KÖHNƏ ŞƏKİL, KÖHNƏ XATİRƏ

  • 20 yan 2017, 09:59

Bu şəkil 21 il bundan əvvəl yanvarın 22-də çəkilib. Həmin gün 20 Yanvar şəhidləri Dağüstü Parkda dəfn olunurdu. Şəkildə ön planda AXC rəhbərlərindən İsa Qəmbərdir, tribunada çıxış edən isə Şeyxülislam Allahşükür Paşazadədir. Digər görünənlər hərəkat fəallarıdır.

21 il öncə vəziyyət belə idi: qırğın törədənlər cinayət əməllərinin ağırlığından, yüz minlərlə insanın dəfn mərasiminə gəlməsindən xofa düşərək müşahidə mövqeyinə çəkilmişdilər. 
Şeyx və bütün xalq onları - qatilləri lənətləyirdi. Mərkəzi televiziyanın xəbərlər proqramında da etiraf olunurdu ki, işğala məruz qalmış Bakıda artıq vəziyyətə AXC nəzarət edir. 
Maraqlı idi: sovet ordusu AXC-nin qarşısını almaq üçün qırğın törətmişdi, amma real hakimiyyət müxalifətin əlinə keçmişdi.
Ancaq bu, zahiri görüntü idi. Əslində qırğının miqyasından şoka düşmüş və istər-istəməz xalqın tərəfini tutmağa məcbur olmuş kommunistlər aranın sakitləşməyini gözləyirdilər ki, "həyat davam edir” desinlər. 
Qırğından bir neçə gün öncə xalqı silahlı müqavimətə çağıranlar da ortada yox idi: biri Moskvada tutulmuşdu, biri İrana qaçmışdı, o biri gizlənirdi. 
Meydanda AXC-nin mötədil qanadı qalmışdı. Onları təmsil edənlər həm dəfn mərasiminə rəhbərlik etməliydilər, həm də parlamentdə 20 Yanvar qırğınını pisləyən qərarın qəbuluna nail olmalıydılar.
Həmin gün AXC rəhbərliyi buna nail oldu. Parlamentin sədri Elmira Qafarova parlamentin təcavüz faktını pisləyən qətnaməsini oxuyaraq Moskvanı şoka saldı. 
Bu, qırğına siyasi qiymətin verilməsi idi. Düzdür, hazırda deyirlər ki, guya 20 Yanvar faciəsinə siyasi qiymət 1994-cü ildə verilib, amma həqiqət bundan ibarətdir ki, 1994-cü ildə Azərbaycan parlamentində qəbul edilən sənəd birincidən zəifdir. Sadəcə, ikincidə qırğının əsas məsuliyyət daşıyanlarından biri kimi adı çəkilən Yevgeni Primakovun adı sənəddən çıxarıldı (1994-cü ildə Primakov Rusiyanın rəhbərlərindən biri idi).
O illərdən indi bu cür şəkillər və acı xatirələr qalıb. 
Bir çox nankor, ədalətsiz, haqsız insanlar da o illərdən keçib gəliblər. Bu gün onlar həyatını xalqın azadlığına həsr etmiş insanların nəinki barmağını, hətta qol-qabırğasını belə qırmağa hazırdırlar. 
O barmaqlar bu ölkənin müstəqil olması üçün neçə-neçə sənədə, qərara imza atıb. O yumruqlar sovet-rus qoşunlarının tankı-topu, süngüsü qarşısında çox düyülüb. Ancaq bu gün ölkəyə rəhbərlik edənlər sırf siyasi konyukturaya görə hərəkat liderlərinin tarixi xidmətini danır, onları düşmən gözündə görür, adicə təminatlı yaşamalarına belə mane olurlar.
"İstiqlal” ordeninin istiqlalımıza qarşı olan insanlara verildiyi bir dövrdə, yəqin ki, belə olmalıdır.
22 yanvar 1990-cı il. İsa Qəmbər və cəbhəçilər şəhidlərin dəfnindədir. Bəs hazırda ciblərində müxtəlif saxta mandatlar gəzdirərək dil-dil ötənlər xatırlasınlar, görək, o zaman onlar harda idilər.

X.Kazımlı

Oxşar xəbərlər