Bu dərman, bu dərmança, bu araq, bu da araqça

  • 10 yan 2016, 12:49
Vallahi, bizim şəhərlərimizdə, yainki də paytaxtda başmaq seyrinə çıxanda fikirləşirsən ki, millət kef edir, hərənin obyektləri işləyir, banklarda pulları dövr edir. Halbuki onlayn və print mediada yazılanlara, yayılanlara baxdıqdan sonra mütləq gözünün qabağına alnı qırış-qırış, təri belindən və burnundan axan yazıq millətdən başqa bir nəmənə təsəvvürünə gətirsən də, görməməlisən. 

Nöşün ki... yazılanlar, yayılanlar həqiqətdi, gördüklərimiz hallyüsinasiya.
Deməli və həm də onu da vurğulamalıyıq ki, biz o xalqlardan və o dövlətlərdənik ki, faciə ilə macəra bizim başımızdan əskik deyil, hətta mən deyərdim ki, qarabaqara izimizə düşüb.
Adamlar var maşınsızlıqdan dərd çəkir, amma bizdə maşınlı adamlar alayı cür dərd çəkir.
Benzinin qiymətini istədikləri vaxt qaldırırlar ki, iki yüz min dollara maşın alan oğlan iki dollara da benzin alar! Və... alır da! Aldırırlar!

İndi də həmin o iki dollara benzin alan oğlanların qayğısına qalıb, dərmanının fikrini çəkirlər. Bilirlər ki, o sürətnən ki bunlar maşını sürəcəklər, bunun axırı heç də yaxşı qurtarası deyil və üstəlik də qəza zamanı alınan xəsarətlər üçün lazım olan dərmanları heç hansı xəstəxana pulsuz verən deyil, onsuz da xəstənin qohumları alacaq, odu bəri başından xətakarın özünə aldırıb özüylə daşıtmağı məsləhət bilirlər. Amma və lakin bir şeyi unudurlar, daha doğrusu, nəzərə almırlar: bax bu qəza zamanı hər iki tərəfin dərman ehtiyatı saxlanan dərmança (niyə apteçka deyirlər kökü aptek olan merətə, bunu da bilmirəm, hazırca sandıqça sözü ola-ola dərmança da işlətmək olar  - A.C.) nəmənələri zavala gələ bilər. Yəni Eynşteynin ehtimallar nəzəriyyəsi ehtiva edir ki, toqquşma və yaxud ayrı formada qəza zamanı bu dərmançalar yararsız hala düşə bilər. Məsələtün, körpüdən aşan maşının apteçkasında-dərmançasında yaralı üçün yararlı bir şey qala bilərmi? Yaxud da FHN-in xüsusi qayçılarıyla bir-birinə erməni rusa girən kimi girmiş maşınların kəsilib çıxarılması məqamında dərmançanı hansı dərədə kimdi axtaran?

Ən yaxşı variant bu olar ki... əsas magistral yollarda hər əlli kilometrdən bir qəza aptekləri açasan, o dərmanları da saxlayasan orda, əmbə pulunu, təchizatını sürücülərin boynuna qoyasan - bu da mənim az ağlımdan irəli gələn təklif.

Sürücülərlə dərmanlar, dərmançalarla işi yoluna belə qoyduq. O ki qaldı seriya dərmanların qadağasına, validol atmarıq, onu əvəz edəni atarıq, necə ki karbomezapinin əvəzinə finlepsin atırıq. Day bu boyda "alkokart"ın yanında onu da dərd edəsi deyilik ha!

Mənim başım bir çox şeylərdən ümumiyyətlə çıxmır, amma buna baxmayaraq, yazı-pozu adamı kimi bəzən də başımı bəzi işlərə qatmalı oluram. Bax biri elə bu "alkokart" məsələsi. Bu ölkənin vətəndaşı olaraq mənim də yəqin ki, bir alkokart almaq və yaxud buna sahib olmaq haqqım, hüququm var, di gəl ki, bunun tətbiqi mənim həyatımda yaxın bir ildə heç nəyi dəyişmir. Həkim qəti qadağan edib sağ qalmağım naminə. Amma... axı... lakin... fəqət bu yazıq millət neyləsin? Bir dənə rahatcana zəhərləndiyi siqaretdi, onu da iqtisadi uğurlarımız qalxan kimi gündə qaldırırlar, araqdı, nəinki qaldırırlar, hətta karta keçirlər.

İndi bundan sonra kartla - araqça ilə alıb içəcək millət bu spirtli nəmənəni. Ay içdi ha! Bu... milləti fırıldağa sürükləməkdi! Və həm də aşağılamaqdı: spirtli içki "ağa-bəy menyü"sü üçün tipində bir dirsəkgöstərmə anlamında. O nağıllar heç kimə lazım deyil ki, ay nə bilim vergidən yayınma-filan. Ölkə özü vergi verir transmilli korporasiyalara, indi vətəndaşdan vergini bu cür almaqla dəvənin əyrisini düzəldəcklər. Guya ki...

Əlqərəz, dərmanımız var, dərmançamız da, arağımız var, araqçamız da. Sadəcə, biz özümüz yoxuq - dövlətin və hökümətin gözündə!

Biz kimik axı?

Bu qədər təhqir olunmuş xalqın nə iddiası ola bilər!?