“Ə nə var e, Ələsgər, Ələsgər”…

  • 12 fev 2016, 20:29

"Ə nə var e, Ələsgər, Ələsgər”… "Bəyin oğurlanması” filmindən bu məşhur frazanı xatırlamayan çətin ola. Yəqin indi də sevilən aktyor Ələsgər Məmmədoğlunun səsi qulaqlarınızda cingildədi. 

 

Ağlına da gəlməzdi ki, əcəl kəməndi onu çox erkən, həm də qəfildən yaxalayacaq. Həyatı və sənətini çox sevən sənətkara ölüm çox-çox uzaq görünürdü. Yaşamaq və səhnədə yeni obrazlar yaratmaq arzusu ilə alışıb yanırdı. Amma onu içindən gəmirən amansız xəstəlik gözləmədiyi bir zamanda ömrünü yarımçıq qoydu. Arzularını elə qəlbindəcə məzara apardı. Özündən sonra qoyub getdiyi isə bir-birindən gözəl rolları və acılı-şirinli xatirələr oldu. İndi rolları sevindirdiyi qədər xatirələri kövrəldir sevənlərini. Axı yoxluğu ilə bizi elə də böyük zaman kəsiyi ayırmır.

 

Aktyoru Publika.az-ın "Xatırla məni” layihəsində sənət dostu, xalq artisti Zemfira Nərimanova ilə birgə yad etdik:

 

"Ələsgər bir insan kimi həddən artıq sadə, eyni zamanda, qapalı insan idi. Bir problem onu nə dərəcədə yandırıb-yaxmalı idi ki, o, bu barədə danışsın. Yoxsa ki, hələm-hələm ürəyini açmazdı. Heç vaxt kiminsə xətrinə dəyməzdi. Nəzakətli adam idi. Aktyor kimi də pozitiv və tərəf-müqabilini başa düşən idi. Səhnəni doldurmağı bacarırdı. Heyif ki, bizi erkən tərk etdi. Buna çox təəssüfləndim. Gərək xəstəliyi barədə ona məlumat verilməyəydi. Bəlkə bilməsəydi, daha çox yaşayardı. Yalandan deyirlər ki, xəstəliyini ondan gizlədiblər. Xeyr, bilirdi. Bizim keçmiş direktorumuz İsrafil İsrafilov onu məşhur bir klinikaya müayinəyə göndərmişdi. Xəstəliyini öyrənən kimi təzyiqi qalxıb, halı pisləşib. İnsana necə demək olar ki, səndə bədxassəli şiş var? Belə həkimə nə ad vermək olar? Bunu teatrda hamı bilirdi”.

 

Zemfira Nərimanova Ələsgər Məmmədoğlunun bir sirrini də açdı:

 

"Heç kim bilməsə də, mən bilirdim ki, xəstəlikdən və ölümdən çox qorxur. Bəlkə də, heç vaxt ciddi xəstələnməmişdi. Xəstələnəndə də tez sağalmışdı. Bəlkə də,  buna görə ölümdən qorxurdu. Mən onu kədərlə xatırlayıram. Təəssüf ki, indi o, aramızda yoxdur”.

 

Ötən ilin dekabrında bizlərə vida edən əməkdar artist həyatda olsaydı, bu gün 70 yaşını qeyd edəcəkdi.

 

Xatırladaq ki, Ələsgər Məmmədoğlu Azərbayan teatr və kinosunda maraqlı və bənzərsiz obrazlar yaradıb. Eyni zamanda, televiziyada istehsal olunan "Evləri köndələn yar”, "Yaşıl eynəkli adam”, "Mehmanxana sahibəsi”, "Topal Teymur”, ”Qatarda”, "Alov”da oynadığı rolları ilə də sevilib.

 

Yaradıcı insanlar həmişə yaşayır. Ələsgər Məmmədoğlu da hər zaman yaratdığı obrazlarla yaşayacaq.

 

Cəvahir Səlimqızı

* Fotoları təqdim edirik

Oxşar xəbərlər