“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz

  • 13 sen 2019, 15:46
Əslən azərbaycanlı olan dünyaca məşhur müğənni Sami Yusifin "Nəsimi ili” çərçivəsində hazırladığı "Sığmazam” musiqi kompozisiyası youtube-da 700 mindən çox insan tərəfindən bəyənilsə də, ölkəmizdə onunla bağlı fikir birmənalı deyil. Kimi kompozisiyanı həddindən artıq bəyəndiyini yazır, kimisi bəyənmədiyini. Təbii ki, zövqlər mübahisə olunmur, amma biz çalışdıq ki, məsələyə mütəxəssis fikrini öyrənməklə aydınlıq gətirək.
Məsələ ilə bağlı BakuPost-un suallarını cavablandıran bəstəkar, musiqişünas Firudin Allahverdi hesab edir ki, Sami Yusif mahnıya bir qədər bəsit yanaşıb: "Bəlkə də bu, janrın tələbidir. Məsələn, pop janrında mahnıda az not istifadə etmək ola bilər, qəbahət sayılmasın. Yaxud XX əsr klassik musiqisində yaranmış minimalizm üslubunda da az not istifadə etməklə əsər yaratmaq konsepti var. Amma bu zaman deyilməlidi ki, bu popdur, ya da minimalist klassik musiqidi. O zaman müvafiq janrın kriteriyalarına görə bunu müzakirə etmək olar. Təbii, əvvəlcə bunun doğrudan da pop, yaxud klassik musiqi minimalizmi olub-olmamasını müəyyən etmək şərtilə. Amma belə ümumi götürsək musiqi nümunəsi adətən üç ölçü ilə qiymətləndirilir. Bunlar melodiya, harmoniya və aranjmandır.
Bundan başqa polifonik və tembral məsələlərlə də bağlı qiymətləndirmə aparmaq olar, amma məncə, buna heç girişməyək. Melodiyadan başlasaq, mahnının böyük bir hissəsində melodiya bir neçə notdan ibarətdi. Mahnının əvvəlində sözləri çıxartsaq (hansı ki, xor "Məndə sığar iki cahan”la başlayır) diqqətlə fikir versəniz, görərsiniz ki, cəmi iki not var. Bu, musiqiyə, melodiyaya bir az bəsit yanaşmadır. Zatən sonrakı, nisbətən daha çox not istifadə olunan musiqi frazaları da xüsusi orijinallığa görə fərqlənmir.
Sonra gəlir harmoniya. Adətən deyirlər ki, şərq musiqisində harmoniya lazım deyil. Amma ən azından Azərbaycan xalqı Üzeyir Hacıbəyovun timsalında artıq yüz ildən çoxdur ki, öz musiqisinə harmoniya, akkordlar tətbiq edə bilir. Bu baxımdan o mahnıda mən harmoniya eşitmədim. Akkordlar demək olar ki yox idi. Gördüyünüz bütün alətlər demək olar ki, eyni melodiyanı çalırdı. Fikir verin, ordakı alətlər sanki burunaltı mızıldanırlar. O qədər musiqiçi yığılıb ora, amma demək olar ki, heç nə ifa etmirlər. Bu israfdır. O qədər adamı bir yerə yığırsan, amma onlardan istifadə edə bilmirsən.
Yekun olaraq öz şəxsi fikrimi deyim ki, mən bu üç ölçünün heç birini həmin mahnıda görmədim. Mahnını şedevr hesab eləmək olmaz. Amma video görüntülərdən xoşum gəldi. Tənqid edəndə yaxşı tərəfləri də görmək lazımdır. Bəlkə də mən video mütəxəssisi deyiləm deyə xoşuma gəldi, necə ki, konkret bu musiqi nümunəsi musiqi mütəxəssisi olmayanlara xoş gələ bilər. Yəqin ki, bilirsiniz Füzulinin 400 illik yubileyində Cahangir Cahangirov tərəfindən Füzuli kantatası yaranmışdı, amma indi biz belə bir mahnı yaratdıq. Bu həm də bizim ümumiyyətlə, bugünkü cəmiyyətimizin musiqiyə münasibətidir. O sifarişi verənlər də bu xalqın nümayəndəsidir, bu iş onların musiqi ilə bağlı dünyagörüşlərinin təzahürüdür.
Sadə zəhmətkeşlərin bunu kütləvi şəkildə bəyənməsini də bu dediklərimin üstünə gəlsək, bu musiqi nümunəsini cəmiyyətimizin sifarişi hesab edə bilərik.”
Oxşar xəbərlər