Gərgin debat:“Rus KQB-si mənim arxamda Heydər Əliyevi axtarırdı”-VİDEO

  • 03 mart 2018, 11:51

Pənah Hüseyn-Nemət Pənahlı debata çıxdı: İllər əvvəlin "radikal”-"liberal” qarşıdurması yenidən siyasətin gündəmində…

 

Pənah Hüseyn: "Milli Müdafiə Şurasını QRU-BKİ (Baş Kəşfiyyat İdarəsi) yaradıb”

 

Nemət Pənahlı: "Milli Müdafiə Şurasını mən yaratmışam”

Bu dəfə "Azadlıq salnaməsi”ndə debatdır. Əslində, uzun zamandır debat şəklində verilişlər etmək istəsək də, texniki imkanlar ona elə də müsaid deyildi. Amma hadisələr elə istiqamətdə cərəyan etdi ki, Azərbaycan tarixinin önəmli bir mərhələsi ilə bağlı debat etməli olduq.

Bu ilin yanvarın 6-da Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər qəfildən memuar xarakterli bir yazı yazdı və bu yazı 1990-cı ilin yanvarın 6-7-də keçirilən AXC-nin konfransına həsr olundu. Elə hər şey də bundan sonra başladı. Mətbuat o zamanın materiallarını paylaşmağa, yaşayan şahidlər gördüklərini, xatırladıqlarını yazmağa, danışmağa başladılar. Təbii ki, bizim debat məsələsi də elə bu dartışmaların nəticəsində meydana çıxdı.

Zamanın iki önəmli qrupu var – AXC daxilində "radikal” və "liberal” adlanan qruplar. Bu qrupların bu günə qədər uzanan təsirləri olub. Eyni komandalar arasında kəskin qarşıdurma günümüzə qədər gəlib. Bir tərəfdə İsa Qəmbər və onun komandası, digər tərəfdə Nemət Pənahlı-Rahim Qazıyev-Etibar Məmmədov. Zaman-zaman qruplarda ayrılmalar və fərqli istiqamətlər müşahidə olunsa da, adı çəkilmədən elə həmin qruplarda təmsil olunan adamların qovğaları başını alıb gedir. İndi də elə oldu.

Maraqlıdır ki, İsa Qəmbər seçki ili başlar-başlamaz – hələ ilin əvvəlində bu müzakirəni başlatmaqla əslində, anlaşılmazlıq kimi qəbul olunacaq bir addım atmışdı. Adətən, prezidentliyə namizəd olan kəs cəmiyyətin bütün kəsimlərinin səsinə iddia etməlidir. Hələ İsa Qəmbər çapında bir siyasətçi hər kəsi qucaqlamalı, hamının maraqlarını özündə birləşdirməyə çalışmalı, ayrım etmədən hamıya müraciət etməli ikən, qəfildən "radikal”-"liberal” qarşıdurmasını 1990-cı ildən düz 2018-ci ilə qədər daşımağa nail olmuşdu. Təbii ki, bundan da hər kəs istifadə etdi, hamı yazdı, arxivlər açıldı, sandıqların qapaqları aralandı.

Pənah Hüseynlə Nemət Pənahlının debat məsələsi də bu günlərdə meydana çıxdı. Sağ olsunlar, təklifimizi geri çevirmədilər. Bu, həm də bir ilk oldu. Nədən ki, "liberal”lar heç bir zaman "radikal”larla debata gəlmirlər. Doğrudur, illər bundan əvvəl "Xural” qəzetində Pənah Hüseynlə Rahim Qazıyevin 9 saatlıq bir debatı olmuşdu, amma o ənənə də sanki indi unudulub kimi. Mən dəfələrlə buna təşəbbüs etmişəm, amma alınmayıb. Hərə bir şeyi bəhanə edir, Etibar Məmmədov ümumiyyətlə, danışmır, Arif Hacılı Rahim Qazıyev harada varsa onların heç birinin orada olmadığını, olmayacağını bildirir və s. Amma və lakin indi alındı…

Pənah Hüseyn İsa Qəmbərin – böyük götürəndə Əbülfəz Elçibəyin komandasının ən kilid adamlarından biridir. Hamıdan çox şey bilir, arxivləri var, danışdıqları əsaslıdır. Nemət Pənahlı da zamanında mövcud olan, amma sonradan dağılan "radikal” qrupun ən önəmli simalarından biridir. Hətta birincisi də demək olar. Zamanında böyük bir hərəkatın başında olub, milyonlarla adam sözü ilə oturub-durub.

