Həbs həyatı yaşamış azərbaycanlı müğənnilər

  • 31 okt 2019, 08:24

Siyahıda kimlər var və onlar niyə tutulub?

Xəbər verdiyimiz kimi, oktyabrın 29-da iki il həbsxana həyatı yaşayan tanınmış müğənni Fədayə Laçın, nəhayət, azadlığa qovuşdu. Xatırladaq ki, müğənni və digər şəxslər xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş "Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilmişdilər. Hadisələrin gedişatından məlum olmuşdu ki, sənətçi "Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovla bir neçə il sevgi münasibətlərində olub.

Qeyd edək ki, Fədayə Laçın ilk həbsxana həyatı yaşayan müğənni deyil. Buna qədər bir neçə müğənni müxtəlif səbəblərdən məhbus həyatı yaşayıb. Musavat.com onları təqdim edir.

2015-ci ildə sosial şəbəkələrinin fenomeninə çevrilən, özünü müğənni kimi təqdim edən Maral Tahirqızı gözlənilmədən həbs olunmuşdu. Sonradan məlum oldu ki, müğənni əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunur və buna görə 3 il azadlıqdan məhrum edildi. 2017-ci ilin oktyabr ayında azadlığa çıxan Maral Tahirqızı həbsi ilə bağlı danışarkən hər zaman suçsuz olduğunu deyir. Onu da əlavə edək  ki, bugünlərdə müğənninin avtomobil qəzası keçirdiyi və dünyasını dəyişdiyi barədə məlumatlar yayılmışdı.

Müğənni-bəstəkar Tunar Rəhmanoğlu da 2013-cü il mayın 4-də həbs edilib. Səbəb isə Tunarın avtoşluq etməsi və polisin qanuni tələbinə məhəl qoymaması idi. Belə ki, idarə etdiyi "Mercedes” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan müğənni daha sonra sənədlərini inspektora təqdim etməkdən imtina etdiyi üçün barəsində inzibati tədbir görülməsi üçün şöbəyə aparılmışdı. Məhkəmənin qərarı ilə ona 10 sutka həbs və 1 il müddətinə sürücülük hüququndan da məhrum olunması cəzası verilmişdi. On gün həbs yatan ifaçı azadlığa çıxdıqdan sonra mövzu ilə bağlı mətbuata açıqlama vermək istəməyib.

Reper Elşad Xose (Əliyev) narkotikdən istifadə etdiyi üçün həbs olunub. Belə ki, ifaçı 2010-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və bir müddət həbsxana həyatı yaşayıb.

Bir zamanlar populyar olan müğənni Vüsal Əliyev isə Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Müəyyən müddət Moskvada yaşayan müğənni Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilmişdi. Lakin V.Əliyevin himayəsində 4 azyaşlı uşağın olması nəzərə alınaraq, azadlığa buraxılıb.

Azərbaycanı ilk dəfə "Eurovision-2008" mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə isə dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanılıb. Hadisə 2011-ci il sentyabrın 20-də Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında baş verib. Müğənni bu hadisəyə görə 1 ilə yaxın həbsdə olub.

Mərhum reper Hüseyn Dərya  narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb. Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında dünyasını dəyişib.

Mərhum meyxanaçı Bayram Kürdəxanılı da məhkumluq həyatı yaşayıb. Belə ki, meyxanaçı 2014-cü il iyulun 12-də Sabunçu rayonu Bakıxanov qəsəbəsində, "Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən üstündən 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb. 14 noyabr 2014-cü ildə Sabunçu Rayon Məhkəməsi Bayram Kürdəxanılıya təqsirləndirildiyi maddə üzrə 1 il həbs cəzası verilib. Meyxanaçı  2015-ci ildə həbsdən azad edilib. Lakin azadlığa çıxandan az sonra meyxanaçı faciəli şəkildə dünyasını dəyişib. Məlumata görə, 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot” markalı, 10-PS-782 dövlət seriya nişanlı avtomobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

"Yeni Müsavat”

Oxşar xəbərlər