Xoruz ilinin bahalı yolkası

  • 12 dek 2016, 11:17

Bu il onun bəzədilməsi üçün 200-2000 manat lazım gələcək; satıcılar alıcı qıtlığından gileylənir, alıcılar isə...

 


Paytaxtda artıq yeni il ab-havası duyulmaqdadır. Bu gün istənilən yerdə yeni il şənliklərinin simvolu sayılan yolkalara və bəzək əşyalarına rast gəlmək mümkündür. Hətta bir sıra metroların çıxışında yolka və bəzək əşyalarının satışı üçün xüsusi çadırlar da qurulub. 

Təbii ki, bu rəngarəng oyuncaqların, yolkaların yanından etinasız keçmək mümkün deyil. Hər kəs, xüsusən də uşaqların xəyalı olur ki, onların yolkası böyük və bəzəkli olsun. Maraqlıdır, bəs qiymətlər necədir? 


Yolka bəzəmək üçün bizə yolka, onun üzərinə taxacağımız yolka oyuncaqları, zər, yolka işıqları, kənarına isə qoymağa Şaxta baba və Qar qız lazımdır. Təbii ki, bir də bu ilin Xoruz ilini nəzərə alaraq oyuncaq bir xoruz da almalıyıq. Bunların qiymətini öyrənmək üçün Yeni il aksesuarları satılan bir neçə məkana baş çəkdik. Qiymətlər müxtəlif idi. Yolkaların qiyməti onun ölçüsünə, rənginə görə fərqlənirdi. Elə yolka ağacları var ki, onlara üzərində qar effekti yaratmaq üçün ağ rəngdə idi. Yolkaların qiyməti ölçüsündən asılı olaraq 50-4000 manat arasında dəyişirdi. Kiçik stol üstü yolkalar bəzəksizi 50 manata, bəzəklisi 100 manata satılırdı. Orta ölçülü yolkalar isə 150-500 manat arasında dəyişirdi. Əsasən ticarət mərkəzlərində qurulan hündür yolkalar isə 800-4000 min manat arasında dəyişirdi. 

Yolka bəzəmək üçün olan bəzək əşyalarına gəlincə, onların qiyməti 30 qəpikdən başlayırdı. Kordona bənzər materialdan olan bəzək əşyaları 30-50 qəpik, saxsı bəzək əşyası 1 manat, xrustal bəzək əşyası 3 manat, qaşlı bəzək əşyaları isə 6-10 manat arasında satılırdı. 6, 4 dənəlik bağlama şəklində olan yolka bəzək əşyaları isə 15-20 manata təklif olunurdu. Yolka işıqlarının qiyməti isə onun uzunluğundan, işıqların ölçüsündən və formasından asılı olaraq dəyişirdi. Ən ucuz yolka işığı 35 manat, ən bahalısı isə 500 manat idi. Şaxta babaların da qiyməti onun oxumasında, hansısa musiqi aləti çalmasından, oynamağından və ya "sakit” dayanmasına görə fərqlənirdi. Belə ki, heç bir səs çıxarmayan kiçik ölçülü Şaxta babalar 15 manata, səs çıxaran eyni ölçüdə şaxta baba 35-50 manat arasında, böyük ölçülülərin qiyməti isə 100-300 manat arasında dəyişirdi. Qar qızların da qiyməti 10-200 manat arasında dəyişirdi. Zərlərin qiyməti isə 2 manatdan başlayır uzunluğu və qalınlığına görə 50 manatadək dəyişir. Bu il Xoruz ili olduğu üçün müxtəlif xoruz oyuncaqları da satışda vardı. Onların qiyməti isə 3 manatdan başlayırdı.

Müşahidələrimiz və mövcud qiymətlər bir evdə ortabab yolka qurmaq üçün 170-250 manat arası, hündür yolka və bəzək əşyaları ilə bol, zəngin bir yolka qurmaq üçünsə 2-3 min manat arası pul lazım olduğunu deməyə əsas verir. Satıcılar ötən illə müqayisədə alıcıların azaldığını deyirdilər. Satıcı Anar Quliyev deyir ki, alıcılar əvvəlki kimi deyir: "Gəlib hər şeyin qiymətini soruşur axırda da 50 qəpiyə balaca bir bəzək əşyası alıb gedirlər. İnsanları da qınamaq olmur. Pul yoxdur. Biz keçən il bundan çox qazanmışdıq. Artıq 4 gündür ki, yolka və bəzək əşyaları satışı ilə məşğul olsam da elə də ciddi gəlir əldə etməmişəm. 4 günə 200 manatlıq alver olub. Keçən il isə günə 100 manatlıq alver edə bilirdim”.

Digər yolka bəzəkləri satılan mağazadakı alıcı Esmira Məmmədova isə yolkanı övladı üçün qurduğunu dedi: "Uşaqdı, həvəslənir və deyir ki, yolka quraq. Yolka ağacları çox bahadır. Atası rayondan  təbii yolka ağacından bir budaq qırıb gətirib. Uşaq da satışda bu yolka ağaclarını görüb ağlayır ki, bunlardan alaq. Ona isə mənim imkanın çatmır. Çünki çox bahadır. Uşağın başını bir təhər aldadıb o budaq üçün balaca iki üç bəzək əşyası alacam bir də zər”.

Yolkanın bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi. 

Yeni il yolkası haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə yolka bütün dünyada məşhurlaşıb.

Günel MANAFLI
Oxşar xəbərlər