Sübh düşüncələri...

  • 25 dek 2016, 20:28

Rasət Pirisoyu 

 

Sübh düşüncələri 

 

(Esse)

 

Füzuli istedadı  xarakterinə görə öz içərisində Sabiri gəzdirirdi.  Sabir  istedadı  xarkterinə görə öz içərinsində Füzulini gəzdirdiyi kimi.

İndi biz Füzuli  ilə Sabiri tanıdığımız görə  asanlıqla təyin edə bilərik ki, Sabir Füzulinin içərisində, Füzuli Sabirin içərisində,  əgər belə demək mümükünsə, hansı təzyiq dərəcəsində mövcud olub.

 

Füzuli deyəndə ki,  «Salam verdim, rüşvət deyildir deyə almadılar», bu  Füzulidən çox Sabir idi. Yaxud Sabir deyəndə ki,   «İstəsən  zülfün kimi könlüm pərişan olmasın, ol qədər cövr et mənə, ah etmək imkan olmasın!» Bu isə   Füzuli idi.

Bunları niyə yazıram.

Elə indicə F. Kafkanın  «Məhkəməsini» bir daha  oxuyub qurtardım.

Əsərdə  «Kilsə» hissəsi var.  Sonuncuda əvvəlki fəsil. K-nın məhkəmə keşişi ilə  söhbəti   Fantastik dərəcədə yüz faizlik yazıçı qələmi ilə yazılımış «Bibliya»  mövzusudur.

Mətnin gücü sadəcə oxucunu yerlə yeksan edir.

Mətnin aurası mənim yadıma Füzulini, Nəsimini,  Əl - Qəzali nəfəsi toxunmamış süfiləri, ən nəhayət Sabiri  saldı.  F. Kafkanın nəfəsi (mən mövzunu demirəm, bu ayrı söhbətin mövzusudur) həmin nəfəsdir. Quran mövzusundan möcüzələr yaradan, sonradan Sabirdə maarifşilik kimi  peyda olan  həmin nəfəs.

Mən hələ Frans Kafka ilə Mirzə Cəlil arasındakı mövzu yaxınlığını demirəm.

Arada fikirləşdim ki,  səhərin açıldığını bircə quş səsi (sonradan bütün quşlar ona qoşulur), yaxud axşamın düşüdüyünü bircə qurbağa səsi (sonradan bütün qurbağalar o səsə qoşulur, təbii ki gecə cırcıramaları da öz yerində!) xəbər verdiyi kimi,  BÖYÜK VAXTIN yetişdiyini də  bəzən bir dahi xəbər verir, sonradan quşlar o dahinin səsinə quş kimi, qurbağalar  qurbağa kimi, cırcıramalar da cırcırama kimi  qoşulur.

Fransızların maraqlı bir filosofu var; Mişel Fuko. Mişel Fukoya qədər demək olar ki, filosofların böyük əksəriyyəti, XX əsrə qədərki  dövrü AĞILSIZLIQ DÖVRÜ adlandırırdı.  Mişel Fuko ilk dəfə  bəyan etdi ki,  yox, cənablar, biz XX əsrlə BÖYÜK AĞILSIZLIQ dövrünə qədəm qoymuşuq.

İndi içərimdə bu paralelləri apara - apara düşünürəm ki,  bizim bu gün ki  GÜNÜMÜZÜN  adı nədir, yadıma bu misralar düşür:

 

Dərd çox, həmdərd yox, düşmən qəvi , tale zəbun.

 

Bu misra ən azı bu gün  Azərbaycanda yaşayan və adamlığını itirməyən bütün adamların aqibət pasportudur.

 

Nəzərə alsaq ki, Füzuli islam mühafizəkarlığının darmadağın etdiyi, tapdalayıb heçə döndərdiyi, K-dan da ağır ittihamlar qarşınsında qoyduğu  şərq müsəlmaının yazıçısı idi, onda çox şey aydın olar.

Oxşar xəbərlər