Ağalar İDRİSOĞLU: "Nəriman Həsənzadə-85"

  • 17 dek 2016, 12:11
Uzun illərdir yazdığım "Sərhədsiz dünyamız” kitabımı artıq tamamlamışam. Son redartə işləri gedir. Bu kitabda mən Azərbaycan teatrlarının 1971-2016-cı illərinin həyatını əks etdirmişəm. Əsasən də vaxtı ilə rəhbərlik etdiyim Sumqayıt Gənclərinin Xalq Teatrını, Ağdam Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Musiqili-Dram Teatrı və Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr truppası, eləcə də quruluşçu rejissoru işlədiyim Dövlət Gənclər Teatrı və Azərbaycan Dövlər Gənc Tamaşaçılar Teatrının yaradıcılıq həyatı, tamaşaçıların bilmədiyi pərdə arxasında gedən söz-söhbət, konfliktlər bu kitabda daha çox yer alıb. Həm də 3 il Dağıstanda yaşadığım, işlədiyimə görə həmin respublikada yaşayan millətlərin tarixi kökləri, mədəniyyəti, adət-ənnənələri, tarixi şəxsiyyətləri, eləcə də azərbaycanlı oğlu Əziz Əliyevin 6 il Dağıstan Respublikasına rəhbərlik etməsi, Dağıstan Azərbaycan Dövlət Dram Teatrının yaranmasında kimlərin əsas xidmətinin olduğu kitabda lazım olan səviyyədə işıqlandırılıb.
Bu il sevimli şairimiz, dramaturqumuz, ictimai xadimimiz, Xalq şairi, Prezident təqaüdçüsü Nəriman Həsənzadənin 85 illik yubileyi respublika səviyyəsində Azərbaycanın bütün bölgələrində geniş səviyyədə qeyd olunur. Bu yaxın günlərdə Sumqayıt şəhər Poeziya Evinda onun 85 illik yubileyi çərçivəsində yaradıcılıq gecəsi keçirildi. Orada filalogija elmləri doktorları, alimlər Rüstəm Kamal, Vaqif Yusifli, Cənubi Azərbaycandan gəlmiş şair Aqşin Ağkəmərli, yazıçı, jurnalist, "Ədəbiyyat” qəzetinin məsul katibi Atababa İsmayıloğlu, şairlər İbrahim İlyaslı, Əşrəf Veysəlli, Ofelya Babayeva və başqaları Nəriman Həsənzadə ilə bağlı öz ürək sözlərini dedilər, onun yaradıcılığından söz açdılar. Təhmiraz Şirinsəs, aşıq İlham Aslanbəyli, aşıq Şəhriyar Qaraxanlı başda olmaqla, bir qrup aşıq onun yaradıcılığından maraqlı mahnılar oxudulaq. Amil Babayev və Elvin Əlizadə onun şeirlərini söylədilər. Həmin tədbirdə mən də çıxış edib, Nəriman Həsənzadənin Sumqayıt Dövlət Dram Teatrında böyük uğurla tamaşaya qoyulmuş "Bütün Şərq bilsin” tamaşası haqqında, bu tamaşanın yaradıcılarından biri olduğuma görə oxucuların bilmədiyi maraqlı məqamlara toxunub, həmin tədbirdə heç kimin bilmədiyi fikirlər söylədim. Həmin fikirlər "Sərhədsiz dünyamız” kitabımda ətraflı yazılıb. İndi oxuculara "Teatra Sovetlər İttifaqı miqyasında böyük uğur gətirən tamaşa” bölümündən bir hissəni təqdim edirəm.
... Yadımdadır ki, 1980-ci ildə yenə də Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında direktor və baş rejissor arasında- kimin teatrda birinci şəxs olması ilə bağlı davalar başlamışdı. Həmin vaxtı teatrın direktoru, mərhum Salman Dadaşov və baş rejissoru, Xalq artisti, Prezident təqaüdçüsü Mərahim Fərzəlibəyov idi. Belə bir vəziyyətdə tetrın yaradıcı heyyəti də iki yerə bölünmüşdü. Yaşlı aktyorlar Salman Dadaşovu, cavan aktyorlar Mərahim Fərzəlibəyovu müdafiə edirdi. Əlbəttə, mən də cavan olduğuma görə Mərahim Fərzəlibəyovu müdafiə edirdim. Çünki o, artıq 1977-ci ilin aprel ayından bu teatrda quruluş verdiyi maraqlı tamaşalarla və teatra gətirdiyi yeniliklərlə hamımızın qəlbinə yol tapmışdı. Həm də mənim rejissuraya böyük marağım olduğuna görə o, mənə bu sənətlə bağlı çox şey öyrədirdi. Çünki, Mərahim Fərzəlibəyov Sankt-Peterburqda ali rejissor təhsilini, həmin vaxtı artıq dünyada məşhur olan Georqi Tovstanoqovdan almışdı. Tetarımıza da həmin məşhur rejissorun dəst-xəttini gətirmişdi. Belə ki, Tovstanoqov rejissura məktəbində rejissor sənətini bir peşə adlandırır və aktyorları da oynadıqları tamaşada əsl yaradıcı olmağa, hər bir aktyoru öz rolunun rejissoru olmağa sövq edirdi. Amma Azərbaycanda əksər aktyorlar rejissorun buyruq qulu olmağa və yalnız onun diqtəsi ilə işləməyə öyrəndiklərindən, teatrımızın yaşlı aktyorları Mərahim Fərzəlibəyovun rejissor işini bəyənmirdilər. Amma cavanlar daha çox yaradıcı olduqlarından onunla işləməyi daha üstün tuturdular.
