"QARABAĞSIZ YETİM QALMIŞIQ" - Ağdamlı alimin vətən həsrəti (MÜSAHİBƏ)

  • 11 avq 2018, 14:26

Qarabağ nisgili... Vətən həsrəti... Şəhidlərin ruhuna, ana torpağa sonsuz sayğıdan doğan səmimiyyət, bir də erməniyə nifrətini əsla gizlətməyən ZİYA...

Onu sosial şəbəkələrdəki üzüntülü və kükrək notları ilə tanımışıq. Hər dəfə danışdıqca, gündəmə bir status yazdıqca damarlarında coşan qanı, köksündə çırpınan narahat ruhu bizi də ciddən düşünməyə vadar edir. Onun sevinci də, kədəri də Azərbaycanla bağlıdır, kədəri isə bizi də özü ilə Qarabağa aparır. Lap dəyərli şairimiz M.P.Vaqifin dediyi kimi:

"Mən onun dərdinə oldum mübtəla;

 Şəmi-xəyalıma O verir ziya”...

Azərbaycanın qara bəxtli Qarabağının ermənilər tərəfindən işğalı zaman ötdükcə içimizi daha çox yandırır, amma bu hissin alovunda qovrulan bir qarabağlı elm adamı qədər sözü kəsərli, gözü qəhərli və həyəcanlı deyilik. Vətənini sevən məhz onun kimi olmalı, Qarabağa qovuşmağı onun qədər istəməlidi. Yəqin ki, onun kim olduğunu anladınız.

"Demokratik.Az”- da "ZİYALI DANIŞIR” rubrikasının növbəti qonağı nümunəvi vətənpərvər, tanınmış alim Zaur Əliyevdir.

SUAL - Salam, Zaur müəllim! Sosial şəbəkədə (feysbukda) vətənpərvər çağırışlarınızla diqqət çəkən, Qarabağlı kimi haray qoparan yeganə alimlərimizdənsiniz. Statuslarınızdan da aydın hiss olunur ki, daxilən çox narahatsınız. Sizcə, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünəni, bu günü və gələcəyi bizə nə vəd edir?

Zaur Əliyev:

- Təbii ki, çox narahatam. Artıq 25 ildir təkcə Qarabağ yox, ruhum və düşüncələrim də erməni işğalından narahatlıq keçirir. Qarabağın dünəni dediniz, acı nəticələr ortadadır. Ermənilərin 20 faiz torpağımıza vandal təcavüzü nəticəsində yüzlərlə şəhid vermişik. Milyondan artıq Qarabağlı ana torpağından ayrı düşüb. Dözülməzdir...Bu müddət ərzində ciddi bir irəlləyişimiz olmayıb, nə danışıqlarda, nə də cəhbə bölgəsində. Hətta bu gün bəh-bəhlə təbliğ edilən Cocuq Mərcanlının azadlığı və "Aprel döyüşləri” əslində bir müddətlik sakitçiliyə xidmət edən hadisələrdir.

Bu gün Qarabağı görməyən bir nəsil yetişib. Bu nəsil bilmir ki, Qarabağ hardadır. Şuşa necə şəhər olub, Ağdam, Kəlbəcər və digər rayonlarımız necə olub. Bunu bilənlərin sayı azalmaqdadır. Bu gün sizi əmin edirəm, gənc nəslə elə təsir edirlər ki, onlar vətən uğrunda mübarizədən daha çox xaricə köçüb orda yaşamağı düşünürlər. Bu qorxulu prosesdir, qarşısı alınmasa bütöv bir qarabağlı nəsli yoxa çıxacaq. Qarabağlılar arasında sorğu keçirsək görərik ki, rayonların işğal tarixini bilənlər nə qədər azdır. Vallah bu facəmizdir. Məhz bu 25 il ərzində bu cür unutqanlılığa yol açan siyasətin qarşısını almaq, gənclərimizə o torpaqları qarış-qarış tanıtmaq bizim çiynimizin yüküdür. Torpaqlarımızı hərbi yolla da olsa geri almağa hazır olan güclü gənc nəsil yetişdirməliyik. Qarabağ sevgisi hamının zehnində formalaşmalıdır. Bir ziyalı kimi mənim qarşımda duran əsas hədəf məhz budur. Mən Qarabağımızın gələcəyinə nikbin baxıram. İmkan vermərəm ki, Şuşanın taleyi İrəvan, Qarabağımın da teleyi Zəngəzur kimi olsun.

SUAL – Zaur müəllim! Ağdamda doğulan bir ziyalı kimi, 25 il ərzində Qarabağın işğalını seyr etmək, ana vətənə azadlıq diləmək – alim bu duyğuları necə yaşayır?

Zaur Əliyev:

- Mən 17 yaşımdan məcburi köçkün həyatı yaşayıram. Bu adı öz vətənində daşımaq çox ağırdır. Ağdam çox uzaqda deyil, bizi uzaq salıblar ordan. Mən nə istəyirəm ki!? Yaşadığım ağır günləri, itirdiyim gəncliyimi geri qaytara bilməyəcəklər, heç olmasa övladım Ağdama gedə bilsin, ata-baba yurdunu tanısın. İnanın hərdən elə olur ki, Ağdamda yaşadığım günlər yuxuma girir. Sanki Ağdam özü də bezib, erməni tapdağında yaşamaqdan. Babalarımın məzarı sahibsiz qalıb. Bunu anlamaq çox çətindirmi? Bir insanın öz doğma yurduna qayıtmasını istəməsi cinayətdirsə, onda razıyam, məni dar ağacından assınlar. Bu hissləri qarabağlı kimi yaşayıram, alim olduğuma görə isə, mənim xalq və dövlət qarşısında mənəvi məsuliyyətim var. Qarabağı mütləq işğaldan azad etməliyik.

