Ruhi: “.. kişi kimi böyüyün, ağlamayın”

  • 15 yan 2017, 19:02

Ruhi: "Ürəyimin qan ağladığı vaxtlar olur”

 
 
 
 
 
 
 
 
Biznes-ledi Ruhi Əliyeva ilə "3 badam, 1 qoz”  filminin təqdimatında bir araya gəldik. Musavat.com saytının suallarına cavab verən biznes-ledi ilə söhbətə efirlərdə və şou tədbirlərində  nadir halalrda görünməsindən başladıq: 
 
– Sizi nadir hallarda tədbirlərdə görürük. Bunu səbəbi nədir? 
 
– Səbəb işlərimin çoxluğudur. Övladlarıma daha çox vaxt ayırıram. Oğlum Həsən məni evdə görməyəndə dünyanı dağıdır. Uşaqların idmanları, dərsləri, tərbiyələri ilə məşğul oluram. Təbii ki, evdə dayə var. Amma şəxsən özüm nəzarət etməsəm, olmaz. Evə gec gedə bilmərəm. İşim olmayanda saat 6-dan evdə oluram.
 
– Hazırda yerli komediya filminin qala gecəsindəyik. Yeni çəkilən yerli filmləri izləyirsinizmi? 
 
– Yerli filmlərdən çox az izləmişəm. Yalan danışa bilmərəm. "Vicdan haqqı” serialının 2-3 seriyasına baxdım. Hər kəs tərifləyirdi ki, möhtəşəmdir. Amma mənim diqqətimi çəkmədi. Əsasən "Bozbaş Picture” komandasının filmlərinə baxıram. Bir-iki türk filmi var ki, onları izləyirəm. Bu gün də maraqlı film izləmək ümidi ilə gəlmişəm.
 
– "İnstagram”a yeni qoşulan məşhurlardansınız. Bilirik ki, əvvəllər sosial şəbəkələrlə aranız yaxşı deyildi. 
 
– Məni bu qədər sevən olduğunu bilmirdim. Xalqıma təşəkkür edirəm. "İnstagram”da yazılan xoş sözlər məni çox sevindirdi. Mən də onlarla çox səmimiyəm, şərhləri oxuyanda əhval ruhiyyəm qalxır. Gecə yatanda da, səhər duranda da oxuyuram. Hər birimizin həyatında bədbin hadisələr olur. Çalışıram ki, onlarla bölüşməyim. Kimisə mənfi fikirlərlə yükləmək istəmirəm. Xoş arzularımı onlarla bölüşürəm, onlardan da xoş arzular eşitmək istəyirəm.  Bəziləri yazır ki, işlərim pisdir, həyatımda filan problemlər oldu. Bu cür paylaşımlar məni məyus edir. Bir neçə xanım yazıb ki, Ruhi xanım, sizin həyatınız çox gözəl görünür, sanki güllük-gülüstanlıqdır, nağıllarda yaşayırsınız, bir çubuğunuz var, nə istəsəniz yerinə yetir. Əslində  elə deyil, mən həyatda çox çətinliklər görmüşəm. Amma  çalışmışam ki, insanlara həyatımın xoş tərəfini göstərim, onları bədbin notlarla yükləməyim. Amma mənim də ürəyimin qan ağladığı vaxtlar olur. Heç kim ətrafına mənfi enerjili insanlar toplamasın və özləri də mənfi enerji ötürməsin.
 
– Sosial şəbəkəyə çoxmu vaxt sərf edirsiniz? 
 
– Yox, çox vaxt sərf etmirəm.  Boş olduqca  səhifəmə baxıram, bəzən şərhlərə cavab da yazıram.  Maraqlı məşğuliyyətdir.
 
– Mənfi şərhlər necə sizə də yazılırmı?
 
– Hərdən elə sözlər yazırlar ki, dəhşətə gəlirəm. Çünki orada yazılanlar həqiqətə uyğun deyil. Mən onlardan incimirəm, yaşadıqlarımı bilmirlər. Bayaq İlhamə Quliyeva haqda elə sözlər yazmışdılar ki, mənə toxundu, həmin şəxsə cavab verdim. Heç kimin heç kimin kürsüsündə gözü yoxdur. Hər kəsin oturduğu kürsü özünə bəsdir. Mənim həyatımda olanlar özümə və ətrafımdakılara bəs edir. Mən həyatımda olanlardan artıq heç nə istəmirəm. Rəbbim nə buyursa, onu yaşayacağam. Əsas  var-dövlət deyil, insanlıqdır. Mənim üçün dost müqəddəsdir. Pul, var-dövlət gəldi-gedərdi. Mənim üçün insanlıq, ədalət, xoşniyyətli olmaq vacibdir.  3-4 ildir ki,  həyatımdan neqativ insanları yiğışdırmışam.  Çünki balalarım var, onlara  pis təsir edəcək düşüncələrdən uzaq olmalıyam.
 
