Rusiya saytı Sumqayıt bulvarından yazıb

  • 22 okt 2016, 19:05
Rusiyanın nüfuzlu "Proza.ru” portalında "Ginnesin kitabına layiq olan bulvar” başlıqlı yazı dərc olunub. 

Yazıda cəmi 11 ay ərzində 106 hektar ərazidə salınmış çoxfunksiyalı Sumqayıt bulvarının dünya şəhərsalma tarixində analoqu olmadığı vurğulanmış, açılışında iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin bulvarı "möcüzə” adlandırması qeyd olunmuşdur.
Materialda oxuculara Sumqayıt bulvarı barədə müfəssəl məlumat verilərək bildirilmişdir ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bu bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Sahəsi 12 hektar olan çimərlik zonasında şəhər sakinlərinin və qonaqların istirahəti üçün zəruri şərait var.

Burada 100 min ağac, 500 mindən çox müxtəlif gül kolu əkilib, 60 min kvadratmetr sahədə çəmənlik salınıb, işıqlandırma sistemi qurulub. Park-bulvar kompleksində 10 min oturacaq qoyulub.

Bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də 3 metr enində xüsusi hərəkət zolağı salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Ərazidə 2 yay uşaq-əyləncə mərkəzi tikilib, balacalar üçün 10 attraksion quraşdırılıb.

Yazıda Sumqayıt bulvarının memarı olan şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov barədə də məlumatlar əksini tapır.

Onu da qeyd edək ki, Rusiya və MDB-nin Vitaliy Evur, Yelena Lyax, Mixail Bliznetsov, İrina Qrişina, Pyotr Panaseyko, Aleksandr Savostyanov kimi bir çox tanınmış mədəniyyət xadimləri Sumqayıt Bulvar Kompleksinin yaradılması barədə bu xəbərə rəğbətlərini bildirmişlər.

Məlumat üçün deyək ki, rusdilli "Proza.ru” portalı dünyanın ən böyük portallarından biri olaraq gündəlik 2 000 000 oxucu sayına malikdir. Rusiya və MDB ölkələri ilə yanaşı, portalın ABŞ, Kanada, İsrail, Fransa kimi ölkələrdə çoxsaylı oxucuları var.
 
Demokratik.Az
Oxşar xəbərlər