SUAL – Bəs, Qarabağımızı erməni təcavüzündən azad etmək üçün yetərincə iradəliyikmi? Dövlətimizin hərbi gücü, millətimizin milli ruhu bu şərəfli zəfərə tam hazırdırmı?

Zaur Əliyev:

- Müasir Azərbaycan Ordusu həqiqətən Ermənistandan qat-qat güclüdür. Lakin, bu ikinci dərəcəli işdir. Birinci insanlarımızın milli ruhunu oyatmaq lazımdır. Hamılıqla başa düşməliyik ki, biz necə cənnət torpaqlarmızı itirmişik. Vətənin ürəyini itirmişik. Biz qarabağlılar da fərqinə varmalıyıq ki, Qarabağsız yetim kimiyik bir kənarda. Nələrə sahib olsaq da Şuşanın, Ağdamın, Laçının və digərlərinin yerini heç nə verməz. Azərbaycanın hər yeri bizə doğmadır. Amma doğulduğumuz, dədə - babalarımızın məzara qoyulduğu torpaq daha müqəddəsdir, axı!..

SUAL – Təbii ki, hər bir cəmiyyəti qaranlıqdan nurlu-işıqlı gələcəyə qovuşduran onun milli ruhudur. Bəs, Qarabağın azadlığı yolunda milli ruhun bütövləşməsi, həmişə ayıq-sayıq olması üçün ziyalılarımıza daha çox nə lazımdır? Sanki, adama elə gəlir ki, cəmiyyətimizin özü bir ziyalı qıtlığı yaşayır.

Zaur Əliyev:

- Bu gün mən Azərbaycanda Qarabağı geri istəyən, xalqa dəstək olan ziyalı tanımıram. Məsələn, bu millət önündə rəhmətlik Xudu Məmmədov kimi ziyalı görmək istəyir. Vətəni düşünən, onu sevən ziyalı istəyir xalq. Təəssüf ki, deməliyəm, bizim ziyalılar öz qaranlıq otaqlarında gizlənən bir kütlə halındadır. Əsasən də Qarabağdan olanlar məni lap yandırır. Susurlar, öz xalqının içində olmaq əvəzinə qaçıb gizləniblər. Hesab edirəm ki,vətəni düşünüb, torpağını tələb etməyən ziyalının bir adı var – qorxaq.

SUAL – Tarixin acı məngənəsində sıxılan bir alim ömrü – Günün birində hər şeyi atıb Azərbaycandan getməyi düşündünüzmü?

Zaur Əliyev:

-  Arada olub, iş və yaşayış təklifləri də olub. Hətta bir ara bezmişdim yaşamımdan, getmək niyyətində idim. Lakin sonra düşündüm ki, getsəm Ağdamın, Şuşanın yükünü özümlə apara bilərəmmi? Axı Şuşa, Ağdam burda qalıb, düşmən oraları caynağına alıb yaşamağa davam edəcək. Mən vətəndən kənarda nə edə bilərəm? Düşündüm ki, getmək, qaçmaq bir vətənsevərə əsla çıxış yolu deyil. Burda heç olmasa Ağdamın iyini ala bilirəm, bəzən yuxularıma da gəlir. Qürbətdə isə bu imkanlar olmayacaq axı! Mən qarabağlıyam, qarabağsız mən necə olacam xaricdə? Həm də yad ölkənin havasına düşüb başqaları kimi qarabağlığımı unutmaq qorxusu var. İnşaalah Azərbaycandan getsəm Qarabağa gedəcəm, buna inanıram.

SUAL: - Qarabağ adlı "TV” açmaq təşəbbüsünüzü də oxuduq. Belə bir zəruri və sevindirici təklif - "QarabağTV" nələr vəd edir?

 Zaur Əliyev:

- "Qarabağ Tv” inşaalah təkcə Qarabağla bağlı verilişlər yayımlamayacaq. Bütün itirilmiş torpaqlarımızdan danışacaq və göstərəcək. Biz dövlətimizin yanında olub, onun həm silahlı, həm də qələmli əsgəri olacayıq.

Bu telviziya projemdə bir məqsəd var. Qarabağı unutmağa qoymamaq, bu günə qədər çəkinərək kimlərinsə demədikləri sözü demək, işğalı, həqiqətləri dünyaya göstərmək, düşmənin informasiya hücumuna qarşı səddlər çəkmək əsas hədəfimizdir. Azərbaycanda Tv-lərin göstərmədikləri kadrları göstərmək, müharibənin acı nəticələrinin ən çox bizim xalqın yaşadığını dünyaya çatdırmaq lazımdır.

Qarabağ Tv vətənpərvlik təbliğatı üzəində öz işini quracaq. Mərhum Xudu Məmmədov demişkən: "biz vətəni gənclərə göstərəcik, onlar isə sevəcəklər”. Hədəfimiz Şuşada yayım etməkdir. Qarabağ Tv-nin olması dövlətin özünə böyük təkandır. Bu gün biz içimizdə olan düşmənlərə də savaş açmışıq. Azərbaycan xalqının öz əsl kimliyinə, milli dəyərlərinə qaydışını istəyirik. Buna isə bütün maneələri aşaraq mütləq nail olacağıq. Biz mütləq Qarabağa qayıdacağıq!!!

- Dəyərli fikirlərinizə görə sizə təşəkkürümüzü bildiririk.

- Buyurun...

Söhbətləşdi - Osman Nərimanoğlu

"Demokratik.Az"

Oxşar xəbərlər