Əhəd Abıyev Müsavata sensasion və qalmaqallı müsahibə verib

  • 27 mart 2018, 08:48

"Əli Kərimlinin ərəb bacanağı Seyfəddin erməni lobbisi ilə iş birliyindədir”

 

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev "Yeni Müsavat” qəzetinə müsahibə verib. Onunla müsahibəyə başlamazdan əvvəl xahiş etdi ki, dediklərini olduğu kimi dərc edək. Onun bu xahişini nəzərə aldıq.

 

- Əhəd müəllim, mart ayının 24-də Daşkəsəndə təbii fəlakət baş verib.

- Daşkəsən rayonu ərazisində 24 mart 2018-ci il tarixdə saat 15-00 radələrində baş vermiş təbii fəlakət, güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin, qəsəbə və kəndlərin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə, rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəyib.

Daşkəsən şəhərində yaşayış binalarının, kəndlərdə tibb məntəqələrinin, sosial-inzibati binaların, bəzi seçki məntəqələrinin dam örtüyünə olduqca ciddi ziyan dəymiş, güclü külək həmin binaların dam örtüklərini  tamamilə sıradan çıxarmış, taxta konstruksiyalarla birlikdə binaların üstündən atmışdır.

- Neçə binaya ziyan dəyib? Statistika aparılıbmı?

- İlkin məlumata görə, rayon üzrə ümumilikdə 80-dən artıq binanın dam örtüklərinə müxtəlif dərəcədə ziyan dəyib. Hadisə ilə əlaqədar həmin binaların sakinlərinin bəziləri tərəfindən ambulator müayinə üçün rayon mərkəzi xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub, onlara lazımi köməkliklər göstərilib.

Bu təbii fəlakətlə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə dərhal komissiya yaradılmış, müvafiq işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın nəticələrini müəyyən qədər aradan qaldırmağa çalışırıq. Həmçinin təhlükəsizlik işlərini görmək üçün xidməti sahələr cəlb olunub.

- Təbii fəlakətin fəsadları nə zaman aradan qaldırılacaq?

- Birmənalı olaraq bildirirəm ki, qısa müddət ərzində fəsadlar aradan qaldırılacaq. Prezident Administrasiyası, Fövqəladə Hallar Nazirliyi bu məsələni nəzarətə götürüb. Aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.

- Daşkəsəndə seçkiyə hazırlıq işləri necə gedir?

- Daşkəsəndə seçkiyə hazırlıq işləri qanuna, Seçki Məcəlləsinə uyğun, yüksək səviyyədə görülüb. Kəndlərdə yerli sakinlərlə səyyar görüşlər keçiririk. Bu görüşlərdə onbaşılar, yüzbaşılar tərəfindən kənd camaatı ilə maariflənmə işləri aparılır, hamı bu seçkiyə demək olar ki, tam hazırdır. Daşkəsən seçiciləri builki seçkilərdə yüksək səviyyədə fəallıq göstərəcək.

- Əhəd müəllim, son vaxtlar müzakirə olunan mövzulardan biri də Avropada yaşayan bəzi azərbaycanlıların tərbiyəsiz davranışlarıdır. Sizcə, onların müxalifətlə əlaqələri varmı?

- Onların bəzi müxalifət partiyaları ilə əlaqələri var. Azərbaycanda sağlam, ölkəsinin mənafeyini bütün siyasi iddialardan üstün tutan müxalif qüvvələr var. Təəssüf ki, bunlarla yanaşı, ölkəmizin mənafeyini öz xırda iddialarına qurban verməyə hazır şəxslər də olmamış deyil. Belələrinin xalq tərəfindən dəstəyi olmadığı üçün xarici qüvvələrdən dəstək almağa çalışırlar. Bunlar özlərini guya ana müxalifət kimi təqdim edib, xarici havadarlarından daha çox pul almağa çalışırlar. Başlarına adam yığıb, siyasi mübarizə adı altında təxribatla məşğuldular.

- Siyasi qüvvənin işi başına adam yığmaqdır. Burada qəribə nə var?

- Sizinlə o zaman razılaşa bilərdim ki, başına adam yığan siyasətçinin öz övladları da başqa gənclərdən fərqlənməsin.

- Nəyi, kimi nəzərdə tutursuz?