Debata da bu adamlar razılaşdılar. Nə Müsavat, nə də AXCP-nin başında olanlar bu gün o qədər maraqlı deyillər belə debatların təşkilinə. İrəli sürdükləri müxtəlif arqumentlər var. Amma bəri başdan qeyd edim ki, bu tip debatlar çox lazımlı və vacibdir. Biz tarixin şahidlərinə verəcəyimiz sualları verməli, eninə-boyuna cavablar almalıyıq. Onlar olmayanda bu tarixi yazmaq çox gec və çətin olacaq.

Nemət Pənahlı ilə Pənah Hüseynin debatı maraqlı və gərgin keçdi. Bu adamlar son 25 ildir üz-üzə oturub o tarixin məsələlərini müzakirə etməyiblər. İndi bir neçə saatlıq görüşdə bunun alınması mümkün deyildi. Mən yalnız İsa Qəmbərin müzakirə açdığı məsələdən – AXC-nin 1990-cı ilin yanvar Konfransından danışmaq təklifi etmişdim və elə də qəbul edilmişdi. Amma hərəkatın ən danışan və məlumatlı adamları debata çıxınca, bir müddət mövzuya hakim ola bilmədik. 4 saat yarımdan çox debat getdi, mən mövzuyu toparlayıb nəzərdə tutduğumuz məqamın üzərinə gələnə qədər saatlar ötdü… O qədər dağınıqlıq və pərakəndəlik oldu ki, bir ara yayını yarımçıq saxlamaq istədim. Alınmırdı. Və etiraf edim ki, çoxsaylı debat və müsahibə tariximin belə çətin və gərgin keçəni olmamışdı. Yalnız indi canlı yayımın çox fəsadlara yol açacağını və bizim hələ ona hazır olmadığımızı deyənlərlə razılaşmalı oldum öz içimdə. Bu debat canlı yayında olsaydı, mövzu beləcə canlı yayında müzakirə olunsaydı, mən güman ki, 1 saat, ya da 1 saat yarımdan sonra yayını dayandırmalı olacaqdım. Amma bütün çətinliklərinə baxmayaraq, alındı və indi yayına hazırlayarkən maraqlı bir debatın baş tutduğunu gördüm. Yəqin hələ öyrənməyə zamanımız var və ya olacaq.

İsa Qəmbərin xəstələndiyi zamana təsadüf etdi bu debat. Elə müsahibə götürən günü, debat gedərkən də həyəcanlı xəbərlər gəlirdi. Həm Nemət Pənahlı, həm də Pənah Hüseyn çox gərgin və narahat idilər. Bu, həm də İsa Qəmbər haqqında daha sərt danışmağın qarşısını aldı bir növ. Hətta bir gün əvvəl həm Nemət Pənahlı, həm də Pənah Hüseyn debatı saxlamaq təklifi vermiş, təxirə salmağa hazır olduqlarını bildirmişdilər. Çox müsbət haldır ki, siyasətçilərimiz bir-birilərinə qarşı kritik məqamlarda mədəni və hörmətli davranmaq ənənəsini hələ tərk etməyiblər. Debatdan sonra Pənah Hüseynlə mən İsa Qəmbəri xəstəxanada ziyarət də etdik, həkimi ilə danışdıq və durumun normal olduğu məlum oldu. Maraqlıdır ki, Nemət Pənahlı da İsa Qəmbəri ziyarət etmək istəyirdi. Pənah Hüseynin gözləri dolan halda İsa Qəmbərə qurban dediyi halını da o zaman gördüm. Ağır zamanları olmasın, amma çox şəfqətli idilər bir-birilərinə qarşı. Deməli, hələ hər şey itirilməyib…

