Yatağa ac girən uşaqlarımız

  • 27 okt 2016, 19:17
Hər kəs 18 yaşına qədər uşaq hesab olunur və hər uşağın haqları var. Bunlardan biri və ən əsası da yaşamaq haqqıdır. Bizimyol.info qeyd edir ki, Azərbaycanın da qoşulduğu 54 maddədən ibarət BMT-nin Uşaq Hüquqları Konvensiyasının preambulasında sağlamlıq və səhiyyə ayrıca bir maddə kimi nəzərdə tutulub. Orada göstərilir ki, uşaq ən yüksək standartlara müvafiq olan tibbi yardım hüququna malikdir, elə bir yardım ki, real sürətdə həyata keçirilə bilər. Dövlətlər ilk tibbi-sanitar yardımın göstərilməsi, xəstəliklərin profilaktikası, sanitariya təbliğatı və uşaqlar arasında ölüm hallarının azalmasına xüsusi diqqət yetrilməlidirlər. Onlar bu sahədə beynəlxalq əməkdaşlığı həvəsləndirməli və hər şey etməlidirlər ki, heç bir uşaq səmərəli səhiyyə xidmətlərindən bəhrələnmək imkanından məhrum olmasın.

Dövlət uşaqların sağlamlığının qarantı olacağına söz verib

Konvensiyanın 24-cü maddəsi tamamilə uşaqların sağlamlığına həsr olunur. Yazılır ki, iştirakçı dövlətlər uşağın ən təkmil səhiyyə sistemi xidmətlərindən və xəstəliklərin müalicəsi və sağlamlığın bərpası vasitələrindən istifadə etmək hüququ olduğunu təsdiq edirlər. Onlar təmin etməyə çalışırlar ki, heç bir uşaq səhiyyə sisteminin belə xidmətlərindən istifadə üçün öz hüququndan məhrum olmasın. İştirakçı dövlətlər həmin hüququn tamamilə həyata keçirilməsinə çalışır və lazımi tədbirlər görürlər ki: a) körpələr və uşaqlar arasında ölüm hallarının səviyyəsi aşağı dşsün; b) ilkin tibbi-sanitar yardımının inkişafına birinci növbədə diqqət yetrmək şərtilə bütün uşaqlara lazımi tibbi yardım göstərilməsi və onların sağlamlığının mühafizəsi təmin edilsin; v) xəstəliklərə və doyunca yeməməyə qarşı mübarizə aparılsın, o cümlədən ilkin tibbi-sanitar yardımı çərçivəsində, digər vasitələrlə yanaşı, asanlıqla əldə olunan texnologiyanın tətbiq edilməsi kifayət qədər qidalı ərzaq və təmiz içməli su verilməsi yolu ilə, ətraf mühitin çirklənməsi təhlükəsi və riskini nəzərə alaraq mübarizə aparılsın; q) analara doğumdan əvvəl və sonrakı dövrlərdə səhətin mühafizəsi sahəsində lazımi xidmət göstərilsin; ğ) uşaqların sağlamlığı və yedizdirilməsi əmizdirmənin üstünlükləri, gigiyena, uşağın yaşadığı mühitin sanitariyası və bədbəxt hadisələrin qarşısının alınması barədə cəmiyyətin bütün təbəqələrinə, xüsusən valideynlərə və uşaqlara məlumat verilməsi, habelə onqlarıın təhsil alması və belə biliklərdən istifadə etməkdə onlara kömək göstərilməsi təmin edilsin; d) profilaktiki tibbi yardım və ailənin böyüklüyünün planlaşdırılması sahəsində maarifçilik işi və xidmətlər inkişaf etdirilsin.  İştirakçı dövlətlər uşaqların sağlamlığına mənfi təsir göstərən ənənəvi praktikanın ləğv edilməsi məqsədilə hər cür səmərəli və lazımi tədbirləri görürlər. Onlar bu maddədə təsdiq olunan hüququn tamamilə həyata keçirilməsinə tədricən nail olmaq məqsədilə beynəlxalq əməkdaşlığı həvəsləndirməyi və inkişaf etdirməyi öhdələrinə götürürlər.

Xəstəliyə təslim olanlar diz çöküb yalvarır, hökumətin tükü də tərpənmir

Hər gün mətbuatda, efirlərdə ağır xəstəliklər qarşısında çarəsiz qalan uşaqlar üçün ailələrin fəryadını, onların müalicəsi, əməliyyatından dolayı az qala əl açıb diləndiyini, statistik vətəndaşdan kömək umduğunu gördükcə, dövlət qurumlarının, xüsusilə də Səhiyyə Nazirliyinin bu problemlərə seyrçi münasibətini müşahidə etdikcə, adamın inanmağı gəlmir ki, biz də bu konvensiyanın iştirakçı dövlətlərindən biriyik (1992-ci il). Yığılan 3-5 min manat da bir işə yarasa. Camaatda pul nə gəzir? Beynəlxalq təşkilatların araşdırmasına görə, rəsmi statistikadan fərqli əhalinin yüksək faizi yoxsulluq səviyyəsindən də aşağı durumdadır.

