Nərgizin adından…

  • 31 dek 2015, 22:15

Oğlu Kənana

Seymur Həzi

Kənanım, məndən sənə hey danışacaqlar.
Bir az da səndən sənə mən danışım.
Adını mən vermişəm. Sən doğulmadan çox qabaq, adını əzizləyib, boyunu sevmişəm.
Uşağını bağçaya göndərə bilməyən anaların gözü ilə çox qəhərlənmişəm, məktəbdən qayıdan uşağını qucaqlayan anaların sevincinə çox sevinmişəm, hamısını səni düşünərək etmişəm. Bu dünyanın çox gözəl olmasını istəmişəm səni düşünərək.
Bəlkə bağçaya, məktəbə gedəndə əlindən tuta bilmədiyim üçün məni qınayacaqsan. Amma mən daha böyük ananın – ölkəmizin körpələrin əlindən tutması naminə çox çalışmışam. Gün gələcək sənin əlindən mənim arzuladığım Azərbaycan tutacaq, onda mən daha rahat, sən daha xoşbəxt olacaqsan.
Kənanım, sən ürəyinin döyüntüsü ilə tanımayacaqsan ananı. Məni sənə anladacaqlar; adını əzizləyib, boyunu sevdiyimi deyəcəklər…
Bax, mən nə deyirəm:
Quşların, çiçəklərin adını bir dəfə soruş insanlardan – diqqətli olmağı öyrən. Səni gec geyindirsələr, səbrli olmağı öyrən Nəyisə arzulayanda ağlama – danışmağı öyrən.
Nağıl danışmağı istəmə bir kimsədən, həqiqətlərlə yaşamağı öyrən… Çətin olsa uşaq həyatı, tez böyüməyi öyrən Həyatın böyütdüyü uşaqlar qüvvətli olur ananın böyütdüyü uşaqlardan – buna da bir şans kimi bax… Neyləyək, körpə olmaq şansı yoxdur anasız böyüyən uşaqların.
Qışda şərfini bağla, dondurmaya çox aludə olma və bir də vurulma şaqraq gülən qızlara. Onlar tez tərk edirlər dostları, doğmaları, dünyanı…
Amma heç vaxt qorxma gecələr, mən sənin yanında oluram hər kəs öz körpəsinin yanına çəkiləndə…
ANAN…

Oxşar xəbərlər