- Azərbaycan müxalifətinin özünü lider adlandıran şəxslərinin hamısının övladları xaricdədir. Jurnalist araşdırması aparın, görün hansının övladı Bakıdadı.

- Hər bir insanın istənilən yerdə yaşamaq haqqı var...

- Bəli, razıyam, düz deyirsiniz. Ancaq başqasının övladını yoldan çıxart, beynini zəhərlə, çirkin planlarında o gəncləri alət kimi istifadə et, öz övladlarını isə ən bahalı ölkələrin paytaxtlarında yaşat. Üstəlik, onları ən nüfuzlu universitetlərdə oxut.

- Atası müxalifətçi olan hansısa gəncin xaricdə təhsil almaq haqqı yoxdur?

- Həmin müxalifət partiyasının sədri hansı pullarla oxudur oğlunu universitetdə? Bu pulun mənbəyi niyə göstərilmir?

- Kimi nəzərdə tutursunuz?

- Əksəriyyəti belədi. Amma bu cür qara-qura işlərdə Əli Kərimlinin əvəzi yoxdu. Təsəvvür edin, bu adam 2005-ci ildən işləmir, maaş almır. Di gəl, bahalı maşın sürür, övladlarının üçü də Londonda yaşayıb-oxuyurlar. Londonun mərkəzi küçələrindən birində ətriyyat mağazası və gözəllik salonu var.

Əli Kərimli özünü cəfakeş müxalifət lideri kimi təqdim edir, amma oliqarx kimi yaşayır. Əsas maliyyəçiləri də ermənilərlə əlaqəsi olan iş adamlarıdır. Ətrafında olan adamlara da qəpik-quruş verir. O, siyasi mübarizə adı altında əslində siyasi bizneslə məşğuldur. Boş-boş danışır ki, guya Azərbaycanın işıqlı gələcəyi üçün mübarizə aparır. Bu, boşboğazlıqdan başqa bir şey deyil. Bu gün Azərbaycan özünün ən işıqlı və sabit dövrünü yaşayır.

- Bu dediklərinizi sübut etmək üçün əlinizdə fakt varmı?

- Bayaqdan dediklərim faktdır. Əli Kərimli təmtəraqlı həyat yaşayır. Onun qaynı var, Elnur Seyidov. "Texnikabank"da filial müdiri işləyirdi. Dələduzluğuna görə həbs ediblər. Elnur Seyidovun vasitəsilə Əli Kərimli dövlətin milyonlarla pulunu mənimsəyib. Özü və qohumları 2012-ci il, oktyabrın 30-dan 2013-cü il, iyunun 13-nə kimi banklardan 9 milyona yaxın nağd pul çıxarıblar. Bu işdə onun baldızı Aytən Seyidovanın adı mərkəzi fiqurlardan biri kimi keçir. Əli Kərimlinin baldızı Aytənin əri milliyyətcə ərəbdi. Onlar hazırda Londonda yaşayırlar.

 

 

- Hər bir insanın istənilən millətin nümayəndəsi ilə ailə qurmaq haqqı var. Azərbaycanda bunu qadağan edən qanun yoxdur.

- Adamdan soruşmazlar ki, çıxışlarında milli-mənəvi dəyərlərdən, azərbaycançılıqdan dəm vurursan, amma öz yaxın ailə üzvün bizə düşmən olan ermənilərlə sıx iş birliyində olan biri ilə evlənir.

Belə ki, Əli Kərimlinin bacanağı 1977-ci il təvəllüdlü, Tunis əsilli Böyük Britaniya vətəndaşı olan Kamoun Seif Eddine-di (Seyfəddin). Kamoun Seyfəddin Londonda bizneslə məşğul olur. Onun barəsində çox ciddi məlumatlar əldə etmişəm. Belə ki, Seyfəddinin şirkətinin adı Diamonds Search Marketing LTD-di.

Ünvanı isə belə gedir: 85 Great Portland Street, First Floor, London W1W 7LT

United Kingdom. O, bu şirkətin təsisçisi və rəhbəridi.


