Nifaq toxumunun səpinçiləri

  • 03 yan 2017, 12:48
Yeniyetmə vaxtımız idi, yaş 14-15 (İl 1979-80). "Kəndin altı” adlandırdığımız boş, futbol oynamaq üçün əlverişli sahədə qonşu məhəllənin uşaqları ilə ənənəvi yarış keçirirdik, futbol oynayırdıq. Bir neçə saat fasiləsiz oynamışdıq, nəfəsimiz kəsilmişdi, oturub dincəlirdik, bir azdan yenidən başlayacaqdıq. Birdən məhəllə uşaqlarından biri əlində beş-altı vərəqlə bizə yaxınlaşdı və hərəmizə birini verdi.

12 vərəqli məktəbli dəftərindən cırılmış kağız parçalarında 9-10sətirlik bir mətn yazılmışdı, mənasını, məzmununu bir türlü anlamadıq. Səfsəfəydi. Cəmi bir ifadəsi yadımda qalıb: "Əzbi bilmir, Həsən bilsin...”.

Mətnin qısaca özətibeləydi, insanlar Allaha ibadətə, imamlardan qorxmağa çağrılırdı və bu kağızı alanlar amansızcasına hədələnirdi ki, əgər kimsə onun üzünü köçürüb yeddi adama verməsə, əzizləri ard-arda qırılacaq.

Bu kağızı gətirib bizə paylayan yaşıdımız da, güman ki, əzizlərinin qırılmasının qarşısını almaq üçün belə bir addım atmışdı və bu hərəkəti ilə bizi məcburiyyət qarşısında qoymuşdu, biz də mirzəlik etməliydik.

Evə gəldik, kağızı böyüklərə göstərdik, "boş şeydir” deyənlər də oldu, ciddiyə alanlar da. Mən o kağızın üzünü köçürüb heç kəsə paylamadım, amma tay-tuşlarmız elə etdilər və ertəsi gün məktəbdə gördük ki, az qala hərənin əlində həmin mətnli kağızlardan var.
Bu, güman ki, bizim kəndə Arazboyu kəndlərdən, oraya da İrandan keçmişdi. Görünür, İranda hakimiyyətə gəlmiş teokratik qüvvələr "İranın əzəli xalqı”nı, yəni bizi "kafir şurəvi”lərdənxilas etmək üçün bu cür vərəqələr vasitəsilə camaat arasında din təbliğatı aparmağa başlamışdı. 

Ancaq sovet dövlətinin güclü vaxtlarıydı, dövlət təhlükəsizliyinə cavabdeh olan komitənin az qala hər kənddə, məhəllədə,hər kollektivdə adamları vardı və belə bir təbliğatın, din-məzhəb təşviqatının açıq-aşkar aparılmasına imkan verməzdilər. Necə ki vermədilər də. "Əzbi bilmir, Həsən bilsin” söhbəti tezliklə yatışdı, unuduldu, getdi.

***

Kəndimizin ən hündür yerində bir artezian quyusu, onun ətrafında isə meydan vardı. Artezian quyusunun transformatorunun lap yaxınlığında hündür bir dirək basdırılmış, başından qara bayraq asılmışdı. Adamlar bu ağaca "Ələm ağacı” deyirdilər. 
Böyüklər danışırdı ki, əllinci, altmışıncı illərdə bu "Ələm ağacı”nın dibində Aşura mərasimləri keçirirmişlər, imamların qətli ilə bağlı şəbehlər göstərilərmiş. Amma mən heç vaxt kəndimizdə o cür mərasimlər görmədim.

Birdən-birə nə olmuşdu ki, hökumət tərəfindən göz yumulduğu, icazə verildiyi halda camaat dini səciyyəli mərasimlərə toplaşmaqdan imtina etmişdi?

Bunun səbəbi çox-çox sonralar aydın oldu. Heç demə, ötən əsrin yetmişinci illərində kəndin nüfuzlu ağsaqqalları, tayfa başçıları xeyirdə-şərdə, hər yerdə eyzən "oxumaq”, "təhsil almaq”, "qabağa getmək”, "mövqe yiyəsi olmaq”dan-filandan danışırmışlar və gənclər də onlara qulaq asaraq kütləvi şəkildə dərs oxuyurmuş. 1974-cü ildə kəndimizdə orta məktəbi bitirənlərin 85 faizi ali məktəblərə qəbul olunmuşdu. Sonralar həmin faiz bir balaca düşsə də, təhsilə diqqət və həvəs hələ də bu camaat arasında ön plandadır. 

