Lütfiyar İmanovun məzarı ziyarət olunub

  • 17 apr 2018, 18:33

Fəxri Xiyabanda xalq artisti, görkəmli opera müğənnisi Lütfiyar İmanovun məzarı ziyarət olunub.

 




APA
-nın məlumatına görə, mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq artisti Siyavuş Kərimi, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Ədalət Vəliyev Lütfiyar İmanovun sənət fəaliyyətindən danışıb, onu milli musiqimizin inkişafında müstəsna xidmətləri olan sənətkar kimi xarakterizə edib. Ə. Vəliyev bildirib ki, Lütfiyar İmanov bütün fəaliyyəti boyu Azərbaycan musiqisini dünyada təbliğ edib, bayrağımızı ucalara qaldırıb: "Lütfiyar müəllim opera fəaliyyəti ilə yanaşı, həm də ictimai-siyasi fəaliyyətini də davam etdirib. O, Azərbaycan SSRİ Ali Sovetinin deputatı kimi fəaliyyət göstərib. 1987-1991-ci illərdə Akademik Opera və Balet Teatrının direktoru vəzifəsində çalışıb. Xarici ölkələrdə, xüsusən Türkiyədə dərs deyib. Lütfiyar İmanov son dərəcə təvazökar və doğru-düzgün insan, gözəl ailə sahibi idi. Bunu Lütfiyar müəllimi uzun illər tanıyan şəxs kimi deyirəm. Onun əməyi, zəhməti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib”.

Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətov Lütfiyar İmanovun səhnə fəaliyyətini yeni dövr kimi dəyərləndirib: "Dahi Bülbüldən sonra Koroğlu operasını ifa etmək üçün demək olar, ifaçı tapılmırdı. Lütfiyar İmanov səhnəyə gəlişi ilə bizim səhnəni böyütdü, onun miqyasını genişləndirdi. Lütfiyar İmanov gözəl opera müğənnisi olmaqla yanaşı, yaxşı müəllim idi. Bütün SSRİ məkanında konsertlərlə çıxış etmişdi, böyük rəğbət qazanmışdı. Xoşbəxtlikdən həmin konsertlərin bir neçəsində mən də iştirak etmişəm”

Xalq artistləri Siyavuş Kərimi Lütfiyar İmanovla bağlı xatirələrini bölüşüb, onun səhnə fəaliyyəti haqqında danışıb.

Sonda ailə adından çıxış edən sənətkarın oğlu Rauf İmanov atasının xatirəsinə göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib.

 
Oxşar xəbərlər