"Dünyada mütləq ekoloji xoşbəxt bir ölkə olduğuna inanmıram" - "Ziyalı danışır” - MÜSAHİBƏ

  • 04 noy 2017, 13:04

"Demokratik.Az” saytı elm və təhsildən, ictimai-siyasi proseslərdən geniş bəhs edəcək "Ziyalı danışır” rublikasına "start” verib. Azərbaycanın aydın insanlarının fikirlərinə yer ayırmaq, dəyərli elm xadimlərimizi cəmiyyətə daha yaxından tanıtmaq, ziyalıların danışa biləcəyi səmimi bir tribunaya çevrilmək qarşıya qoyduğumuz əsas məqsədimizdir.

Layihə çərçicəsində dünyada və ölkəmizdə baş verən hadisələrə alim mütəxəssislərimizin rəyini almağa çalışacağıq. "Kainatı və insanlığı hər hansı təhlükədən necə xilas edə bilərik?” "Azərbaycanda sağlam cəmiyyət quruculuğu yolunda nə etməli?” və bu kimi vacib suallara hamılıqla cavab axtaracağıq.

Beləliklə, ilk müsahibimiz ekoloq alim, ADAU-nun  "Ekologiya və Meşəçilik” kafedrasının dosenti,  professor İbrahimov Ziyatay Əli oğludur.

QISA TANITMA:

 

 

Müsahibimiz İbrahimov Ziyatay Əli oğlu 23 avqust 1952-ci idə Tovuz rayonunun Məşədilər kəndində ziyalı ailəsində doğulub. Orta məktəbi rayonun İbrahimhacılı kəndində bitirib. Məktəb illərində sakit təbiəti, qeyri-adi düşüncə tərzi ilə diqqət çəkib. Alim olmaq uşaqlıq arzusu olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-red) Biologiya fakültəsində bakalavr təhsili üzrə bioloq, biologiya və kimya müəllimi ixtisasına yiyələnib. Həmin ildən1982-ci ilə qədər istehsalatda müxtəlif vəzifələrdə çalışıb. 1983-cü ildən Gəncəyə gəlib və Kənd Təsərrüfat İnstitutunda (indiki ADAU-da-red) assistent, baş müəllim və sair vəzifələrdə işləyib. 1986-90-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutunun dissertantı olub. 1990-cı ildə biologiya elmləri namizədliyi elmi dərəcəsi və alim adı alıb. 2008-ci ildə ona "Torpaqşünaslıq və Ekoloji kənd təsərrüfatı” kafedrası üzrə dossent attestatı verilib. ADAU-nun Elmi Şurasının 12 sentyabr 2014-cü il tarixli iclasının qərarı ilə "Ekologiya mühəndisliyi və meşəçilik” kafedrası üzrə professor adına layiq görülüb. Hazırda həmin kafedrada dossent vəzifəsində fəaliyyətini uğurla davam etdirir.

- "Salam Ziyatay müəllim! Deyərlər ki, alim təkcə bir millətin, bir ölkənin aydını, ziyalısı deyil. Alim ümumbəşəri birisidir. Siz bir ekoloq alim kimi, dünyada mövcud olan ekoloji durumu necə dəyərləndirərdiniz?”