Məlum olduğu kimi, elm və təhsil olan yerdə xurafata, cəhalətə, yanlış inanclara, mif və əsatirlərə, insanların beynini korşaldan, zəhərləyən əfsanə və nağıllara yer yoxdur.

***

Bəyənmədiyimiz (hətta "nifrətlə xatırladığımız” da deyə bilərik) SSRİ-də din sahəsi total şəkildə dövlət nəzarətindəydi. Heç kəsə, xüsusilə də din xadimlərinə imkan verilmirdi ki, onlar dini təbliğat aparsınlar, insanların arasına məzhəb düşmənçiliyi salsınlar, dini hissləri qızışdırsınlar. 

İndi bəziləri bunu dinin, vicdan azadlığının boğulması kimi qələmə verməyə çalışır, amma elə deyil. Heç o vaxtlar da evində, məsciddə namaz qılanlara, oruc tutanlara bir söz deyən yox idi. Dəfn mərasimləri də dini adət-ənənələrə uyğun keçirilirdi. Ancaq hökumət ibadətini reklam edənlərə, dini mərasimləri təbliğat şousuna çevirənlərə qarşıydı. Belə görünür ki, hökumət rəhbərləri dinin birləşdirici gücü ilə bərabər dağıdıcı potensiala malik olduğunu da yaxşı bilirmişlər.

Hər halda sovet dövründə ölkəmizdə kimin sünni, kimin şiə məzhəbindən olmasının nə bir əhəmiyyəti vardı, nə də kimsə kimin hansı məzhəbdən olduğunu bilir, buna önəm verirdi. Bəlkə də dünyada yeganə ölkə Azərbaycan idi ki, burada hamı "sadəcə müsəlman” idi, məzhəb ayrımçılığıxeyli dərəcədə yox olmuş, əhəmiyyətini itirmişdi. 

Nə zülm-zillətlər, qurbanlar bahasına əldə etdiyimiz müstəqillik dövründəisə artıq məzhəb kimliyi məsələsi gündən-günə böyüyür. İbadətlər və dini ayinlər evlərdən, məscidlərdən çıxıb meydanlara girir, cəmiyyətin bütün sferalarına sirayət edir, siyasət mərtəbələrinə sızır, idarəedici olmağa çalışır. Burada nifaq toxumunun səpinçilərinin - ölkəmizə "inqilab ixrac etmək”, bizi "əsl dinə qaytarmaq” istəyən xarici qüvvələrin də rolu böyükdür.

***

Bu gün dünyada din davası aparanlar, daha dəqiqi, din savaşı, cihad apardığını sananlar var. Regionumuzda da məzhəb savaşı gedir. Zaman-zaman Azərbaycanı din-məzhəb savaşının poliqonlarından birinə çevirmək cəhdləri göstərənlər də tapılır. 

Sumqayıtda, Qaraçuxurda məsciddə qumbara partladaraq din qardaşlarını öldürənlər yaddan çıxmayıb. 

Gəncədə, Zaqatalada evdə barrikada qurub hökumət qüvvələri ilə atışan "dindar”lar da unudulmayıb.

Qusarda meşədə "cihad hazırlayan” və Rusiya-Azərbaycan sərhədini o yan-bu yana keçərək su yoluna döndərən, əsgərlərimizlə atışmada öldürülən "mücahidləri” də xatırlayaq.

Başqa bu cür dini zəmində çaxnaşmalar, dini motivli ekstremist aktlar törədilməsi halları da olmuşdu. Sadəcə, onlar xırda çaplı olduqları və vaxtında zərərsizləşdirildikləri üçün qalmaqala səbəb olmadı, cəmiyyəti xoflandırmadı.

Bu gün ölkəmiz ona görə təhlükəsiz görünür ki, ekstremist qüvvələrin pozucu fəaliyyətinin qarşısı vaxtında alınır.

Bir neçə il öncə şəhərətrafı qəsəbələrin birində belə bir hadisə olmuşdu. Atası rəhmətə gedən bir nəfər meyiti yudurtmaq üçün məscidə aparıb, amma orda məskən salmış radikal dindarlar deyiblər ki, ölən başqa məzhəbdən olduğu üçün onun bu məsciddə yuyulması mümkün deyil. 

İndi vəziyyət dəyişib. Məscidin qapıları bütün müsəlmanların üzünə açıqdır...
 
Xalid Kazımlı
Oxşar xəbərlər