"Cinlərlə intim əlaqədə oluram..."

  • 07 fev 2017, 22:09
Vüsal adlı pasientim (ad şərtidir) mənə müraciət etdi ki, qəribə bir hadisə ilə rastlaşmışam, çox əziyyət çəkirəm, mənə kömək edə bilərsinizmi? Dedim nə məsələdir? Dedi bir qadın cin mənə ilişib, göz verib, işıq vermir.  Daim yanımda gəzir, gecələr də mənimlə yatır, cinsi əlaqədə oluruq. Yanımda gəzdiyini məndən başqa heç kəs görmür. Mağazaya gedəndə mənə deyir nə istəyirsən götür, pul vermə, satıcıya de ki, ödədim, o da təsdiq edəcək ki, ödəmisən; istəsən pulun qalığını da istəyə bilərsən. Mən bunun doğruluğunu dəfələrlə yoxladım: cin yanımda olarkən, siqaret alıb, satıcıya pul vermədən dedim ki, əllilik vermişdim, pulun qalığını qaytar. O da siqaretin pulunu "çıxıb", "qalığını” qaytardı. Amma sonralar bu halları təkrar etməyə vicdanım yol vermədi. Gecələr məni çox yorduğuna və insan qadınlara qısqandığına görə ondan aralanmaq istəyirəm, bacarmıram, mənə kömək edin. 

Dedim o cin qadın müğənni filankəsə bənzəyirmi? (Müəyyən səbəblərdən müğənninin adını çəkmirəm.) Dedi haradan bildiniz, yoxsa siz də görmüsüz? Dedim yox, səndən qabaq da birinə ilişmişdi; həmin adam cinin bütün əlamətlərini təsvir etdikdən sonra dedi kopya müğənni filankəsə oxşayır. Ondan yadımda qalmışdı. Gördüm sənin sadaladığın əlamətlərlə onun dedikləri üst-üstə düşür...

Nə isə, bi neçə seansdan sonra qadın cin bir də Vüsalı narahat etmədi. Vüsal onu da deyirdi ki, qadın cin məni həyatdakı insan qadınlara qısqanırdı. Yəni, oğlan hansı qızla tanış olurmuşsa, cin gedib ona toxunurmuş, həmin qızlar ya ağır xəstəliyə düçar olurmuşlar, ya da başlarına pis işlər gəlirmiş... Ona görə də oğlan daha heç bir qıza yaxın durmaq istəmirmiş ki, qızlar bədbəxt olmasınlar.
 
Yeri gəlmişkən, buna bənzər bir hadisə ilə,  rayonların birində tədqiqat apararkən rastlaşmışdım. Qonaq qaldığım evdə ailənin gənc qıznı 20 ildən artıqdır ki, cinlər qaranlıq otaqda əsarətdə saxlayırlar.  Bu müddətdə heç kəslə təmasda olmağına icazə vermirlər.  Ailə elə bilir ki, qıza vergi verirlər və nə vaxtsa, o xüsusi qabiliyyətə sahib olub, pul qazanacaq... Amma mən orada qonaq olarkən, qızın yatdığı qonşu otaqda nəyin baş verdiyini başa düşdüm və qızın halına ürəyim ağrıdı. Müqayisə üçün deyim ki, erməni əsirliyində olmaq, cinlərin əsarətində olmaqdan daha şükürlüdür...

Bir vacib və gizli məqama da diqqətinizi cəlb edim ki, falçılıqla (qara magiya ilə) məşğul olanların hamısının yolu bu cür "əsirlikdən” keçir. Sonra təmasda olduqları imansız cinlər onlara zaman-zaman informasiya ötürürlər. Onlar da həmin informasiyaları gələn pasiyentlərə  ötürməklə pul qazanırlar. 

Onu da deyim ki, onların verdikləri informasiyaların bəziləri  düz olur (kartla, kofeylə, şamla baxan "şeytan”lar da belədir). Çünki, "Quran”da buyrulduğu kimi, şeytan insanları hər yerdə görə bilir və gördüklərini də əsarətdə saxladığı maqa xəbər verir... Bütün bunlar "İnək” surəsinin 102-103-cü ayələrində geniş izah olunduğundan bu barədə çox danışmıram.

Psixoloq olaraq müşahidələrimiz göstərir ki, bu gün cəmiyyətin böyük əksəriyyəti neqativ təsirdən  əziyyət çəkirlər. Ən maraqlısı da budur ki, bu işlərin (fitnə-fəsadların) çoxusunun törədicisi qadınlardır. Onlar bunu bəzən bilərəkdən edirlər və elə bilirlər ki, xoş bir missiya həyta keçirirlər. Belə ki, onlar xoşladıqları bir kişi ilə münasibət qurmaq istədikdə, bunu birbaşa kişiyə deməkdənsə, gedib cadugərə (maqa) deyirlər. O da öz növbəsində bu işin onunçun heç bir problem olmamasını, hər şeyi həll edəcəyini deyir. Və "gərəkəni yapır".  Elə bütün bəlalar da bundan sonra baş verir. 

Soruşacaqsınız ki, nə baş verir?
O baş verir ki, kişinin həyatında bütün işlər düyünə düşür: maddiyyatı azalır (və yaxud kəsilir), immuniteti zəifləyir və nəticədə tez-tez səhhəti pozulur, məhəbbət hissin itirir (əks cinsə həvəsi olmur), həyat eşqi, yaşamaq həvəsi olmur, yuxuda diksinmələr, fobiyalar müşahidə edilir,  qəmgin olur, özünə qapanır və s. Nəticədə, bu tilsimi elətdirən qadının bütün gözləntiləri boşa çıxır. Əvvəllər həmin kişi ilə arada bir kofe içirdilərsə, bundan sonra o da olmur. Çünki, kişidə o qədər problem yaranır, ən əsası da bütün qadınlara qarşı həvəsi elə ölür ki, nəinki, başqa qadınlarla, heç evdəki qadını ilə də normal münasibət qura bilmir.

Ona görə də psixoloq olaraq qadınlara məsləhət görərdim ki, hansısa kişidən xoşları gələndə ona eşq elan etməyi vacib bilirlərsə, bunu birbaşa etsinlər. Hansısa maqın (görücünün, falçının) vasitəçiliyindən heç vaxt istifadə etməsinlər. Bu, qanmaz uşağı kiritmək üçün əlinə qranat verməyə bənzəyir. Gec-tez həmin qranat patlayıb fəsad törədən kimi, magiya da insan həyatına daim neqativ enerji ötürdüyündən gec-tez müxtəlif fəsadlar törədir. 
Həm də insanın etdikləri bir gün bumeranq kimi mütləq qarşısına çıxır. Odur ki, gözəl əməllərlə məşul olağın ki, qarşımıza da həmişə xeyir çıxsın!

"İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir”. "İmran ailəsi” surəsi,  104.


Paşa Yaqub – psixoterapevt
Oxşar xəbərlər