Ziyatay İbrahimov: - "Tamamilə doğru dediniz ki, alim ümumbəşəri biridir. Mən də belə düşünmüşəm həmişə...Bu suala bir qədər geniş cavab verməyə məcburam. Sivilizasiya tarixinin bütün gedişatı göstərir ki, ətraf təbii mühiti – Yer kürəsini qorumaq və mühafizə etmək zərurəti fikrini dərk etməmişdən hələ xeyli əvvəl insan onu məhf etməyə başlayıb. Planetdəki müasir ekoloji vəziyyət yer səthində nisbi bərabər sürətdə bölünmüş və müxtəlif qüvvələri, antropogen axınların yayılma sahəsini şərtləndirən texnogen mənbələrin nəhəng miqdarının cəmlənməsi ilə səciyyələndirilir. İstehsalatın ətraf təbii mühitə mənfi təsiri təkcə onun səmərəsiz quruluşu ilə yox, həm də texnoloji proseslərin qeyri-təkmilliyi ilə əlaqəlidir. Bir fakt da bunu sübut edir ki, insanların istehsal məqsədilə təbii mühitdən götürdükləri küllü miqdarda maddənin ancaq 1,5-2%-i son məhsula çevrilir, 98%-ə qədəri isə bu və digər şəkildə tullantıya çevrilir. Planetimiz hazırda ciddi ekoloji böhranlı duruma düşmüşdür. İnsanın fəaliyyəti hər hansı ictimai formasiyanın maddi və mənəvi bazasının əsas elementləri olan maddələrə, enerjiyə və informasiyaya sahib olmağa yönəlmişdir. Texnoloji və texniki sistemlərin səviyyəsi, sosial iqtisadi münasibətlərin xarakteri bu proseslərin miqyasını və biosferə ilkin təsirini əvvəlcədən müəyyən edir. Təbii sistemlər belə təsirlərin güclənməsi nəticəsində pozulmuş vəziyyətdədir. Dünyamız ekoloji böhran vəziyyətindədir. Hazırki biotexnomühitin funksional xüsusiyyətlərini müəyyən edən elmi-texniki tərəqqinin nailiyyətləri ilə ekoloji göstəricilərin dinamikası arasındakı ziddiyyət göz qabağındadır”...

SUAL: - "Bağışlayın, demək istəyirsiniz ki, dünyada ekoloji böhran var və buna da elmi-texniki tərəqqi səbəb olur?” 

 

 

Ziyatay İbrahimov: - "Bəli! Amma bu proses indinin prosesi deyil. Bu əsrlərdir davam edən və getdikcə güclənməkdə olan bir gedişdir. Elmi-texniki tərəqqinin inkişafı ilə paralel olan prosesdir. Məsələn, 16-19-cu əsrlər istehsal qüvvələrinin tədricən toplanması, mülkiyyətçiliyin inkişafı, dünyanın bölünməsinə gətirib çıxaran daimi işğalçılıq müharibələri ilə səciyyələndirilən kapitalizmin təşəkkülü və inkişafı dövrüdür. Bu dövrdə xammal ehtiyatları mənimsənilib, təbiətin yeraltı-yerüstü sərvətləri təcavüzə məruz qalıb. Nəticədə kimyəvi elementlər yenidən bölünməyə, biosferin geokimyəvi balansı pozulmağa başlayıb. Çox sadə məntiqlə deyəcəm. Yerin tərkindəki faydalı qazıntıların bu sürətlə və küllü miqdarda yerin səthinə çıxarılması dünyanın müxtəlif çay sistemləri ilə qitədən okeana tökülən bərk materialın illik həcmini ötən miqdarda dağ kütləsinin emalını tələb etdi. İstehsalın cəmləşməsi, dünyanın hər yerinə səpələnmiş iri sənaye birliklərinin təşkili onların ətraf mühitə təsir dairəsinin genişləndirilməsinə səbəb olub ki, bu da əvvəllər kiçicik, sonradan isə qlobal xarakter kəsb edir. Getdikcə elə bir şərait yaranır ki, ilk növbədə səth sularının və hava hövzəsinin çirklənməsi nəticəsində təbiətin sürətlə dəyişməsi istehsalın sonrakı inkişafına əngəl olur. Təkcə təzələnməyən ehtiyyatlar yox, həm də təzələnən təbii ehtiyatların tükənməsinə gerçək təhlükələr var...

SUAL: - "Ziyatay müəllim! Səhv etmirəmsə, meşələrin kütləvi qırılması, istifadəsi təzələnə bilən təbii ehtiyatdır. Elə deyilmi? Yəni zamanla meşələr bərpa oluna bilər. Maraqlıdır, insan övladı indi dağı da çapır, talayır.

Ziyatay İbrahimov: – "Bəli, maraqlı məqama gəlib çıxdıq. Bəlkə siz dağın da çapılıb talanmasını zarafatla dediniz?”...

"Bəli”.

