“Mircəfər Bağırov demişdi ki, tamaşa pis olsa, gülləni başına çaxacağam”

  • 18 sen 2016, 12:21

"Abbasqulu bəyin nazıyla çox oynayırıq ha, Kərbəlayi.  Mən haqq-sayı tapdalaya bilmərəm Qəmlo…” "Axırıncı aşırım” filmində dillər əzbəri olan bu məşhur dialoqu eşidənlər göydə tutdular ki, söhbət böyük sənətkar, görkəmli rejissor, SSRİ xalq artisti Adil İsgəndərovdan gedir. Əzəmət, kişilik, ləyaqət... Əslində Adil İsgəndərovun adının qarşısına titullarından öncə bu sözləri söyləmək yetər. Yetər ki, onun həqiqətən də böyük sənətkar olmaqla bərabər, əsl Azərbaycan kişisi olduğunu bir daha anlaya bilək. Oynadığı rolları, milli teatrımıza bəxş etdiyi tamaşaları sadalamaq fikrində deyiləm, sadəcə, onu demək istəyirəm ki, Adil İsgəndərov Azərbaycan Teatrının bel sütunu idi. Təsadüfü deyildi ki, uzun illər onun çalışdığı Akademik Milli Dram Teatrını "İsgəndərovun Teatrı” kimi tanıyırdılar. O, həqiqətən də, adını tarixə yazmış bir rejissordur. Bu gün onun xatirə günüdür. 

 

Tanınmış kinorejissor Əbdül Mahmudbəyov ustadı, müəllimi Adil İsgəndərovla bağlı xatirələrini Publika.az-la bölüşüb. Tələbəsi müəllimi haqqında heç yerdə deyilməyən şok gizlinlərdən də danışıb.

 

- Əbdül müəllim, bildiyimizə görə, Adil müəllimin ən sevimli tələbəsi olmusunuz. Yəqin ki, ustadınız haqqında ən maraqlı xatirələri sizin dilinizdən eşidə bilərik. Adil İsgəndərov necə bir insan idi? Onu bizlər üçün də xarakterizə edin...

- Adı Adil olsa da, hamı ona "Ədil müəllim" deyə müraciət edirdi. Mənim bu uçuq-sökük evimdə yazı masamın üzərində Ədil İsgəndərovla "Axırıncı aşırım” filmində çəkdirdiyimiz şəkil var. Hər səhər Allahımla salamlaşandan sonra onunla  salamlaşıram. Xahiş edirəm, Ədil İsgəndərovun titullarını sadalamaqdansa, onun adının qarşısına əsl kişi sözünü artırın. Ədil müəllim sözünün ağası olan, fikrini heç vaxt heç kim və heç nəyə görə dəyişməyən bir şəxsiyyət idi. Biz tələbələr sözü cəsarətlə deməyi məhz ondan öyrənmişik. Bu kişi yaltaqlıq nədir bilməzdi.  Dostu ilə dost idi, düşməni ilə düşmən. Düşmənçiliyi də kişi kimi edirdi, dostluğu da. Yadımdadır ki, o vaxtlar bizi kinostudiyaya yaxın buraxmırdılar, çünki gənc məzun idik, hələ özümüzü doğrultmamışdıq. Ədil müəllim mənimlə bərabər dörd tələbəsini kinostudiyaya işə dəvət etdi. Ədil İsgəndərovun bir sözü iki olmazdı. Hətta yuxarılarda belə. Bir haşiyə çıxım: o vaxt Şahmar Ələkbərov film çəkmək istəyirdi, Moskvadan icazə vermirdilər. Birbaşa Moskvaya zəng elədi və dedi ki, mən icazə verdimsə, deməli, söhbət bağlanmalıdır.

 

- O tabe olduğu qurumdan necə bunu tələb edə bilirdi?

- Ədil İsgəndərovun nüfuzu vardı və ona hörmətlə yanaşırdılar. Ədil İsgəndərov işini itirməkdən qorxmurdu, əksinə, İsgəndərovu itirməkdən qorxurdular. O cür əzəmətli, zabitəli bir insan olsa da, ürəyi uşaq ürəyi kimi kövrək və yumşaq idi. Bu adamla üz-üzə gələndə sanki insanı ovsunlayırdı. İnsanın içini oxuyurdu, onu sevməmək mümkün deyildi. Hətta düşmənləri belə onu sevirdilər, amma üzə vurmurdular. Ədil İsgəndərova düşmən münasibətin də əsasında paxıllıq, rəqabət dayanırdı. İmkan daxilində və hətta imkan xaricində belə onu vurmağa çalışırdılar. Durmadan haqqında "donos” yazırdılar.

