaq tərəfdarı olan Heydər Əliyev iqtidar-müxalifət dialoqu mövzusuna necə baxır? Bu dialoqun perspektivlərini siz necə görürsünüz?
Heydər Əliyevin cavabı: - İqtidar, müxalifət bizim həyatımızda yeni anlayışdır. Keçmiş, yaşadığımız dövrlərdə iqtidar olub, müxalifət olmayıb. Kimsə öz qəlbində hakimiyyətə müxalif olub, amma bir müxalif qüvvə kimi yox. Bizim həyatımızın çox vaxtı o dövrdə keçib. İndiki dövrdə Azərbaycanda demokratiya qurub inkişaf etdirdiyimiz, demokratik dövlət qurduğumuz zamanda - və bu da bizim əsas yolumuzdur - dəfələrlə demişəm ki, müxalifət təbiidir. Müxalifətin varlığı da demokratiyanın olmasının əsas amillərindən biridir. Bəlkə də ən əsas amilidir. Ona görə müxalifəti inkar etmək olmaz. Şəxsən mən heç vaxt inkar etməmişəm və etməyəcəyəm. 
İndi bu suala cavab verərək Azərbaycanda həm hakimiyyətin, həm də müxalifətin müasir demokratiya tələblərinə uyğun olmasını istədiyimi bildirirəm. Mən şəxsən çalışıram ki, hakimiyyət müasir demokratiyanın tələblərinə uyğun olsun. Deyə bilmərəm ki, bunun hamısına birdəfəlik nail olmaq mümkündür. Yox. Buna da zaman lazımdır. Ancaq bu istiqamətdə iş gedir. 
Müxalifət də gərək bu insani, əxlaq, mənəviyyat normaları əsasında və demokratiyanın qanunları, prinsipləri əsasına öz yerini tapsın, fəaliyyət göstərsin. Bu mənim arzumdur, nə qədər mümkündür, onu həyat göstərəcək. Şübhəsiz ki, bu prinsiplərə söykənərək hesab edirəm ki, iqtidarla müxalifət arasında normal münasibətlər olmalıdır. 
Müxalifət özü "müxalifət” sözü ilə iqtidara müxalif deməkdir. Ancaq bu, heç də düşmənçilik, böhtançılıq, yaxud da təxribatçılıq yolları ilə olmamalıdır. Müxlifət mübarizə aparıb iqtidara gəlmək istəyir. Birincisi, gərək iqtidara gəlmək istəyən qüvvələr ölçüb-biçsinlər ki, onların hansı iqtidara gəlib Azərbaycan kimi ağır dövrdə yaşayan ölkənin problemlərini həll edə bilər. İkinci də, əgər buna arxayındırlarsa, inanırlarsa, onda gərək bunu normal yolla etsinlər. Düşmənçilik yolu ilə etməsinlər. 
Hesab edirəm ki, bunları aradan qaldırmaq üçün dialoq zəruridir. Mən bunu bəyan etmişəm, bu dialoqun tərəfdarıyam. Əgər biz Ermənistan-Azərbaycan konfliktini sülh yolu ilə həll etmək üçün Azərbaycan torpaqlarını işğal etmiş, azərbaycanlıları yerindən-yurdundan çıxarmış Ermənistan rəhbərliyi ilə görüşürüksə, danışırıqsa və dialoq aparırıqsa... Bunun özü də dialoqur. İndi bizim ölkəmizdə bir millətə, bir ölkəyə, bir xalqa mənsub olan insanlar nə üçün bu dialoqdan çəkinməlidirlər. 

Ola bilər ki, dialoq nəticə verməsin, ancaq dialoqun özü özlüyündə mən dediyim istiqamətdə iqtidar-müxalifət münasibətlərini tənzimləyə bilər. Mən hesab edirəm ki, bundan qaçmaq olmaz. İqtidar da, müxalifət də bundan qaçmamalıdır. Ancaq bunlar hamısı iddiasız olmalıdır. Müxalifət anlamalıdır ki, iqtidar var, iqtidar da anlamalıdır ki, müxalifət var. İqtidar müxalifəti qəbul etdiyi kimi, müxalifət də iqtidarı qəbul etməlidir. Əgər bu hər iki tərəfdə olmasa, bu, mümkün deyil. Yaxud da müxalifətdə kimsə hesab edir ki, onlar zorla bugünki iqtidarı nəyəsə məcbur edə bilərlər, bu mümkün deyil..." -Sitatın sonu...

*************************************

Əgər, bu ölkənin vətəndaşları daha demokratik, siyasi-mədəni dəyərlər içində daha hüzurlu yaşamağı istəyirlərsə, onda siyasi əqidəsindən asılı olmayaraq müasir tairixin ən ali siyasətçisinin dəyərli fikirlərini diqqətdən qaçırmamalıdırlar. İqtidar da, müxalifət də bu xalqı təmsil edir, amma təbii ki, hər iki "cəbhə" daha faydalı dəyərlərə keçid üçün çalışmalı, ümummilli maraqlarda bir olmağı bacarmalıdır...

"Demokratik.Az"

Oxşar xəbərlər