Debatın əslində, bu qədər gecikməsinin də səbəblərindən biri İsa Qəmbərin səhhətindəki problemlər oldu. Çəkilişdən sonra qərarlaşdırdıq ki, İsa Qəmbər tam sağalana qədər yayına verməyək debatı. Şükür, artıq İsa Qəmbərin sapsağlam olduğu, hətta ciddi-cəhdlə prezidentlik marafonunda iştirak etmək istədiyi haqda xəbərlər gəlincə, tərəflərlə də danışdım və qərarlaşdırdıq ki, debatı yayınlayaq. Və yayınlayırıq…

Mövzular o qədər çoxdur ki… Zaman-zaman hərə öz fikrini açıqlayıb. Amma qarşı-qarşıya olanda həqiqət daha tez və operativ ortaya çıxır. O baxımdan, Pənah bəylə Nemət bəyin debatın sonunda gəldikləri qərarlar oldu ki, bəzi məsələlər haqqında müzakirələr davam etsin. Məsələn, AXC-nin yaradılması, 1993-cü ilin iyun hadisələri və başqa məsələlər var, qərarlaşdırdıq ki, debat bu mövzularda da davam etsin. Güman ki, tərəflər razılaşmalarını pozmasalar, kənar təsirlər onları dediklərindən caydırmasa, müzakirələr – debatlar davam edəcək. Təbii ki, adları çəkilən hər kəsin, istəyənlərin hamısının düşüncələrini deməyə imkanları və hüquqları var. Yəni biz debatı və tərəflərin sayını uzada və genişləndirə bilərik.

Hələliksə, Meydan hərəkatının qəhrəmanlarından biri Nemət Pənahlı və AXC-Müsavat hökumətinin dövlət katibi və baş naziri Pənah Hüseynin 30 il əvvəlki tarixin müzakirəsinə dair debatlarının II hissəsinin yayınlayırıq. Qiymət sizinkidir…

Əvəz Zeynallı

"Azadlıq salnaməsi”

I hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/235492/p%C9%99nah-huseynl%C9%99-nem%C9%99t-p%C9%99nahli-debata-cixdi-video.html (Pənah Hüseynlə Nemət Pənahlı debata çıxdı –VİDEO 

II hissə

Nemət Pənahlı-Pənah Hüseyn debatının II hissəsinin çarpıcı məqamlarının xülasəsi:

Nemət Pənahlı:

Azərbaycan Xalq Cəbhəsi milli olmadı. Mən, Siyamək, Məhəmməd Hatəmi həbs olunduq. Nəyə görə – SSRİ-yə qarşı çıxdığımıza görə. Azərbaycanın müstəqilliyini səsləndirdiyimizə görə.

İsa Qəmbər kim idi ki, həbs olunsun. İmperiya müstəqillik uğrunda mübarizə aparan adamı həbs edir, bilmir ki, kimi həbs etmək lazımdır?

Pənah Hüseyn:

Mənim həyatımda ən məyus olduğum anlar olub. Onlardan biri də Nemət Pənahlının ifadələrini oxuyandan sonra olub. Nemət həqiqətən insanları hyəcanlandırıcı çıxışlar edib. Hətta mənə də həyəcan verib.

Nemət Pənahlı son illərdəki fəaliyyəti ilə bizi məcbur edir ki, bəzi məsələlərə yekun vuraq. Nemət Pənahlı həbs olunandan sonra bir çox çıxışlarından imtina edib. O, istintaqa deyib: "Hərəkatı mən milli azadlıq hərəkatı adlandırırdım, çünki xalq artıq respublikada olan çatışmazlıqlar, sosial ədalətsizliklər haqqında açıq-aşkar danışır və öz qanuni hüquqlarının bərpa olunmasını tələb edirdi.” Yəni milli azadlıq hərəkatını SSRİ-nin tərkibindən ayrılmaq, Azərbaycanın tam müstəqil dövlət olması yox, bu mənada başa düşürmüş.

Neməti hər zaman müdafiə etmişəm ki, o, Meydan hərəkatının qəhrəmanıdır, orada insanların cəsarət edib səsləndirmədiyi fikirlər səsləndirib, bu çıxış və fikirləri ilə bütün ölkəyə təsir göstərib. Onun haqqındakı şayiə və dedi-qoduları böhtan və iftira hesab etmişəm.