 

- Kimlər idi onlar?

- Kim olacaq, elə onunla eyni kollektivdə çalışan məşhur aktyorlar. Hamısı rəhmətə gedib, buna görə də adlarını çəkmək istəmirəm. Amma bir dəfə gələrsən, sənin qulağına söyləyərəm.

 

- Çox məşhur sənətkarlardan birindən eşitmişdim ki, teatrda onunla yola getməyənlərdən biri Ələsgər Ələkbərov olub, doğrudur?

- Düz eşitmisən. Madam ki, söhbət açıldı, deyim ki, Ələsgər Ələkbərovu Azdramaya aparan elə Ədil müəllim olub. O vaxtlar Ələsgər Ələkbərov hələ aktyor olmadığı vaxtlarda Filarmoniyada aparıcılıq edərək müğənnilərin konsertini elan edib. Ədil İsgəndərov onu orda görərək səsinə, əzəmətli görünüşünə görə teatra dəvət edib. Onu Otello, Vaqif kimi bütün ölkəyə tanıdıb.

 

- Bəs bu yaxşılığın qabağında niyə Ələsgər Ələkbərov bu haqqı-sayı itirib?

- Danışım, sən də bil. Bunu heç vaxt heç yerdə deməmişəm, amma söhbət açıldısa, danışacağam. O vaxt SSRİ xalq artisti titulunu teatrda bir nəfərə verirdilər. Bu da Stalinin imzası ilə Ədil İsgəndərova təqdim olunub. Onda da teatrda sözgəzdirənlər, aravuranlar Ələsgər Ələkbərovun qulağını doldurublar ki, bəs, gördün, fəxri adı sənə vermədi, özünə götürdü.  Ələsgər Ələkbərov da nəhəng görünüşünə rəğmən, çox yumşaq, saf, hər şeyə inanan bir adam idi. O sözgəzdirənlərin sözünə inanıb, Ədil İsgəndərovla danışmadı. Bu küsülülükdən istifadə edən həmin insanlar onu da öz tərəflərinə çəkib, İsgəndərova qarşı gizlin mübarizəyə cəlb etdilər. Axırda bu mübarizə öz nəticəsini verdi və Ədil İsgəndərovu teatrdan uzaqlaşdırdılar. Onu da deyim ki, o vaxtlar heç kim Azdrmanın adını çəkmirdi, elə İsgəndərovun teatrı deyirdi. Amma Ədil müəllim işdən gedəndən sonra teatr çox acınacaqlı duruma düşdü. Ona qarşı "donos” yazanların hamısı bir başlarına döydülər, bir dizlərinə. Leyla Bədirbəyli, Sofa Bəsirzadə, Rza Əfqanlı və digər böyük aktyorlar küçədə qaldılar. Teatr çökdü, özfəaliyyət teatrına çevrildi. Hətta o vaxt aktyorların çoxu o teatrda işləməyi özlərinə ar bilərək deyirdilər ki, burda işləməkdənsə, Lütfi Məmmədbəyovun dram dərnəyində oynamaq daha şərəflidir.

 

- Əbdül müəllim, anonim məktublarda onun əleyhinə nə yazırdılar ki?

- Guya milli ruhda tamaşalar hazırlayır, rusu qılınclayır, nə bilim, millətçilik edir və s.

 

- O vaxt teatrdan uzaqlaşdırılandan sonra Ədil İsgəndərov indiki ifadəylə desəm, depressiyaya düşdümü?

- Ədil müəllim dərdini, sözünü deməyi qüruruna sığışdırmazdı. O yalnız haqq, ədalət tələb olunan yerdə sözünü cəsarətlə deyərdi. O məqamda Ədil müəllim içində söz saxlamazdı. Amma sonralar görəndə ki, teatr onsuz batır, yenidən işə qaytarılması üçün təkliflər olunmuşdu. Amma Ədil müəllim demişdi ki, qada, mən bəy nəslindən olan İsgəndərin nəvəsiyəm, çıxdığım yerə ikinci dəfə ayaq basmıram. Əgər ora ayaq bassam, orda haqqımda "donos” yazan adamlarla işləsəm, düşərəm onların səviyyəsinə. Ayrı təbiətli insan idi e… İndikilər kimi deyil e, qapıdan qovursan, pəncərədən girir, qürurlarını gündə min dəfə sındırır. Ləyaqət, şəxsiyyət ayrı şeydir e, qızım.

