Yaxın Şərqdə müharibələr nə zaman bitəcək...

  • 02 may 2017, 09:05

Elçin Mirzəbəyli: "Tez bir zamanda sülh gələcəyi inandırıcı görünmür”


Yaxın Şərqdə uzun illərdir davam edən müharibələr bitmək bilmir. Getdikcə münaqişələrin əhatə dairəsinin genişləndiyini, daha təhlükəli hala gəldiyini də söyləmək mümkündür. Sanki müharibə tərəfləri və münaqişələri körükləyən qüvvələr prosesin bu şəkildə davam etməsində maraqlı görünürlər. 
Dünyanın supergüc dövlətlərinin də müharibənin davam etməsində birbaşa rollarının olduğunu qətiyyətlə qeyd etmək mümkündür. Amerika başda olmaqla, həmin maraqlı güclərin müharibə aparan Yaxın Şərq ölkələri ilə bağlı ikibaşlı siyasəti, həmçinin bu dövlətlərin bəzilərinə birbaşa dəstək vermələri aydın şəkildə müşahidə olunur. Hətta bu münaqişələrin Avropa və Qərb dövlətləri tərəfindən süni şəkildə yaradıldığı iddiaları da var. 
Ekspertlər bildirirlər ki, Yaxın Şərqdəki müharibələr hələ bir müddət də davam edəcək. Hətta münaqişələrin əsrlərlə davam edəcəyi kimi ehtimallar da dilə gətirilir.


Politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, Yaxın Şərqə tezliklə sülh gələcəyi inandırıcı görünmür: "Yaxın Şərqdə baş verən münaqişələrin böyük əksəriyyəti geosiyasi iddialardan və maraqlardan qaynaqlanır. Şübhəsiz ki, burada münaqişələrin baş verməsinə zəmin yaradan daxili amillər də az deyil. Regionda yerləşən dövlətlərin idarəçilik sisteminin müasir tələblərə cavab verməməsi, sosial və hüquqi ədalətsizlik, təhsil və mədəniyyət səviyyəsinin, intellektual potensialın aşağı olması bölgənin xarici təsirlər qarşısında müqavimət gücünü azaldır və təbii ki, fəaliyyəti xaricdən stimullaşdırılan etnokonfessial qrupların iştirakı ilə münaqişələrin alovlanmasına yol açır. İndiki şəraitdə bu münaqişələrin həlli faktiki olaraq region dövlətlərindən asılı deyil. Proses bütövlükdə qlobal güc mərkəzlərinin nəzarəti altındadır və onların iradəsi olmadan Yaxın Şərqə tez bir zamanda sülh gələcəyi inandırıcı görünmür. Heç bir müharibənin bəşəriyyət üçün müsbət tərəfi ola bilməz. İndiki şəraitdə söhbət ayrı-ayrı güclərin maraqlarının təmin olunmasından gedir. Ya qarşı-qarşıya dayanan güclər arasında uzlaşma baş verməli, region təsir dairələri üzrə bölünməli, ya da tam şəkildə konkret bir gücün nəzarətinə keçməlidir”.

E.Mirzəbəyli xarici güclərin bu müharibələrdəki rollarından da danışdı: "Təbii ki, xarici güclər müharibələrin bitməsində maraqlı deyil. Bu gün Yaxın Şərqdə baş verən münaqişələrin hamısı xarici güclər tərəfindən yaradılmış münaqişələrdir. Heç bir region dövləti digəri ilə savaşmır. Müharibələr region dövlətlərinin daxilində baş verir. İraqda, Liviyada, Yəməndə, Suriyada baş verən münaqişələr fərqli texnologiyalarla gerçəkləşdirilsə də xarici müdaxilələr nəticəsində reallaşıb. Müharibəni isə kimlər başladıbsa, yəni prosesin arxasında hansı qüvvələr dayanıbsa, onlar da bitirə bilər. Təəssüf ki, optimist proqnoz vermək mümkün deyil. Çünki münaqişələrin ekspansiyası təhlükəsi onların həlli perspektivindən daha çoxdur. Mövcud geosiyasi vəziyyət yeni münaqişə ocaqlarının yarana biləcəyi ehtimalını daha da artırır”.


Oxşar xəbərlər