Ziyatay İbrahimov (Gülür): -  "Amma bu zarafat deyil. Dağ-mədən istehsalının və onunla bağlı olan landşaftların texnogen dəyişkənliyinin də fəallığı yüksək sürətlə artıb. Qeyd edim ki, bəşəriyyətin inkişafının bütün dövrü ərzində - 20-ci əsrin əvvəlinə qədər emal edilmiş dağ kütləsinin ümumi həcmi 50 milyard tona çatırdısa, indi bu rəqəm təkcə ildə 100 milyard tonu ötür. Təsəvvür edirsinizmi? Elmi araşdırmalara inansaq, dünya dövlətləri hər il yerdə baş verən geoloji proseslərdən üç dəfə artıq dağ kütləsi emal edirlər”...

SUAL: - "Bəs nə etməli... İnsan ekologiyadan da, dağdan  istifadə etməsin, axı bəzən məcburdur?”

Ziyatay İbrahimov: - "Təbii ki, istifadə etməlidir. Amma ekoloji qanunauyğunluğa tabe olmaqla. Yoxsa, insanın iqtisadi-sosial və mədəni fəaliyyətinin bütün sahələrində əməli olaraq "insan müstəsnalığı” haqqında təsəvvürləri qanunauyğunluqlardan azad olmağa doğru istiqamətlənib. Dağı da allah insana görə xəlq edib. Amma, dağıdaq deyə yox. Dağ yerin dərin tərkindən səthinə çıxan mismardı, təbii bəndbərkitmədi. Təəssüf ki, dünyada ekosistemlərə neqativ təsirinə görə, dağ-mədən sənayesi birincidir. Bir çox təhqiqatçılar ətraf təbii mühitə qarşı münasibətdə insanların zorakı davranışını planetimizdəki ekoloji böhranın əsas səbəbi kimi izah edir. İnsan sanki özünü təbiətdən ayrı, sərbəst və güclü kimi aparır. Alim A.Qor 1993-cü ildə qeyd edirdi ki, "problem bizim ətraf mühitə təsirimizdən daha çox, onunla qarşılıqlı münasibətlərimizdədir. Yenidən dərketmədə və son nəticədə sivilizasiya və yer arasındakı qarşılıqlı münasibətlərin”sağalmasında” mütləq düzgün qərar tapılacaq”. Alimin dediyi kimi, əsas dəyişkənliklər bu qarşılıqlı münasibətlərə dair yeni təfəkkürün işlənib hazırlanması ilə bağlı olacaq. Yəqin ki, dediklərimi anladınız. İnsanın təbiətlə eqaist rəftarı iqlim dəyişkənliyinə, genofondun tərkib və quruluşunun pisləşməsinə, qlobal dəyişikliklərə gətirib çıxarır. Bunlar isə, insanın özü üçün faciədir. Belə davam etsə, günün birində bəşər övladı biosferdəki yerindən məhrum ola bilər”.

SUAL: - Bəs sizcə çıxış yolu varmı?”

Ziyatay İbrahimov: - "Dahi rus akademiki V. İ. Vernadskinin hesab etdiyi kimi, bu vəziyyətdən yeganə çıxış yolu NOOSFERin yaradılmasıdır. NOOSFER biosferin tarixində yeni mərhələdir. Bu mərhələdə insan və biosferin inkişafını vəhdətdə, humanizmdə görür. Tərəflərdən nə qalib, nə də aciz olanı olmayacaq. Akademik Vernadskinin fikrincə, NOOSFERdə humanizm ağalıq etməlidir. Bu isə öncə ictimai münasibətlərin humanistləşdirilməsini, təbiətə ağıllı münasibəti, təbii ehtiyyatlara qoruyucu münasibəti tələb edir. Təbiətə istehlakçı sayağı yanaşmaq olmaz, bu düşünə bilən insanın maraqları ilə uzlaşa bilməz”.

SUAL: - "Elədirsə, necə düşünürsünüz? Ekoloji cəhətdən xoşbəxt ölkələr varmı?”

