Andronikin qulağını kəsən kişilər

  • 29 noy 2015, 11:45
Dövlətin məktəblər qarşısında qoyduğu vəzifələrdən biri də gənc nəslin vətənpərvərlik tərbiyəsidir. Şagirdlərin, gənc nəslin vətənpərvərlik tərbiyəsində milli məğrurluq xüsusi yer tutur. Milli məğrurluq dedikdə xalqın yetişdirdiyi görkəmli adamlar, alimlər, şairlər, sərkərdələr, yazıçılar başa düşülür. Xalqımızın yetirdiyi belə görkəmli adamlardan biri də Zəngəzurun Laçın elindən olan xalq qəhrəmanı Sultan bəy Sultanovdur.
Azərbaycan Sovet hakimiyyətinin mövcud olduğu 70 il müddətində Sultanov qardaşları haqqında nə qədər qərəzli yazılar yazılsa da, xalq öz qəhrəman oğullarını unutmayıb, xüsusilə, Sultan bəy Sultanovun 1918-1920-ci illərdə erməni quldurlarına qarşı mübarizəsi bu gün də dillərdə dolaşmaqdadır.
Lakin çox təəssüflər olsun ki, Sultan bəy və Xosrov bəy haqqında bir məlumatlar real faktlara, arxiv sənədlərə yox, el ağsaqallarının, yaşlı nəslin xatirələrinə əsaslanır. Son illər aşkara çıxarılan sənədlər Sultanov qardaşları haqqında tarixi faktlar əsasında danışmağa imkan verir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə "Lider” nəşriyyatında çap edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti” Ensiklopediyasının II cildində Sultan bəy Sultanovun Laçının Kürdhacı kəndində anadan olduğu, Türkiyənin Ərzurum şəhərində vəfat etdiyi göstərilsə də, onun doğulduğu il göstərilməyib. Adıçəkilən ensiklopediyada Sulta
n bəy haqqında deyilir: "Azərbaycanın Qarabağ, Zəngəzur bölgələrində erməni daşnakları tərəfindən soydaşlarımıza qarşı soyqırımın qarşısını alan, erməni hərbi birləşmələrinə, xüsusilə Andronikin quldur dəstəsinə divan tutan xalq qəhrəmanı. Qarabağda Andronikin, Hamazaspin, Dronun quldur daşnak dəstələrinə öldürücü zərbələr endirmişdir. O, xalq arasında xeyirxahlığı, sədaqəti, silahlı dəstələrə bacarıqla rəhbərlik etməsi ilə məşhur idi.
Azərbaycan Dövlət Tarix Arxivindən əldə etdiyim sənədlər Əli Paşa bəy, onun qardaşları və övladları haqqında qiymətli məlumatlar verir. Bu sənədlər Əli Paşa bəyə və onun qardaşlarına verilmiş bəylik şəhadətnaməsidir (1). Bu sənədlərin birində yazılır: "Yelizavetpol quberniyasının Şuşa, Zəngəzur və Nuxa qəzaları ilə ali silkə mənsub olmaq hüquqlarını müəyyən etmək üçün yaradılmış Şuşa bəy komissiyasının 21 dekabr 1872-ci il 374 nömrəli protokoluna əsasən Əli Paşa bəy Xan Murad bəy oğlu Sultanovun, onun arvadı Bəyim xanımın, oğlu Sultan bəyin, qızı Aftab xanımın bəy nəslinə mənsub olması təsdiq edilir”.

Şuşa bəy komissiyasının yuxarıda adıçəkilən qərarı 16 avqust 1877-ci ildə Qafqaz canişini tərəfindən təsdiq edilir. Əli Paşa bəy Sultanov və onun ailə üzvləri Yelizavetpol quberniyasının Zəngəzur qəzasının bəyləri siyahısına daxil edilir və ona 1613 nömrəli şəhadətnamə verilir. Bu sənədin qiymətli cəhətlərindən biri də burada Əli Paşa bəyin və onun ailə üzvlərinin anadan olma tarixlərinin göstərilməsidir. Sənəddən məlum olur ki, 1872-ci ildə Əli Paşa bəyin 35, Bəyim xanımın 28, Sultan bəyin 1, Aftab xanımın 3 yaşı olmuşdur. Bel
əliklə məlum olur ki, Sultan bəy 1871-c ildə anadan olub.
