Gəncədə "Bay Dönər"də erməniləşən musiqi

  • 24 fev 2017, 18:00

Gəlin etiraf edək ki,biz unutqanıq.
Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində bu fikirləri söyləməyimə görə kimlərsə məni qınaya da bilər. Amma niyə də ki,qınasınlar..Gəncə heç də istisna deyil bu olayla bağlı.(unutqanlıqda-red)
Sözümün canı var və onu deməliyəm.
Dünən Gəncənin Mirzə Abbas Abbaszadə küçəsində yerləşən təxminən "Frans" bərbər salonu ilə üzbəüz kafedə şahidi olduğum faktı dilə gətirmək belə istəməzdim. Lakin bu xırda epizodun üstündən sükutla keçmək mümkün deyildi. Mədəni və təmiz yeməkxananın sahibi mədəniyyətsizcəsinə, (təhqir yazmaq istəməzdim? hərçənd o,..) sanki heç nə baş verməmiş kimi müştərilərə erməni dilində Azərbaycan xalq mahnısı "Bu qala daşlı qala"-nı təqdim edirdi. Bəla burasındadır ki, bu mənzərəni seyr edənlərin içərisində həkim,əsasən müəlimlər və ordumuzun zabitləri də var idi...
Ani bir məqamda sanki ürəyimə bir bıçaq sancdılar,yenə də səbrimi basaraq bir neçə saniyə ərzində yeməkxana əhlini nəzərdən keçirdim.Hər kəs öz işində idi,necə deyərlər,qarın ac olan yerdə kimsəni musiqinin hansı dildə ifası heç düşündürmürdü də..Kimlərdəsə biganəliyi də açıq-aşkar gördüm.Onların içərisində ziyalı təbəqəyə məxsus insanlar da var idi.Bir sözlə,nə edəcəyimə təcili qərar verməliydim və bu minvalla administratoru özümdən asılı olmayan bağırtı ilə yanıma çağırdım.Heç istəməzdim yeyib-içənlərin keyfinə zəhər qatım və diqqəti özümə cəlb edim. Amma Xocalı.., günahsız xocalılar.. 1992-ci ilin şaxtalı-qarlı günləri gözlərim önünə gəldi, o qədər sarsıldım ki..
Əlqərəz, musiqi dayandırıldı, üzr istənildi və günahı da məsuliyyətsiz işçilərin və musiqini təqdim edən "nootbukun" üzərinə atıldı..
Qanıqara və əsəbi halda iş yerinə qayıtdım və uzun müddət fikirlər məni rahat buraxmadı. Bir daha əmin oldum ki, insanlarmızda unutqanlıq var, hələ çoxlarımıza erməni cəlladlarının ötən əsrin əvvəllərindən bəri xalqımızın başına gətirdiyi müsibətlər çatmır ki, çatmır. Təəssüf, çox təəssüf!
"Bay dönər" adlı kafeni qaralayaraq arzuolunmaz yeməkxanalar siyahısına saldım və heç şübhə etmirəm ki, hələki "Bay dönər" kimi Azərbaycanda bu cür onlarla kafe və bəlkə də restoranlar da var.
Nəticə isə birmənalıdır: təbliğat və təşviq işi gücləndirilməli, yeri gəlsə qanunvericilikdə də bəzi dəyişikliklər edilməlidir.
Əks təqdirdə millətimizin qanını tökmüş qatı və qatil düşmənimizə biganə yanaşanlar elə biganə də qalacaqlar və bu dünyadan o dünyaya dost-düşmənini tanımamış köçəcəklər.
Xocalı tək Azərbaycanın yox,bütün dünyanın faciəsidir və bu dərdə şərik olanlar ədalət carçıları,susanlar isə unutqandırlar.Başqa söz tapmaq olmur.

Maarif Rzayev

 

Demokratik.Az

Oxşar xəbərlər