Nemət Pənahlı:

Hamısına aydınlıq gətirəcəm, sən oxu…

Pənah Hüseyn:

Hələ 1988-ci ilin fevral ayının 26-dan söhbət gedir. Nemət Pənahlı deyir: "Mən Nərimanov rayon partiya komitəsinin katibi Rafael Allahverdiyevlə partkom otağında, onun təklifi ilə təkbətək danışıq apardım və qərara gəldik ki, həftədə bir dəfə görüşüb bu cür ürəkdən söhbət edək. Mən ona "Çənlibel” təşkilatından heç kəsi zavoda dəvət etməmək və onun zavoddakı iclaslarına mane olmaq barədə söz verdim.” – Rafael Allahverdiyev kimdir, kimlərlə əlaqə saxlayıb, o haqda hələ demirəm. Partiya komitəsinin katibi ilə Nemət Pənahlının nə işi ola bilərdi?! Hələ bu nədir ki?

Nemət davam edir: "1988-ci ilin iyul-oktyabr aylarında mən və hərəkatın digər liderlərinin respublika rəhbərliyi ilə görüşləri olmuşdur. Respublika rəhbərləri bizdən xahiş edirdilər ki, biz hazırkı vaxtda kütləvi mitinqlərin keçirilməsinin məqsədəuyğun olmadığını xalqa başa salaq. Respublika rəhbərliyi isə həlli vacib olan problemləri müzakirə etmək üçün müəssisə və təşkilatlardakı iclaslar üçün biz liderlərə hər cür imkanlar yaradacaqlarına söz vermişdilər. Bununla da biz xalqı qanunsuz mitinqlərdən çəkindirməli idik.” Sonra davam edir…

Nemət Pənahlı:

Oxu… Oxu… Oxu…

 

Pənah Hüseyn:

"30 sentyabr 1988-ci ildə, axşam Azərbaycan KP MK-nın katibi Telman Orucovla görüşdüm. Ona icazəsiz mitinqlərin qarşısını almağa 99 faiz söz verdim. Ancaq həm də izah etdim ki, tam zəmanət verə bilmərəm. Ona görə də mitinq başlanarsa, onu mütəşəkkil aparmağa kömək etməsini və mitinq iştirakçılarına güc tətbiq etməməyi xahiş etdim. Oktyabrın 11-də mən Azərbaycan KP MK-ya zəng vurub yoldaş Vəzirovla əlaqə saxladım və onun məni qəbul etməsini xahiş etdim. O, hazırda məşğul olduğunu və məni 2 gün sonra qəbul edəcəyini söylədi. Biz sonra Əyyam Musayevlə Vəzirovun qəbulunda olduq və Vəzirova Heydər Əliyevin adamı olmadığımı söylədim. Vəzirov mənə dedi ki, mən bütün bunları unutdum və bu cür sözlərə fikir vermirəm.”

Sözün doğrusu, mən bunları oxuyanda şok oldum. Allaha and olsun, balalarımızın canı, o cür məsələlər bizim ağlımıza da gəlməzdi. Yəni sən gedəsən o cür vəzifəli şəxslərlə belə söhbətlər aparasan, müqavilə bağlaya, öhdəliklər götürəsən. İndi gəlirəm Meydan hərəkatına. Təsəvvür edin ki, Nemət hamıya Leninçi milli siyasəti həyata keçirənlər damğası vurub. Nemət deyir: "Noyabrın 28-dəki çıxışımda mən bir sıra səhv bəyanatlara, çıxışlara, fikirlərə yol verdim. Bu, hər şeydən əvvəl mənim gərgin şəraitdə güclü şəkildə həyəcanlanmağımdan, bəzən öz hisslərimi idarə edə bilməməyimdən irəli gəlib. Həmçinin mən baş verən hadisəni düzgün qiymətləndirə bilməmişəm. Və qəlbən inanırdım ki, hakimiyyət orqanları sosial bərabərliyi müdafiə edən, milli mənafeyi qoruyan adamları aradan götürmək məqsədi daşıyır. Odur ki mən bütün bunları sosializm bayrağı altında aparılan imperialist, faşist siyasəti adlandırmışam və bunu ifşa etmək lazım gəldiyini bildirmişəm. Hələ vaxtıkən Lenin çar Rusiyasının şovinist siyasətini tənqid etmişdi. Mən xalqı əsl mənada Leninçi milli prinsipləri bərpa etməyə çağırırdım.”