Əldə etdiyim digər sənəd Xan Murad bəyin digər oğlu Mehralı bəy haqqındadır. Şuşa bəy komissiyasının 21 dekabr 1872-ci il 374 nömrəli protokoluna əsasən 30 yaşlı Mehralı bəy Xan Murad bəy oğlu, onun arvadı 28 yaşlı Tutu xanım, oğlu 7 yaşlı Mərdan Əli bəy, 5 yaşlı Xanlar bəy və 3 yaşlı Həmzə bəy Yelizavetpol quberniyasının Zəngəzur qəzasının bəyləri siyahısına daxil edilmiş və bu barədə Mehralı bəyə 16 avqust 1877-ci tarixdə 1614 nömrəli şəhadətnamə verilib. (2,4)
Üçüncü sənəd Şah Murad bəy Xan Murad bəy oğlu haqqındadır.
Şuşa bəy komissiyasının 21 dekabr 1872-ci il 374 nömrəli protokoluna əsasən 22 yaşlı Şah Murad bəy və onun arvadı, 20 yaşlı Nanə Pəri xanım Yelizavetpol quberniyasının Zəngəzur qəzasının bəyləri siyahısına daxil edilmiş və Şah Murad bəyə 1615 nömrəli bəylik şəhadətnamə verilib.
İstər Xan Murad bəy, istərsə də onun oğlanları bacarıqlı, qeyrətli, təsərrüfatçı adamlar olmuşlar. Onların dövrünün qabaqcıl təsərrüfatlarını yaratmalarını Sovet dövrünün dövlət xadimləri də etiraf etmişlər. 1949-1954-cü illərdə Azərbaycan SSRİ Ali Sovetinin sədri işləmiş Nəzər Heydərov "Zəngəzur dağlarında” kitabında yazır: "Xalq arasında deyilən "hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz” ifadəsi Sultan bəyin babası Murada aiddir”. N.Heydərov qeyd edir ki, o dövrdə Qafanın mis mədənlərində çıxarılan mis qatırlarla Şuşaya gətirilir, oradan arabalarla Yevlaxa daşınırdı. Xan Murad bəy də ilk var-dövlətini mis daşımaqla toplayır.
Laçın rayon sakini el ağsaqqalı Sabir Vəliyev nağıl edir ki, Sultanovların babası Hacı Sam Türkiyənin İqdır mahalından gəlmişdi. Laçında böyük maldarlıq təsərrüfatı var idi. Buradakı cins inəklər Qarabağ və Zəngəzurda Hacısamlı adı ilə şöhrət qazanmışdır. 
Əli Paşa bəyin və onun oğlanlarının qeyrətləri, əsl simaları erməni quldurlarına qarşı mübarizədə üzə çıxıb.
M.M.Nəvvab qeyd edir ki, ermənilər 1905-ci ildə rus çarı II Nikolayın və Qafqazın canişini S.S. Vorontsov-Daşkovun himayəsindən istifadə edərək silahsız dinc türk əhalisinə qarşı qırğına başlayarkən 68 yaşlı Əli Paşa bəy Laçın igidlərini silahlandıraraq Zəngəzur və Qarabağdakı Azərbaycanlıları müdafiə etmiş, bu ərazilərdə olan erməni silahlı dəstlərinin ləğv edilməsində xüsusi fəaliyyət göstərmişdir. (4,98-100).
Ermənilər 1905-ci ildəki məğlubiyyətin əvəzini çıxmaq üçün 1906-cı il qırğınlarına daha yaxşı hazırlaşırlar. Ermənilər Qarabağın tacı olan Şuşanı ələ keçirmək üçün Şuşaya ətraf erməni kəndlərindən Gəncə və İrəvandan 10 min silahlı erməni toplayırlar. Onlar bununla kifayətlənməyərək Şuşada olan general Qoloşşapova 10 min manat pul verərək rus əsgərlərini də ermənilərlə birlikdə türklərə qarşı döyüşməyə razı salırlar. Belə çətin günlərdə Sultan bəy Əli Paşa bəy oğlu İbrahim bəy Məhəmməd bəy oğlu bir neçə yüz atlı ilə şuşalıların köməyinə gəlir. Ermənilər şuşalıların və laçınlıların birgə hücumuna tab gətirə bilmir, rusların top atəşləri də ermənilərə kömək edə bilmir. M.M.Nəvvabın yazdığına görə 1906-cı ilin 12-17 iyulunda Şuşada gedən döyüşlərdə 500-dən çox erməni qulduru öldürülür. 300 nəfəri yaralanır.