Müayinə üçün özəl xəstəxanalara, dərman üçün aptekə göndərirlər

Azərbaycan səhiyyəsinə hər il büdcədən birbaşa 1 milyarddan çox vəsait ayrılır. Bu ilin dövlət büdcəsində də nazirlik çox böyük pullar alıb. "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi barədə Prezident Fərmanının 1.1.1.31. maddəsinə görə, Səhiyyə Nazirliyinə ilk olaraq 2 109 787 manat ayrılıb. Bunun 1 958 440 manatı mərkəzləşdirilmiş, 151 347 manatı da yerli xərclərdir. Fərmanın 1.4.4.1. maddəsində daha 5 922 720 manat ayrıldığı qeyd edilir. 1.4.5.3. maddəsində də nəzərdə tutulan pul 1 750 776 manatdır. Mərkəzləşdirilmiş xərlər də, yerli xərclər də birdir. Səhiyyə üçün əsas pullar Fərmanın 1.5. maddəsində yer alıb - 744 855 809 manat. Bunun 531 095 780 manatı mərkəzləşdirilmiş, 213 760 029 manatı da yerli xərclərdir. Büdəcədə daha sonra poliklinikalar və ambulatoriyalar 108 294 921 manat,  Səhiyyə Nazirliyinin özü beş dəfə olmaqla ümunilikdə 618 174 192 manat, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin səhiyyə müəssisələri üç dəfə olmaqla üst-üstə 14 485 401 manat, xəstəxanalar 352 704 877 manat, Prezidentin Xüsusi Tibb Xidməti 5 776 465 manat, Azərbaycan Tibb Universiteti 4 970 856 manat, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi iki dəfə olmaqla birlikdə 5 025 643 manat, Səhiyyə Nazirliyinin Milli Onkoloji Mərkəzi iki dəfə göstərilməklə 42 920 676 manat, Səhiyyə sahəsində digər xidmətlər iki dəfə olmaqla 278 910 444 manat, səhiyyə sahəsində tətbiqi tədqiqatlar 4 945 567 manat, səhiyyə sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmir 4 012 800 manat, səhiyyədə islahatlar 13 041 600 manat, səhiyyə sahəsi üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 6 120 000 manat nəzərdə tutulub. Ümumilikdə 1,5 milyard manatın üzərində olan bir məbləğdən söhbət gedir. Daha dəqiqi 1 471 125 165 manat. Hələ bu il ən kasıb vaxtımızdır. Əvvəlki illər səhiyyənin xərc maddələri bundan daha artıq vəsait tutub. Bundan əvvəlki araşdırmalarımıza görə səhiyyədə çoxlu sayda tenderlər rəsmiləşdirilsə də, xərclənən vəsaitlər bu pulun heç yarısını eləmir. Onlar da əsasən avadanlıq və dərmanlara gedir. Amma üz tutduğumuz səhiyyə müəssisələrində nə müasir tibbi avadanlığa rast gəlirik, nə də dava-dərmana. Müayinə üçün özəl xəstəxanalara, dərman üçün də aptekə göndərirlər. 

