Göyün 7-ci qatında mələklərlə görüşdüm – Həmid Herisçi yazır

  • 03 yan 2016, 15:10

Səkkiz qapının açarı 

 


"Hər adamın qismətində göydəndüşmə bir meteorit payı var” iddiasını söylərkən, bilin, mən əsla zarafat etmirəm. Təcrübəm deyir - adamlar arasında eləsi var ki, göydən başına daş düşür, eləsi də var ki, meteorit parçası. Şəxsən mənim başıma daş deyil, meteorit parçası, yəni ay dəmiri düşüb. Necə düşüb, harda düşüb - hə, danışsam, bu özü bir yekə dastandı. Canlı əfsanədir. 

Hövsələniz varsa əgər, mövzu ətrafında öz şirin xatirələrimi sizlə bölüşməyə indi tam hazıram.

***
O gün, yaxşı yadımdadı, mən növbəti teleçəkilişlərlə əlaqədar, əlimdə ağır videokamera, məşhur Maştağa çildağına təşrif gətirmişdim. Videokameranın ağırlığından sol çiynim lap aşağı əyilmişdi. Baxan olsa, deyərdi, indicə yerə toxunacaq. Nəfəsimi də gücnən sinəmə dərirdim. Belə dar məqamda elə qapı ağzındaca ilk möcüzəylə qarşılaşdım. Hava qup-quru olsa da, ətrafa qar, buz parçları səpələnmişdi. Gözlərimi bərəldib ətrafımdakılardan öz lal suallarıma cavab axtardım. Bu vaxt araya əzan səsləri də qarışıb, suallarımı daha da mənalı etdi.

Müştərisiz dükan boşluğundan sızıb gələn ilk cavab, vallah, çox poetik, şairanəydi:

- Qar, ruzi-bərəkət əlamətidi. Rəmzidir. Məqamında, vaxtında gəldiz bizim çıldağa.
Yarıuçuq divara söykənərək mürgüləyən bir başqası bu vaxt dirilib ayağa qalxdı. 
- Düzünü deyin dəəə... İsmayıllının dağ kəndlərindən çildağa naxoş uşaq gətiriblər. Təəccüblənməyin, bu qar, buz parçaları da gəldiklləri "jiquli” avtomaşınının altından düşüb bura. Orada qarlı qışdı. Burda isə sarı payız. Suluddu nədi, bilmirəm, o kəndin adı.
Həəə... İsmayıllının bu uzaq dağ kəndinin adını elə o vaxt ilk dəfə eşidib, bir də unutmadım. Qərara gəldim çəkilişləri bitirdikdən sonra mütləq bu ünvana gedib tədqiqatlarımı orda davam etdirim. Bir də gördüm nardaranlı bağ qonşum Əbdürrəhmanın köhnə "Jiquli”sinə əyləşib dayanmadan tam surətlə Suluda tərəf şığıyırıq.

Deyirəm, Əbdürrəhmanda daş səbri var eyyyy... Yazıq, səfərimizin səbəbini məndən ancaq  yarı yolda, Şamaxı dağlarındaykən soruşdu.

- Byaqdan bəri səndən soruşmağa cürətim çatmır. Nə itiribsən ey bu aşılmaz dağlarda? Niyə gedirik biz bu Sulud kəndinə? 

Əbdürrəhmanın sualı, gecikmiş səslənsə də, öz məntiqi cavabını gözləyirdi məndən. İlk saniyələrdə necə karıxdığımı, necə çaşdığımı indiki kimi xatırlayıram. Əbdürrəhmana deməyə sinəmdə bir söz belə tapmıırdım. Yol kənarında üstlərinə cumduğumuz hindquşları da deyəsən eyni sualı bir başqa cür bizlərə ünvanlayırdı. Axır birtəəhər həm Əbdürrəhmana, həm hindquşlarına cavab qaytardım:

- Gedirik dəəə...

Hindquşları barədə heç nə deyə bilmərəm. Amma Əbdürrəhmanın sükutundan hiss etdim ki, cavabım deyəsən əsla qane edici deyil. 

