TV-lərdə evlilik proqramları lazımdırmı?

  • 01 may 2017, 09:32

Ekspertlər izdivac verilişlərinin əleyhinə deyillər, ancaq...

Bu günlərdə Türkiyə televiziyalarında efirə verilən evlilik proqramları yasaqlanıb. Bu barədə ölkənin Radio-Televizyon Üst Qurumu qərar verib. Qərar rəsmi qəzetdə açıqlanıb.

Türkiyə mətbuatında yayılan məlumata görə, televiziyalarda nümayiş etdirilən evlilik proqramlarının gənc nəslin təlim-tərbiyəsinə mənfi təsiri barədə RTÜK-ə saysız-hesabsız şikayətlər daxil olub və bu uzun müddətdir ki, müzakirə olunurdu. Hətta bildirilirdi ki, bu cür verilişlər əslində qurama, şou olub, iştirakçılar isə sadəcə rol oynayırmış. Bu haqda dəfələrlə mətbuatda tənqidi materiallar dərc olunurdu.

Onu da vurğulayaq ki, Türkiyədəki evlilik proqramlarına çoxsaylı azərbaycanlı namizədlər də qatılırdı. Onların arasında xalq artisti Rafael Dadaşovun keçmiş xanımı, aktrisa Sədaqət Dadaşova da var idi.

Xatırladaq ki, bir neçə il öncə Azərbaycanda da bu cür evlilik proqramları yayımlanıb. Bunlar - ATV kanalında Zaur Baxşəliyevin aparıcılığı ilə yayımlanan "Onun yarısı” və bağlanmış ANS kanalında Elgiz Əkbərlə Ulvira Qarayevanın aparıcılıq etdiyi "Toy olsun” proqramları idi. Adı çəkilən verilişlər yayımlandığı andan həm ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Həm ekspertlər, həm də ictimaiyyətin ayrı-ayrı nümayəndələri bu kimi verilişlərin cəmiyyətimizin parametrlərinə uyğun gəlmədiyini, milli-adət ənənələrimizə yad olduğunu bildirir, etiraz edirdilər.

Türkiyə və Rusiya kanallarında yayımlanan proqramlarında olduğu kimi ölkəmizdəki izdivac proqramlarında da hər gün evlənmək istəyən oğlan və qızlar, hətta yaşlı insanlar canlı yayıma çıxır, özlərinə uyğun adam axtardıqlarını bildirirdilər. Əvvəlcə telefonla, daha sonra pərdənin arxasından özlərini tanıdıb xasiyyətlərini bildirir, uyğun gəldikdə evlənirdilər. Lakin yayılan şayiələrə görə bu üsulla evlənən cütlüklərin böyük əksəriyyəti heç bir ay keçməmiş ayrılırmışlar.

Beləliklə, verilişlərə qarşı əvvəlcə sosial şəbəkələrdə, daha sonra isə ziyalılar, alimlər, ekspertlər səviyyəsində sərt ittihamlar səslənməyə başladı. Nəticədə ölkəmizdə yayımlanan hər iki izdivac proqramı bağlanıldı. Lakin bu proqramların bağlanılmasına qarşı gələnlər də oldu. Bəziləri qeyd edirdi ki, bu proqramlar vasitəsi ilə tənha insanlar birləşir, həyatını yenidən qurmaqda çətinlik çəkənlərə kömək edirdi.

Maraqlıdır, bu cür izdivac proqramları cəmiyyətə lazımdırmı? Sosioloq Əhməd Qəşəmoğlu izdivac proqramlarının bağlanmasına müsbət yanaşdığını qeyd etdi: "Bu cür ideyaların özü pis deyil, amma hansı şəkildə Azərbaycanda, Türkiyədə hazırlanırdı, doğrudan da tənqid olunası idi. Mən bu cür proqramların bağlanmasına müsbət baxıram. Çünki bir dəfə mən ekspert də olaraq, təhlil baxımından bu verilişlərə baxdım ki, nə cürdür. Hiss olunurdu ki, bir neçəsindən şou düzəldilirdi, insanları əsəbləşdirirdilər. Digər tərəfdən də hər kəs bilirdi ki, ora bazar deyildi, sanki bazara təzə mal çıxarıblar və alıcı axtarırlar. Yəni bu cür şoularla, münasibət qurmaqla qurulacaq ailələrin az bir faizi xoşbəxt ola bilər. Onun əvəzində bəlkə də dediyim kimi, cəmiyyətdə belə bir tələbat, ehtiyac varsa bu barədə başqa şəkildə işlər görülməlidir. Məsələn, hansısa klublar olmalıdır, orada məşğələlər keçirilməli, müxtəlif insanları bura cəlb etməlidirlər. Birbaşa özü gələcəkdə ailə quracağı insanı tapa bilməyən şəxslərin bu cür klublarda, mərasimlərdə tanış olması fikrimcə daha effektli ola bilər. Nəinki, kimisə ora çıxardıb qoyurlar, sanki bazar münasibətləri ilə ona müştəri axtarırlar. Bu baxımdan həmin proqramların bağlanılmasını normal qarşılayıram”.

Psixoloq Vəfa Rəşidova isə evlilik proqramlarının əhəmiyyətindən danışdı: "Ən önəmli məqam odur ki, hər insan rahatlıqla ailə qura bilmir. Bunun yaxşı tərəflərini də düşünmək lazımdır. Doğrudur, evlilik proqramlarında ifrata varan məqamlar var idi, insanlar bundan sui-istifadə, başqa şəkildə istifadə etməyə çalışırdı. Lakin insanlar var ki, onların evlənməsi rahat şəkildə olmaya bilər. Kimsə münasibət, ailə həyatı qurmağa çətinlik çəkir. Beləliklə də bu cür izdivac proqramları hansısa insanlara bir istiqamət verə bilmişdi. Bu da fərddən asılıdır. Bir məqam da var ki, tamaşaçı həmin evlilik proqramına hansı tərəfdən yanaşır, hansı nümunəni götürür, bu da fərdi məsələdir. Mən demirəm k, izdivac proqramları olmalıdır, amma əleyhinə də deyiləm. Bəzi gənclər hansısa seriala baxıb oradan elə bir gözəl nümunələr götürürlər ki, amma bəzisi də oradakı ən neqativ nümunələri götürməyə çalışırlar. Evlilik proqramları da bu cürdür. Evindən əyləşib evlilik proqramına baxan insan əgər məntiqli, dərrakəli insandırsa, oradan yaxşı nümunə götürəcək. Amma elə insan var ki, yalnız neqativ nümunələri götürür, sonra da bunun səbəbini proqramların üstünə atır. Heç bir proqram insan təsir edə bilməz, əgər insanın iradəsi möhkəmdirsə. Qeyd edim ki, evlilik proqramlarında xeyli sayda yaşılı insan ailə həyatı qurub və indiyə qədər də xoşbəxtdirlər, ailəlidirlər. Onlar doğru seçim edib, doğru istiqamət alıb, nəticəsi də yaxşı olub. Amma insan var ki, evlilik proqramına gedib konsert çıxardır, etmədikləri qalmırdı. Bir daha qeyd edirəm ki, bu məsələ fərdin dəyərlərinə, xarakterinə bağlıdır”.


Xalidə GƏRAY

Oxşar xəbərlər