 

 

Əli Kərimlinin bacanağı Kamoun Seif Eddine

Seyfəddin Kamoun 2015-ci ilin yanvar ayından etibarən sözügedən şirkətin idarəetmə direktoru vəzifəsinə təyin olunub. Şirkətin əməkdaşlıq etdiyi müştərilər - hotellər şəbəkələri bunlardı:

Hilltop Inn & Suites

 La Reserve Hotel & Spa Geneve

 South Beach Hotel& Residences

 Hotel Kompas Bled.

Yuxarıda göstərilən hotellər şəbəkəsi arasında erməni lobbisi ilə sıx iş birliyində olanlar var. Məsələn, Hilltop Inn & Suites. Bu hotellər şəbəkəsinin baş ofisi ABŞ-da yerləşir. Amerikadakı erməni lobbisinə bağlılığı və onlarla əlaqəsinin olduğu məlumdur. İnternet axtarış sistemində bu məlumatlar açıqdı, istənilən adam girib, yoxlaya bilər. 

La Reserve Hotel & Spa Geneve hotellər şəbəkəsi İsveçrədə yerləşsə də əslində Fransa brendidir. Bu hotellər şəbəkəsinin də erməni lobbisi ilə güclü əlaqələri var. Ermənilərin Azərbaycan və türk dünyası əleyhinə keçirdikləri tədbirlərə təşkilati və digər dəstəklər verir. Seyfəddin isə erməni lobbisinin təsiri altında olan bu hotellərlə iş birliyindədir. Göründüyü kimi, Əli Kərimlinin ən yaxın ailə üzvü ermənilərlə ortaq biznes layihələrdən pul qazanır. Həmin pulların bir hissəsini də Əli Kərimliyə göndərir. İndi məlum oldumu ki, onun oğlu, ailəsi Londonda hansı qaynaqlar hesabına yaşayır?

Yeri gəlmişkən, Əli Kərimlinin oğlu da bacanağının yanında işləyir. Hansı ki, Əli Kərimli deyir ki, oğlu Londonda milyonerlərə layihə çəkir, o layihələrdən əldə etdiyi pulla yaşayır guya orada. Tamamilə yalan deyir. Heç bir layihə çəkmir. O, doğma xalasının ərəb əri ilə bu iş birliyini qurub. Azərbaycana qarşı təxribatyönümlü planın tərkibində Əli Kərimlinin özü, qohumları yaxından iştirak edirlər. Londonda ermənilərlə şərikli biznesə yatırılan pulların mənbəyi vaxtilə qaynı Elnur Seyidovun əli ilə Azərbaycan banklarından çıxarılan milyonlardır.

- Sözünüzdən belə çıxır ki, bu, Azərbaycanın milli təhlükəsizliyinə də ciddi təhlükədir?

- Bəli. Bu gün Azərbaycanın müstəqil, demokratik bir dövlət kimi güclənməsi bəzi qüvvələri narahat edir. Ona görə də müəyyən təxribat xarakterli işlərə əl atırlar. Son illər Bakıda gerçəkləşən beynəlxalq tədbirlər ölkəmizin nüfuzunu dünyada daha da artırıb. Sonuncu belə tədbir VI Qlobal Konfrans oldu. Dünya prezidentləri paytaxtımıza yığışmışdı.

- Milli Şura martın 31-nə mitinq təyin edib. Bu haqda nə deyə bilərsiniz?

- Bu tarix azərbaycanlılara qarşı erməni-daşnak qüvvələrinin soyqırım törətdiyi gündür. 1918-ci ilin 31 martında Bakıda, Qubada, Şamaxıda və Azərbaycanın bir çox yerlərində erməni daşnakları soydaşlarımızı kütləvi şəkildə qırıblar. Təsəvvür edin, bu soyqırımın 100-cü ili tamam olan gün Milli Şura mitinq keçirib, hakimiyyət davası aparır. Halbuki onlar bu dəhşətli qırğın haqda dünyaya car çəkməlidirlər. Avropada xeyli tərəfdarımız var, deyirlər buyursunlar, Ermənistanın Avropa ölkələrindəki səfirlikləri qarşısında aksiyalar keçirsinlər. Bakıdakılar da Şəhidlər Xiyabanını ziyarət etsinlər. Heç olmaya, şəhidlərimizin ruhuna hörmət olaraq, mitinqi təxirə salsınlar.

"Yeni Müsavat”

Oxşar xəbərlər