"Gəlin, istintaqın nəticəsini gözləyək"-deputat

  • 03 mart 2018, 21:27

Milli Məclisin üzvü Aydın Mirzazədə deyir ki, indi əsas diqqət Respublika Narkoloji Mərkəzdə baş verən yanğının səbəblərinin araşdırılmasına köklənilməlidir.

BBC Azərbaycancaya müsahibəsində Parlamentin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin sədri bildirir ki, hadisədə kimlərin məsuliyyət daşıdığını söyləmək üçün istintaqın nəticəsini gözləmək lazımdır:

- İndidən bir söz demək düzğün çıxmaz. İstintaq gedir. Mütəxəssislər işləyirlər, onların yekun sözlərinə görə bir fikir söyləmək olar. Amma istənilən halda faciə baş verdi. Bütün Azərbaycanı sarsıtdı və bu, hər birimiz üçün ağrılı bir məsələdir.

BBC Azərbaycanca: Aydın bəy, hadisədən sonra məlum oldu ki, xəstələr 70-ci illərdə tikilmiş taxta bir binada saxlanırmış. Ortaya suallar çıxıb: Azərbaycan milyonlarla dollar büdcəsi olan mədəniyyət, idman tədbirlərinə ev saibliyi edir, ancaq xəstəxanası ötən əsrdən qalan taxta binadır.

- Dünən məlum oldu ki, həmin xəstəxananın köçürülməsi üçün Bakının hansısa rayonunda 4 mərtəbəlik, müasir tələblərə cavab verən yeni bina tikilir. Bu yaxınlarda açıqlanmalıymış.

Digər sahələrə kimi hakimiyyət buna da diqqət yetirib, amma dünən hadisə baş verdi. Bu gün bütün diqqət hadisənin səbəblərinin araşdırılmasıdır.

Dövlət başçısının da hadisə yerinə gəlməsi, mövcud vəziyyətlə bağlı tapşırıqlar verməsi, ölənlərin dəfn mərasimi üçün yaxınlarına maddi vəsait ayrılması göstərdi ki, hakimiyyət bütün məsələləri diqqətdə saxlayır.

BBC Azərbaycanca: Aydın bəy, 25 nəfər yanğından xilas ola bilməyibsə, bu, təhlükəsizlik normalarına riayət olunması, ümumiyyətlə, orda təhlükəsizlik qaydalarının qorunması suallarını ortaya çıxarır.

İctimai obyektlərdə təhlükəsizlik normalarının qorunmasına isə Fövqəladə Hallar Nazirliyi cavabdehdir, onlar bununla bağlı akt yazırlar...

- Yox, yox, indidən onların adını belə şeylərə yazmaq düz deyil. İstintaq bütün bunların hamısını ortaya çıxaracaq. Gəlin istintaqı gözləyək, istintaqın rəyindən sonra danışaq.

BBC Azərbaycanca: Sizcə, belə hadisələrdən sonra hökumətin çevik reaksiyası necə olmalı idi? Məsələn, jurnalistlər bir çox suallarına cavab ala bilməkdə çətinliklə üzləşmişdilər.

- Dövlət öz çevik reaksiyasını göstərdi. Yanğınsöndürənlərin vaxtında gəlməsi, insanların təxliyə olması, eyni zamanda bu sahəyə aidiyyəti olan strukturların rəhbərlərin ora gəlməsi göstərdi ki, dövlət bu məsələlərdə çox ciddi hərəkət edir.

O ki qaldı jurnalistlərin operativ məlumat alması məsələsinə, görünür, bu sahədə problemlər var.

Təki, gələcəkdə belə hadisələr təkrarlanmasın, ancaq istənilən halda bu məsələlər üzərində işləmək lazımdır.

Narkoloji Mərkəzdə yanğınla bağlı cinayət işi açılıb, araşdırma aparılır

BBC Azərbaycanca: Sosial mediada Mərkəzdəki yanğından sonra yazırdılar ki, bir neçə il öncə Latviyada bir supermarketdə tavan çökməsi nəticəsində 54 adamın ölməsinə görə baş nazir istefa verib.

Siz necə, bir istefa gözləyirsizmi, ən azı hansısa aidiyyətli qurumun rəhbəri bu hadisəyə görə özündə mənəvi məsuliyyət hiss edərək istefa versin.

- İstintaqın nəticəsini gözləyək, ondan sonra onun nəticələri əsasında danışaq.

BBC Azərbaycanca: Siz ədalətli istintaqa inanırsınızmı?

- Əlbəttə. Mən ədalətli dövlətdə yaşayıram. Ədalətli istintaqın aparılacağına da inanıram.

BBC Azərbaycanca: Aydın bəy, 2015-ci ildə Bakıda çoxmərtəbəli binanın yanmasına görə məhdud səlahiyyətli şəxslər həbs olundu və bir çox ictimai fəal, müxalifət təmsilçiləri istintaqın ədalətli aparılmasını sual altında qoydu.

İndi də bu hadisə ilə bağlı da narahatlıqlar var ki, yenə bütün məsuliyyət bir "JEK" müdirinin" çiyninə qoyulacaq.

Tənqidçilər hesab edirlər ki, hadisəyə birbaşa məsuliyyət daşıyan yüksək vəzifəli şəxslər cəzalandırılmayınca, ən azı vəzifəsindən kənarlaşdırılmaynca, cəmiyyət belə faciələrdən sığortalanmayacaq.

- Bizim üçün nə vacibdir: Kimisə tutub dama basmaq, yoxsa araşdırmaq, bir daha baş verməməsi üçün tədbirlər görmək?

BBC Azərbaycanca: Amma o binanın yanmasından az qala iki il sonra belə bir hadisə baş verdi.

Bundan başqa, dalbadal onlarla neftçinin dənizdə həlak olması, itkin düşməsini müşahidə etdik. Bu zaman da təhlükəsizlik qaydaları sual altına düşmüşdü.

- Sizinlə razıyam, həyatdır, həmişə nə isə baş verə bilər. Dövlət çalışır ki, belə hadisələr baş verməsin, onun fəaliyyəti nəticəsində belə hadisələr Azərbaycanda az-az olur (BBC).

http://www.bbc.com/azeri/43270777

Oxşar xəbərlər