“bölgə təxəllüslərindən imtina edin” təklifinə sərt reaksiyalar

  • 03 may 2017, 09:22

Xuraman Şuşalı: "Bu fikirlə heç də razı deyiləm, hərə özünə cavabdehdir”; Afaq Gəncəli: "Sənətçilərdən kimsə bölgə adları götürürlərsə, əcəb edirlər”; Rüstəm Behrudi: "Fazil Mustafa öz işləri ilə məşğul olsun”

"Əlimdə imkan olsaydı, bir çox peşə sahiblərinə, ələlxüsus da müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməyi yasaqlayardım”. Bu sözləri deputat Fazil Mustafa sosial şəbəkədə bildirib. O, bölgə adları götürən şəxslərə davranışlarında daha ciddi, ədəbli olmağa çağırış edib:

"Deyərdim ki, öz soyadın varsa, atanın adı varsa, yaxud da hansısa duyğuları özündə ifadə edən adlar varsa, buyurub götürün, ancaq bu bölgə adından bir az uzaq durun. İşdir, əgər bunsuz keçinmək ölüm-dirim məsələsidirsə, o zaman davranışlarınızda daha ciddi, təmkinli, ədəbli olmağa xüsusi diqqət yetirin”.


Deputat qeyd edib ki, bəzi bu cür şəxslər ictimai diqqətin yönəldiyi yerlərdə səviyyəsiz, ədəbsiz, yüngül hərəkətlər etməklə yanaşı, həm də bütöv bir bölgəni töhmət altında qoyur, yaxud da ironiya hədəfinə çevirir: "Həm də bu mənasız və gərəksiz bir regionçuluq duyğusunu cəmiyyətimizdə cücərdir. Naxçıvanlı, Gəncəli, Borçalı, Bərdəli, Qazaxlı, Lənkəranlı, Tovuzlu, Xaçmazlı və s. bölgəsəl təxəllüslər götürüb abırlı davrana bilmirsənsə, niyə kimsə məhz o bölgədən olduğuna görə sənin davranışından xəcalət çəkməlidir?”.


Qeyd edək ki, son günlərdə mətbuatda Tovuzlu təxəllüslü müğənni Şəbnəm Əsədova ilə bağlı biabırçı məlumatlar yayılmaqdadır. Bu səbəbdən bəziləri müğənninin bölgə adını özünə təxəllüs götürməsini tənqid edib. Lakin məlum olduğu kimi, bölgə adını götürən təkcə adıçəkilən müğənni deyil, bu siyahıda aşıq Telli Borçalının, Xuraman Şuşalının və digərlərinin adını çəkmək olar. Ümumilikdə isə təkcə şou-biznes nümayəndələri deyil, zamanla bir çox peşə sahibləri, o cümlədən şair və yazıçılar doğulduğu bölgələrin adlarını özlərinə təxəllüs götürüb və bu adla tanınıblar. Hətta bölgə adlarını götürən məşhur muğam ustadlarımız var, hansı ki, onların əsl adları çoxlarına məlum deyil və həmin sənətçilər məhz təxəllüslərinə görə bu günə qədər tanınır, sevilirlər. Məsələn, Mir Möhsün-ağa Seyid (Şuşinski), İsfəndiyar Cavanşirov (Xan Şuşinski).


Maraqlıdır, bəs özlərinə bölgə adını təxəllüs kimi seçən sənətçi, şair və yazıçılar deputatın tənqidini necə qarşılayır?


Müğənni Xuraman Şuşalı deputatın fikri ilə heç də razı olmadığını bildirdi: "Mənə bu soyadı görkəmli bəstəkarımız Süleyman Ələsgərov verib. 16 yaşımda konservatoriyaya onun yanına getmişdim. Məni dinlədi və soruşdu ki, ”sənin familiyan nədir?", dedim ki, Hüseynova. Mən onda "Bənövşə uşaq xoru”nun solisti idim və İncəsənət Gimnaziyasında oxuyurdum. Demək istəyirəm ki, həmin vaxtlar mən artıq efirlərə çıxırdım, Azərbaycan Dövlət Televiziya və Radiosu Xorunun solisti idim. Dedi ki, "sən təqdimatda özünü Xuraman Şuşalı kimi təqdim et”. O gündən bu günə qədər mən özümü bu cür təqdim etmişəm. Burda mən gözəllik görürəm, pis heç bir şey görmürəm. Üstəlik, Şuşa işğal altındadır və mənim hansısa xarici ölkədə tədbirdə adım çəkiləndə soruşurlar ki, "siz şuşalısız, Şuşa ermənilərin deyil?” Deyirəm ki, "xeyr, Şuşa bizimdir, Azərbaycanındır, mən oralıyam və gec-tez topağımız geri qayıdacaq”. Yəni mən burda gözəllikdən, təbliğatdan başqa heç bir şey görmürəm. Mən birmənalı şəkildə deyirəm ki, bu fikirlə razı deyiləm, hərə özünə cavabdehdir. Bu torpağın yetirşdirdiyi istər xanım, istərsə də bəy özünə cavabdehdir. Hər yerin pisi də, yaxşısı da var".