 

Ədil bir dəfə mənə danışdı ki, qada, mən canım bahasına bu teatrı qurub yaratmışam. Mircəfər Bağırov dəfələrlə ona deyibmiş ki, tamaşa pis olsa, başına güllə çaxacağam.

 

- Deyirsiniz ki, Ədil müəllim, teatrdan çıxarılandan sonra bir də ora ayaq basmayacağını deyibmiş. Bəs dünyasını dəyişən aktyorları son mənzilə yola salmağa da getməyibmiş?

- Heç vaxt. Yadımdadır ki, Ələsgər Ələkbərov rəhmətə gedəndə biz tələbələrini yığıb teatrın qarşısına apardı. Tufanlı bir gün idi, soyuqdan tir-tir əsirdik. Kişiyə yalvar-yaxar etdik ki, soyuqdan ölürük, icazə verin, içəri girək. İki saat bizi çöldə saxladı. Dedi ki, mən çıxdığım yerə ikinci dəfə ayaq basmıram. Cənazə teatrdan çıxarılandan sonra çiynini cənazənin altına verdi. Bax o, belə bir şəxsiyyət idi, düşməni ilə də mərdi-mərdanə rəftar edirdi. Hətta bizə belə dedi: "Ələsgər Ələkbərov böyük sənətkardır. Biz sənətkarı son mənzilə elə yola salmalıyıq ki, xalq da onun sənətkar olduğunu bir daha anlasın. Bunu hansı kişi edərdi?”

 

- Maraqlıdır, özü necə, qisas almağı xoşlayırdımı?

- Nə danışırsan, heç vaxt. O böyük kişi idi e, qisas almaq zəiflərin işidir. Onu "Nəsimi” filmində Topal Teymur roluna dəvət etmişdilər. Hətta bütün geyimlər də onun üstünə biçilib tikilmişdi. Çəkilişi yarımçıq qoyub Həsən Seyidbəyliyə dedi ki, bu rolu Yusif Vəliyev oynamalıdır. Seyidbəylinin hətta buna görə Ədil müəllimə acığı da tutdu. Amma bildi ki, Ədil İsgəndərov sözündən dönməyəcək, Yusif Vəliyevi çəkdi. Ədil müəllim sənətkara dəyər verməyi bacarırdı, bu, onun böyüklüyü, alicənablığı idi.

 

- Deyilənə görə, teatrı despot kimi idarə edirmiş?

- Bəli, nizam-intizamı çox sevirdi. Onun məşqlərinə heç kim gecikə bilməzdi. Özü də bağışlasın, ikinci dəfə güzəşt eləsin, onda belə şeylər yox idi. Vay o gündən ki, kimsə onun gözündən düşəydi, həmin adamla ömrünün sonuna qədər danışmazdı. Sözü bir dəfə deyirdi. Ümumiyyətlə, çox zəhmli adam idi, biz onu kinostudiyada görəndə siqareti cibimizdə söndürürdük. Despot ona görə deyirdilər ki, aktyorlarla sərt davranırdı. Özü də haqqına. Tamaşadan sonra aktyorları avtobusla evə göndərirdi. Tamaşadan sonra heç bir aktyorun ixtiyarı çatmazdı ki, çıxıb teatrın qarşısında siqaret çəksin, ya kafedə oturub pivə içsin. Aktyorlar üçün siyahı yazırdı ki, filan aktyora neçə kilo kartof, qənd, çay lazımdır. Sürücünü göndərirdi, bazarlıq edib həmin aktyorların evinə daşıyırdı.

 

- Niyə ki?

- Deyirdi aktyor dükan-bazarda qəpik-quruş söhbəti eləməməlidir, kartof daşımamalıdır, kafedə sərxoşluq etməməlidir, özünə dəyər verməlidir ki, xalq da ona hörmət etsin. Aktyorlara, bəlkə də, elə buna görə hər kəs ulduz kimi baxırdı. Belə adama despot deyərlər?!

 

- Necə ata, həyat yoldaşı idi?