Sonradan bütün ziyalıların çıxışlarını "Meydan” qəzetində çap edib, onları imperiya müstəntiqindən qorxmaqda ittiham edən Nemət Pənahlı sən demə, özü də o cür çıxışlar edibmiş…

Nemət Pənahlı:

Meydan hərəkatından sonra açılan cinayət işi 36 cild olub və onun 3-cü cildi tamamən mənim izahatlarımdır. Bu cinayət işində 17 noyabrdan 28 noyabra qədər bütün danışıqlar həm video, həm də audio şəklində əksini tapıb. Tək mənim yox, istisnasız hamının çıxışı yazılıb KQB tərəfindən. Cinayət işində 2900 nəfərin "donos” və "dopros” şəklində ifadəsi var. O cümlədən İsa Qəmbərin həm özünün meydanda çıxışı var, həm atasının, həm özünün istintaqa ifadəsi var, həm atasının… 

Pənah Hüseyn:

Nə var ki?..

Nemət Pənahlı:

Deyəcəm də, nə var, deyəcəm…

Pənah Hüseyn:

De, hələ başqa şeylər də var…

Nemət Pənahlı:

A kişi, nə var çıxar ey, belə əlində olan nə varsa çıxarmasan, namərdsən!

Pənah Hüseyn:

Allahım, elə dediyini deyir.

Nemət Pənahlı:

Pənah Hüseynin dediklərini və oxuduqlarını tamamilə təsdiq edirəm. "Əbədiyyət yolçusu” kitabımda mən onların hamısını yazmışam. Mənim istintaqda tərcüməçim olan İsmayıl Bağırov indi Mədət Quliyevin müavinidir.

Pənah Hüseyn:

İfadə alanda maqnitofona yazmırdılar?

Nemət Pənahlı:

Hamısını yazırdılar. Hər şey yazılırdı. Mümkün deyildi ki, yazılmaya. Həm yazılırdı, həm çəkilirdi.

Rus KQB-si mənim arxamda Heydər Əliyevi axtarırdı. Məni, Siyaməki, Məhəmməd Hatəmini və Meydanda pul yığanı tutmuşdular.

Pənah Hüseyn:

Yeri gəlmişkən, Siyamək haqqında İsa bəyə yazdığın məktub yadındadır?

Nemət Pənahlı:

- Fikrimi dağıtma, qoy fikrimə davam edim. …Sonrakı dövrdə Ənvər Əliyev mənim izahatlarım əsasında həbs edilib. Görürsən, mən bunu da deyirəm. Mənə ittiham irəli sürəndə dedim ki, Sovet imperiyası mənim Vətənimin, millətimin, dinimin, Allahımın düşmənidir. Dedim, mən nifrət edirəm sizə, mən öz sözümü demişəm. İstəyirsiniz məni asın, istəyirsiniz öldürün, rədd olun. Bir həftə keçdi. Mən bu qənaətə gəldim ki, bunlar mənim arxamda Heydər Əliyev axtarır, mafiya axtarır. Və mən çox qəşəng bir taktiki gediş işlətdim. O səviyyəyə gətirdim ki, Sayuşkin qayıtdı ki, səndə Sovet imperiyasına bu qədər nifrət haradandır?

Sayuşkinlə razılaşdıq ki, mənim dediklərim olduğu kimi köçürüləcək. Əgər mənim dediklərim olduğu kimi yazılmasa, mən imza atmayacağam.

Xüsusi protokol tərtib olundu ki, mən izahatın Azərbaycan dili variantına qol çəkdiyim təqdirdə rus dilindəki variant keçərli olacaq, sənəd sayılacaq. Əgər Azərbaycan dilində imza atmasam, rus dilindəki ifadələrə atdığım imza keçərli sayılmayacaq.

