Neft lənəti

  • 06 dek 2015, 13:09
İndiyə qədər neftdən yazanda həmişə "isinmirik istisinə, yanırıq tüstüsünə" atalar sözünü misal çəkirdik. Təəssüflər olsun ki, artıq məsəlin faktiki olaraq reallaşdığını gördük. "Günəşli" yatağındakı yanğında həm yandıq, həm boğulduq. 

Neft məşhur bir əsərdə deyildiyi kimi tuği-lənət olub keçib boynumuza. Onunla əlaqəli hər hansı bir şey bizə ancaq faciə gətirir. Tarixən də məhz bu qara zəhrimara görə qoymayıblar adam balası kimi yaşayaq. Bolşeviklər "Bakını tutun, tuta bilməsəniz yandırın" deyiblər, sonra Hitler qarşısına qoyulan tortdan Bakını kəsib götürüb, neftə görə sürgün olunma təhlükəsi ilə üzbəüz qalmışıq, nəhayət, onun pulundan bir az da bizə çatacaq deyəndə yenə də bizim istədiyimiz olmayıb. Neftin pulu ya kiçik bir zümrəyə qismət olub, ya da daşa-torpağa, aqlaya, mərmərə-zada gedib. 

Neftin bizə yeganə xeyri o olub ki, XX əsrin əvvəllərində Bakının genişlənməsi, şəhər halına salınması, ölkənin az da olsa mədəni cəhətdən inkişaf etməsinə səbəb olub. Bitdi. O vaxtdan neft bizə ancaq ziyan gətirib. 

İndi isə dənizdə faciə baş verib və bunun nəticələri xalqdan gizlədilir. Neftçilərin yaxınları intizarda qalıblar, hələ də dəqiq məlumat yoxdur. Çox istəyərdim ki, 32 nəfər olduqları deyilən o neftçilərdən gələn yekun xəbər xoş xəbər olsun. Adam ikinci halı düşünmək belə istəmir, amma indiki davranışlar, məlumat qıtlığı vəziyyətin heç də yaxşı olmadığını düşünməyə əsas verir. 

məlumat qıtlığı yaratmaq, hər hansı faciədə belə "hər şey yolundadır" demək qeyri-demokratik rejimlərə xasdır. Belə hallarda Azərbaycanda heç vaxt matəm elan edilmir, çünki hökumət diktə etmək istəyir ki, ölkədə hər şey yaxşıdır, pis heç nə baş vermir. Əgər ölən insanların sayı qeyri rəsmi məlumatlarda deyildiyi kimi, çoxdursa o zaman sonrakı ssenari bəllidir. Adlar açıqlanacaq, kanallarda ötəri olaraq başsağlığı veriləcək. Sonra oyuncaqlardan kimsə çıxıb deyəcək ki, burda neft şirkətinin və ya hansısa qurumun heç bir təqsiri yoxdur, hansısa xarici qüvvələr platformada yanğın törədib. Sonra isə bütün faciələrdə olduğu kimi hər şey unudulacaq. Bizim ölkəmizdə vətəndaş işçi qüvvəsi, fəhlə kimi dəyərlidir, söhbət onun hüquqlarından və ya həyatından gedirsə, bunların heç bir əhəmiyyəti yoxdur.

Sırf səhlənkarlıqdan, yeyintidən, saxta bər-bəzək istəyindən yaranmış bina yanğınında hər cür xarici qüvvələrin adı hallanmışdı. Bu hadisə guya Avropa Oyunları ərəfəsində ölkəmizi gözdən salmaq istəyən xarici qüvvələrin əməliymiş.  

Beləcə neft adlı faciəmizdən doğan daha bir faciəni yaşamaqdayıq. Bu son olsun deməyin də mənası yoxdur, çünki hadisə, bitənə qədər Azərbaycanın ən böyük problemi olan bir lənətdən yaranıb. 

Rixard Zorge haqqında çəkilmiş "Xəfiyyə Zorge" filmində qəhrəmanın istintaqa verdiyi ifadənin ilk cümlələri belədir."Mən Bakıda, Rus imperiyasının bir parçası olan Azərbaycanda doğulmuşam. Anam rus, atam isə neft sənayesində çalışan alman mühəndis idi. Təkcə almanlar yox, isveçlilər, ruslar, amerikalılar buraya pul qazanmaq üçün gəlirdilər. Biz krallar kimi yaşayırdıq, amma yerli müsəlmanlar yalnızca ən vacib ehtiyacları ödəyə biləcək qədər əməkhaqqı qazanırdılar".