- Mükəmməl. Xanımı Zina rus qızı idi. İpək kimi xasiyyəti vardı. Hətta aktrisalar da onun xasiyyətinə o qədər vurğun idilər ki, onunla rəfiqəlik edirdilər. Deməli, bir dəfə mən onlara qonaq getmişdim. Dəhşətə gəldim, Ədil müəllim nəvəsini qarnı üstə çıxarıb oynadırdı. Özü də əynində mayka. Biz onu həmişə zabitəli görmüşük axı. Dedi ki, qada, gəl içəri, nə donub qalmısan? Mən də çəkinirəm axı ondan. Dedi ki, qada, sən hələ bilməzsən, amma evlənib baba olandan sonra biləcəksən ki, nəvə necə şirin olur. O, ailədə mülayim və həlim adam idi.

 

- Geyim-gecimlə arası necə idi?

- Model kimi geyinirdi. Özü də bir təzə köynək, ya kostyum alan kimi bizə göstərirdi ki, necədir, xoşunuza gəlir? Bir xatirə danışım. Biz Rusiyada Kino Evindən çıxıb qaldığımız "Rossiya” mehmanxanasına getməliydik. Dedi ki, gəlin gəzə-gəzə gedək. Ümumiyyətlə, piyada gəzməyi çox xoşlayırdı. Düşdük Qorki küçəsi ilə aşağı. Hər kəs onu görüb salamlaşırdı. Sən demə, geyiminə-geciminə baxıb, hər kəs onun kino adamı olduğunu düşünübmüş.

 

- Hobbisi, vərdişi vardımı? Məsələn, mən eşitdiyimə görə, Ədil müəllim tamaşanın məşqləri zamanı gözüyumulu olurmuş…

- Tamaşa zalında bir stulu vardı, həmişə düz səhnənin qabağında oturub məşqi izləyərdi, özü də gözüyumulu. Hamı elə bilirdi ki, Ədil müəllim yatıb. Amma bir mizan düzgün oynanılmayanda Ədil müəllim elə gözüyumulu deyirdi ki, qada, düzgün oyna. Fəhmli insan idi, gözünü yumanda, sanki ona vəhy gəlirdi. Belə qəribəlikləri vardı.

 

- Məclis adamı idi? Ümumiyyətlə, yeyib-içməklə arası necə idi?

- Məclisləri sevirdi, özü də kabab xoşlayırdı. Bir dəfə Nalçikdə "Dağlarda döyüş" filminin çəkilişlərinə getmişdik. Dağın döşündə bir süfrə açdırdı. Dedi ki, mən restorana-zada gedən deyiləm, burdan yaxşı bir erkək alıb gətirin. Süfrə açdıq, kabab çəkdik. İçən adam deyildi, aradabir 50 qram konyak içməyi vardı. Biz də hamımız "vuran” adamlarıq, amma qorxumuzdan içki almamışıq ki, Ədil müəllim bizi öldürər. Arif adam idi, oturanda qayıtdı ki, ə, bu kababı dağın döşündə içkisiz yeyəcəyik? Tez qaçdıq içki dalınca. Heç özü içmədi, bizə rahat olsun deyə, "işim var” deyib süfrədən yarımçıq qalxdı. Dönüb arxadan ”bax az için, sərxoşluq etməyin”  dedi. Belə qanan insan idi.

 

- Ölümü qəfil oldu, deyəsən?

- Ürəyindən getdi. Həmişə bizə deyirdi ki, bu ürək nə olan şeydir axı, insanı bir dəqiqənin içində öldürür, amma mən heç ürəyimin yerini də bilmirəm. Amma nə biləydi ki, elə yerini bilmədiyi ürəyi ona naxələf çıxacaq. 1978-ci il idi. Rəhmətlik dünyasını dəyişən gün Moskvadan Brejnev Bakıya gəlmişdi. Elə buna görə də onu təmtəraqla dəfn edən olmadı. Biz tələbələri və bir qrup adam yük maşınında aparıb dəfn etdik.

 

- Əbdül müəllim, nə əcəb elə bir dənə film çəkib. "Əhməd haradadır” filmindən sonra niyə film çəkmədi?

- Əcəl aman verdi ki?

 

- Özü də ən gözəl filmlərdə rol alıb. Maraqlıdır, belə zəhmli, zabitəli adam rejissorlarla hesablaşırdımı?

- Çəkiliş meydançasında tam fərqli adam olurdu. Rejissor nə deyibsə, onu da edib. Kinoya, sənətə vurğun adamlar həmişə belə olub. Ədil İsgəndərov Azərbaycan teatrında və kinosunda ayrıca bir mərhələdir. Sizə təşəkkür edirəm ki, sənətkarları unutmursunuz. Ondan danışdıq, yəqin, ruhu şad oldu. * Fotoları təqdim edirik


 

Cəvahir Səlimqızı

Oxşar xəbərlər