Mən Azərbaycanda hamı ilə – Vəzirovu ilə, Həsənovu ilə, Telman Orucovu ilə görüşmüşəm…

Pənah Hüseyn:

Sən onlarla niyə görüşürdün e… Nə söhbət edə bilərdiniz?

Nemət Pənahlı:

Darıxma, Pənah bəy, danışacam. Onların hamısını mən özüm danışacaqdım…

Mən Sayuşkin haqqında kitabımda çox yazmışam. Onun haqqında yazılarımı oxuyanlar deyirlər ki, sən onu çox fetişləşdiribsən.

Pənah Hüseyn:

Nemət, özün deyirsən, məcbur edirsən, danışım. O Sayuşkin mütəxəssis olub. Psixoloji təzyiq edib, bunu kodlaşdırıb əməlli-başlı. Onlar elə-belə adamlar olmayıblar axı. Xüsusi psixoloqlar var, birdəfəlik zombiləşdirirlər adamı, vəssalam.

Nemət Pənahlı:

Mən həyatımda o səviyyədə insan görməmişəm. Ədəbiyyatdan danışdım ədəbiyyatdan danışdı, tarixdən danışdım tarixdən danışdı, fəlsəfədən danışdım fəlsəfədən danışdı. Sonunda biz sufizmdən danışdıq. Təsəvvür elə ki, bu adam Nəsimini, Fizulini oxuyub gəlirdi. Mən ondan çox razı olmuşam.

7-8 ay hər gün səhərdən gecə saat 22.00-23.00-a kimi danışmışıq.

Sayuşkin mənə dedi ki, mən bir aylıq dindirmədən sonra Moskvaya rəsmi məruzə elədim ki, adam özüdür, biz səhv eləmişik. Mənim arxamda mafiya axtarırdılar…

Mən ya 15 il həbs etməli, ya da güllələməli idilər.

Pənah Hüseyn:

Sayuşkin çox təhlükəli adam olub, çox təhlükəli…

Nemət Pənahlı:

Sayuşkinə araşdırdıqca ləzzət edirdi ki, mənim arxamda heç kim yoxdur. Mən həyatımı ona danışdıqca SSRİ-nin korrupsiya və rüşvət sistemini ifşa edirdim. Danışdıqca Sayuşkin mat qaldı. O, hiss edəndən sonra ki, mənim arxamda mafiya yoxdur, dedi ki, mən Panaxovla Panaxov uğrunda mübarizə aparacam. Dedi, səni müdafiə edəcəyəm və məni müdafiə etməyə başladı.

Mən Meydanda Xalq Cəbhəsinin yaradılmasının əleyhinə çıxış eləmişəm.

 

Pənah Hüseyn:

Sən Xalq Cəbhəsinin əleyhinə çıxış eləməmisən, sən Zərdüştgilin yaratdıqları Xalq Cəbhəsinin əleyhinə çıxış eləmisən. 

Nemət Pənahlı:

Sayuşkin bundan sonra mənə dedi ki, yaxşı, mən mafiyanın adamı deyiləmsə, o zaman Meydanda Xalq Cəbhəsinin yaradılmasının əleyhinə niyə çıxış eləmişəm?

Ona dedim ki, yaxşı, siz Xalq Cəbhəsinin lideri kimi görürsünüz? Dedi ki, real namizəd sənsən, amma cavansan.

Mənə 3 adamın namizədliyini deyib – Ziya Bünyadovun, Yusif Səmədoğlunun və Əbülfəz Əliyevin.

Sayuşkin mənim yazdıqlarımı mənim lehimə təhrif edib. Yəni məni qorumaq üçün mənim lehimə yazıb ki, mən belə demək istəməmişəm. Ona görə də mən istintaqdakı ifadələrimə imza atmamışam.

Pənah Hüseyn:

Mən yenə xatırladıram ki, o danışıqların audio və video yazıları var, burada deməklə deyil.

Nemət Pənahlı:

Pənah bəy, mənim üçün bu gün dünyada o kasetlərdən böyük xəzinə yoxdur. Səndə varsa, ver yayaq.

