Təsadüf, yoxsa zəhmət bəhrəsi?

  • 19 dek 2015, 11:19
Azərbaycan çox qəribə ölkədir. Yeni məlumat olmasa da, bu cümlənin əhəmiyyəti dəyişməz olaraq qalır. Azərbaycanlılar uğuru, uğur qazanan insanı qətiyyən sevmirlər. Bir az olsa-olsa idmanda kiminsə uğuruna sevinərlər, onda da düşünərlər ki, uğur qazanmış idmançı onların simasıdır, onları təmsil edir.

Bəlkə də dünyanın heç bir yerində uğurla və uğur qazanan insanla bu cür rəftar yoxdur. Azərbaycanlı onun iştirakı olmayan hər hansı uğura qısqanclıqla yanaşır, qəbullana bilmir, paxıllıq edir. Özü də elə insanlara paxıllıq eləyərlər ki, adam mat-məəttəl qalar. Məsələn tutaq ki, alimə, yazıçıya, rejissora. Yazıçıya, xüsusən də azad düşüncəli yazıçıya isə nifrətləri əbədidir, dönməzdir. Düşünürlər ki, yazıçı elə də böyük bir şey görmür, onların düşündüklərini yazır. Onlar da yaza bilərlər, sadəcə vaxtları yoxdur. Hətta hamısı hesab eləyir ki, onların həyatı bir romandır, bundan kitab yazmaq olar. 

Bəziləri deyir ki,  Azərbaycanda klassik maarifçilərə böyük hörmət var, onları sevirlər. Xeyr, qətiyyən belə deyil. Azərbaycanlılar yazıçının qəbri üstündə onun miskinliyinə, ölümünə şahid olmaq üçün gəlirlər.

Azərbaycan çox çalışanların düşmənidir. Burada çox çalışıb uğur qazanmağın əleyhinə olan minlərlə mənasız hekayə var. Hamısının da məğzi odur ki, çalışmağın mənası yoxdur, uğur əslində təsadüfən, şans əsəri olaraq meydana çıxır. Azərbaycanda xeyli insan inanır ki, məsələn, məşhur kimyaçı alim Mendeleyev hazırladığı cədvəli yuxusunda görüb. Bitdi. Mendeleyevin həyatı, çalışmaları, o ana qədərki zəhməti gedir işinin dalınca. O artıq şans əsəri məşhurlaşmış bir alimdir. 

Bir dəfə bir həkim tanışımdan bu haqda soruşdum, dedi ki, bunun elmi izahı var. Alim həmin vaxt gecə-gündüz işləyir, pis yatırmış. Çox güman ki, o yuxuya getdiyi vaxt beyin hələ də işləyib, hesablama aparıb. Ya da ona elə gəlib ki, yatır. 

İndi sən heç kimi inandıra bilməzsən ki, bu cədvəl uzun çalışmaların, kimya üçün verilmiş bir həyatın nəticəsidir. Yuxuda görüb vəssalam. Bununla bu stereotiplərə önəm verən adamlar alimi dartıb özləri ilə eyni səviyyəyə salmaq istəyirlər. Amma adama deyərlər, sənin nə həddinə? O alim o uğuru qazanmaq üçün illərlə zəhmət çəkib, gözlərini kor edib, qalaq-qalaq kitablar oxuyub.

Nyuton aylarla əlləşib bir şey tapa bilmirmiş, sonra başına bir alma düşüb, qravitasiyanı tapıb, qanun kəşf eləyib. Fleminqin uğurunun, pensillini kəşf etməsinin səbəbi isə küləyin gətirdiyi göbələkdədir. Təsadüf, hər şeyin başı təsadüfdür. Bəli, ola bilsin, külək göbələyi gətirib, amma Fleminq, Fleminq olmasaydı onu müşahidə edib pensillini tapa bilərdimi?  
Məktəbi tərk etdikdən sonra uğur qazanan insanların hekayəsindən bol-bol istifadə edirlər. Məsələn, filan alimi məktəbdən qovublar, o isə gedib yeni bir şey kəşf edib. Bununla sanki təhsilin elə də vacib olmadığını, hər şeyin şansa bağlı olduğunu göstərmək istəyirlər. 
Azərbaycan insanı həyatının xeyli hissəsini tənbəlliklə, digər hissəsini isə buna bəraət qazandırmaqla keçirir. 

Yazını yazanda xəbər aldım ki, bəs Avropa artıq Gürcüstan və Ukraynaya vizasız gediş-gəlişi aktiv etmək niyyətindədir. Beləliklə, artıq bu ölkənin vətəndaşları Avropaya istədikləri kimi gedib-gələ biləcəklər, bizim kimi həftələrlə səfirliklərin qabağında gözləməyəcəklər. 

Deyirəm, təsadüfən başımıza alma deyil, yekə bir daş düşsəydi, özümüzə gələrdik. 
Oxşar xəbərlər