Mətanət Əsədovanın sənəti əxlaqı bir də limonlu arağı - Videolar + Fotolar

  • 22 avq 2018, 12:18

Bir neçə gündür ki, Mətanət Əsədova adlı qalmaqallı müğənninin kiçik bir məclisdə kişilərlə araq içməsini, söyüşlərlə müşaiyət olunan ortamda olmasını əks etdirən kadrlar yayımlanıb. Bu videonun müzakirəsi və səs-küyü isə gözlənilmədən çox böyük əks-səda verib. İnsanların əksəriyyəti xanım müğənninin hərəkətlərini qınayıb, ünvanına xoş olmayan kommentlər yazıb.

Bəzən efirlərdən xalqa əxlaq normaları sərgiləməyə cəsarət edən, özünün muğam ifaçılığını tərifləyən Mətanət Əsədovanın bu durumda "yaxalanması" onu sərt tənqidlərə hədəf edə bilib. Ancaq olayın başqa tərəfləri də var ki, cəmiyyətin Mətanət Əsədova kimilərinə qarşı nifrətini, ictimai qınağını daha da artırır...


Qalmaqala səbəb olan video yayıldıqdan sonra, bir-iki həmkarı (dostları) müğənnini müdafiə etməyə uğursuz cəhdlər göstərib. Bunlardan Nadir Qafarzadənin məntiqsiz şərhi, aşıq Namiqin videonu yayana qarşı "..bu videonu yayan şərəfsizdir, onu bıçaqlayaram.." deməsi, aparıcı Tolikin isə əzilib-büzülərək lap əttökənlik etməsi və verilişində Əsədovanın qeyri-etik danışıqlarına meydan verməsi yaddaqalan təəssüf hissi doğurub. Hətta, Mətanət Əsədova özündən çıxaraq Xəzər TV-nin "Hər şey daxil" verilişində aparıcı Sərxan Kərimoğlunu "nakişi" adlandıraraq öz tərbiyəsinə uyğun ağır ifadələrlə təhqir də edib.

Bunlardan daha dəhşətlisi, tanınmış kişi müğənnisi Manaf Ağayevin xanım həmkarını kriminal razborka səviyyəsində müdafiə etməsidir. Nəticədə, bir şəhid anasının adının olayda çəkilməsi, həmin videonu yaydığına görə oğlunun adından Mətanətdən üzr istəməyə məcbur olması acı təəssüf doğurur. Manaf Ağayevin M.Əsədovanın cəmiyyətə aşıladığı hansı qadınlıq dəyərlərini müdafiə etməsi də başadüşülən deyil. 

Biabırçılığın demək olar ki, pik həddindəyik. İstər televiziya və istər digər media strukturları belə olaylardan cəmiyyətə müsbət örnəklər, tərbiyyəvi impulslar  ötürə bilmir. Əksinə, aparıcı telekanallar başda olmaqla, əksər internet KİV-ləri də bu cür tərbiyyəsiz olayların baiskarlarının mövqeyini "təbliğ" etməklə tərsi iş görür, mətanətkimilərə az qala bəraət qazandırmağa çalışmaqla cəmiyyətə əsəb-stress yaşadırlar. Xüsusilə televiziyalarda şou-biznes nümayəndələrinin lüzumsuz diqtələrini tirajlamaq, onları mental dəyərlərimizin və ya mədəni irsimizin "nümunəvi qəhrəmanları" kimi təqdim etmək adiləşib artıq. Axı bu olduqca təhlükəli tendensiyadır... 

Az-çox müğənnilik qabiliyyəti və uğurları olsa da, Mətanət Əsədova cəmiyyət tərəfindən nümunəvi qadın olaraq qəbul edilmir. Heç o, özü də, şəxsi davranışları, geyimi, danışığı və səhnə mədəniyyətində yaxşı olmağa cəhd etməyib. Müğənninin bir neçə mahnı repertuarı istisna, heç uğurlu muğam ifaçısı kimi də qəbul edilmir.

 

Təsadüfi deyil ki, videoda limon suyu içdiyini deyən Mətanət Əsədovanı şərqdə ilk araq içən müğənni kimi də tənqid ediblər.

Heç kəsə o da sirr deyil ki, adıçəkilən Azərbaycan şou-biznesində qalmaqalları olan xanım kimi tanınıb. Müğənni gah sinəsiaçıq paltarları ilə, gah fiqurası ilə, gah da kimlərləsə dalaşdığına görə gündəmə gəlib. Heç bir qalmaqalında əxlaqi, mədəni dəyər daşıyan elementə rast gəlinməyib. Adamın bədən fiqurasının efirdə müzakirəsi, Cennifer Lopezə bənzədilməsi onu dəfələrlə xoşhal edib.



 

 

 

İndiki məqamda bir-birlərinə düşmən olan Sərxan və Mətanətin efirdə öpüş səhnələri də tərbiyyəvi məsələdən xeyli uzaqda olub!...

Sonda, onu deyim ki, səsindən-avazından, titullarından asılı olmayaraq, ən məşhur müğənnilər də cəmiyyətdə əxlaqlı davranışları ilə nümunə olmağa borcludurlar. Əgər qadındırsa ismətini, ləyaqətini qorumaq birinci gəlir. Əks halda, yanında olanlar ona hörmət etməyib söyüşlər söyəcək, yüngül əxlaqlı qadınlar kimi də davranacaqlar.

Nə yazıq ki, Mətanət Əsədovanın araq içməsinə, söyüşlərlə sağlıq deyilən yerdə muğam oxumasına da şahid olduq. Nə yazıq ki, bu cür hadisənin televiziyalar səviyyəsində bayağı aparıcılar tərəfindən xüsusi müzakirəsində belə ictimai əxlaqa zidd forma və məzmunu seyr etdik.

Özünü və sənətini hörmətdən salan şou-biznes adamlarının və səviyyəsiz aparıcıların üzünə telekanalların qapısını bağlamağın zamanı məncə çoxdan yetişib. Çünki, bizim cəmiyyətə nə Mətanət kimi müğənni, nə də Tolik və ya Sərxan kimi aparıcılar lazım deyil..

Osman Nərimanoğlu

Qalmaqala səbəb olan videonu təqdim edirik:

Demokratik.Az   

Oxşar xəbərlər