1918-1920-ci illərdə ermənilər general Andronikin başçılığı altında Naxçıvanın, İrəvanın, Zəngəzurun dinc azərbaycanlı əhalisinə divan tutub, yurd-yuvasından qovan Sultan bəy öz vəsaiti ilə Laçın igidlərini silahlandırıb erməni quldurlarına qarşı mübarizəyə başlayır. Sultan bəyin təşkil etdiyi silahlı dəstələrdə ciddi nizam-intizam vardı. Sultan bəy döyüş zamanı səngərləri icazəsiz tərk etmiş döyüşçülərə yoldaşları qarşısında ağır cəza verirdi.
1919-cu ilin oktyabr-noyabr aylarında ADR hökuməti Qarabağda və Zəngəzurda asayişi bərpa etmək üçün general Cavad bəy Şıxlınskinin başçılığı ilə 1-ci piyada diviziyasını Qarabağa göndərir. Bu zaman Sultan bəy öz silahlı dəstələri ilə Cavad bəy Şıxlınskiyə yaxından kömək edir.
1920-ci ilin mart-aprel aylarında Azərbaycan Respublikasının ərazisinin erməni quldurlarından təmizlənməsində Sultan bəyin böyük rolu olub.
Akademik P.Əzizbəyova bu haqda yazır: "8 apreldə ermənilər Abdallardan Zabux çayına sıxışdırıldı, Hoçaz istiqamətində Cavanşir polku və Sultan bəyin min nəfərlik dəstəsi dayanmışdı. Bu qüvvələrin köməyi ilə 1920-ci ilin 19 aprelinə qədər düşmən Zabux çayının o tərəfinə qovuldu”.
Lakin Azərbaycan XI Qızıl Ordu tərəfindən işğal edildikdən sonra Sovet hökuməti Sultanov qardaşlarına qarşı qərəzli mövqe tutur, Xosrov bəy həbs edilir, Sultan bəyin silahlı dəstəsinin ləğv edilməsi üçün qərar çıxarılır. Bundan istifadə edən ermənilər Zəngəzurda daha da fəallaşırlar.
Xosrov bəyin həbs olunmasında məfhur rol oynayan ermənilər Zəngəzurda böyük nüfuz və güc sahibi Sultan bəyə onlarla ittifaqa girməyə təklif edirlər. Ermənilər Sultan bəyə indiki Laçın rayonu ərazisinin Ermənistana birləşəcəyi təqdirdə yerli əhaliyə toxunmamağa və Xosrov bəyin həbsdən azad edilməsinə kömək edəcəklərini söz verirlər. Lakin ağıllı, uzaqgörən və erməni xislətinə bələd olan Sultan bəy ermənilərin təklifini rədd edir.
Sultan bəyin qəti mövqeyi nəticəsində və Azərbaycan İnqilab Komitəsinin Qarabağ və Zəngəzurda fövqəladə komissarı A.Şirvaninin, onun müavini S.Mahmudbəyovun təklifi ilə həmçinin N.Nərimanovun köməyi ilə Xosrov bəy həbsdən azad olunur. Həbsdən azad olunduqdan sonra Xosrov bəy Türkiyəyə mühacirət etsə də, Sultan bəy Laçında qalaraq ermənilərə qarşı mübarizəsini davam etdirir.
31 may 1920-ci ildə XI Qızıl ordu hissələri Zəngəzura yeni hücuma başlayır. Professor İ.Musayevin verdiyi məlumata görə, 23 iyul 1921-ci ildə Sultan bəyin hərbi dəstələri tərk silah edilir, özü isə İrana qaça bilir. 25 iyul 1921-ci ildə Sultan bəyin evi Ə.Qarayev və Şuşa Qəza İcraiyyə Komitəsinin sədri S.Mahmudbəyov tərəfindən müsadirə edilir .
Sultan bəy Türkiyəyə mühacirət etməyə məcbur olsa da, Azərbaycanda Sovet hakimiyyətini devirmək və doğma torpaqları azad etmək arzusundan əl çəkmir. O, Xosrov bəy və İsgəndər bəylə İrana qaçmış müsavatçılara maddi yardım göstərir.
Sovet hökuməti Sultanov qardaşlarının hər addımını izləyir. 16 avqust 1925-ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsinə daxil olan məlumatda Sultanov qardaşlarının Qarsda və İranda olan müsavatçılara kömək etdiyi göstərilir.
Professor M.Qasımlı göstərir ki, 1930-cu ildə Azərbaycan hökumətinə daxil olan məlumatda Sultan bəyin Azərbaycanda olan qaçaqlara İran vasitəsilə kömək etdiyi qeyd edilir.