Qəfil dilimin ucuna özümdən ixtiyarsız bir başqa izah da qondu:

- Gedirik ordan öz meteorit, yəni ay dəmiri payımızı gətirməyə. 

Gecikmiş cavabım, deyəsən bu dəfə Əbdürrəhmanın lap ürəyincə oldu. Köhnə dostum, sükandan bərk yapışıb surəti artırdı.

- Can ey... elə bircə meteorit payım əskik idi yetim həyatımda... Neynək... demək belə lazımdı... Axşama yaxın gəlib çatarıq Suluda. Meteorit payımızı tapmaq qalacaq zil gecəyə. Razısan?

***
Suludun girəcəyindəki qədim divarlara, əyri evlərə xeyli adam söykənib dərin sükuta dalmışdı. Adama elə gəlirdi ki, sakinlər öz kürəklərini o qədim divarlarından ayırsa kənddə labüd faciə baş verəcək. Bütün mafraq evlər, divarlar Allah göstərməsin, öz müvazimətini itirib yerə aşacaqdır.

Sakinlərdən biri kürəyini divarlardan ayırıb ayaq üstə qalxarkən ürəyimdə Allaha dua etdim ki, bizi bu təhlükədən qorusun. Şükür, xəta-bala baş vermədi, divarlar, evlər üstümüzə aşmadı. 

- Kəndimizə xoş gəlibsiz. Qulluğunuzda tam hazırıq.

Kəndin toyuq-cücəsi başını atıb çoxdan yuxuya getmişdi. Kənd zəhmətkeşləri də o cümlədən. Arada qalıb yuxulamayanlar bizim kimi başına sərgüzəşt axtaranlar idi elə bil. Belələrindən biri - sifətindən fırıldaq yağan Saşa, kənd meydanını tən ortadan bölərək yavaşca bizə yaxınlaşdı.  Digərlərinin eşitməyəcəyi  xain səslə bizdən soruşdu:

- Görürəm özümüzküsüz. Deyin, hansı itiniz azıb burda? Niyə bura təşrif gətiribsiz axşamın bu qərib vaxtında?

Meydanın düz ortasındakı nəhəng kalxoz tərəzisindən hiss olunurdu burda çoxdan istifadə etmirdilər. Tərəzini toz-torpaq, zığ palçıq basmışdı. Sovet vaxtı tikilmiş ictimai binaların, - kitabxananın, kolxoz ambarının, - qapılarından heyvərə yekə qıfıllar asılıb paslanırdı. Sonrakı vaxtlar burda cızbızxana, çayxana açmaq cəhdləri də deyəsən heç nəylə, uğursuzluqla nəticələnmişdi. Qısası, kəndi nə vaxtır ki, uğursuzluqlar təqib edirdi. Deyilənə görə, kənddəki yeganə dükandan gecə yarısı nisyə dəftəri oğurlanıb aparıldıqdan sonra, burda ticarətlə daha kimsə məşğul olmaq istəmirdi.

Bakı kəndlərində olduğu kimi, burda da bütün ictimai örüş yerləri bir dəstə acgöz tərəfindən ömürlük qəsb edilmişdi. Camaat qoyun-quzu otarmağa bir qarış azad torpaq-zad  tapa bilmirdi Suludda.

Sakinlər istəyirdilər ki, mən kəndin bütün bu ictimai bəlalarına güzgü tutub mövzunu respublika teleməkanında işıqlandırım. Mən isə, ay dadi-bidad, buna zidd olaraq tamam başqa mövzunu dilimə gətirdim:

- Gəlmişik bura qismətimizdəki meteoriti, yəni ay daşını tapmağa. Rastınıza çıxmayıb ki, təsasdüfən burda belə oxşar daşlar?
Cümləmi bitirincə Saşa əlini var gücüylə dizinə çırpdı.

- Bunların dərdinə bax bir. Neynək...bu da ay daşınız...götürüb aparın. Halal payınız olsun.
Saşanın hədiyyəsini bir göz qırpımında öz ovcumda aşkarlayıb xeyli təəccübləndim. Ovuclarımı tərəzi gözü açıq  tutub orda bu daşın dəqiq çəkisini ölçmək istədim. Tamaşaçılarım az deyildi. Kənd avaralarının bütün diqqəti məndəydi. 

