Xalq artistlərinin “şortik qalmaqalı”“ pik səviyyədə - barışacaqlarmı?

  • 11 apr 2018, 09:38

Onların "şortik qalmaqalı” səngimir

Aprelin 10-da Bakı Apelyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.  Report.az saytının verdiyi məlumata görə, hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.

"Neçə dəfə bu məsələni qaldırdım ki, qalmaqala nöqtə qoyulsun. Məleykə Əsədova isə ”kor" inadından əl çəkmək istəmir". Bu sözləri məsələ ilə bağlı xalq artisti Ramiz Məlik "Yeni Müsavat”a açıqlamasında bildirib. Xalq artisti həmkarını barışığa səsləyib:

"Apelyasiya Məhkəməsinin həyətində barışıq stulu var, mən onu həmin stula dəvət edirəm, gəlsin otursun orada. Axı nə vaxta qədər bu adam ”kor" inadından əl çəkməyəcək? Müharibə istəyir? Yaxşı qoy olsun, onda daha kəskin olacaq. Mən bu məsələni səngitmək istəyirəm. Amma bu adam özündən çox müştəbeh, çox razıdır. Ona elə gəlir ki, ondan istedadlısı, gözəli yoxdur".

Xalq artisti bu məsələdə günahsız olduğunu da qeyd edib: "Axı mən nə demişəm? Əksinə, mən onu təhqirlərdən, qınaqlardan qorumaq üçün o sözləri demişdim. Yəni böyüklük edib, məsləhət etmişdim. O isə evimizə zəng edərək mənim ailəmi, qızlarımı, nəvələrimi təhqir edib. Deyib ki, mən it kimi sürünərək, onun ata-anasının qəbrinin üstünə gedib, üzr istəyim. Məgər bu, mənə, 75 yaşlı xalq artistinə qarşı təhqir deyil?"

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdığını söyləyib. Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.

Qərardan narazı qalan hər iki tərəf apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Oxşar xəbərlər