Sultan bəy dəfələrlə İran sərhəddini keçərək doğma Laçına gəlir, etibarlı dostları ilə görüşür. Belə gəlişlərin birində Sultan bəy keçmiş dostu Müseyib bəy tərəfindən yaralanır. Şuşalı Cavad həkim tərəfindən müalicə olunaraq yenidən Türkiyəyə qayıdır.
Azərbaycan Təhlükəsizlik Nazirliyinə daxil olan məlumata görə, Cənubi Azərbaycanın Larıcan kəndində Sultan bəyin 250 nəfərlik silahlı dəstəsi sərhəddi keçməyə hazır imiş. Sovet hökuməti Sultan bəyin həbs olunması və ya İrandan çıxarılması üçün İran hökumətinə nota verir. Sultan bəy İrandan çıxarılır və Türkiyəyə qardaşı Xosrov bəyin yanına gedir. Professor M.Qasımlı Xosrov bəylə M.Ə.Rəsulzadə arasında ixtilaf olduğunu, Xosrov bəyin müsavatçılardan ayrıldığını, Milli Demokratik Cümhuriyyət Partiyası qurmaq istədiyini bildirir.
Sultan bəy Ağdamın Pərioğullar kəndində yaşayan, İbrahim Xəlil xanım nəslindən olan Qara bəyin qızı Dilruba xanımla ailə qurub. Dilruba xanım zahirən gözəl olduğu kimi, həm də ağıllı, dövrün savadlı qadınlarından olub. Vətənpərvər qadın əri Sultan bəylə xaricə getməkdən imtina edərək Azərbaycanda qalır, Bakıya köçür. XX əsrin 30-cu illərində həbs edilərək Qazaxıstana sürgün edilir. 1956-cı ildə bəraət alaraq Bakıya qayıdır və burada vəfat edir.
Sənədlərdə adı çəkilməsə də, Zabux döyüşünə də Sultan bəyin rəhbərlik etdiyi məlum olur. Zabux dərəsindəki məğlubiyyətdən sonra Andronik bir daha özünə gələ bilmir. Onun səfərbər etdiyi 15 mindən çox erməni qulduru Zabux dərəsində Sultan bəy tərəfindən məhv edilir. Ermənilərin ona inamı itir. Tarix elmləri doktoru, professor Xəqani Məmmədov Andronikin sonrakı taleyi haqqında yazır: "Qarabağın qubernatoru Xosrov Paşa bəy Sultanovuntiyyətli mövqeyi və tədbirləri nəticəsində Andronik 1300 nəfər piyadadan, 500 nəfər süvaridən və artilleriyadan ibarət quldur dəstəsini 1919-cu ilin mart ayında Eçmiədzindəki erməni katolikosuna təhvil verərək xaricə qaçdı”.
Yazıçı S.Eloğlu "Zəngəzur hadisələri” kitabında Zabux döyüşü haqqında Laçın ağsaqqallarının xatirələrini təsvir etmişdir. O, göstərir ki, Sultan bəy Zabux döyüşündə Andronik 170 qatar yükü silahını, toplarını ələ keçirir, 30 min əsgərini məhv edir, 61 sərkərdəsinin boynunu kəsdirir.
ADR hökuməti 29 yanvar 1919-cu il tarixli iclasında Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ qubernatorluğu yaradır və Xosrov bəy Sultanovu Qarabağın general-qubernatoru təyin edir (12,101). 12 fevral 1919-cu ildə Şuşaya gələn Xosrov bəy Sultanov qardaşı Sultan bəyə və yerli azərbaycanlı əhaliyə arxalanaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, azərbaycanlı əhalini erməni quldurlarının hücumlarından müdafiə edilməsində böyük rol oynayır.
Sultanovlar ailəsinə mənsub olan Xosrov bəy Sultanov savadlı, ağıllı, uzaqgörən, vətənpərvər insan olub. Onun həyat və fəaliyyəti haqqında Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyasının II cildində ətraflı məlumat verilib. Burada göstərilir ki, Xosrov bəy Sultanov 1879-cu il mayın 10-da Zəngəzur mahalının Qurd Qajı kəndində anadan olmuş, Gəncə gimnaziyasında oxumuş, 1903-cü ildə Novorossiysk Universitetinin tibb fakültəsini bitirmişdir. Oxucuların marağını nəzərə alıb Novorossiysk Universiteti haqqında əlavə məlumat verməyi lazım bilirəm. Çünki bəzi tədqiqatçılar Xosrov bəyin Xarkov Universiteti, bəziləri Odessa Universitetini bitirdiyini qeyd edirlər.