Ovcumdakı meteorit, əldən ələ ötürülüb bütün kəndi başa-baş dolandı. Axır təzədən qayııtdı Saşaya. Daşın təzədən mənə qayıdışı əlavə şərtlə müşayət olundu:

- Gecəni bizdə qalırsız, haaa...yoxsa incəyərəm sizdən... Bir sözümü iki eləməyin.
Gözlərimdə razılıq əlamətini oxuyunca Saşa meteoriti yenidən ovcuma basdı. Sonra bizi kənd kənarındakı evinə bir gecəlik qonaq apardı. Yorğan-döşək taxçadan yerə töküldü. Uşaqlar başımıza yığılıb ovcumdakı meteoritə heyran qaldılar. 

Gecə vaxtı yumşaq yorğan-döşəyə girərkən meteoriti bir müddət ovcumdan kənara buraxmadım. Axır cürətlənib meteoriti balışımın altına etibar edərək möhkəm yuxuladım. Gecə vaxtı əllərimin balış altına girməyi bir-iki dəfə təkrarlanıb axırda sisilə xorultularımla nəticələndi.

Bir Allah bilir o gün mən yuxuda nələr görürdüm... Göyün neçənci qatında hansı məleykələrlə görüşürdüm...
***
Səhər çağı yuxudan qalxanda günəş artıq çox-çox yuxarılarda idi. Eyvana çıxıb ətrafıma bir yaxşı-yaxşı boylandım. Bir də gördüm iki tam fərqli ünvandan iki ağ göyərçin qalxıb göm-göy səmaya pərvazlandı. Bir-birilərinə doğru uçub üfüqün ən uzaq nöqtəsində nəhayət, birləşdilər. Səbr varmış ey məndə - gözlərimi qırpmadan mənzərəni son axır akkordlarına qədər diqqətlə izlədim. 

Yavaş-yavaş qapımıza kəndin bütün avaraları yığılmağa başladı. Belələrindən biri - köynəyinin bir tərəfi şalvarından çıxmış avara, mənə yaxınlaşıb əlimdəki meteoritə baxmaq istədiyini bildirdi. Etiraz etməyib meteoriti ona ötürdüm. 

Hardan biləydim bu əclaf dinc durmayıb meteoritimi qapı ağzındakı sal daşa çırpacaq?
Meteorit hədəfə dəyincə parçlanıb min tikə oldu. Ətrafımdakılar buna bəndmiş kimi bir ağızdan gülməyə, məni dolamağa başladılar. Utandığımdan üz qalmamışdı məndə. Bilmirdim hara qaçıb orda gizlənim. Yadıma düşəndə ki, dünən müqəddəs Quranın 84-cü "Əl İnşikak”, yəni "Parçalanma” surəsini oxumuşam, həəə, əhvalım lap dəyişdi. Eşitmişdim ki, həəə... hamı oxuduğu Quran mövzularını gec-tez nə vaxtsa yaşamağa məhkumdu. Ancaq bunun həyatımda belə tez, sarsıdıcı təzahür edəcəyini, vallah əsla gözləmirdim.

Kəndin it-bat cığırlarından biri bu vaxt sanki dirilib öz reallığını bir zərrə də artırdı. Cığırı təqib edərək gəlib yetişdim qədim kənd məzarlığının vahiməli, qorxunc ucqarına. Başımı əyib ordakı türbələrdən birinin alçaq qapısından qorxa-qorxa içəri daxil oldum. Yandırdığım kibrit çöpünün şöləsi titrəyib daha da alışdı bu an. Gördüm ki, vaxsey, Saşa da burdadır ki...
Gah divardakı kölgəsi mənlə danışır, gah da özü.

- Yaxşı, darıxma. Al, bu da sənin həqiqi möcüzəli daşın. – Saşa, əlindəki ağır amanatı götürüb ovcuma basdı. – Bax, dörd mərtəbəli səkkiz bucaqdı. Otuz iki tini var. Təyinatı mənə dəqiq bəlli deyil bu daşın. Özün fikirləş nədi o. 

