Yerin ətrafında 72 yeni obyekt aşkarlanıb

  • 10 apr 2016, 14:35
NASA-nın NEOWISE adlı avtomatik planetlərarası stansiyası Yerə yaxın göy cismlərini (YYO), yəni asteroidləri və kometləri araşdırır.

NEOWISE 2013-cü ildən bəri bu qəbildən olan 72 yeni göy cismini aşkar edib. Bunlardan səkkizi potensial olaraq təhlükəli asteroidlərdir, yəni onlar bir gün yerə çox yaxınlaşa, yaxud Yeri vura bilər.

NEOWISE bundan başqa alimlərə daha əvvəl yerdəki teleskopların aşkar etdiyi kosmik qayaları öyrənməyə kömək edir. O, teleskopların daha əvvəl aşkar etdiyi 439 belə obyekt haqqında yeni informasiya verib.

NEOWISE-ın baş tədqiqatçısı Emi Maynzer deyir ki, bu obyektlərin diametri orta hesabla bir neçə yüz metrdir.
Əgər biz NEOWISE-ın aşkar etdiyi Yerə yaxın obyektləri və yerdəki teleskopların aşkar etdiyi obyektləri toplasaq bu həftəyə qədər 14246 YYO-nun tapıldığını görərik.

Bəs bu obyektlər yerə düşə bilərmi?

NASA-nın Yerə Yaxın Obyektlər proqramı bildirir ki, yaxın zamanda hər hansı böyük kosmik qayaların yerə düşməsi ehtimalı yoxdur.

Ancaq daha kiçik kosmik daşlar hiss olunmadan yerə düşə bilir. Məsələn, 2013-cü ilin fevralında Rusiyanın Çelyabinsk vilayətində əvvəlcədən heç bir xəbərdarlıq olmadan birmeteorit səmada görünmüş, daha sonra partlayaraq pəncərələri silkləmiş və yüzlərlə adama xəsarət yetirmişdi.

Bəs əgər biz iri bir asteroidin, yaxud kometin Yerlə toqquşacağını əvvəlcədən bilsək nə edə bilərik?

NASA deyir ki, biz onu nüvə silahı ilə vura bilərik. Ancaq diametri bir neçə yüz metrdən böyük olan təhlükəli asteroidləri parçalamaq həddindən çox enerji tələb edə bilər.

Astonomlar deyirlər ki, YYO-lar Günəş sistemindəki nəhəng planetlərin qravitasiya cazibəsi tərəfindən orbitlərə cəzb olunur və beləcə onlar Yerin yaxınlığına gəlib çıxır.

Alimlər YYO-ları izləməkdən əlavə Yeri onlardan qorumaq üçün bir şey edirlərmi?

NASA bildirir ki, hər hansı təhlükəli asteroid aşkar olunduqda onu dayandırmaq üçün məsuliyyəti heç bir milli, yaxud beynəlxalq hökumət agentliyi öz üzərinə götürməyib və heç bir agentliyə belə bir vəzifə verilməyib. NASA Yer üçün təhlükə yaradan asteroidlərin "istiqamətini dəyişmək" missiyası üzərində işləyir. Ancaq bu missiyanın 2020-ci ildən tez işə düşməyəcəyi bildirilir.

NASA yeni asteroidləri aşkar etmək istəyən entuziastlar üçün "Asteroid Grand Challenge" adlı müsabiqə də keçirir. Bu sahə ilə maraqlanan alimlər layihədə iştirak edərək mükafat qazanmağa dəvət edilirlər. 

azadliq.org
Oxşar xəbərlər