Aparıcı Afaq Gəncəli isə məsələyə bu cür münasibət bildirdi: "Bundan əvvəl də dəfələrlə qeyd etmişəm ki, mən gəncəli deyiləm, bu ləqəb, təxəllüs deyil, öz soyadımdır. Amma bu belə olmayan halda belə, lap mən bunu təxəllüs götürmüşəm, heç bir zaman Gəncənin adına ləkə gətirmərəm. Gəncənin bir çox dövlət tədbirlərində elə mən iştirak edirəm. Sənətçilərdən kimsə bölgə adları götürürlərsə, əcəb edirlər, mən nə deyə bilərəm ki. Ürəyi istəyib, əcəb edib özünə soyad götürüb. İnsan azaddır. Mən hər kəsə özünə görə hörmət edirəm. İndi kim nə, necə edib, bu onun şəxsi işidir”.

Ordubad rayonunun Behrudi kəndinin adını özünə təxəllüs seçən Rüstəm Behrudi deputatın fikirlərini kəskin tənqid etdi:


"Fazil Mustafa öz işi ilə məşğul olsa yaxşı olar. Mən öz kəndimizin adını özümə təxəllüs götürmüşəm. Bunun nəyi pisdir ki? Dünyanın harasında kitablarım, şeirlərim çap olunanda Behrud təxəllüsüm qeyd olunur. Fazil Mustafa çox ağıllı və savadlı adamdır. Sadəcə, belə məsələlərə müdaxilə etməsi düzgün deyil. Yəni bu işi daha çox ədəbiyyatçıların öhdəsinə buraxsalar yaxşı olar. Əgər danışmağa söhbət yoxdursa... Azərbaycanın o qədər problemləri var ki, getsin o işlərlə məşğul olsun. Biz indi imza götürəndə ondan icazə almalıyıq ki, özümüzə filan təxəllüsü götürürük? Mən bunu anlaya bilmirəm. Hesab edirəm ki, onun yanaşması həm pis, həm də yaxşı mənada düzgün deyil”.


Jurnalist Azər Qaramanlı isə deputatın sözləri ilə razı olduğunu qeyd etdi:

Image result for Azər Qaramanlı


"Mən Fazil bəyə haqq verirəm. 15 ildir ki, mən Qaramanlı imzasını daşıyıram. Amma o dedi, düşünürəm ki, mən indi bu təxəllüsü götürməzdim. Ona görə ki, ən azından bayağılıq yaranır, həddindən artıq şişirtmələr ortalığa çıxır. Yəni mahiyyətlə keyfiyyət çox hallarda üst-üstə düşmür. Bəzi adamlar özlərinə gurultulu təxəllüslər götürməyə çalışırlar. İndiki halımda Qaramanlı imzasından imtina etmək istəyərdim, amma ortada bir tarix var və o tarixdən keçməyim bir qədər çətindir. Hesab edirəm ki, kimsə hansısa bölgə adının arxasında gizlənməməli, olduğu kimi görünməlidir”.


Olayın əsas səbəbkarı, müğənni Şəbnəm Əsədova (Tovuzlu) isə ölkə.az-a açıqlamasında qeyd edib ki, davranışlarında heç də bölgənin adına ləkə gətirəcək hərəkət yoxdur:


"Şou-biznesdə olanların çoxundan yaxşı abır-həyamız var. Sadəcə, gözləri götürmür deyə, dışlamaq istəyirlər. O da alınmır. Şükür Allaha, ailəm, uşağım öz yerindədir. Mənimlə rəqabət aparanlar sonda özləri uduzurlar”.

Demokratik.Az


Oxşar xəbərlər