Ziyatay İbrahimov: – "Dünyada ekologiyanın sərhəddi yoxdur. Mövcud ekoloji durum böhranlı olduğu halda, dünyada mütləq ekoloji xoşbəxt ölkələrin olduğuna mən inanmıram”.

SUAL: - "Azərbaycanımızın neft və qazla, yeraltı-yerüstü sərvətlərlə zənginliyi bizim ekoloji xoşbəxtliyimiz deyil?”

Ziyatay İbrahimov: - "Azərbaycanda ciddi ekoloji problemlərdən biri də qara qızılımızla bağlıdır. Neft təbii ki, bizim ölkənin iqtisadi gücünü artıra bilən sərvətdir. Amma dünyada neft çıxarılan bölgələrdə torpaqların neft və neft məhsulları ilə çirklənməsi bir faktdır. Bakıda və Abşeron yarımadasında indiyə qədər neftin çıxarılması zamanı atılmış tullantılarla torpaqların çirklənməsi nəticəsində 35 ha sahədə turş qudron gölləri (el arasında "qır gölləri adlanır-red) yaranmış, yeraltı suların və ətraf mühitin çirklənməsi qaçılmaz olmuşdur. Amma qeyd etmək lazımdır ki, həmin turş qudron göllərindən asfalt örtükləri alınmasında mənbə kimi istifadə etmək olar və nəticədə ekoloji vəziyyət yaxşılaşdırılar. Məndə olan məlumata görə Bakıda və Abşeronda 200-dən çox neftli gölməçələr yaranıb. Bir sıra yerli zonalarda havada azot və karbon oksidlərinin, karbohidrogenlərinqıtlığı yol verilən həddi aşıb. 10 min hektardan çox sahə müxtəlif dərəcədə  neftlə, bəzi hallarda isə radionuklidlərlə çirklənib. Çirklənmənin səbəbləri magistral neft kəmərlərindəki qəzalar, neftçıxarma texnologiyasının qeyri-təkmilliyi ilə daha çox əlaqədardır. Son illər Respublikamızda transmilli şirkətlərin iştirakı ilə nəhəng layihələr həyata keçirilir. Bakı-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri, Bakı-Tibilisi-Ərzurum qaz kəməri, eləcə də Böyük İpək Yolu – TRSEKA kimi layihələri misal gətirmək olar. Bu layihələrin həyata keçirilməsi ilə bərabər ətraf mühit problemləri düzgün idarə olunmalıdır, bu işlərə daim ciddi yanaşılmalıdır. Yoxsa, ekoloji vəziyyətin gərginləşməsi beynəlxalq layihələrdə də gözləniləndir. Odur ki, təbii sərvətlərlə zənginliyimiz maddi rifahımıza müsbət təsir etsə də, bizlərə ekoloji xoşbəxtlik bəxş edir deyə bilmərik”.

SUAL: - "Yadınızdadırsa, 2015-ci il kənd təsərrüfatı ili elan edilmişdi. Dövlətimizin bu sahəyə xüsusi diqqəti var. İllərlə istifadəsiz torpaq sahələrimiz var, quraqlıq yerlərdə  şoranlaşma, səhralaşma müşahidə olunur. Bu barədə fikirləriniz də maraqlı olardı”.

Ziyatay İbrahimov: – "Ölkəmizdəki təbii iqlim dəyişkənliyi və antropogen amillərin təsiri altında torpaqlarımızın 40%-də baş verən səhralaşma ölkə əhalisinin iqtisadi vəziyyətinə mənfi təsir edir, ərzaq qıtlığına səbəb olur. Səhralaşmaya məruz qalan ərazilərimiz hamısı ekoloji fəlakət zonalarına daxildir. Təəssüf ki, vəziyyət pisləşməkdə davam edir. Düşünülməmiş təsərrüfat fəaliyyəti nəticəsində bu ərazilərdə təbii mühitin və ilk növbədə onun torpaq örtüyünün dönməz tənəzzül dəyişkənliyi baş vermişdir.”...

SUAL: - "Şoran torpaqları yenidən münbitləşdirmək olmaz?”