– Məhəmməd və Həsən adlı iki oğlunuz var. Heç qız anası olmaq haqda düşünürsünüzmü?
 
– Heç vaxt qız anası olmaq istəməmişəm. Allahın qismətidir ki, mənə oğlan övladı verib. Qız çox çətindir. Qadın olanlar bilir. Qız övladım olsaydı, depressiyaya düşərdim.  Qızı böyütmək,  tərbiyə vermək, gələcəyini düşünmək mənim üçün çox ağır olardı. Oğlan da çətindir. Oğlana da düzgün tərbiyə vermək lazımdır. Qız isə daha zərifdir. Oğlanlarıma deyirəm ki, kişi kimi böyüyün, ağlamaq olmaz. Qız yanımda kövrəlsə, içim parça-parça olar. Amma qızlarım çoxdur, evdə Çinarə qızım, bacılarımın, qardaşımın qızı ar. Çoxunun adını mən qoymuşam. Mənəvi olaraq onlara anayam. Nə qədər ki, balalarımız gözəl əhval-ruhiyyədə yaşayırsa, biz də xoşbəxt oluruq.
 
– Biz bilirik ki, Ruhi xanım özünə sərhədlər qoyan biridir. Özünə qoyduğu qadağalar var. O qadağaları ətrafınızda olan qızlara da tətbiq edirsinizmi?
 
– (Gülür) Bu haqda yanımdakı dostum, stilist Elnur Həsənov danışsa, yaxşı olar.
 
Elnur Həsənov: Ruhi xanım hər şeyi yerində etməyi sevən xanımdır. Ətrafındakı xanımlara qarşı da tələbkardır. Küçədə ağlayan qız görsə, yaxınlaşacaq, dərdini soruşacaq.
 
Ruhi: Onlar bizim gələcəyimizdir, analarımızdır. Qadını, qızı daim düşünməliyik. Qız anası olanları alqışlayıram, əhsən  deyirəm. Bir az da ciddi olsunlar. Qız uşaqları ərköyün olurlar. Bunu özümdən bilirəm. Övladı ərköyün böyütmək olmaz. Elə böyütmək lazımdır ki, övladın  psixologiyası pozulmasın, onu gözləmək lazımdır. Bəzən elə ailələr görürəm ki, övlada qarşı sərtdirlər. O sərtliyi də sevmirəm. Uşaqla uşaq dili ilə danışmaq lazımdır. Yanımdakı qızlara qarşı çox tələbkaram. Qıza qarşı elə olmasan, gələcəkdə böyük problemlər görərsən. Mən uşaqlığıma gəncliyimə nəzər salanda, görürəm ki, indiki Ruhi o zaman olmayıb. Dəlisov, çılğın, hər şeyi bir anda düşünürdüm. İndi elə deyiləm. İndi yetəri  yaşdayam, öz adımı, övladlarımı, hər şeyi düşünürəm, qorumağa çalışıram. Bəzən deyirəm ki, kaş, 10 il əvvəl bu ağlım olardı, 5 il öncə indiki kimi düşünərdim. Hərdən gənclər efirə çıxıb bir-birini təhqir edir. Bəlkə də onlara dəstək olacaq, məsləhət verəcək kimsə yoxdur, o da yanlışlar edir. Gəncləri gözəl şəkildə dinləyib, başa salmaqdansa, qarşımızdakını baltalayırıq. Bizdə biri mənfi söz deyəndə hamımız arxası ilə gedirik. Qızlara, qadınlara dəstək olmaq lazımdır.
 
– Siz tez-tez qadınlarla bağlı layihələr etdiyinizin də şahidi oluruq…
 
– Mən qadınlarımızın yanında olmağa çalışıram. Sözügedən layihələr davam edir. Mən qadınlarımıza imkanım daxilində kömək etmək istəyirəm. yardımsevərlik canımdadır.
 
– Televiziyaya nə zamansa qayıtmaq fikriniz var?
 
– Televizyaya qayıtmaq fikrim yoxdur. Oğullarım icazə vermir.
 
– Devalvasiya, bahalaşma biznesinizə necə təsir edib?
 
– Təbii ki, hamıya təsir edib. Şükürlər olsun ki, işçilərimin maaşını vaxtında verə bilirəm. Gurultulu iş olmasa da, hər şey yaxşıdır.
Oxşar xəbərlər