Xosrov bəy Qarabağda olan Azərbaycan milli ordu hissələrinin ona tabe olunmasına nail olur. Zəngəzurun erməni quldurlarından təmizlənməsi üçün ADR hökumətindən əlavə olaraq iki min əsgər göndərilməsini tələb edir.
Xosrov bəy Sultanov 1919-cu il 21-30 mart Əskəran döyüşlərində general Dronun quldur dəstələrini darmadağın edir.
O, Azərbaycan hökumətinə ünvanladığı məktubda milli ordu hissələrinin təcili olaraq Zəngəzurda və Gorusda yerləşdirilməsini təklif edir.
Xosrov bəy milli ordunun bir batalyonunu Şuşa şəhərinin ermənilər yaşayan hissəsində yerləşdirir.
Xosrov bəy Sultanov 28 aprel 1920-ci il çevrilişindən sonra iki həftə ərzində Qarabağ hərbi inqilab komitəsinin sədri vəzifəsində çalışır. 12 may 1920-ci ildə XI Qızıl Ordunun xüsusi şöbəsinin rəisinin əmri ilə həbs olunur və 1920-ci ilin 9 avqustundan onun işi Ali Tribunalın Məhkəməsinə verilir.
Xosrov bəyin həyat və fəaliyyətini araşdıran Lətif Şüküroğlu onun həbsdən azad olunmasını Azərbaycan XKS sədri, keçmiş tələbə dostu Nəriman Nərimanov və Qarabağda onunla birgə işləmiş Çingiz İldırımla bağlayır. Professor İ.Musayev isə Xosrov bəyin həbsdən azad olunmasını onun qardaşı Sultan bəyin qəti mövqeyi ilə bağlayır. O, göstərir ki, 1920-ci ilin may ayında Qarabağa və Zəngəzura gələn XI Qızıl Ordu hissələri naməlum səbəblərdən bu əraziləri tərk edir. Bundan istifadə edən erməni hərbi hissələri Şuşaya qədər irəliləyərək işğal etdikləri ərazilərdə möhkəmlənirlər. Belə şəraitdə Azərbaycan İnqilab Komitəsinin Qarabağ və Zəngəzurda fövqəladə komissarı A.Şirvaninin və onun müavini, Şuşa Qəza İcraiyyə Komitəsinin sədri Ş.Mahmudbəyovun təklifi ilə Sultan bəyin hərbi qüvvələrindən istifadə etmək üçün Azərbaycan hökuməti Xosrov bəyi həbsdən azad edir.
Türkiyədə sığınacaq tapan Xosrov bəy Trapezundda olan Azərbaycanlı və Dağıstanlı qaçqınlara öz vəsaiti ilə və Türkiyə hökumətindən aldığı vəsaitə yardım göstərir. Xosrov bəy Sultanov 1947-ci ildə 68 yaşında Türkiyədə vəfat edir.
Sultanovlar ailəsinin digər üzvü Sultan bəyin kiçik qardaşı Rüstəm bəy Sultanov və onun oğlu İsgəndər bəy Sultanov haqqında məlumatları tədqiqatçı- jurnalist L.Şüküroğlunun 2000-ci ildə çap edilmiş "Cümhuriyyət hökuməti repressiya məngənəsində” kitabında tapırıq. Bu mənbədən aydın olur ki, Rüstəm bəy Sultanov 1875-ci ildə Zəngəzurun Qurd Qajı kəndində anadan olub. 1935-ci ildə həbs edilərkən Bakıda neft mühəndisi vəzifəsində işləyib.
Rüstəm bəyin oğlu İsgəndər bəy Sultanov haqqında Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyasının II cildində verilmiş məlumatdan aydın olur ki, o, 25 may 1897-ci ildə Zəngəzur qəzasında anadan olub. 1919-cu ildə ADR hökuməti tərəfindən Berlin Universitetinə oxumağa göndərilmişdir. Lakin burada İsgəndər bəyin Sultanovlar nəslinə mənsub olması və sonrakı taleyi haqqında məlumat verilmir. İ.Şüküroğlu bu məlumatları tamamlayaraq göstərir ki, İsgəndər bəy Sultanov 1933-cü ildə Bakıya qayıdır və 1935-ci ildə "alman casusu” kimi həbs edilir.
Təsərrüfatçılıqları, igidlikləri, vətənpərvərlikləri, erməni quldurlarına qarşı mübarizələri ilə xalqımızın yaddaşında ədəbi həkk olunmuş Sultanov qardaşlarının həyat və fəaliyyəti bugünkü nəsillər üçün nümunə olmalıdır.
Əli ƏHMƏDOV
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunu
n doktorantı