Ziyatay İbrahimov: – "Bunun üçün daim məqsədyönlü işlər aparılmalıdır. Bu yöndə ölkəmizdə Əhmədzadənin başçılığı ilə müvafiq işlər də görülür. Meliorasiya və Su Təsərrüfatı bu işləri görsün deyə, dövlətdən küllü miqdarda vəsait də alır. Suvarma Azərbaycanda qədim zamanlara gedib çıxır. Çar rusiyası dövründə 1914-cü ildə ilk elmi stansiya – Cəfərxan şoranlaşma stansiyası (sonralar Muğan meliorativ təcrübə stansiyası adlanıb-red) yaradılmışdır. Rus alimlərinin rəhbərliyi ilə orada şoran torpaqların meliorasiyasına dair çoxsaylı geniş təhqiqat işləri də aparılmışdır. 1928-31-ci illərdə təcrübə məqsədilə Muğan Meliorativ Təcrübə Stansiyasının ərazisində 328 min ha sahədə 10 min km uzunluğunda örtülü drenaj tikilib istifadəyə verilmişdir. Həmin örtülü drenaj şəbəkəsi indi də qüsursuz işləyir. XX əsrin qazanılmış elmi nailiyyətlərindən istifadə olunmaqla kompleks meliorasiya işləri aparılması sayəsində ölkəmizdə suvarılan torpaqların sahəsi 1, 45 milyonhektara çatdırılmışdır. Lakin kollektor-drenaj şəbəkəsinin inşaası və istismarında baş vermiş qüsurlar açıq drenlərin layihə dərinliyində qazılmaması, suyığıcılarla birləşdikləri yerlərdə düşmənin təmin olunmaması yaxud da suyığıcı dibinin dreninin dibindən yüksəkdə olması düzgün deyil. Həm də məcra yamaclarında layihə meyilliliyinə əməl olunmaması, bermaların saxlanılmaması, istismar dövründə məcralarda bitən qamış, cil və sair bitkilərin vaxtlı-vaxtında təmizlənməməsi, uçquntular, məcra yamaclarında mal-qara otarılması kimi hallar meliorativ proseslərin normal istismarına, prosesləringedişinə neqativ təsir göstərərək ərazilərin şoranlaşmasına, bataqlıqların əmələ gəlməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Bütün bunların tam aradan qaldırılması mümkün olmasa da, bu sahəyə peşəkar kadrların cəlb olunması və bu yöndə dövlət siyasətinə daha sadiq şəkildə əməli addımların atılması çox vacibdir.”   

SUAL: - "Ehtimallar səslənir ki, Gədəbəydəki qızıl mədənlərinin fəaliyyəti  rayonun özünəməxsus ekoloji səciyyəsini dəyişib. Sakinlər bildirir ki, əvvəlki illərlə müqayisədə havanın temperaturunda xeyli istiləşmə var. Səslənən belə fikirlərdə məntiq nədir?”

Ziyatay İbrahimov: – "Gədəbəydə hələ qədim dövrlərdən mis və nəcib metalların çıxarılmasına başlanıb. Bu rayon təbii sərvətlərlə çox zəngindir. Xatırlatmaq yerinə düşər ki, 1864-1917-ci illərdə Almaniyanın "Siemens” şirkəti Gədəbəydə mis filizinin hasilatı ilə məşğul olub. Təkcə rəsmi bilgilərə görə, həmin illərdə 2 milyon ton filiz çıxarılıb. Gədəbəy mis kolçedanlı filz yataqlarının istismarı nəticəsində Simens qardaşları 58 min ton mislə bərabər 3ton qızıl və 12 ton gümüş istehsal etmişlər. Hər zaman qiymətli metalların yataqlardan çıxarılması ətraf mühitə böyük həcmdə neqativ təsir olmaqla həyata keçirilir. Buna səbəb, dünyada bu sahədə istehsalda yüksək ekoloji tələbə cavab verə bilən texnologiyanın yaradılmamasıdır. Gədəbəy indiki halda qızıl filizi çıxarılan dağ tərəfindən atmosfer təzyiqlərindən qorunur.Əgər filiz çıxarılan dağ tamam yuyulub ərisə, Gədəbəy bölgəsi ciddi atmosfer təzyiqlərinə məruz qalacaq. Fikrimcə, iqlim dəyişikliyi həmişə baş verir, ekoloji fəlakət ehtimalı isə dünyada həmişə yüksəkdir. Dağlar isə yer qabığını mantiyaya bərkidir, qtmosfer təzyiqini və iqlimi tənzimləyir. Ona görə də, heç olmasa dağın hündürlüyünün qorunub saxlanması ekoloji məcburiyyətdir.” 