Bir an gözlərimə inanmadım. Ovcumdakı sirli daşa baxa-baxa qaldım xeyli.
- Mənə yüz manat ver, halal xoşundu. Uşaqlarla arağ vurmağa gedəcəyik. Tələs.
Həəə... indi Saşanın yoxxxx... mənim həm oynamaq, həm də oyanmaq vaxtımdı.
 Soyuqqanlığımı itirmədən:

- Əlli manat bəsinizdir. Götür get – deyib, susdum. Bildim ki, kənd dükanından ötən il nisyə dəftərini oğurlayanlar da elə bu Saşagilin başıpozuq dəstəsidir.
Saşa əlli manatı əlimdən qamarlayaraq öz vahiməli kölgəsi ilə birgə məni həmişəlik tərk etdi. Döndü şirin xatirəyə.

Sulud kəndi sarı payızın ən kədərli, qüssəli günlərini yaşayırdı. Türbədə qalmağın artıq elə bir mənası qalmamışdı mənimçün. Türbədən çıxarkən gördüm bir dəstə sərçə var səsiylə eşikdə civildəşir. Yaxındakı nar kolunun tikanlı qəfəsindən canlarını qurtarmaq istəyirlər. Sinələri, qanadları al qana boyanıb bulaşıb...
Xilaskar vəzifəsini boynuma götürüb nar budaqlarını astaca araladım. Sərçələrə qoşulub Suluddan ayrıldım.

***
Bakıda dinc dayanmayıb Saşanın səkkiz bucağını əntiqəfiruşların ekspertizasına göndərdim. Aldığım uzun cavabı kiçik ixtisarlarla indi sizin diqqətinizə çatdırmaq istərdim:

"Araşdırdığımız dördqatlı səkkiz bucaq, öz fiziki tərkibinə görə göy cisimləriylə yer filizlərinin mürəkkəb, mükəmməl qarışığından törənmişdir. Çəkisi 165 qramdır. Sıxlığı həddən artıq çoxdur. Bəlkə də bu sıxlıqda bir başqa dəmir əşyaya dünyada rastlamaq mümkün deyil. Əşyanın fiziki tərkibi bir bir yana, həndəsi quruluşu da olduqca maraqlıdır. Belə 32 tinli səkkiz bucaqlar elmdə OKTAQON adlanır. Deyilənə görə oxşar həndəsi fiqura yunan filosofu Əflatun vaxtiylə Misirdə rast gəlmiş və onu öz məşhur "Beş həndəsi fiqur”ları siyahısına daxil edibmiş. Qurani-Kərimdəki cənnətin səkkiz qapısı mövzusu da məhz bu həndəsi fiqurdan qaynaqlanır. Bakının Maştağa qəsəbəsindəki "Səkkiz qapı” ziyarətgahı da hardasa bu mövzuyla əlaqədardır. Nəzərə alın ki, Bakı kəndlərində göyərçinlərçün hazırlanmış su qabları da adətən səkkiz qapılı, səkkiz pəncərəli olur. Azərbaycanın milli rəmzi sayılan səkkiz bucaq ulduzu da bu siyahıya əlavə etmək vacibdir.

Sasani hökmdarı Xosrov Pərvizə məxsus səkkiz xəzinənin açarı, deyilənə görə, oxşar şəkildəymiş. Sonralar Şirvanşahlara əmanət edilmiş bu səkkiz xəzinəni səkkiz xəlvətiyyə şeyxi öz göz bəbəyi kimi qoruyurmuş. Xəzinələr barədə son məlumatlar Şirvanın Sulud kəndindən gəlib. Səkkiz xəzinənin son izləri məhz bu ünvanda itir”...

***
Kimin ağlına gələr ki, mən gör neçə illərdən sonra bu səkkiz qapının, səkkiz xəzinənin açarını Şirvanın Sulud kəndində bir kənd avarasından cəmi əlli manata alacaqdım...
Görürsüz? Təkcə manat deyil indi dəyərdən düşən... Təkcə manat deyil...