Pənah Hüseyn:

Burada nə təhrif ola bilər? Sizin Rafael Allahverdiyevlə görüşünüzü Sayuşkin haradan bilə bilərdi?

Nemət Pənahlı:

Mən demişəm.

Pənah Hüseyn:

İndi onu deyirəm, de görək, niyə görüşürdün?

Nemət Pənahlı:

Deyirəm da. Mən 1988-ci ildən başlamamışam ki. Mən 1985-ci ildə zavodda tətil keçirmişəm. Rafael Allahverdiyev də o zamandan raykom idi.

Pənah Hüseyn:

Telman Orucova demisən ki, mən sənə söz verirəm, 99 faiz mitinq olmayacaq?

Nemət Pənahlı:

Yox!

Vəzirov vəzifəyə təyin olunan günün səhəri günü gəlib bizim zavoda. İndi siz Vəzirovdan soruşun ki, bu boyda ölkənin birinci katibi təyin olunandan sonra niyə bizim zavoda və məhz bizim sexə gəlib? Bizim sex inqilab mərkəzi idi. Sexdə Vəzirovu dirəmişdik divara. Orada Vəzirov Rafael Allahverdiyevə tapşırdı ki, Nemət Pənahovu, Qıvamini və mənim otaq yoldaşım Kamalı – adamlar ölməyiblər, sağdırlar – götürüb sabah gəlirsən mənim yanıma, Mərkəzi Komitəyə.

Mənim Vəzirovla görüşüm 1 dəfə olmayıb ki, 50 dəfə olub. Məni çağırırdılar da, bunları tanıyan kim idi ki?

Vəzirovla görüşdük və o adamları yola salandan sonra Vəzirovla kabinetində 2 saat təkbətək söhbət eləmişik.

Pənah Hüseyn:

Birinci katib olduğunun 2-ci günü?

Nemət Pənahlı:

2-ci günü, bəli.

Pənah Hüseyn:

Sən o vaxt kim idin, ay Nemət?!

Nemət Pənahlı:

Necə yəni, bütün zavod tanıyırdı, bütün "Çənlibel” tanıyırdı, onda məni tanımayan yox idi. Ondan sonra da Vəzirovla görüşlərimi birbəbir, günbəgün yazmışam.

Pənah Hüseyn:

Mən də onu deyirəm də, sən anti-kommunist, anti-sovet, imperiya ilə döyüşən adam elə tıqq eləyən kimi Mərkəzi Komitədən səsin gəlirdi. Elə sonra Milli Müdafiə Şurasında da elə elədin də…

Milli Müdafiə Şurasını QRU-BKİ (Baş Kəşfiyyat İdarəsi) yaradıb. Bu, o demək deyil ki, bunu çağırıb deyiblər ki, Milli Müdafiə Şurasını yarat. Nemət Pənahlının heç özünün xəbəri olmadan düşüb oyunun içinə.

Nemət Pənahlı:

Milli Müdafiə Şurasını mən yaratmışam.

Pənah Hüseyn:

Deyirsiniz ki, Milli Müdafiə Şurasını siz yaratmısınız. Bax, bu fikir necə meydana gəldi sizdə? Bunu kimlə danışdınız? Kimdən razılıq aldınız? Axı Milli Müdafiə Şurası çox nəhəng bir proje idi? Bu, dərnək deyildi ki, gedib "Çənlibel” dərnəyi yaratdıq, ya da nəsə başqa bir şey? Bu, çox maraqlıdır və açığı, indiyə qədər də müəmmalı qalıb.

Bu haqda AXC-nin qərarı olub. Əvvəla, bu qərar Milli Müdafiə Şurası haqqında olmayıb, Hərbi Müdafiə Şurası haqqında olub.

Nemət Pənahlı:

Bəs deyirdin Milli Müdafiə Şurasını QRU yaradıb? QRU-nun qurduğu təşkilat haqqında siz necə qərar verirdiniz?

Pənah Hüseyn:

İndi deyəcəyəm, izah edəcəm, sonra da sizdən xahiş edəcəm ki, cavab verəsiniz…

II hissənin sonu

Strateq.az

Oxşar xəbərlər