SUAL: - "Azərbaycanda yeganə aqrar təhsil ocağı olan ADAU-da müəllimsiniz. Sizcə, universitetdəki şərait gənc ekoloqların lazımınca təhsil almalarına, gələcək məzunların peşəkar kadrlar olaraq ölkə ekologiyasına töhfələr verəcəyinə ümidlər yaradırmı?”

Ziyatay İbrahimov: - "Azərbaycan prezidenti cənab İlham Əliyevin tərəfindən 18 fevral 2003-cü il tarixli " Azərbaycan Respublikasında Ekologiyaya dair milli proqramların təsdiq edilməsi haqqında” sərəncamı və 10 dekabr 2003-cü ildə təsdiq edilmiş "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”Qanunu ekologiya sahəsində dövlət siyasətinin əsasını təşkil edir. Burada əsas istiqamət kimi ekoloji təhsil və tərbiyyənin inkişafı nəzərdə tutulmuşdur. İctimai hümanitar təhsillə bərabər, müasir şəraitdə ekoloji təhsil insanlarda yeni ekoloji şüurun formalaşmasına, adamların Azərbaycanın ekoloji böhrandan çıxmasına və cəmiyyətin sabit inkişaf yolu ilə inkişafına kömək edə biləcək peşə bilik və vərdişlərinə yiyələnməsinə kömək etməlidir. Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti və bir neçə digər ali məktəblərdə ekologiya ixtisaslı mütəxəssislər hazırlanır. 2008-ci ildən etibarən qeyd etmək olar ki, ADAU-da inqilabi dəyişikliklər baş vermişdir. İndinin özündə də mütərəqi dəyişikliklər davam etdirilir. Tələbələr üçün müasir tipli yeddi mərtəbəli yataqxanalar istifadəyə verilmiş, tədris korpusları yüksək səviyyədə təmir edilmiş, elektron kitabxana yaradılmış, kitabxana və oxu zalları yenidən təmir olunaraq avadanlıqlarla təchiz olunmuşdur. Bütün kafedralar zəruri bilgisayarlarla təmin edilmişdir. Bunlarla yanaşı çatışmazlıqlarımız da çoxdur. Bu ilk öncə universitetdəki tədris məsələləri ilə bağlıdır. Tədris planları, fənn proqramları acınacaqlı durumdadır, dərs vəsaitləri və dərsliklərin hazırlanması, kitabxanamızda dərs vəsaiti və dərsliklərin demək olar ki, olmaması üzücü faktdır. Əgər biz peşəkar ekoloq kadrların hazırlanmasını istəyiriksə, sadaladığım çatışmazlıqlar aradan qaldırılmalıdır. Universitetimizdə yaxşı olardı ki, müasir texnoloji avadanlıqlarla təchiz olunmuş ekologiya laboratoriyası yaradılsın. Ekoloq kadrların hazırlanması işində Ekologiya və Təbii Sərvətlər Nazirliyi də yaxından iştirak etməlidir. Nazirliklə universitet arasında sıx əlaqələr yaradılmalıdır. Tələbələrin praktik biliklərə yiyələnməsi üçün mühit olmalıdır. "Ekologiya” fənni universitetdə seçmə fənn kimi yox, mütləq əsas fənn kimi tədris olunmalıdır. Yoxsa, belə kortəbii şəkildə gələcək kadrlarımızın ölkə ekologiyasına töhfələr verəcəyini söyləmək ziyalı adımıza əsla yaraşmaz. Amma gələcəyə nikbin baxmaq lazımdır.”

SUAL: – "Ziyatay müəllim, nə əcəb kafedra müdiri və ya dekan seçilməmisiniz?”