Mən həmin vaxtlar teatrda aktyor işləsəm də 1976-cı ildən Sumqayıt şəhərində yaratdığım Sumqayıt Gənclərinin "Ümid” Tetar-Studiyasına ( 1979-cu ildən Sumqayıt Gənclərinin Xalq Teatrı oldu) rəhbərlik edir və 300-ə qədər həvəskar aktyorlarla tamaşalar hazırlayırdım. Bu tamaşalar da Sumqayıt tamaşaçıların marağına səbəb olur və hətta həftənin 4 günü Sumqayıt məktəbliləri üçün tamaşalar oynayırdıq. Hətta Sumqayıt Dövlət Dram Teatrında elə 1976-cı ildən mənim rejissuraya marağım olduğunu görən teatrın o vaxtkı baş rejissoru Xalq artisti Vaqif Şərifov və quruluşçu rejissoru, mərhum Arif Ağayev quruluş verdiyi tamaşalara məni rejissor assistenti və ya ikinci rejissor yazdırırdılar. Mən də bacardığım kimi onlara köməklik edirdim. 
Beləliklə, 1980-ci ildə artıq teatrda konfliktlər pik həddinə çatmışdı. Mərahim Fərzəlibəyov da bu haqsızlıqlardan çox əsəbiləşmişdi. O, artıq Azərbaycan Milli Akademik Dram Teatrına quruluşçu rejissor işləməyə getmək istəyirdi. Çünki onu həmin teatrın baş rejissoru, böyük islahatçı rejissor, özünün teatr məktəbini yaratmış Tofiq Kazımov, Mərahim Fərzəlibəyovun 1977-ci ilin aprel ayından başlayaraq, Sumqayıt teatrında quruluş verdiyi, Aleksandr Çixeidzenin " Sərbəst məktub”, Gennadi Bokarevin "Poladəridənlər” Hüseyn Muxtarovun "Mən nənəyə evlənirəm”, Panço Pançevin "Məktub”, Sergey Mixalkovun "Lovğa dovşan” və "Zayka-zaznayka”, Firudin Ağayevin "Xoruz və çalağan”, Mixail Lermontovun "Maskarad”, Cəfər Cabbarlının "Vəfalı Səriyyə”, İsidor Ştokun "İlahi komediya”, Oktay Məmmədovun "Mehrişah”, Maksim Kərimovun "Toy şənbə günü olacaq” Hacıbaba Nəzrlinin "Ayıl, bax bu dünyaya” və Tofiq Kazımovun "Muradın kələkləri” tamaşalarına bir-birindən maraqlı quruluşlar verdiyini görmüşdü və onun rejissor dəsti-xəttini bəyənmişdi.. Bütün bu tamaşaların da ya rejissor assistenti, ya da ikinci rejissoru mən olurdum. Təsəvvür edin ki, Mərahim Fərzəlibəyov cəmi 4 ildə 14-dən çox tamaşalara maraqlı quruluş vermişdi. Bu da bir rejissor üçün 4 ildə həddindən artıq çox idi. 
