Arzu Nağıyev MTN agentlərinin de-şifrə olunmasından danışıb

  • 15 may 2017, 08:15

Arzu Nağıyev: "Bu məlumatların yayılması ölkə üçün yaxşı heç nə vəd etmir”

Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə ittiham aktında bir sıra MTN agentlərinin adları açıqlanıb. 7 milyon manatdan artıq dövlət vəsaitinin mənimsənilməsi epizodunda bəzi agentlərin kod adları, bəzilərinin isə həqiqi adları öz əksini tapıb.

İttihama görə, Elçin Quliyev, müavini İlqar Əliyev və digərləri 2011-2015-ci illərdə "Şimal küləyi” və "Qütb gecəsi” adlı əməliyyatlara ayrılan xüsusi xərclər smetasından 7 milyon manatdan artıq pulu mənimsəyiblər. Sənədləşməyə görə isə həmin pullar informator rolunu oynayan müxtəlif "etibarlı şəxslərə”, yəni agentlərə ödənilib. İstintaqın qənaətinə görə, qeyd olunan 2 əməliyyat işi üzrə ayrılan vəsaitin çox az qismi "etibarlı şəxslərə” çatıb. İşdə adları müəyyənləşdirilməyyən agentlərin kod adları yer alır:

"Terminator” - şəxsi işi Hilal Əsədovda olan bu agentə 287 min avro, 5400 ABŞ dolları və 12 min manat pul ödənildiyi yazılıb.

"Samir” - 82 min AZN, 53 min ABŞ dolları, 6 min avro. Bundan başqa 2013-cü ilin prezident seçkiləri ərəfəsində 4 ay ərzində hər ay 10 min AZN pul ödənilib.

"Agent Dəniz” - adına 35 min AZN, 13 600 avro, 1200 dollar yazılıb.
"Hətəm” - adına 217 min AZN, 33 min avro, 5400 ABŞ dolları yazılıb.
"Atilla” - adına 12 min AZN, 44 600 avro, 1800 ABŞ dolları yazılıb.
"Əlizadə” - "fəal istifadə olunduğuna görə” 15 min AZN mükafat alıb.
"Qəhrəman” - 31 min 500 AZN pul alıb.

Bunlar kimlikləri müəyyənləşdirilməyən və yaxud, müəyyənləşdirilib, açıqlanmayan agentlərdir. Lakin 4 şəxsin kimliyi ittiham aktında öz əksini tapıb. Həmin şəxslərdən 2-nin adı KİV-lərdə açıqlanıb.

İttiham aktında adları açıq şəkildə yazılan agentlərin siyahısını belədir:

1. Etibarlı şəxs "BET” - Behbudov Elçin Tofiq oğlu. 2013-cü ildə A.Məcidov tərəfindən əməkdaşlığa cəlb olunub. Hər ay MTN-dən 2 min manat pul alıb, xarici səfərləri maliyyələşdirilib.

2. Etibarlı şəxs "YFH” - keçmiş maliyyə naziri Yusifov Fikrət Hüseyn oğlu. 2015-ci ildə A.Məcidov tərəfindən əməkdaşlığa cəlb olunub. Bu müddət ərzində ona 90 min manat pul ödənilib.

3. "Etibarlı şəxs ”İƏ" - Əliyev İlqar Talışxan oğlu. "Yeni Sabah” İctimai Birliyinin rəhbəri. 2011-2015-ci illərdə 132 min manat, 6100 ABŞ dolları, 2400 avro alıb.

4. Etibarlı şəxs "TT” - Məmmədov Elnur Vaqif oğlu. 2014-cü ildən əməkdaşlığa cəlb olunub. 2011-ci ildə AR CM-nin 311.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il həbs cəzası alıb. Taleh Bağırovun "Müsəlman Birliyi Hərəkatı” adlı qurum yaratmaq istəyi barədə məlumat verdiyinə görə 10 min manat birdəfəlik pul mükafatı alıb.

Tanınmış vəkil Adil İsmayılov xususi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunan şəxslərin kimliklərinin açıqlanmasının dövlət sirrinin yayılması olduğu haqda sosial şəbəkədəki divarında status yazıb. Həmin statusu təqdim edirik:

"Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 5.4.2.-ci maddəsinə əssən "kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında” məlumatlar dövlət sirrini təşkil edir. Artıq bir neçə gündür ki, kütləvi informasiya vasitələrində "MTN işi” üzrə ittiham aktına istinadən məzmunu dövlət sirri təşkil edən bu tip məlumatlar yayılır. Bu məlumatları ittiham aktına yazan istintaqçılar və həmin ittiham aktını təsdiq edən prokuror dövlət sirrini yaymaqla dövlət əleyhinə cinayət etməsini başa düşürmü görəsən? Həmin qanunla üzərlərinə dövlət sirrini qorumaq vəzifəsi qoyulan qurumlar görəsən hara baxır?"

Sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev yaranmış vəziyyəti dəyərləndirərəkən "Yeni Müsavat”a deyib ki, belə məlumatların yayılması doğru deyil:

- Böyük təəssüflə qeyd edirəm ki, məhkəmələrdə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər haqda hər hansı bir məlumatlar açıqlanmaqdadır. Düşünürəm ki, məhkəmənin məxfi əməkdaşlığa cəlb olunmuş şəxslərlə bağlı hissədə qapalı keçməli idi. Digər tərəfdən agent kimi adları çəkilən şəxslərin siyahısına baxdım. Onların agentliyindən söhbət getmir. Sadəcə olaraq etibarlı əlaqələr qurulan bəzi şəxslər var. Bu məslələrin açıqlanması da doğru deyil. İş üzə göstərilən məbləğlər də inandırıcı deyil. Əməliyyat işçisi ilə mənbə arasındakı münasibət elə bir mübhəm münasibətdir ki, bunların açılması əməliyyat işçisinin özünə başucalığı gətirmir. Əməliyyat təsərrüfatında olan məsələlərin açıqlanması bu sahənin gələcəyini şübhə altına alır. Yayılan siyahılarda elə şəxslərin adları çəkilir ki, onlar əvvəllər hüquq mühafizə orqanlarında çalışıblar. Onların cəlb edilərək o boyda pulların verilməsi inandırıcı deyil. Həmin məbləğlərin bu şəxslərə xərclənməsi də yəqin ki, baş verməyib. Sovet höküməti dağılanda agentlərin adlarının açıqlanması məsələsi çox geniş şəkildə müzakirə edilirdi. Hətta elə bir vəziyyət yaranmışdı ki, bir qərarla agentlərin adları açıqlana bilərdi. Amma son anda bundan vaz keçildi. Yəni bir çox cinayətlərin açılmasında, önlənməsində məlumatın verən şəxslərin kimliyinin açıqlanması onların zərbə altına qoyulması deməkdir.

- Xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunmuş şəxslərin adlarının bu şəkildə açıqlanmasının istintaqçıların səriştəsizliyi kimi dəyərləndirənlər var. Razısınızmı bu dəyərləndirmə ilə?

- Bu adamların adlarını, kod adlarını, adlarının baş hərflərini yazmaq, haradasa qeyd etmək düzgün deyil. Digər tərəfdən məsələnin bu tərəfi də var ki, ortada dövlətin pulu mənimsənilib. İstintaqçılar pulu mənimsənilməsi faktını təsbit etmək üçün mücərrəd adlardan istifadə edə bilməzdilər. Bu məsələlərin araşdırılması vacibdir, amma elə bir üsulla edilməliydi ki, "nə şiş yansın, nə kabab”.

- Məhkəmə qapalı keçirilsəydi belə, həmin şəxslərin - agentlərin adlarının ittiham aktında yer alması doğru olardı?

- Əlbəttə ki, agentlərin adlarının hər hansı bir şəkildə açıqlanması doğru deyil. Onların gələcək fəaliyyətlərini sıfıra endirir. Kim agent olduğunu bildiyi şəxsin yanında hər hansı bir əhəmiyyətli məlumatı danışar? Agentlərin de-şifrə olunması ümumilikdə əməliyyat təsərrüfatının gələcəyini şübhə altına qoyur. Məhkəmədə hakim, katib, vəkillər, məhkəmə nəzarətçiləri, elə müttəhimlərin özləri də agentlərin kimliyini öyrənəcəklərsə, bu yaxşı heç nə vəd etmir. Yəni agentlər haqda danışmaq, kod adlarını, adlarını, adlarının baş hərflərini yazmaqla bildirmək ümumi işə ziyan vurmaqdan başqa heç nə verməyəcək. Dövlətə ziyan verilməsidir. Bəlkə agentlərin mükafatı hansı məlumatları verdiklərinə görə aldıqlarını da açıqlasınlar? Hansı istiqamətdə işlədiklərini də açıqlasınlar, məsələ tamam bitsin! Bu gün baş verənlər gələcəkdə əməliyyat işlərinə böyük zərbə vuracaq.

- Ümumiyyətlə mənbələrə, informatorlara, "etibarlı şəxslərə” pul mükafatı, maaş verilməsinə nəzarət olunması qaydası varmı?

- Nəzarət var. Mənbəyə pul ödənilirsə, raport yazılır. 1 manat verilsə belə, bu rəsmiləşdirilməli, mənbə pulu alması haqda sənədə imza atmalıdır.

- Mənbə pulu alarkən səs yazısı, videosu qeydə alınırmı?

- Video, səs yazısı adətən aparılmır. Pul kassadan çıxırsa, mənbənin öz imzası ilə həmin pulun alınması haqda sənəd tərtib olunur, sonradan müəyyən işlərə tikilir. Düşünmürəm ki, adları çəkilən şəxslər agentlər olub. Bu şəxslər şəxsi əlaqəli şəxslər olublar.

- Şəxsi əlaqədə olan şəxslərə verdikləri məlumatlara görə pul mükafatı verilməsi nəzərdə tutulur?

- Bunların hamısı maliyyə idarəsində fiksə olunur. Rəmiləşdirilir.

- Bu məlumatların yayılması ləğv olunmuş MTN rəhbərliyinin maraqlarına xidmət etmir ki? O baxımdan ki, əllərində ciddi, ölkəni silkələyəcək məlumatların olması mesajını üzdə olan agentlərin adlarının yayılması üzərindən siyasi hakimiyyətə çatdırmaq istəyirlər bəlkə?

- Konkret ad çəkmək istəmirəm. Söhbət sırf prosesdən gedirsə, düşünmürəm ki, bu konkret olaraq kiminsə istəyi ilə ortaya atılıb. Ümumilikdə isə bəli, bu məlumatların yayılması, ölkə üçün yaxşı heç nə vəd etmir.


E.MƏMMƏDƏLİYEV

Oxşar xəbərlər