Hikmət Çətin: “Qarabağda hər an müharibə başlaya bilər”

  • 05 iyul 2017, 16:10

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin cəbhədəki son vəziyyət və ötən gün Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaralanması məsələsinə münasibət bildirib.

H.Çətin "Ölkə.Az”-a açıqlamasında ötən gün erməni vəhşiliyi nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralananlara isə şəfa dilədiyini söyləyib. 

Sabiq nazir deyib ki, hazırda Dağlıq Qarabağ münaqişəsi soyuducuda saxlanılan dondurulmuş buzu xatırladır: 

"Ola bilsin ki, indi bu məsələ də dondurulub. Ancaq Qarabağda vəziyyət hər an dəyişə və alovlana bilər. Ona görə də Qarabağ münaqişəsi mütləq birdəfəlik həll edilməlidir. Bu münaqişə həll edilməyənədək, regiona sülh və əmin-amanlıq gəlməyəcək”.

H.Çətin qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ münaqişəsinin dərhal həlli üçün ciddi addımlar atmalıdır: 

"Əks halda hər an müharibə başlaya bilər. Qarabağda müharibənin nə zaman çıxacağı bəlli deyil. Bu, hər an ola bilər. Bu gün Qarabağ çox həssas münaqişə bölgəsidir”. 

Keçmiş nazir vurğulayıb ki, erməni işğalı nəticəsində milyonlarla Azərbaycan vətəndaşı öz tarixi torpaqlarından, ev-eşiyindən məhrum olub: 

"Həmin insanların hüquqları pozulub və 25 ildir ki, həll edilmir. Bu problem həll edilməyənədək hər an Qarabağda gərginlik yarana və müharibə başlaya bilər. Çox təəssüf ki, indiyədək ATƏT-in Minsk qrupu da bu problemin həlli istiqamətində səmərəli fəaliyyət göstərməyib. Yəni, bu problemin tezliklə həlli məsələsi yenidən gündəmə gətirilməli və ciddi şəkildə addımlar atılmalıdır. Hazırda Qarabağla bağlı ATƏT-in Minsk qrupunun yeni addımlar atmasına böyük ehtiyac var. ABŞ, Rusiya, Fransa, Türkiyə və digər dövlətlər münaqişənin ədalətli həllinə mütləq nail olmalıdır”.

Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. 

Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

Vasif Həsənli

Oxşar xəbərlər