Səhv eləmirəmsə 1980-ci ilin noyabr ayında Nəriman Həsənzadə bizim teatra bir pyes verdi. Həmin pyesin bir variantı artıq Şəki Dövlət Dram Teatrında, mənim dostum, müəllimim, Şəki Dövlət Dram Teatrının yaradıcısı Vaqif Abbasov tərəfində "İmzalar içində” adı ilə çox böyük uğurla tamaşaya qoyulmuşdu. Bu tamaşa haqqında teatr ictimaiyyəti çox maraqlı fikirlər söyləyirdi. Nəriman müəllimin bizim teatra təqdim etdiyi yeni variantı isə belə adlanırdı "Qoy bütün Şərq bilsin”. Həmin vaxtı Mərahim müəllim pesi oxuyandan sonra mənə verdi ki, oxuyum. Oxudum və çox xoşuma gəldi. Ən əsası da burada birdən-birə Nəriman Həsənzadə 6 tarixi şəxsiyyətləri ilk dəfə səhnəyə gətirmişdi. Bunlar Hacı Zeynəlabdin Tağıyev, Nəriman Nərimanov, Fətəli xan Xoyski, Məhəmməd Hadi, general Əliağa Şıxlinski və cavan Ernest Hemenquey. Pyesdə Azərbaycan tarixinin ən bəlalı dövrlərindən olan 1917 və 1922-ci illəri dramaturq tərəfindən yüksək ustalıqla təsvir olunurdu. Biz, cavanlar Mərahim müəllimdən xahiş etdik ki, o, bu pyesə quruluş versin. Əlbəttə, Mərahim müəllim Milli Akademik Dram Teatrına getməyə hazırlaşdığı bir dövrdə yarıkönül olsa da bizimlə razılaşdı və böyük həvəslı tamaşanı hazırlamağa başladı. Məni bu tamaşaya ikinci rejissor etdi. Və həm də mənə bu tamaşada iki rol-rejissor və cavan Ernest Hemenquyenin rolunu tapşırdı. Bu tamaşada yuxarıda adlarını yazdığım tarixi şəxsiyyətlərin rollarını Mərahim Fərzəlibəyov belə bğlmüşdü. Hacı Zeynalabdin Tağıyev- Rövşən Almuradlı, Nəriman Nərimanov- Məlik Dadaşov, Fətəli xan Xoyskini- Ramiz Qiyasov, Məhəmməd Hadi- Valeh Kərimov, general Əliağa Şıxlinski- Ramiz Novruzov və Əli Nur, Ernest Hemenquy- Ağalar İdrisoğlu. Tamaşada o biri rolları isə teatrın bütün aparıcı aktyorları ifa edirdi. Kütləvi səhnələrdə və epizodik rollarda isə mənim rəhbərlik etdiyim Sumqayıt Gənclərinin Xalq Teatrının həvəskar aktyorları çıxış edirdi. Ümumilikdə bu tamaşada 60-dan çox iştirakçı vardı. 
Mərahim Fərzəlibəyov mənim pyeslər yazdığımı və dramaturgiyaya böyük həvəsim olduğunu bildiyinə görə dramaturqla pyes üzərində işləməyi, Nəriman müəllimin tamaşaya əlavə episodlar yazmasını mənə tapşırmışdı. Elə ilk görüşdən bizim Nəriman müəllimlə fikirlərimiz üst-üstə düşdü və o, bir-birindən maraqlı epizodlar yazdı. Bu tamaşanın məşqlərinin maraqlı gedişi həm də kollektivdə olan konflikti aradan götürdü. Çünki bu tamaşada teatrın bütün yaradıcı heyyəti məşğul idi. Hətta yuxarıda yazdığım kimi mənim rəhbərlik elədiyim Sumqayıt Gənclərinin Xalq Teatrının da həvəskar aktyorları epizodlarda və kütləvi səhnələrdə iştirak edirdilər. Bu tamaşada təxminən 60-dan çox imsanın səhnəyə bəzən eyni vaxtda çıxması tamaşaçılar tərəfindən də maraqla qarşılanırdı və səhnəyə monumentallıq gətirməklə, böyük kütləvilik yaradırdı.Bu tamaşada baş rolu, Nəriman Nərimanovu, Azərbaycanın ən böyük aktyorlarından biri, Xalq artisti, Dövlət mükafatı laureatı Məlik Dadaşov yüksək peşəkarlıqla oynayırdı. O, həm də Salman Dadaşovun kişik qardaşı idi. Tamaşanın məşqlərinin getdiyi ərəfədə Məlik müəllim və Nəriman müəllim Salman Dadaşovla, Mərahim Fərfəlibəyovu barışdırdılar. Bundan sonra kollektiv arasında mehribançılıq yarandı. Bu da tamaşanın məşqərinə çox yaxşı təsir etdi. Beləliklə, bu tamaşanın hazırlanmasına başda Mərahim Fərzəlibəyov olmaqla, bütün yaradıcı heyyət gecə-gündüz çalışdı. Hamı böyük həvəslə məşq edirdi. Ən kiçik epizodlar, bütün