Misir Mərdanov danışdı: “Uzağı 3 adam haqqımda mənfi fikirdə olub…”

  • 09 okt 2018, 07:51

"Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə nazir müavini vəzifəsində çalışırdım. Açığı, onların dövründə mənə hörmətlə dedilər ki, biz səni Gəncəyə göndərə bilərik. Orada prorektor, bəlkə rektor da ola bilərsən. Mən də dedim ki, Gəncəyə gedə bilmərəm, ailəm, evim Bakıdadır. Sonra elə oldu ki, Firudin Səməndərovu Bakı Dövlət Universitetinə rektor təyin etdilər. O çox yüksək səviyyəli insandır, biz onunla dost idik və bu münasibətlər bu gün də davam edir”.

 

 

 

"Demokratik.Az" xəbər verir ki, bunları sabiq təhsil naziri Misir Mərdanov "teleqraf.com” saytına müsahibəsində özünün keçmişi, karyera yüksəlişi haqda danışarkən deyib.

Bakı Dövlət Universitetinin rektoru təyin olunmasının tarixçəsini danışarkən sabiq nazir, daha sonra deyir:
"Onu rektor təyin edəndə ölkə rəhbərliyi qarşısında məsələ qaldırdı ki, əgər məni bura rektor təyin edirsinizsə, Misir Mərdanov prorektor olacaq. Mən əslində nazir müavinindən kiçik vəzifəyə gəldim, amma ürəyim istəyən adamla çalışacaqdım. Firudin müəllimlə 1 ildən artıq bir yerdə işlədik. Sonra Murtuz Ələsgərov universitetə rektor təyin olundu və onunla da 3 il birgə çalışdıq.
Murtuz müəllim Milli Məclisə sədr təyin olunandan sonra mən 5 ay rektor vəzifəsini icra etdim. 1997-ci ilin fevralın 16-da Bakı Dövlət Universitetinə rektor vəzifəsinə təyin olundum. Mənim üçün o vaxt da, indi də, gələcəkdə də Bakı Dövlət Universitetinin rektoru olmaqdan şərəfli vəzifə yoxdur. Universitetdə hər şey çox yaxşı idi, kollektivlə gözəl dil tapmışdım…”

M.Mərdanov təxminən 1 ildən sonra təhsil naziri təyin olunması haqda bunları deyib: "1998-ci ilin mart ayının 25-nə qədər universitetin rektoru vəzifəsində işlədim. O vaxt nazir vəzifəsi boş idi və cəmiyyətdə bununla bağlı, mən də daxil olmaqla, bir neçə nəfərin adı hallanırdı. Ancaq sözün düzü, mən özümün nazir olacağımı gözləmirdim və tutduğum vəzifədən çox razı idim, universitetin kollektivi mənə çox doğma idi. 1964-cü ildən 1998-ci ilə kimi bütün həyatım BDU-da keçmişdi. Elə oldu ki, məni prezident Heydər Əliyevin qəbuluna dəvət etdilər, geniş və ətraflı söhbətlər, tapşırıqlardan sonra o, məni təhsil naziri vəzifəsinə təyin etdi”

Sabiq nazir nazir kimi 15 il davam edən fəaliyyətindən razılığını bildirib, özündən sonra təyin olunan nazirlər – Mikayıl Cabbarov və Ceyhun Bayramovla yaxşı münasibətlərinin olduğunu deyib. "Münasibətlərimiz çox yaxşıdır. Mənim həm Mikayıl Cabbarov, həm də Ceyhun Bayramovla normal münasibətlərim var. Hər ikisi layiqli şəxslərdir. Hər ikisini nazir vəzifəsinə təyinatı münasibətilə bəlkə də birinci mən təbrik eləmişəm. Bilirsiniz, vəzifədə olmağı da, hörmətlə getməyi də bacarmaq lazımdır. Onlar da çox sağ olsunlar, mənim fəaliyyət göstərdiyim dövr haqqında mənfi söz dediklərini heç vaxt eşitməmişəm.

Onu da deyim ki, bir gün belə boş qalmadım, nazir vəzifəsindən azad olunandan bir həftə sonra cənab prezidentin razılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində işləməyə başladım. Artıq altıncı ildir ki, burada çalışıram, riyaziyyatla, akademiya ilə bağlı işlərimizi davam etdiririk. Bugünki işimizdən çox razıyam”.

M.Mərdanov iddia edib ki, onun nazir kimi fəaliyyətindən cəmi 3 adam narazı olub. "Açığını deyim ki, keçmiş fəliyyətimlə bağlı ciddi mənfi fikirdə olanlar barmaqla sayılacaq qədərdir. Hesab edirəm ki, uzağı 3 adam haqqımda ciddi mənfi fikirdə olub, onlardan biri həyatda yoxdur, Allah rəhmət eləsin, ikisi yaşayır. Onların da müxtəlif səbəbdən fikirləri tənqidi olub. Qətiyyən onları özümə düşmən hesab eləmirəm, üzbəüz gələndə görüşürük.

Ancaq istədiklərini yazırlar, yazsınlar. Bəlkə də yazmaqlarının müəyyən mənada mənə xeyri də var. Haqqımda kütləvi mənfi fikirlər olmayıb. Onların sayı heç bir əlin barmağı sayda deyil. Ona görə də fəaliyyətlərinə qiymət verməyi heç vacib hesab eləmirəm”.

Oxşar xəbərlər