Ziyatay İbrahimov – "Nə deyim, çətin sualdı. Yəni əslində bu sualın cavabını məndə axtarmaqdansa, heç bir elmi uğuru, dərin savadı olmayanları bu vəzifələrə təyin edənlərdən soruşmaq lazımdır. İllər əvvəl şahidi olmuşam ki, zorla və saxta yolla birini necə kafedra müdiri seçmişdilər”...

SUAL: – Kimi?

Ziyatay İbrahimov: – "Heç onun barəsində danışmaq belə istəmirəm. Mən vəzifə hərisi olmamışam, amma elmdən uzaq kimsə başa keçiriləndə əsl alim adını daşıyanların haqqının tapdalandığına təəssüf eləmişəm”. 

SUAL: - "Ziyatay müəllim! "Ekologiya” adlı  kitablarınıza rast gəldik. Bildiyimizə görə, "Ekologiya” adlı kitabınız bir çox ali məktəbklərdə dəslik kimi istifadə olunur. Sizcə, alim ömrü yaşamaq, indiki çətin şəraitdə elmi kitablar yazmaq və dərc etdirmək çətin deyil?”

 

 

Ziyatay İbrahimov: – "Doğrudur, tərtib etdiyim "Ekologiya” dərs vəsaitləri kitabı bir çox universitetlərimizdə dərslik səviyyəsində istifadə olunur. Ekoloji araşdırmalarım davam edir, bu kitabın daha dolğun tərtibatla yeni nəşrinə hazırlaşıram. Lakin nəşr etdirməyə real maddi vəsaitim yoxdur. Söhbət yaşamaqdan düşdüsə, mən alim kimi fiziki mövcudluq həyatı yaşamışam. Elm adamı olmağımla qürur duymuşam, alim adını şərəflə daşımışam. Millətimiz, dövlətimiz var olsun!”  

SUAL: - "Gələcək nəslin daha sağlam ekoloji mühitdə yaşaması üçün hansı tədbirləri vacib sayırsınız, bu yöndə siz alimin təkliflərinə həmişə ehtiyac var.”

Ziyatay İbrahimov: – "Bəşəriyyətin xilası ölkələrin ekoloji mədəniyətinin formalaşdırılmasından asılıdır. Bunun üçün ekoloji təhsil və maarifləndirmə, təbliğat gücləndirilməlidir. Ekoloji təbliğatın əsas ideyası təbiət və insanın birgə harmonik inkişafı. Təbiətə təkcə maddi deyil, həm də mənəvi bir sərvət kimi münasibətdədir. Alimlər təsdiq edirlər ki, insan təkamülün idarə edilməsini yox, özü-özünün idarə edilməsini fikirləşməlidir. Bu da hər şeydən əvvəl təbiət qanunlarına əməl etmək deməkdir. İnsan biosferdə öz rolunu növlərin biri kimi dərk etməlidir. Dünya birliyi ekoloji mədəniyyət olmadan yaşaya bilməz, çünki onsuz ekoloji böhran şəraitində bəşəriyyətin salamat qalacağına ümid bəsləmək olmaz. Məhz buna görə də, BMT-nin ən qabaqcıl beynəlxalq layihələrindən biri "Ekoloji Mədəniyyət Proqramı”dır. "Zərər vurma!”, "dərin fikirləş, lokal hərəkət et!” qaydaları bəşəriyyət adamı üçün məcburidir.Bizim yaranma səbəbimizdən biri ekologiyadır. Gəlin onu sevək, qoruyaq!!!”

– Ziyatay müəllim! Sizi tanımağımıza sevindik. Geniş və ətraflı müsahibə verdiniz. Sizi çox yorduq, təşəkkür edirik.

Ziyatay İbrahimov – Mən də məmnun oldum. Sağ olun!

Beləcə, dəyərli bir alimlə əl sıxışıb xoş təəssüratlarla ADAU-dan ayrıldıq!

Alimlə söhbətləşdi: Osman Nərimanoğlu

 

"Demokratik.Az"

Oxşar xəbərlər