kütləvi səhnələr zərgər dəviqliyi ilə işlənilirdi və maraqlı mizanlar qurulurdu. Ona görə də həddindən artıq yüksək peşəkar səviyyədə bir tamaça alındı. Məşqlərin gedişi vaxtı Nəriman Həsənzadə təklif etdi ki, ad belə olsun. "Bütün Şərq bilsin” Bu tamaşanın ilk premyerası 1981-ci ilin fevral ayının 23-də çox böyük uğurla göstərildi. İlk tamaşaya Bakıdan da çoxlu filosoflar, alimlər, sənətşünaslar, rejissorlar gəlmişdi. Elə səhəri gündən tamaşa haqqında qəzetlərdə bir-birindən maraqlı ressenziyalar çap olundu. Amma yuxarı dairədə əyləşən bəzi məmurlar tamaşada olan Sovetlər İttifaqının əleyhinə bir neçə siyasi məqamlara görə tamaşanın daha oynanılmamasını tələb etdilər. Həm də bizi məcbur edirdilər ki, həmin epizodları hökmən tamaşadan çıxaraq. Elə bu vaxtı ulu öndər Heydər Əliyev həmin tamaşaya baxmaq istədiyini bildirdi. Beləliklə, ikinci tamaşa Bakıda, Milli Akademik Teatrının səhnəsində oynanılanda ulu öndər, dahi liderimiz Heydər Əliyevlə birlikdə, Moskvada yaşayan, xalqımızın böyük oğlu, məşhur alim Əziz Şərif də gəlib baxdı. Eləcə də Azərbaycanın həmin vaxtı üzdə olan bütün alimləri, şairləri, tənqidçiləri də ikinci tamaşada idilər. Tamaşanın gedişi vaxtı tamaşaçıların tez-tez gür və sürəkli alqışlarını eşidirdik. Bu da tamaşanı bir qədər də maraqlı oynamağa bizdə böyük stimul, həvəs yaradırdı. Tamaşadan sonra Ulu Öndər adəti üzrə səhnəyə gəldi. Bizi belə maraqlı tamaşa oynadığımıza görə təbrik etdi. Tamaşadan sonra peşəkar teatrşünas kimi əsəri və akytor oyunlarını təhlil etdi. Dahi rəhbər onu da vurğuladı ki, "bu tamaşa onun son vaxtlar görduyu tamaşaların ən yüksək peşəkar tamaşalarından biridir. Bu tamaşanı tez-tez həm Bakıda və həm də Sumqayıtda oynamaq lazımdır”. Əziz Şərif də tamaşa haqqında xoş sözlər dedi. Bu tamaşadan sonra Ulu Öndərlə bir yerdə şəkil çəkdirdik. Həmin şəkil bu gün də Sumqayıt teatrının ən maraqlı , ən əziz və tarixi şəkillərindən biri sayılır. 
Sonra bu tamaşa haqqında çoxlu ressenziyalar yazıldı. Biz bu tamaşanı həmin ilin aprel ayında Azərbaycan teatrlarını təmsil etməklə SSRİ teatrlarının festivalı çərçivəsində Moskvada Mayakovski adına Akademik Teatrın binasında çox böyük uğurla göstərdik. Orada da çoxlu Sovet teatrşünasları tamaşaya baxıb, yüksək qiymətləndirdilər. Bu tamaşaya görə SSRİ Mədəniyyət Nazirliyinin, SSRİ Yazıçılar İttifaqının və SSRİ Teatr Xadimləri İttifaqının diplomunu aldıq. Həmin vaxtlar atrtıq Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı haqqında Sovetlər İttifaqı səviyyəsində bir-birindən maraqlı ressenziyalar yazıldı. Teatrımız İttifaq miqyasında tanındı. 
Bu tamaşadan sonra Mərahim Fərzəlibəyov Milli Akademik Dram Teatrına işləməyə getdi. Sonra o, həmin teatrda Nəriman Həsənzadənin "Atabəylər” və "Pompeyin Azərbaycana yürüşü” tamaşalarına da bir-birindən maraqlı quruluşlar verdi. Amma mənə elə gəlir ki, "Bütün Şərq bilsin” tamaşası Mərahim Fərzəlibəyovun quruluşunda həmin tamaşalardan daha maraqlı alınmışdı. Həm də "Bütün Şərq bilsin” tamaşasındakı aktyorlar öz rollarına daha peşəkarcasına yanaşmışdılar. Və bu tamaşa təkcə müəllif Nəriman Həsənzadənin, quruluşçu rejissor Mərahim Fərfəlibəyovun yox, həm də bu tamaşada iştirak edən, başda Məlik Dadaşov olmaqla hamımızın həyatında özünə maraqlı, tarixi bir iz buraxdı. Əbədilik, hamımızın yaddaşına ən xoş anlar kimi köçdü.
AĞALAR İDRİSOĞLU
Yazıçı-rejissor,
Əməkdar İncəsənət Xadimi

 
Oxşar xəbərlər