Brilyant Dadaşova dinini dəyişib?

  • 09 yan 2017, 09:11

Dini ekspert: "Müsəlmanın kilsəyə gedib, şam yandırmasının bir anlamı yoxdur”

 


 

Xalq artisti Brilyant Dadaşovanın xristian dininə sitayiş etdiyi barədə məlumatlar yayılıb. Barəsində belə iddiaların yaranmasına səbəb isə onun bu günlərdə Bakı kilsələrinin birində keçirilən Milad bayramında iştirak etməsi olub. 

Lent.az-ın məlumatına görə, müğənni xristianların Milad bayramında digər iştirakçılar kimi xaç suyundan istifadə edib, şam yandırıb. Xalq artistinin bu cür davranışı ictimaiyyətdə birmənalı qarşılanmayıb, mətbuatda, xüsusən də sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi iddialara görə, müğənni artıq xeyli müddətdir ki, dinini dəyişərək xristian dininə sitayiş edir.

Məsələyə aydınlıq gətirmək üçün "Yeni Müsavat”ın əməkdaşı Xalq artisti ilə əlaqə saxlamağa çalışıb. Lakin əfsus ki, müğənni telefon zənglərini cavabsız qoyub. Bununla belə, onun fikirlərini dərc etməyə hazırıq.  

Bəs müsəlmanın kilsəyə gedib, şam yandırması nə dərəcədə doğrudur? Bəzi dindarların iddialarına görə müsəlmanın kilsəyə turist kimi və yaxud onun içində nə olduğunu öyrənib-bilmək məqsədi ilə getməsi günah hesab edilmir. "Lakin onun xristianlarsayağı kilsəyə gedərək, ikonanın qarşısında şam yandırması və arzu diləməsi müsəlmana yaraşan davranış deyil”, - deyə bildirilir.

Dini ekspert Kənan Rövşənoğlunun sözlərinə görə isə, müsəlmanın kilsəyə gedib, şam yandırmasının bir anlamı yoxdur: "Müsəlmanlar üçün, təbii ki, öz ibadət şəkilləri, formaları var. Kilsədə şam yandırmaq xristianların adətidir. Bu mənada bir müsəlmanın kilsəyə gedib şam yandırmasının hər hansı bir anlamı yoxdur. Sadəcə, başqa dinlərə hörmət, İsa peyğəmbərə ehtiram olaraq kilsəyə gedib xristianların adətinə uyğun olaraq şam yandırmasında hər hansı bir qəbahət yoxdur. Əksinə, dinlər arasında anlaşma sülhə xidmət edən bir addımdır”. 

Xalidə Gəray
Oxşar xəbərlər