200 dərmanın adı olan pulsuz siyahıdan biri də xəstəyə yaramır

Keçən ilin oktyabrında 6 saylı Uşaq Klinik Xəstəxanasında belə bir kuryozla rastlaşdıq. Səhiyyə Nazirliyinin 130 saylı əmrinə əsasən stasionarda istifadə olunan dərman vasitələrinin siyahısı qəbul şöbəsinin divarından asılıb. Həmin siyahıda 136 dərman preparatının adı var. Yəni dövlət xəstəxanada müalicə alan uşaqları bu dərmanlarla təmin etməlidir. Həmin əmrə görə 64 tibbi ləvazimat və köməkçi materiallar da xəstəxanada qalan xəstələrə pulsuz verilməlidir. Lakin həkim siyahıda olmayan preparatların adını bir kağız parçasına yazıb verdi ki, "gedib aptekdən alın”. Qorxusundan resept də yazmamışdı. Çünki, dərmanla özlərinin təmin etməli olduqlarını yaxşı bilirdi, amma bunun əksinə vətəndaşın cibinə girdi. Uşaq mənim təlimatımla istifadə olunan dərmanlara baxırdı, məlum olmuşdu ki, aldığımızdan savayı heç bir əlavə preparat istifadə olunmur. Havayı olduğu iddia edilən dərmanların biri də reseptdə yer almır, lazım olanlar siyahıya düşməyənlərdir. Elə bil ki, həkimlər qəsdən pulsuz verilməli olan dərmanlardan istifadə etmirlər. Maskalar belə cəmi iki-üç dənədir ki, onu da hər kəsə istifadə etdirirlər. Hələ xəstəxananın bərbad vəziyyətindən, köhnə yataqlarından danışmıram. Bu yaxınlarda uşağın ayağında kiçik bir yaranı çərtmək üçün yerli poliklinikaya müraciət etmişdik, yazıb bir siyahı əlimizə verdilər ki, "özünüz alın”. İçində pambıq, bint, yoddan tutmuş nə istəsəniz vardı. Həkim dedi ki, onlara tibbi vasitələr verilmir. O zaman xəstəxanaların pullu xidmətə keçəcəyi barədə deyilənlər nəyi dəyişir? Onsuz da xəstəxanalar pulludur. Şəxsən bu, məni qorxutmur, çünki həyatınmızda heç nə dəyişməyəcək.

Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Onların hamısı xəstə deyil. Xərclənən pulların beşcə faizini buna ehtiyacı olanlara sərf eləsələr kasıb düşməzlər. Amma ölkədə xəstə olan təkcə uşaqlar deyil, yaşlılar da deyil, hər kateqoriyadan var. Birdə ki bizdə bir ayrı-seçkilik var. Ayrı-ayrı vətəndaşlar üçün müəyyən təşkilatlar müraciət edir, ondan sonra hansısa qurumlar hərəkətə gəlir. Ya da kimsə xüsusi təyyarə ilə xaricə göndərilir. Məncə əsgələrimizdən və uşaqlardan savayı heç kimin ayrıca bir statusu olmamalıdır. Ya da hər kəsin statusu eyni olmalıdır. Hansısa dövlət qurumu dövlətin pulları ilə bir məmuru və ya ailəsini helikopter, ya da təyyarə ilə xaricə aparırsa, bu münasibəti kasıb-kusubun da uşaqlarına göstərməlidirlər. Dövlətin ayırdığı pullar korrupsiyaya məruz qalmayıb, xalqın sağlamlığına xərclənərsə, xəstəliklər və xəstələrin sayı getdikcə azalar, indiki kimi artmaz. 

Ehtiyacı olan uşaqlar ərzaq, paltar, mənzillə təmin edilməlidir

Yoxsulluq xəstəliklərə daha da rəvac verir. Dərmandan əlavə insan lazımi qidanı almırsa, o halda yaxşılaşmaq əvəzinə xəstəlik daha da kəskinləşir. Barəsində danışdığımız Konvensiyaya əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyılar. İştirakçı dövlətlər valideynlərə həmin hüququn həyata keçirilməsində kömək göstərilməsi üçün öz milli şəraitinə müvafiq surətdə və öz imkanların daxilində lazımi tədbirləri görür və ehtiyac varsa, maddi yardım göstərir və xüsusən ərzaq, paltar və mənzillə təmin edilməyə dair proqramları dəstəkləyirlər. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Dövlətin vəzifəsi bu məsuliyyətin həyata keçirilməsi üçün müvafiq şərait yaratmaqdan ibarətdir. Dövlətin vəzifələrinə valideynlərə və onların uşaqlarına maddi yardım göstərilməsi də daxildir. 

Konvensiyada biz heç uşağın rəyini ifadə etmək, fikir, din azadlığı, informasiyadan istifadə etmək hüququndan danışmırıq. Barmağınızı qatlaya bilərsinizmi hansı bir dövlət qurumu uşaqların nə yeyib, nə içdiyi ilə maraqlanır? "Uşaqlarımız lazımi qidanı ala bilirlərmi”, deyə soruşan varmı? Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutunun bu yaxınlardakı açıqlamasında deyilir ki, gündə təxminən 795 milyon adam, o cümlədən milyonlarla uşaq yatağına ac girir. İnstitut inkişaf etməkdə olan ölkələrdə aclığın və bu problemlə mübarizənin səviyyəsini müəyyən etməkdən ötrü 2016-cı il üçün Qlobal Aclgq Gndeksi <http://www.ifpri.org/topic/global-hunger-index>> hazırlayıb. Siyahıda Azərbaycanın da adı var. Ölkəmiz aclığın səviyyəsinə görə 118 ölkə arasında 9.8 bal toplayıb. 

Bizimyol.info
Oxşar xəbərlər